Hekayələr - Təranə Vahid

 

VAĞZALDAKI QARI

O, hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi...

 

Bir-birlərini  yaxından görməsələr, səslərini  eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın  tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu  xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı  dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruqsaçlı bir oğlan tələsə-tələsə onu "işə" gətirirdi. Adam yerini tutan kimi, zirək köməkçi harasa yox olur, bir azdan yüklə geri qayıdırdı. Yeşiyi qoyub üstünə tələsik siqaret düzür, evdən gətirdiyi bağlamanı da əlilin yanına qoyub adamların arasında gözdən itirdi.

Əlil də axşama kimi yanından ötüb-keçənlərə siqaret təklif edir, arabir termosdan çay süzüb içir, alveri yaxşı gedəndə şey-şüylərin içindən əl boyda radiosunu  tapıb qurdalayırdı.  

Yolun solundakı isə əldən düşmüş, arıq, sısqa bir qarı idi.  Hər səhər eyni vaxtda vağzala gəlir, öz yerini tutur, axşamüstü dispetçer sonuncu qatarı elan edib  yola salandan sonra ayaqlarını sürüyə-sürüyə çıxıb gedirdi.

Bu müəmmalı qarının hər gün vağzala gəlməsi, eyni yerdə dayanması, gözləməsi əvvəllər əlili əməlli-başlı özündən çıxarırdı. Bilmirdi bu qarı vağzala niyə gəlir, kimi gözləyir, sonra niyə çıxıb gedir. Bir xeyli göz qoyandan sonra gördü ki, bu qarının nə gələni var, nə gedəni. "Niyə" sualı bir müddət əlili rahat buraxmasa da, sonra bütün bunlara alışdı. Hər səhər "işə" gələndə gözü birinci qarını axtarırdı. Qarı da Allah üçünə vaxtında gəlirdi, onu intizarda-zadda qoyub eləmirdi. 

Qarı da eynən onun kimi bir küncdə dayanıb zəif gözləri ilə qarşı tərəfdəki əlil arabasına göz qoyur, ürəyində tez-tez:

- Anan ölsün, bala,  səni bu günə salanı zəlil günə qalsın, indi heç ikiayaqlılar özünü saxlaya bilmir, sən belə necə yaşayacaqsan? - deyirdi.

Hərdən də özünə sual verirdi ki, görəsən, bu zavallının kimi-kimsənəsi varmı?

Soyuq havalarda qarının qanı lap qaralırdı. Ürəyində "Donub öləcək, qurda-quşa yem olacaq, kimsə  xəbər tutmayacaq" - deyib ağlamsınırdı.

Əlil də soyuq havalarda qarını məzəmmət edirdi:

- Qoca arvadsan, qaxıl otur da xarabanda! Bu havada evdən  çıxmaq olar? Allahın altında  biləydim ki, bu qarını vağzala gətirən nədir?

Bir səhər qarı vağzala gəlmədi.  Əlil nə qədər  yolun o tayına boylansa da, xeyri olmadı. Əvvəl gözlədi, sonra  narahat olmağa başladı, gün günorta olanda ağlından bircə bu keçdi:

- Qarı öldü, hə öldü, canı qurtardı bu zillətdən. Özü də dincəldi, mən də.

Bu sözləri deməyinə dedi, amma gözünün yaşını saxlaya bilmədi.

Yad səs onu diksindirdi. Kimsə siqaret istədi, müştərinin xırdasını qaytarıb yenə yolun o üzünə, qarının dayandığı yerə boylandı.     

Noyabrın əvvəli olsa da, tərslikdən quşbaşı qar başlamışdı. Zirək köməkçi bir anda peyda olub, şey-şüyləri yerbəyer edib əlili apardı...

... Qarı bir müddət gözə dəymədi. Əlil artıq onu unutmağa başlamışdı ki, bir səhər gözünə inanmadı. Qarı əvvəlki yerində dayanmışdı. Əlil doğmasını tapan adam kimi sevindi. Bu dəfə müəmmalı qarının sirrini, necə olursa-olsun, öyrənəcəkdi. Qonşuluğundakı pinəçini səsləyib qulağına nə isə pıçıldadı. Pinəçi yolun o üzünə baxıb duruxdu, çiynini çəkdi, nə isə demək istədi, amma əlilin sözündən çıxa bilmədi. Yerlərini xırdavat satana tapşırdılar. Pinəçi əlil arabasını sürüb bir xeyli uzaqdakı körpüdən yolun soluna keçirib qarının dayandığı yerdə saxladı. Qarı öz aləmində idi.

Əlil qarıya yaxından, lap yaxından tamaşa etməyə başladı. Yun yumağına oxşayan bu qarı nəyisə həsrətlə, çox həsrətlə gözləyirdi. Dispetçerin səsi gəldi: "Bakıdan Lənkərana gedən qatar bir neçə dəqiqədən sonra yola düşəcək". Qatar yola düşüb gözdən itəndə, qarı bir az da büzüşdü. Kor-peşman vağzaldan uzaqlaşdı. Əlil arabası ilə qarını qarabaqara izləyirdi. Qarı çox da uzağa getmədi. Vağzalın yaxınlığındakı köhnə həyət evlərinin birinin bala qapısından içəri girdi.

Əlili maraq bürümüşdü. Pinəçi özünü saxlaya bilməyib dilləndi.

- İndi neyləyək?

Əlil: 

- Bir az gözləyək, deyib siqaret yandırdı. Bir azdan qapı açıldı. Həyətdən bir-birini  dürtmələyə-dürtmələyə iki oğlan uşağı çıxdı. Qardaş olduqları bəlli idi. Deyəsən, dərsə gedirdilər. Gəlib əlilin yanına çatanda yaşca böyüyü əlini cibinə salıb çıxardığı qəpiyi xeyirxahlıqla əlilə uzatdı. Uşağın gözlənilməz hərəkəti əlili çaşdırsa da, balacanın əlini geri itələyib mehribanlıqla soruşdu:

- O qarı sənin nəyindi?

Uşaq gözləri böyümüş halda:

- Nənəmi deyirsən? - dedi.

Əlil:

- Hə, tez-tez vağzalda görürəm - dedi.

Balaca özünü saxlaya bilmədi:

- Anam deyir, nənənizin ağlı yoxdur, hər gün vağzala gedir. Adam hər gün vağzala gedər?

Böyük qardaş qardaşının üzünə bozardı:

- Sən səsini kəs!

Sonra da bir az acıqla dilləndi:

- Buna fikir verməyin, qələtdi eləyir,  nənəm dəli-zad deyil.

- Bəs nənən vağzala niyə gəlir? - əlil mehribanlıqla soruşdu.

Bu dəfə böyük uşağın gözləri bir az da böyüdü, özü də deyəsən qəhərləndi, başını aşağı salıb titrək səslə dilləndi:

- Nənəm hər gün vağzala gedib Ağdam qatarını gözləyir. Atam deyir, arvadla işiniz yoxdu,  özü bilər, qoyun gözləsin. Bilsə ki,  Ağdam, Qarabağ yoxdu, ürəyi partlayar. Qoyun ümidlə yaşasın, axır-əvvəl  bir gün bu qatar gəlib çıxacaq, ya yox? Atam belə deyir.

- Atan düz deyir, - əlil kədərlə dillənib uşaqlardan ayrıldı.

O gündən əlil hər dəfə qarını görəndə içində ümid  göyərirdi. İnanırdı ki, bir gün qarının gözlədiyi qatar gəlib çıxacaq, birlikdə qatara minib biri Qarabağda itirdiyi ömrünü, biri  Qarabağda basdırdığı ayaqlarını axtarmağa gedəcək. Əlil əmin idi ki, ayaqlarını tapan kimi.., başını da o torpaqda basdırıb diriləcək...       

 

 

 

 

 

BİR AZ SONRA

Günəş də çıxa bilər, yağış da yağa bilər, tufan da qopa bilər...

 

- Qarakişi, ay Qarakişi!

- Nə var, ə! - Qarakişi əlindəki beli bir kənara atıb ləkin içindəki kartofları yığa-yığa qonşusuna hay verdi.

Çəpərin o üzündə dayanmış Tapdıq elə bil çör-çöpün arasından Qarakişiyə yandım verdi:

- Axşam bizim uşaqlar şəhərdən gəldilər - həmişəlik! Deyillər, şəhər yaşamalı yer deyil.

- Düz deyirlər, Tapdıq, düz deyirlər, - Qarakişi başını qaldırmadan dilləndi.

- A Qarakişi, - Tapdıq düz çəpərin dibinə sindi, - deyirəm, yaxşı ki, gədə oralarda ilişib qalmadı. Sənin gədən gör neçə ildir kənddən çıxıb. Arvadı kənddən-kəsəkdən olsaydı, indi çoxdan dartıb buralara gətirmişdi.

Qarakişi cumub bayaq yerə tulladığı beli əlinə götürdü.

- Evləndi evləndi da! Allah üçünə qız pis uşaq deyil. Gədənin də burda işi-gücü yoxdu.

Ağzı yanmış Tapdıq Qarakişini bir az da cinləndirmək istədi:

- Bizim gədənin - Mehdinin iki oğlu var axı...

Qarakişi çömbəltmə oturub kartofları torpaqdan təmizləyə-təmizləyə qonşusunun sözünü təsdiqlədi:

- Hə, var, Allah saxlasın...

- Gəlin yenə hamilədir.

- Gözün aydın olsun, sağ-salamat doğulsun.

Qarakişi  kartofun irilərini bir vedrəyə, xırdalarını deşilmiş köhnə vedrəyə atıb beli əlinə aldı.

- Sənin gədənin neçə uşağı var? - Tapdıq bilərəkdən soruşdu.

- Bir qızı var.

- Bircəəə?!

- Hə.

- Neçə ildir evlənib?

- On il olar.

- Vay-vay! Tay de gədə sonsuzdu da!

Qarakişi özünü sındırmadı. Başını qaldırıb göyə baxdı.

- Hər şeyi verən odu. Nəvəmə min şükür.

- Bir azdı, çox azdır, - Tapdıq keçi kimi inad etdi.

- Nə bilim, a Tapdıq, özləri bilər.

Qarakişi bu sözləri elə dedi ki, abırlı adam söhbəti burda kəsərdi. Amma elə olmadı. Səhər-səhər elə bil kimsə Tapdığın quyruğunu tapdalamışdı,  onun da əlinə yazıq Qarakişi keçmişdi.

- Onnar gəlmir, sən get şəhərə. Gəlini də çək qırağa, denən köpəyin qızı, gözümün yağını yedirdib təkbaşına uşaq böyütmüşəm  ki, bu qoca vaxtımda əlimdən alasan! Gəlməsə, saçınnan tut, sürü kəndəcən.

Qarakişi kartofla silələnmiş vedrəni yarımçıq kisəyə boşaldıb pres ipiylə ağzını möhkəm-möhkəm bağladı. Handan-hana dilləndi:

- Demək olmur, Tapdıq, demək olmur! Orda baş-başa verib işləyirlər. İnişil  getmişdim axı, mənnən ötürün özlərini öldürdülər. Gəlin məni doxtura apardı, əyin-baş aldı, qulluğumda dayandı.

- Bah-bah, nə böyük iş olub. İldə bir dəfə gedirsən da!

Tapdıq başını qaldıranda oğlu Mehdini yanında görüb pərt oldu.

- Sabahın xeyir, Qarakişi əmi!

- Ay aqibətin xeyir! Xoş gəlmisən, bala!

- Dədəm yenə yeri-göyü dağıdır. Kənardan baxanda elə bildim  yenə su üstündə qırğındı.

- Dədəndi da, fikir vermə, o tərəflərdə nə var, nə yox?

- Şəhərdə dolanmaq çətindir. Adamın savadı-sənəti olsa, başqa məsələ. Mən də vaxtında oxuyub eləmədim.

Tapdıq bomba kimi partladı:

- Bah-bah, oxuyanlar elə dünyanı bay eləyib. Yaxşı eləyib oxumamısan!

Mehdi dədəsinin sözünü ağzında qoydu:

- Şəhərdə Nicatı gördüm. Sağlığına qismət, təzə maşın alıb. 

Bayaqdan dil-dil ötən Tapdığın səsi alındı:

- Maşın alıb?

Mehdi ürəyiaçıqlıqla:

-  Özü də bahalılardan. Əla maşındır! Xaricdən də təzə gəlib, konfransa gedibmiş.

Qarakişi əlində beli bir kənara qoyub başını dikəltdi:

- Kefi nətəhərdi?

- Nicat məni evlərinə apardı. Kefləri kökdü. Deyir, dədəmin bina evlərindən zəhləsi gedir. Torpaq sahəsi alıb ikimərtəbəli ev tikdirib. Ləzzətli evdi. Qəşəng də həyət-bacası var, sağlıqlarına qismət. Mənə yaxşı qonaqlıq verdilər. Amma muştuluqluq bir xəbər də var.

Qarakişinin ürəyi əsdi:

- Nədi, a Mehdi?

- Muştuluğumu ver, sonra.

- Nə istəsən qurbandı.

- Əkiz nəvən olub.

Tapdıq özünü saxlaya bilməyib tələsik soruşdu:

- Qızdı?

- İkisi də oğlandı.

Dedi, bu gün-sabah kəndə gedəcəyik. Payıza az qalıb, beş-on gün qalıb dədəmi də götürüb şəhərə qayıdacağıq.

Qarakişi sevincdən donub yerində qalmışdı.

- Allah, sənə şükür, - dedi, yüyürüb həyətdəki antonovka almasından üç alma qoparıb çəpərin üstündən Mehdiyə uzatdı.

- Götür, a bala, həmişə xeyir xəbər eşidəsən. Beş toğlum var, biri sənindi. Axşam heyvan örüşdən gələndə özüm həyətinizə gətirəcəm.

- Toğlu çox oldu, bu almalar bəsimdi.

- Dədənə baxma, mən sözü bir dəfə deyirəm -, deyə Qarakişi inamla dilləndi.

Tapdıq özünü birtəhər ələ alıb pıçıldadı:

- Gözün aydın, ay Qarakişi, işim var, day mən gedim, - Tapdıq suyu süzülə-süzülə çəpərin dibindən çəkildi.

Qarakişinin gözləri dolmuşdu. Ləkin içində oturub hönkür-hönkür ağladı. Ömründə belə ağladığı olmamışdı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!