Osman Hamdi Beyin "İstanbul hanımefendisi" - Xatirə Nurgül

Şairlər və rəssamlar Tanrının lütfü ilə yaradıcılıq istedadı bəxş olunmuş "seçilmişlər" içərisində bəlkə də ən şanslılarıdır. Şairlər dünyaya, insana münasibətini sözlərlə ifadə etdiyi kimi, rəssamlar da hisslərini rənglər vasitəsilə kağıza köçürərək həyatı adilikdən, bozluqdan xilas etməyə çalışır. Təbii ki, bütün bunların arxasında ən ülvi hiss - sevgi gizlənir. Çünki sevgi hissi olmadan nəinki yaradıcılıqla məşğul olmaq, hətta yaradılışın, bəşəriyyətin gözəlliklərindən zövq almaq da mümkün deyildir.

Tarix boyu yaşamış saysız-hesabsız yaradıcı şəxslər özünəməxsus ideyalarından, təsəvvür və tərənnüm vasitələrindən yararlanaraq hisslərini (hətta ən mübhəmlərini) bəzən birbaşa, bəzən də sətiraltı yolla ətrafa ötürməyə çalışmışlar. Bu səbəbdəndir ki, bir çox hallarda əsər müəllifin iç dünyası ilə yaşadığı mühit arasında körpü rolunu oynayaraq oxucularının (həm də seyrçilərinin) da öz daxili dünyalarına boylanmasına vasitəçilik edir.

Hələ çox kiçik yaşlarımdan şeir, ədəbiyyat aşiqi olsam da, eyni zamanda rəssamlığa, rəsm əsərlərinə qarşı da xüsusi rəğbət bəsləmişəm. İstər yerli, istərsə də xarici rəssamların əsərlərini seyr edərkən təkcə bir-birindən gözəl rənglər dünyasına tamaşa etməklə kifayətlənmir, eyni zamanda həm də önümdəki tabloda poetik cizgilər axtarır, hətta əsərə daha fərqli yanaşaraq onu az qala şeir kimi "oxuyurdum". Lakin təəssüf ki, barmaqlarım rəsm çəkmək istedadından kənar qalmışdır, əks halda şeirlə, sözlə ifadə edə bilmədiyim saysız-hesabsız duyğunu rəsmə köçürər, daxilimdəki yaradıcı enerjini paylaşmaq üçün fırçanın da yardımından faydalanardım...

"Dünya rəssamları" deyərkən ağlımıza gələn ilk adlar təbii ki, Pablo Pikasso, Klod Mone, Pol Qogen, Van Qoq, Pol Sezan, Salvador Dali və başqalarıdır. Və təəssüf ki, bütün bu impressionist, futurist, sürrealist və s. cərəyanların baniləri və yaradıcılıqlarını bu üslublar üzərində quran rəssamlar arasında Şərq sənətkarlarının adlarına demək olar ki, nadir hallarda rast gəlinir. Fəqət etiraf etmək lazımdır ki, Şərq mədəniyyəti, incəsənəti heç də Qərbdən geri qalmır, əksinə, Şərq dünyası bəzi hallarda hətta mədəniyyətin beşiyi də adlandırılmağa layiqdir. Şərqin şeirlə, sənətlə zəngin olduğunu etiraf etmək üçün burada yaranan sənət əsərlərinin dərindən öyrənilməsi və dünyaya çatdırılması əsas şərtdir . Bu səbəbdən yazıçı-araşdırmaçıların da qarşısında daha maarifləndirici yollara baş vurmaq, tədqiqatlar apararaq öyrənib bildiklərini oxucu auditoriyası qarşısında sərgiləmək kimi vəzifə durur.

Bu kiçik yazıda əsərlərini çox sevdiyim türk rəssamı, ilk Osmanlı arxeoloqu Osman Hamdi bəyin "İstanbul hanımefendisi" rəsmindən əldə etdiyim təəssüratları bölüşmək istədim. 1842-1910-cu illər aralığında ömür sürmüş Osman Hamdi bəy dövrünün mütərəqqi ideyalarla zəngin, ölkəsinin yüksək təhsil almış, sayılıb-seçilən şəxslərindən biri olmuşdur. O, ilk türk muzeyi olan "İstanbul arxeoloji muzeyi"nin qurucusudur. Bu muzeyə 29 il ərzində rəhbərlik edən Osman Hamdi onu dünyanın sayılıb-seçilən muzeyləri sırasına qatmağa müvəffəq olmuşdur. Bu gün Memar Sinan Universitesinin dünyaca məşhur "Güzel sanatlar fakültəsi" də onun adıyla bağlıdır - bu fakültə 1882-ci ildə Osman Hamdi bəyin o zamankı “Sanayi-i Nefise Mektebi” müdirliyinə təyin ediməsinin ardınca yaranmışdır.

Kadıköyün ilk bələdiyyə başqanı olan Osman Hamdi rəsm əsərlərinə görə də şöhrət qazanmışdır. Onun ən məşhur əsərləri "Tısbağa təlimçisi", "Silah taciri" və "İstanbul hanımefendisi"dir. Əsərlərində əsasən ziyalılığı, qadın təhsilini ön plana çəkən rəssamın rəsmləri hazırda Parisdə, Vyanada, Londonda, Bostondakı salonlarda sərgilənir. Bu rəsmlərdə türk insanının həyatı, dünyagörüşləri əks olunur.

"İstanbul hanımefendisi" Osman Hamdinin 1881-ci ildə ərsəyə gətirdiyi tablodur. Kətan üzərində yağlı boya ilə çəkilən bu əsər rəssamın qadınlara verdiyi yüksək dəyəri diqqətə çatdırır. Əsərin sol hissəsində yuxarı küncdə rəssamın imzası qeyd olunmuş və tarix olaraq  "1881" yazılmışdır. Tabloda qızılı-sarı rəngli parçadan ibarət fonda dayanan xurmayı saçlı gənc qadın təsvir olunmuşdur. Qadının əynində həmin dövrdə Paris dəbinə uyğun olan libas vardır. Lakin görünüşündə ilk baxışdan nəzərə çarpan üzündəki örpək vasitəsi ilə rəsmin Osmanlı türk qadınının geyim tərzi ilə də uyğunluğu nümayiş etdirilir. Bu nüans əsərdə şərqliliyə işarə rolu oynayır. Tabloda diqqətdən qaçmayan daha bir motiv yerdəki Osmanlı-şərq xalılarının təsviridir. Rəsmdə rənglərin bir-biri ilə uyuşması isə seyrçinin baxışlarına sanki dinclik gətirir.

"İstanbul hanımefendisi" Şərq, müsəlman və ən başlıcası türk qadınının güzgüsüdür. Özünəməxsus ağayanə duruşu, xanım-xatınlığı ilə bərabər eyni zamanda həyalı obrazı ilə göz oxşayan "hanımefendi" həm də saflıq, bakirəlik mücəssəməsidir. Əsərə tamaşa edərkən ilk ağlıma gələn daha bir maraqlı məqam bu xanımın estetik gözəlliyi ilə geyim tərzi arasındakı bağlılıqdır. Bu bağlılıq sayəsində rəsm seyrçinin gözlərini yormadan ona dəqiqələrlə tamaşa etmək şansı verir. Rəssamın istedadı ilə bərabər yüksək zövqündən xəbər verən tablo müsəlman Şərq dünyasının həm vizual, həm də mənəvi zənginliyini aydın şəkildə nəzərə çatdırır.

"İstanbul hanımefendisi" həmin dövr - XIX əsr türk-osmanlı xanımının yüksək zövqü ilə bərabər, həm də əxlaqi dəyərlərə sadiq qaldığını xəbər verir. Bunun sübutu da elə xanımın öz baxışlarını seyrçidən  "qaçırmasıdır".  O ki, qaldı rəsmdəki qadının kimliyinə - yəni rəssamın naturadan və ya təxəyyüllə işlədiyini araşdırmağa çalışsam da, təəssüf ki, bu haqda yetkin məlumata əldə edə bilmədim.

"İstanbul hanımefendisi" əsərinin adı da özünəməxsusluğu ilə seçilir. "Hanımefendi" müraciəti qadına, ilk növbədə isə bir türk qadınına qarşı olduqca qürurverici bir münasibətdir. Fikrimcə, rəsmin qayəsi də qadınların nə qədər ucada, zirvədə dayandığını dünyaya bəyan etməkdir və Osman Hamdi bəy öz zəngin dünyagörüşü və bənzərsiz istedadı ilə bu məqsədə nail olmuşdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!