“Batan ayın kənarında sətirlər..." - Kızıl havaları seyret ki, akşam olmakta... - Azər TURAN

Azər TURAN

Peyami Səfanın "az ictimai məxluqdu, çünki çox şairdi" deyə vəsf etdiyi Əhməd Haşim türk şeirində modernizm estetikasını yaradan ilk şairlərdəndir. Bu estetik dalğada hətta Haşim şeirinin dekadans ovqatı da diqqətdən yayınmır. Bu baxımdan  Haşim simvolist  (və imperissionist) olaraq dövrün hərbi-siyasi təbəddülatlarına belə etina etmədən poeziyanı öz estetik məhvərinə yönəltdi. Türk ədəbiyyatında məhz Haşim dönəmində pərvazlanan müharibə və milli mücadilə hərəkatı şeirlərinin bircə misrasına belə qonmadı. Fəcri-Atinin önçüsü kimi ədəbiyyatı siyasətdən ayırmağı bacardı. Amma o estetik məhvərdə bir rəngdə neçə-neçə rəng icad edən, rənglərin bütün qammalarını və valyorunu rembrandtcasına bir harmoniyaya, hüzura təslim edə bilən Haşimin şeirlərində və bu harmoniyanın içərisində əzab çəkən, böhrana uğrayan insanın tənhalığı və ruhi çırpıntıları da daim hiss olunmaqdadır. Heç bir şeirində dərdin həniri, əzabın haləsi əskik deyil. Titrək parıltılarla sayrışan "sallaqxana rəngli axşamın" qürub şəfəqləri çılpaq qayalara dağılırkən Haşim qəhrin Sina dağında ən uca zirvəyə qalxır. Oradan ümidsizliyə yıxılmaq, hüsrana yuvarlanmaq, "qanlı bir köynək kimi günəş işıqlarının dalğalanan rəngarəng qumaşını" da arxasıyca sürükləmək... və ölmək istəyir. Belədə, Haşimin şeiri Şopenhauerin "bu gün pisdir, sabah bu gündən daha pis olacaq" deyə nişan verdiyi həyatın sıxıntılı çənbərindən daha asudə olan pessimist estetikasının poeziyadakı əks-sədasına çevrilir. Fransız sərbəst şeirinin əruz qəlibli versiyası, eləcə də 1884-cü ildə Fransız şeirinin təklif etdiyi dekadans estet tipi türk poeziyasına Haşimin şeiri ilə daxil olur.

Peyami Səfa onu simvolist şairlərin cərgəsində görmür, sadəcə, şeir barədə nəzəri görüşləri və doktrin baxımından simvolizmi mənimsəmiş şair olaraq dəyərləndirir. Amma Peyami Səfa təkcə Haşimi deyil, heç simvolizmin qurucusu Jan Moreasın simvolistlər sırasında gördüyü Anri de Reneni də simvolist hesab etməyib. Haşim üçün isə ədəbiyyat anlayışı simvolistlərlə - Emil Verharnla, Rene ilə, Verlenlə, Bodlerlə, Pol Valeri ilə,  Artur Rembo ilə, simvolizmin estetik hüdudlarını bəlirləyən Jan Moreasla başlayır. Haşimə görə ideal poeziyanın qurucusu Mallarmedir. Mübhəmliyi ilə, sözdən daha ziyadə musiqiyə yaxınlığı ilə, "Platonçu bir tutumdan irəli gələn bir cür çiləkeşlik (asketizm) və musiqi referansıyla (istinadıyla)" (Ö.Aygün)  Haşim Mallarmenin cazibəsindədir. 

Hətta sərbəst şeirin türk poeziyasına gəlişinə üfüq xəttini cızan və aydınladan ilk şeirlər də Haşimin Verharnla Renenin təsiri altında yazdığı ünlü sərbəst müstəzadlarıyla gerçəkləşmişdi. (Bu məqamda mən Tevfiq Fikrətin sərbəst müstəzadlarını bilərəkdən xatırlatmadım. Çünki sərbəst müstəzadlarında mövzu baxımından Haşim daha moderndir). Əruza tətbiq olunan bu fransız deyiş tərzi ilə Haşim ədəbiyyatda yeni bir mərhələnin əsasını qoymuşdu. Yolun davamında Haşimin sözləriylə desək, "dev əlləriylə qədim musiqi qutusunu sərt qayalara çırpıb parçalayaraq yeni nəzmin, havaya gurultulu atəşdən fəvvarələr kimi fışqıran, qorxunc və dadlı musiqisini vücuda gətirmiş" Nazim Hikmət gəlirdi. Haşimə görə, "bəhr bölgüsündən dolayı sərbəstcə istifadəsi çətin olan əruz vəznini məqsədinə yetərli bilməyən Nazim Hikmət, sərbəst şeir fikrini heca vəznində gəlişdirmişdir. Nazim Hikmət Haşimin şeirini sərxoş məclislərində "bağdadlı bir dilənçinin çaldığı saz" adlandırsa da, Haşimin söykəndiyi fransız simvolizminə fransız "imperializminin idarə məclisi" desə də, hər halda, gerçəklər gerçək olaraq qalmaqdadır. Nazim Hikmətdən daha az sərbəstçi olan (bəlkə də şeirləri heç sərbəst vəzndə olmayan) Mayakovskiylə tanışlıqdan öncə Nazim Hikmət "O bəldə", "Yollar" və yuxarıda xatırlatdığım "Ölmək" kimi ünlü sərbəst müstəzadlarıyla türk ədəbi zövqünə yeni əyar təklif edən Haşimi tanımışdı.

Doğrudur, fransız şeirinə rəğmən, türk şeirində "lənətlənmiş şair" imajı yoxdur. Haşim də "Düşüb üstündə ağlamaq dilərəm: Söylə, ey Tanrı, dizlərin nerdə?" - deyə məkansız və zamansız olanı şəxsləndirən ilk türk dekadansı və simvolisti Cənab Şəhabəddindən fərqli olaraq özünü lənətə uğradacaq bircə misra belə yazmayıb. (Baxmayaraq ki, türk toplumu iyirminci yüzilin ilk illərində türk zehniyyəti üçün tam yeretik bir mahiyyət daşıyan bu misralarına görə heç Şəhabəddini də lənətləməyib). Amma o - daha çox şair olan Haşim vücud baxımından, az qala, "mifolojinin kentavrına bənzəyib" (Tanpınar). Kentavra bənzəyişinin bütün hüznü şeirlərinin hüsnünə çilənib: "Ah, ya Rəbbi, nasıl birləşdi  /Bu çətin başla bu suçsuz bədənim?" Bəlkə həm də bu səbəbdəndir ki, Haşim ömrünün əvvəlindən sonuna qədər içindəki qürubdan qurtula bilmədi. 46 yaşında dünyasını dəyişdi.

Yenə də Tanpınara görə, kentavrdakı - insan və at ikiliyi - dual kompleks Haşim şerində saysız və hədsiz işarələrlə özünü göstərirdi, şeirlərinin səs ladında kentavrın nal səslərini və insan ağlayışına bənzər iniltisini duymamaq mümkün deyildi. Həm də çünki Haşim təkcə "səslər eşidən bir adam deyil, səslərdə belə rənglər görən bir adamdı" (N.Atac).

Haşim az yazıb. Bəzən dörd misranı dörd ilə tamamlayıb. Lüğət tərkibi məhduddur və bu da səbəbsiz deyil. Çünki hələ ötən əsrin ilk illərində Əli bəy Hüseynzadənin xatırlatdığı kimi, simvolistlərin bəyanına görə "hazırdakı dillər onların fikirlərini ifadədən aciz" idi. "Bu səbəbdən də simvolistlər mənəvi ovqatlarını, fikir və hissiyyatlarını ancaq bir növ "sis və dumana bürünən rəmzlərlə təsvir və ifadə edə bilər"dilər. "Bunun üçün ifadə vasitəsi gizlilikdən, örtülü sözlərdən ibarət olmalı"ydı. Və həm də təkcə bu deyil. Mallarmeyə görə, Babildən sonra çoxalan dillər yetkinliklərini də getdikcə itirməyə, dayazlaşmağa üz tutmuşdu. Yenə də Mallarmeyə görə, şeir dil və həqiqət arasındakı bağların incələnməsi  və dilin zərifləşməsi üçün bir vasitəydi. Poeziya dilinin itirilmiş Babil sintezi və birliyi yenidən bərpa edilməliydi.

Və bütün simvolistlərdə olduğu kimi, Haşim də türk şeirinə "təbiətin objektiv, soyuq və ruhsuz təsviri yerinə bir həssasiyyətin prizmasından keçmiş oynaq və parıltılı bir xəyal  gətirdi və peyzajın insanın bir ruh halı olmasını istədi". (Tarançı) "şeirlərinin üstünə yerdən və göydən bir xəyal tufanı halında fışqırıb boşalan şair Haşim  (Peyami Səfa) suyun üzünə ayın rəsmini çəkdi. Amma onun icad etdiyi Ay təkcə gölə yansıyan göydəki Ay deyil, həm də yunan mifolojisinin kosmoqonik savaşında yaralanmış ilahlardan biridir. "Zühali bir cidalın asarı"dır. Amma "melanxoliyanın zəhərini dadızdıran və fırtınalı bir xəyal gücünü sərbəst buraxan Saturn" (Mallarme) Haşimin şeirinə birbaşa mifolojidən deyil, heyranı olduğu Mallarmenin şeirindən daxil olur. Haşimin gölündə sayrışan rənglər Barok üslubunda - kölgəsəldi. Haşimin "Batan ayın kənarında sətirlər" şeri estetik içəriyinə görə fin rəssamı Xuqo Simberqin simvolizmin rəmzinə çevrilmiş "Yaralanmış mələk" tablosunu xatırladır. Simberqin primitivist yanaşmasından fərqli olaraq, Haşimin fırçaya çevrilən  impressionist ovqatlı qələmi Aydan Gölə süzülür, mifolojidən çağdaş şeirə yansıyır, səssizliyi və gecəni sözün hüznlü rəngləriylə boyayır. "Batan ayın kənarında sətirlər"də sözlər simvolist, rənglər və təsvir üsulu isə impressionist səciyyəlidir. Şeirin rakursu təbiətin bir anı, təsvir olunan aləm isə Şopenhauer xəyalından ibarətdir.

Haşim gizlinlərin və gizliliyin şairidir. Haşimin şeir kətanına  günəşin şəfəqləri saçılmır, Ayın nuru yayılır. Çünki günəş "xəyala izn verməyən" gerçəklərin, ay isə mübhəmlərin tilsimli və əsrarlı aynasıdır. Haşimə görə: "Şairin sözü namütənahi, sonsuz olmalıdır. Dərhal anlaşılmamalıdır. Bir məna başqa mənanı doğurmalıdır. Bir şeirin mənası digər bir məna olmağa müsaid olduqca hər oxuyan ona öz həyatının da mənasını izafə edə bilər..." (Bu fikirlər Haşimdən iyirmi il əvvəl Azərbaycanda da söylənmişdi: "Zatən şeir və sənətin lətafəti ... sirli olmasındadır... Şair ya rəssam heç bir vaxt fikrini açıq deməyəcək, ancaq zehin və qəlbində gizli olan bir fikri aşılamağa çalışacaq... şairin... xəyalında... peyda olan bir hiss, bir fikir ancaq mənəvi bir təsirlə gizli, üstüörtülü bir surətdə oxucunun qəlbinə... ötürülüb orada yenidən qarşılığı olan hissiyyat və əfkarı oyandıracaq..." (Əli bəy Hüseynzadə).

                *  *  *

1941-ci ildə Orxan Vəlinin "Qərib"ə yazdığı ön söz Əhməd Haşimin 1921-ci ildə yazdığı "Məna və vüzuh" məqaləsinə cavab kimi səslənir. (Haşim bu məqaləni 1926-cı ildə "Piyalə" kitabına "Şeir haqqında mülahizələr" başlığıyla və ön söz olaraq əlavə etmişdi).

Cərəyan başqa bir cərəyanı doğururdu. Ölüm yatağındaykən "şairlərin ən qəribi öldü" deyə sayıqlayan Haşimdən sonra bütövlükdə poeziyanı qəribləşdirən (və qəribələşdirən) "bir qərib Orxan Vəli" doğulur. Birinin könlündən "Göllərdə bu dəm bir qamış" olmaq keçir, digəri isə "Rakı şüşəsində balıq" olmaq istəyir. Haşimin "Qərənfil" tezisi Orxan Vəlinin "Qərənfil" antitezisini doğurur.

Haşim üçün "…Şairin lisanı nəsr kimi anlaşılmaq üçün deyil, fəqət, duyulmaq üçün vücud bulmuş, musiqi ilə söz arasında, sözdən ziyadə musiqiyə yaxın... bir lisandır". Orxan Vəli isə şeirdə musiqidən, rənglərdən, hətta şairanə dildən imtina etmək istəyir. Əhməd Haşim musiqiyə yaxın dillə, duyğuların, günəşin, ayın, yaqut rəngli quşun, dumanın, gölün, suyun, mərmərin… dilində yazırdı. Orxan Vəli isə yalın bir dillə - Dalğaçı Mahmudun, Şoferin qarısının dilində yazdı. Bəzən adama elə gəlir ki, çağdaş türk poeziyası sintez olaraq Haşimin şeirinə - tezisinə antitezis kimi doğulan Orxan Vəlinin yaradıcılığından sonra Haşim və Orxan Vəli şeirinin qarışığından doğulmuşdur.

 

                       Merdiven

Ağır, ağır çıkacaksın bu merdivenlerden,
Eteklerinde güneş rengi bir yığın yaprak,
Ve bir zaman bakacaksın semaya ağlayarak...

Sular sarardı... yüzün perde perde solmakta,
Kızıl havaları seyret ki, akşam olmakta...

Eğilmiş arza, kanar, muttasıl kanar güller;
Durur alev gibi dallarda kanlı bülbüller,
Sular mı yandı? Neden tunca benziyor mermer?

Bu bir lisan-ı hafidir* ki, ruha dolmakta,
Kızıl havaları seyret ki akşam olmakta...

                                     * lisan-ı hafi - gizli dil

Ahmed HAŞİM


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!