Plutarxın ölümü - Bayram İsgəndərli

Hekayə

 

Plutarxın dünyaya gəlişi ailəyə sevinc yox, kədər gətirdi. Doğulan gündən ailə yasa batdı. Birincisi, ona görə ki, körpənin heç bir əlaməti-nam-nişanı erməniyə oxşamırdı. Kəllə, üz, bədən quruluşu, xülasə, nə qədər görünən və görünməyən xüsusiyyəti var idisə, hamısı Azərbaycan türklərindəki kimi idi. Bu cizgilər yalnız o insanlara məxsusdur; nəinki ermənilərdə, heç qohum türk tayfalarında da yoxdur...

Uşaq ağlayanda, güləndə babası, nənəsi və atası özlərinə yer tapa bilmirdilər. Çünki uşaq başqa cür gülürdü; bu gülüş Qarabağın balıtək dadlı idi, baltək də süzülürdü. Süzülə-süzülə də kəsilirdi. Sanki "Qarabağ şikəstəsi" idi... Deyirdin bəlkə uşaq yenə güləcək... Ağlayanda qəzəbli bir səs çıxarırdı; ağlamırdı, nərə çəkirdi, ərgən bir igid kimi. Adama elə gəlirdi ki, bu səsdən dağ-daş indicə yerindən qopacaq...

Plutarxın gülməyi də, ağlamağı da anasına xoş gəlirdi. Oğlunun səsini eşitdikcə azad bir quşa dönürdü, göylərdə uçurdu. Qəribə burası idi ki, onun uçub getdiyi yerlər nə Moskva, nə Paris, nə London, nə də Vaşinqtonun göyləri deyildi. Dünyada tayı-bərabəri olmayan Qarabağın göyləri idi. O göylərdən o yerlərin dağ-daşı, çöl-çəməni, meşəsi, qayaların altından qaynayan bulaqları görünürdü. Belə vaxtlarda onun gözlərinə üz-gözündən canavara oxşayan qayınatası, küpəgirən qayınanası, "türk" başı kəsməkdən ötrü ürəyi keçən əri görünmürdü. Və o göylərdə əbədi qanad çalmaq istəyirdi. İstəmirdi, o göylərdən ayrılsın; acı, sonu bilinməyən, əzabla dolu cəhənnəmə düşsün. Qəribəsi o idi ki, o göylərdə uça-uça Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağanın söylədiyi bayatı ürəyini lərzəyə gətirirdi:

 

Əziziyəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

 

Qorxusundan bunları dilinə gətirəmmirdi, açıb-ağardammırdı. Necə açıb-ağardaydı? Başqası yox, elə öz əri onun başını bədənindən ayırardı, yalquzaq xislətli qayınatası, küpəgirən qayınanası onu parça-parça edərdi. Buna qətiyyən şübhəsi yox idi... Qarabağ müharibəsi zamanı ermənilərin türklərə necə divan tutduqlarından xəbəri vardı.

Aqnisanın keçirdiyi bu hisslər, əhval-ruhiyyəsindəki dəyişikliklər ailə üzvlərinin gözündən yayınmırdı, ona qarşı ürəklərində gizli bir şübhə, həm də nifrət yaradırdı. Qayınatası Qriqor, qayınanası Asmik, əri Vazqen ona əvvəlki nəzərlə baxmırdılar, fahişəyə baxan kimi baxırdılar: amma nifrətlərini gizlədirdilər, ehtimallarını açıqca deyə bilmirdilər. Əslində, deməyə qorxurdular. Səbəbi o idi ki, əllərində tutarlı sübutları yox idi... Axı qonum-qonşuların hamısı erməni idi... Nəinki onların yaşadıqları yerdə, heç Qərbi Azərbaycanda (uydurduqları "Hayastan"da) bir türk belə qalmamışdı.

Onda uşaq niyə erməniyə yox, türkə oxşayırdı? Oxşamaq nədir, türk idi ki, dayanmışdı... Uşağa baxanda onları vahimə basırdı, dəhşətli şəkildə qorxmağa başlayırdılar. Elə bilirdilər ki, indicə uşaq bir cinə, qulyabanıya dönüb onların boğazlarından yapışacaq.

On beş il olardı ki, ailə Dağlıq Qarabağdan bu kiçik kəndə köçmüşdü. Plutarx da Xankəndində yox, burada - bu kiçik kənddə doğulmuşdu...

Nə isə... Bu çox qaranlıq və qəliz məsələ idi, odur ki, onu araşdırmağa cürət eləmirdilər. Məsələni qurdalamağa başlasaydılar, Aqnisanın ata-anası, qohum-qardaşları da bu işə qarışmalı olacaqdılar. İş böyüyəcəkdi və ailə çərçivəsindən çıxacaqdı. Ətraf da bu məsələdən xəbər tutandan sonra, dedi-qodu, lağlağı söhbətlər baş alıb gedəcəkdi. Onda bu ağızları yum görüm, necə yumursan?! Plutarx dörd yaşın içindəydi: gülürdü, ağlayırdı, qaçırdı, yıxılırdı, dururdu. Bir sözlə, bu yaşda olan oğlan uşaqlarının elədiklərini eləyirdi. Bircə onlar kimi dil açıb-danışmırdı. Yazıq Aqnisa uşağın fikrini çox eləyirdi, gündən-günə əriyirdi. Əriyib çöpə dönmüşdü. Oğlunu göstərmədiyi həkim qalmamışdı. Ara həkimlərinə də  müraciət eləmişdi, falına da baxdırmışdı, Eçmədzinə ("Üç kilsə"yə) dua etməyə gedəndə uşağı özü ilə aparmışdı, onu keşişə göstərmişdi... Uşağa baxanların hamısı təəccüblənmiş, qayınatası, qa-yınanası, əri kimi düşünmüşdülər. Lakin düşündüklərini dillərinə gətirməmişdilər, gizlətmişdilər, bu sözləri demişdilər: - Uşağın nitqində heç bir qüsur yoxdur, dil açıb danışacaq... Bəs nə vaxt? Bunu heç kim dəqiq-dürüst demirdi...

...Plutarx böyüyürdü. Aqnisanın qayınatasının, qayınanasının, ərinin şübhə və nifrətləri də böyüyürdü. Aqnisanın uşağa olan məhəbbəti, qayğısı isə artırdı. Görəsən, bu, nə qədər davam edəcəkdi? Plutarxla bağlı bu sirri təkcə Allah bilirdi, amma bir gün bəndələr də bildi.

...Ailə nahar eləmək üçün süfrə başına keçdi. Baba, nənə və Aqnisanın əri öz yerlərini tutdular. Aqnisa boşqablara borş çəkirdi. Plutarx oyuncaq tapança və avtomatı ilə əlləşirdi, birini götürür, o birini qoyurdu; babasını, nənəsini, atasını nişan alırdı. Uşağın bu hərəkəti babasının gözündən qaçmadı, onun üstünə qışqırdı:

- O zibilləri bir kənara qoy, gəl zəhrimarını ye!

Aqnisa narazılıqla qayınatasına baxdı. Bu baxışla demək istədi: - Uşağın xətrinə niyə dəyirsən, oynayır da. Sənə neyləyir ki?

Qayınanası da, əri də qınayıcı nəzərlə Qriqoru süzdülər. Əri dodaqaltı mızıldadı:

- Niyə qoymursan bir tikə çörəyimizi rahat yeyək?

- Rahat?! - Görmürsən tür... - "türk" demək istədi. Amma tez sözünü dəyişdi. Görmürsən küçüyün nə oyunlardan çıxır? Görmürsən?

- Uşaq nə edir ki? - Aqnisa yazıq-yazıq qayınatasına baxdı.

- Nə edir? Bizim üçümüzü də avtomatla öldürmək istəyir.

- Öldürmək? - Qayınatasının dedikləri ona çox gülünc göründü. Söz güləşdirmədi, mülayim bir səslə Plutarxa dedi:

- Gəl, quzum, get babanın yanına. Get otur, yeməyin soyuyur...

Plutarx başını qaldırıb anasına baxdı və gözlənilmədən Qarabağ ləhcəsində dedi:

- Aj deyiləm, anajan, yemirəm.

Bu sözləri sanki Plutarx yox, mələklər qeybdən dedi. Aqnisa özünü Plutarxın üstünə atdı:

- Şükür, ilahi, şükür, balam danışdı. Başına dönüm sənin, qurbanın olum!

Ərinin, qayınatasının və qayınanasının tikə boğazlarında qaldı, gözləri bərəldi, üçü də birdən vəhşi bir səslə bağırdı:

- Bax e, bax e! Bu küçük ermənicə yox, türkcə danışdı. Eyvah, türkcə danışdı!

Qayınatası illər boyu "çilədanında" saxladıqlarını açıb tökdü:

- Yadındadır, Asmik,Vazqen bu qancığı almaq istəyəndə mən nə dedim? Demədim ki, bu it oğlunun qızını almayaq. Demədim ki, o qız albanlardandır? Sən də dedin ki, nə olsun, onlar da erməniləşiblər? Mən isə dedim ki, yox, biz bura köçüb gələndən sonra onları zorla erməniləşdirmişik, albanlar da türkdürlər. Damarlarında türk qanı axır... Bu fahişənin babasının babası Nəzər bəy olub. Vaxtı ilə Qarabağın adlı-sanlı bəylərindən idi. Biz də onun soyadını götürüb Bek Nazaryan elədik... Soyadını dəyişsək də qanını, genini dəyişdirəmmədik. Budur, o qan, o gen özünü göstərdi. Bunda göstərdisə, erməniləşdirdiyimiz albanlarda da nə vaxtsa göstərəcək. Onda vay halımıza! Hamımızı bu yerlərdən qovacaqlar. Yeganə çıxış yolumuz ulularımızın gəldiyi yerə köçüb getmək olacaq. Köçüb gəldiyimiz yer də Allah bilir haradır? Alimlərin biri deyir ki, guya biz Balkanlardan, bir başqası deyir ki, Hindistandan, bir başqası da deyir ki, Şimali Fərat hövzəsindən gəlmişik. Deyirlər də... Nə eləsinlər, bir şey deməlidirlər, ya yox? Əslində, xaç haqqı, heç bilmirik biz haralıyıq, haradan gəlmişik, nə millətik... Bir onu bilirik ki, hansı yerdə yaşasaq, oranı qamarlayaq, hər şeyinə yiyələnək. Vaxtı ilə burada - Qərbi Azərbaycandakı "Arman" yaylasında "Arman" adlı türk tayfaları yaşayıb. Yaşamayıb? Hə, yaşayıb. Onlar əvvəlcə atəşpərəst olublar, sonra xristianlığı qəbul ediblər. Biz "hay"lar da bu yerlərə köçüb gəlmişik. Sonra arman-ərmən türk tayfalarının dinini, tarixini, mədəniyyətini mənimsəmişik. Yerli tayfaları isə Güney Azərbaycanına, yəni müasir Azərbaycan Respublikasının ərazilərinə sıxışdırmışıq, bir qismini isə assimlyasiyaya uğratmışıq. Gəl əyri oturaq, düz danışaq. Məgər bizdə dolma, lavaş olub? Yox! Amma deyirik olub. "Sarı gəlin", tar, kaman və sair bizimdir? Əlbəttə ki, yox. Ancaq deyirik ki, bizimdir. Qriqor təzəcə yandırılmış ocağa bənzəyirdi. Getdikcə alışır, alovlanır-dı... Arvadı Asmik də onun dediklərini başını tərpətməklə təsdiqləyirdi. Aqnisanın əri Vazqen isə yöndəmsiz iri başını iki əlinin arasına alıb sıxırdı. Adama elə gəlirdi ki, başı indicə qarpız kimi partlayacaq. İlk baxışda belə görünürdü. Əslində isə onun üçün nə qədər ağır olsa da, Plutarxı - oğlunu necə öldürmək haqqında düşünürdü. Hövsələsi daraldı, vəhşi bir əda ilə ayağa qalxdı, əlini atıb masanın üstündəki qırmızı çaxır doldurulmuş qalın  stəkanı götürdü, Plutarxa sarı bir neçə addım atdı. Nə fikirləşdisə dayandı, stəkanı divara çırpıb otaqdan çıxdı. Stəkan xıncım-xıncım oldu, çaxır divarda qana bənzər bir iz açıb döşəməyə axdı...

...Gecəyarısı Aqnisa oyanıb Plutarxı yanında görmədi. Ətrafına key-key göz gəzdirdi. Birdən dəlicəsinə çölə qaçdı. Qaranlıqda qaça-qaça oğlunu harayladı:

-Oğlum, Plutarx! Oğlum, hardasan?

Qəribə olsa da, bu sözləri ermənicə yox, Qarabağ ləhcəsində dedi. Və birdən əri Vazqenin dünən axşamkı vəziyyəti - kəl başına oxşar başı, qorxunc sifəti, qan sağılmış gözləri xəyalında canlandı. Sövti-təbii olaraq yəqinləşdirdi ki, oğlunu əri götürüb aparıb, boğub Araza atıb.

...Aqnisa nəhəng ilan kimi qıvrıla-qıvrıla, fışıldaya-fışıldaya axan, bu qan yatağından uzaqlaşmağa, Kürə qovuşmağa can atan Araz boyu qaçır, şivən qoparırdı:            

 

Xan Araz, oy, xan Araz,

Sinən dəftər, can Araz,

Götür əlinə qələm,

Dərdlərimi birər yaz.                          

Xan Araz, oy, xan Araz...        

 

... Səhər Araz çayının sahilindən iki cəsəd tapdılar. Biri uşaq cəsədi idi. Dedilər ki, bu, Plutarxın cəsədidir. İkinci cəsəd isə qadın cəsədi idi. Dedilər ki, bu da onun anası Aqnisanın cəsədidir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!