“Bayatı-şiraz” - Minimalist üslubda kino ekspressiya - Pərviz SEYİDLİ

 

Boş otaq. Masanın üstündə çoxlu içki şüşələri, içində beş-altı şokolad qalmış qutu, siqaret qutusu, siqaret kötükləriylə dolu külqabı var. İçində bir az konyak qalmış qədəh, dibində konyak qalmış şüşə var. Mənzərədən bilinir ki, kimsə gecə səhərə qədər içib… Vanna otağından su səsi gəlir. Bu vaxt qapının zəngi çalınır... Su səsi gəlir, hiss olunur ki, kimsə hamamda çimir... Qapı bir müddət sonra yenə döyülür. Su səsi kəsilir... hamamın qapısı azca aralanır. Bir qız üzünü qapının açıq hissəsinə uzadır...

Qız (möhkəm səslə, qapıya tərəf): - Qapı açıqdır, gir içəri... keç mətbəxə...

Üzünün bir hissəsi görünən qız qapını örtür, yenidən su səsi eşidilir...

***

Çöl qapı açılır, içəri bir oğlan daxil olur. Ehtiyyatla ətrafa baxır, bilinir ki, ilk dəfədir bu evə gəlir... Oğlanın əlində tar futlyarı var, bilinir ki, tarzəndir. Oğlan mətbəxi axtarır, hamamdan su şırıltısı gəlir. Oğlan mətbəxi tapır, mətbəxə daxil olur... Masanın üstündəki içki şüşələrini görür, hamamdakı suyun şırıltısını eşidir, gərgindir. Sakitcə keçib divarın küncündəki divanda oturur... Hamamdakı suyun şırıltısı kəsilir, bir neçə saniyə sonra fen səsi eşidilir. Bilinir ki, qız indi də saçını qurulayır... Oğlan heç nə anlamadan, gərgin halda divanda oturub. Fenin səsi kəsilir, bir qədər sonra hamamın qapısı açılır, bayaq üzünün yarısı görünən qız, hamam xalatında çıxır. Hamamla mətbəx üzbəüz olduğundan qız mətbəxdə oturan oğlanı görür... Ani olaraq oğlanın üzünə baxır...

Qız: - Gözlə, gəlirəm indi...

Oğlan təəccüblə, anlaşılmaz baxışlarla qıza baxır, qeyri-iradi olaraq başıyla razılıq bildirir... Qız sağa - yataq otağı tərəfə gedir... Oğlan çaşqın halda otağı gözdən keçirir, həyəcanlı olduğu hiss olunur. Oğlan tarın futlyarını götürür, dizlərinin üzərinə qoyur, əvvəlcə açmaq istəyir, sonra nəsə düşünür, açmır, yenidən yerinə qoyur... Dərindən nəfəs alır. Qızı gözləyir. Əlləriylə tarın fultyarının dəmir qapağını açıb-bağlayır. Bir azdan qız əynində xalat mətbəxə daxil olur... Diqqətlə oğlana baxır...

Qız: - Gəlməmişdən zəng edəydin də... Nömrəm yox idi?

Qız masanın üstünə baxır, içki şüşələrindən birini götürüb mətbəx şkafının üstünə qoyur.

Oğlan (nəzakətlə): - Vallah, telefonun zaryatkası öldü, ona görə zəng edə bilmədim...

Qız (əliylə başını tutur): - Başım partlayır...

Qız siyirtməni açıb kofe bankasını götürür, stəkana qəhvə tökür, tefalı işə salır...

Qız (oğlana baxmadan): - Kofe içməsəm, düzəlməyəcəm...

Oğlan çaşqın halda qıza baxır. Hiss olunur ki, sual vermək istəyir...

Oğlan: - Bəs uşaq hardadır?

Tefalın səsindən qız sanki oğlanı yaxşı eşitmir...

Qız: - Nə?

Oğlan: - Uşağı deyirəm... Uşaq hardadır?

Qız təəccüblə oğlana baxır...

Qız: - Nə uşaq?!

Bu vaxt tefal qaynayır. Qız üzünü çevirir, tefalı götürür, kofe tökdüyü stəkana süzür, çay qaşığıyla qarışdırır, oğlana baxır...

Qız: - Uşaq-zad yoxdur burda. Kofe içirsən?

Oğlan: - Yox. Çox sağ olun... Amma mən elə bilirdim uşaq olacaq...

Qız qaşıqla kofeni qarışdıra-qarışdıra oğlanın yanına gəlir, diqqətlə oğlana baxır...

Qız: - Nə uşaq. Sən nə danışırsan?!

Qızın açıq sinəsi, hökmlü danışığı sanki bu mədəni və sakit oğlanı bir az da çaşdırır... Oğlan duruxub boş gözlərlə qıza baxır... Qız sanki indi oğlanın qucağındakı tar futlyarını görür...

Qız: - Bu nədi?

Oğlan: - Tar.

Qız: - Tarı neyləyirsən?

Oğlan: - Mən tarzənəm.

Qız tutulur. Oğlana baxır.

Qız: - Nəsən?

Oğlan: - Tarzən...

Qız kofeni masanın üstünə qoyub oğlana baxır.

Qız: - Şofer deyilsən sən?

Oğlan: - Yox...

Qız: - Bəs kimsən?

Oğlan: - Tarzən...

Qız heç nə anlamır... Oğlan da bunu hiss edir...

Oğlan: - Sizdə uşaq yoxdursa, deməli mən səhv gəlmişəm.

Qız diqqətlə oğlana baxır...

Qız: - Başa düşmədim... Sən kimsən? Mənim evimdə nə işin var?

Oğlan boğazını arıtlayır, qıza baxır...

Oğlan: - Xanım, mən tarzənəm...

Qız əsəbiləşir, onun sözünü kəsir...

Qız: - Onu bildim... Tarzansan, meşədən gəlmisən, mənim evimdə nə işin var?!

Oğlan sanki həyəcanlanır... Dərindən nəfəs alır...

Oğlan (birnəfəsə): - Mən də onu deyirəm də... Mən tarz... ( Oğlan sözünü yarıda kəsir) tar müəllimiyəm... İşlədiyim musiqi məktəbinin direktoru nömrə verdi ki, zəng elə danış, bir ailə var, tanışımdır. İstəyir uşağına tar müəllimi tutsun, mən də zəng elədim, danışdım... Bu binanın ünvanını verdilər... Birinci blok, səkkizinci mərtəbə, sol qapı. Amma dəqiq bilmədim hansı tərəfdən birinci blokdu. Zəng eləmək istəyəndə gördüm telefonum sönüb. Həyətdə də heç kim yox idi ki, düşüm soruşum... Mən də... qapının zəngini basdım, sizin səsinizi eşitdim ki, keç mətbəxə dediniz, mən də gəldim...

Qız diqqətlə oğlana baxır, oğlanın alnında tər damcıları əmələ gəlir...

Qız: - Başa düşdüm... Deməli mən səni şoferlə səhv salmışam... Sən də mənim evimi dərs deyəcəyin uşağın eviylə.

Oğlan: - Bəli...

Qız diqqətlə oğlana baxır... Oğlan qızın açıq-saçıq sinəsinə istər-istəməz göz yetirir, amma tez də gözünü çəkir, qız bunu hiss edir... Oğlana baxır...

Qız: - Yaxşı... Deməli hər şey aydın oldu... İndi gedə bilərsən...

Oğlan çaşqın bir vəziyyətdədir... Udqunur, ayağa qalxır, tarını da götürüb otaqdan çıxmaq istəyir. Bir anlıq dayanır, qıza tərəf çevrilir...

Oğlan: - Bir də üzr istəyirəm...

Oğlan üzünü çevirib otaqdan çıxır...

Qız: - Bir dəqiqə gözlə...

Oğlan dayanır. Qıza baxır. Qız mətbəxin küncündəki zibil dolu salafanı götürür, masanın üstündəki boş butulkaları da onun içinə qoyur... Butulkaları, boş şokolad qabını yığışdıra-yığışdıra oğlana baxır...

Qız: - Yolüstü bunu da atarsan zibilliyə yaxşı?!

Oğlan qeyri-iradi olaraq qızın dediklərinə razı olur, başıyla razılıq bildirir... Qız masanın üstündəki şüşələri götürərkən masanın üstündəki boş bakallardan biri əlini kəsir.

Qız: - Ay mama...

Oğlan çaşqın halda qıza baxır... Qız həyəcanlıdır...

Qız: - Əlim... əlim qanadı...

Qızın rəngi ağarır, oğlan cəld qıza yaxınlaşır. Qızın əlinə baxır...

Oğlan: - Elə bir şey deyil... Bint var sizdə?

Qız sanki oğlanın dediklərini eşitmir... Hiss olunur ki, həyəcanlıdır...

Qız: - Məni qan tutur... Qan görəndə özümü pis hiss edirəm...

Qızın halı dəyişir, gözucu barmağından axan qana baxır, halsızlaşır... Oğlan özünü itirir... Tarı masanın üstünə qoyur... Qızın qolundan tutur, divana otuzdurur...

Oğlan: - Sakit olun... hər şey yaxşıdır... heç nə yoxdur... bint, pambıq harda olur?!

Qız həyəcanlı halda oğlana baxmadan cavab verir...

Qız: - Soyuducuda...

Oğlan tez soyuducuya tərəf gedir, qapısını açıb bint olan yeri axtarır, tapır (fonda bayatı-şiraz qırıntı şəklində səslənir), qızın əlini sarıyır... Qız halsız uzanıb... Oğlan krantdan su töküb gətirir, içirir... Qız yavaş-yavaş özünə gəlir.

Oğlan: - Yaxşısız?

Qız əlinə baxır, əli sarılıdır...

Qız: - Hə. Yaxşıyam. Mən qandan qorxuram.

Oğlan (nəzakətlə): - Hə elə adamlar olur qan tutur... Nə isə kömək lazımdır?

Qız dərindən nəfəs alır, oğlana baxır.

Qız: - Yox. Çox sağ ol...

Oğlan tarını götürür, sonra gözü yerdəki zibil dolu salafana sataşır. Onu da götürür... Qız ona baxır... Oğlan ordan uzaqlaşmaq istəyəndə qız onu çağırır...

Qız: - Zibili də aparırsan?

Oğlan qıza baxır...

Oğlan: - Hə. Demədiz düşəndə atım?!

Qız diqqətlə oğlana baxır...

Qız: - İndi mən nə desəm, sən edəcəksən?!

Oğlan təəccüblə qıza baxır...

Oğlan: - Nə bilim. Yəqin ki...

Qız: - Niyə?

Oğlan (səmimi təəccüblə): - Eləməyim?

Qız sakitcə dayanıb oğlana baxır. Nə isə düşünür...

Qız: - Mənə kofe düzəldə bilərsən? Soyuyub o biri. Soyuq içə bilmirəm.

Oğlan əlindəkiləri bir kənara qoyub qıza kofe düzəltməyə başlayır... Qız diqqətlə onu seyr edir...

Qız: - Özünə də düzəlt. Bir yerdə içək, sonra gedərsən...

Oğlan özünə də kofe düzəldir... Qızın kofesini gətirir, qarşısına qoyur. Qız oğlana yer göstərir. Oğlan oturur, kofedən bir qurtum içir... Bu vaxt qızın telefonuna zəng gəlir. Qız telefonu götürür.

Qız: - Alo.... Yox iki saata gələrsən... Əlimi kəsmişəm. İndi onunla məşğulam. Dedim ki, iki saata gəlib götürərsən məni.

Qız telefonu söndürüb masanın üstünə tullayır.

Qız: - Deməli tar müəllimisən...

Oğlan: - Bəli.

Qız diqqətlə oğlana baxır.

Qız: - Bütün tar müəllimləri belə olur?

Oğlan qızı anlamır.

Oğlan: - Necə?

Qız diqqətlə oğlanı süzür.

Qız: - Yəni... Əşi heç nə.

Qız kofedən bir qurtum içir. Oğlan da ona baxır, kofedən bir qurtum içir. Sanki getməyə hazırlaşır.

Qız: - Niyə tar?

Oğlan: - Necə?

Qız: - Deyirəm, bu qədər musiqi alətləri var da, bunların içində niyə görə tarı seçmisən?

Oğlan: - Hə... Nə bilim, vallah. Uşaqlıqda kəndə babamgilə gedəndə rəhmətlik kişi çox qulaq asardı muğamata. Yəqin o vaxtdan tara meylim yaranıb. Ona görə də tara getmişəm. Elə uşaq vaxtı atam da istəyirdi tara gedim. Belə xüsusi səbəbi yoxdu.

Qız: - Hə... Çox gözəl... Maraqlı gəldi, ona görə soruşdum. Yəni saksafona da gedə bilərdin. Piano çalardın. Bu qədər musiqi alətinin içindən birini seçmək də böyük işdi. Mən beş paltardan hansını geyinəcəyimə qərar verənə qədər axşam olur.

Oğlan: - Tar xoşuma gəlib uşaqlıqdan. Nə bilim.

Qız: - Toylara da gedirsən?

Oğlan: - Yox. Toyda tar çalmırlar. Ancaq dərs deyirəm.

Oğlan qızın bədəninə baxa bilmir, utanır, baxışlarını qaçırır. Qız da bunu hiss edir.

Qız: - Bütün tar çalanlar belədi?

Oğlan: - Yenə soruşursuz. Necədilər ki?

Qız: - Utancaq.

Oğlan (sıxılaraq): - Bilmirəm. Məncə yox. Mən bir az beləyəm.

Qızın telefonuna zəng gəlir. Qız ekrana baxır, sifətini turşudur, telefonu səssizə qoyur.

Oğlan: - Sizi axtarırlar. Mən tutmayım sizi. Gedim.

Qız: - Önəmli adam deyil zəng eləyən.

Qız kofedən bir qurtum da içir.

Qız: - Başım düzələnə oxşamır. Sevgilin var sənin?

Oğlan: - Yox.

Qız: - Dedim bəlkə sevgilin var, ona görə qorxursan baxmağa?

Oğlan: - Nəyə baxmağa?

Qız (xalatanı bir az düzəldərək): - Mənə...

Oğlan utanır. Həyəcandan kofedən içir. Baxışlarını qaçırır.

Oğlan: - Siz gözəl xanımsız.

Qız diqqətlə oğlanı süzür.

Qız: - Ac deyilsən? Gəlmisən day, acsansa, soyuducuda pizza var dünəndən qalıb.

Oğlan: - Yox. Çox sağ olun, ac deyiləm.

Qız oğlana baxıb, qəfil şaqqanaq çəkib gülməyə başlayır. Oğlan təəccüblə qıza baxır. Hiss olunur ki, qızın gülüşü qarşısında daha da sıxılır.

Qız: - Sən elə bil başqa planetdən gəlmisəne...

Oğlan (sakitcə): - Niyə elə fikirləşirsiz?

Qız: - Niyə elə fikirləşirəm? (əlini fincana aparanda nəsə düşünür) Yoxe, kofeylə alınan deyil, gərək üstünü düzəldim.

Qız soyuducuya yaxınlaşır, ordan pivə çıxarır, oğlana baxır. Qızın xalatının açıq yerlərindən bədəni göründüyündən oğlan gözlərini qaçırır.

Qız: - Sən də içirsən?

Oğlan: - Yox, çox sağ olun, mən içmirəm.

Qız pivəni açır, başına çəkir.

Qız: - Xoşun gəlmədi məndən?

Oğlan (bir az da sıxılaraq): - Yox, əstəğfürullah, gözəl xanımsız.

Qız: - Tarzan...

Oğlan(ehmalca düzəldir): - Tarzən...

Qız: - Hər nədisə. Sənin yerində başqası olsaydı, bilirsən neyləyərdi? Qabağında xalatda gözəl bir qadın dayanıb.

Oğlan qızarır, nə deyəcəyini sanki bilmir.

Oğlan: - Hə. Siz gözəl xanımsız. Allah bəxtinizi gözəl eləsin...

Qızın üzü ciddiləşir, diqqətlə oğlana baxır. Oğlan bu baxışlardan narahat olur. Qız qəfil yenə gülməyə başlayır.

Qız: - Tapdım, sən bəxtə, taleyə inanan, başıaşağı, tar müəllimini oynayırsan. Gözlərinin içindəki şeytancıqları gizlətməyə çalışırsan. Amma xeyri yoxdu... Özünü çox saxlaya bilməzsən...

Qız xalatanın yaxasını bir az açır, oğlan üzünü çevirir.

Qız: - Bir azdan şeytancıqlar hamısı boylanacaq içindən. Yavaş-yavaş əsl kimliyin üzə çıxacaq düz demirəm?

Oğlan narahat halda qıza baxır, tarın futlyarını götürüb, ayağa qalxır.

Oğlan: - Mən gedim. Uşaq da gözləyir. Dərs deməliyəm...

Qız: - Otur!

Oğlan qeyri-iradi ona tabe olur, oturur.

Qız: - Mən də məni gözləyənləri gözlədirəm. Qoy bir az gözləsinlər. Pul verirlər deyə azadlığımızı da əlimizdən almayacaqlar ki...

Oğlan (sakit səslə): - Siz hansı sənətin sahibisiz?

Qız şüşəni başına çəkir, oğlana zillənir.

Qız: - Mən? İnsanların sevgilisini oynayıram.

Oğlan sual dolu baxışlarla qıza baxır.

Qız: - Anlamadın... Belə deyim də, kim öz arvadından, sevgilisindən bezirsə, darıxırsa, məni çağırır yanına. Mən də ona iki saatmı, bir günmü, bir ilmi kömək edirəm. Sonra qayıdırlar sevgililərinin yanına.

Oğlan: - Psixoloqsuz?

Qız (gülümsəyir): - Belə də demək olar. (Süni ciddiyyətlə) Məsəlçün, bir psixoloq kimi sənə baxanda deyə bilərəm ki, sən tar müəllimisən, bu binada uşaq hazırlamağa gəlmisən. Təsadüfən səhv evə girmisən.

Oğlan gülümsünür, qıza baxır.

Oğlan: - Hə, bir az elə oldu.

Qıza yenə zəng gəlir. Qız telefonu səssizə qoyur.

Oğlan: - Vallah, mən sizə mane oluram. Gedim mən.

Qız: - Gedərsən bir azdan. Yəni... Doğrudan məni qoyub getmək istəyirsən?

Oğlan: - Nəsə kömək lazımdısa, qalaram.

Qız: - Sən həqiqətən başqa planetdən gəlmisən, deyəsən.

Oğlan: - Yox...

Qız: - Sənin yerinə indi burda başqa kişi olsaydı, bilirsən də...

Oğlan utanır, baxışlarını yayındırır.

Oğlan: - Mən elələrindən deyiləm.

Qız: - Bəlkə mən elələrindənəm.

Oğlan: - Yox. Özünüzə belə münasibət bəsləməyin. Siz çox yaxşı insansız.

Qız (əsəbiləşir): - Hardan bilirsəne? Mən elə eləyəm. Nə qədər tanıyırsan məni? Hardan bilirsən?

Oğlan: - Gözlərinizdən.

Qız bir anlıq tutulur. Oğlana baxır.

Qız: - Nə var ki, gözlərimdə, hə?

Oğlan: - Məsumluq...

Qız oğlana baxır, əvvəlcə kinayə ilə gülməyə başlayır. Daha sonra gülüşü isterik şəkil alır. Oğlan sakitcə qıza baxır.

Qız: - Tarzan...

Oğlan: - Tarzən...

Qız: - Hər nədisə... Sən məni tanımırsan. Sən mənim dünyamı tanımırsan. Özündən nə söz çıxarırsan. Nə məsumluq. Heç bilirsən, mən kiməm?

Oğlan: - Rəhmətlik babam deyərdi ki (susur), bu günə qədər yadımdadı. Kənddə həyətdə stol qoymuşduq, orda danışırdı. Dedi ki, bir insanı tanımaq üçün onun gözlərinə baxmaq kifayətdi. Amma o gözlərdən nəsə başa düşmək üçün gərək özün də təmiz adam olasan.

 

Oğlan qızın gözlərinin içinə baxır.

Oğlan: - Siz təmiz insansız.

Qız (kinayə ilə): - Mən? Bəlkə baban səni aldadıb?

Oğlan: - Bəlkə siz hələ özünüzü tam tanımırsız? Babam deyərdi ki, insan ömrü "Bayatı-şiraz" musiqisinə bənzəyir. Yəni ki, musiqiyə söz ola bilməz. Məsələ onu ifa edən Tarzəndədi. Tarzən təzə başlayanda naşı ola bilər, ifası naqis sayılar. Amma çalışmalıdı. Tarzən bir az yaxşı çalışanda musiqi də yaxşılaşacaq. Biri də var təmiz istedadsız adamlar. "Bayatı-şiraz" onlara rəhm eləmir. Onlar heç vaxt tara yaxın gedə bilməyəcəklər. Biri də var ki, istedadlı adamlar. "Bayatı-şiraz" elə adamları sevir.

Oğlan qıza baxır, kofedən bir qurtum içir.

Oğlan: - İnsan da "Bayatı-şiraz" kimidi. İçində nəsə varsa, o gözlərində görünür. Əgər gözlərində işıq, məsumluq varsa, elədikləri onu tam söndürə bilmir. Məsumluq zəif hənirti kimi insanın gözünün dərinliyində közərir.

Qız: - Sən mənim haqqımda heç nə bilmirsən. Babanın dedikləri mənə aid deyil, Tarzan...

Oğlan: - Tarzən...

Qız: - Həyatımda ilk dəfə fikirləşmişdim ki, kimisə sevməyə başlamışam. Ona günü-gündən daha çox bağlanırdım. Elə bilirdim, məni sevir. Unutmuşdum ki, mənim kimiləri sevmək olmaz. Biz ancaq əylənmək üçünük. Uşaq oyuncağı kimi bir şeyik. Keçən dəfə telefonda danışığını eşitdim. Məni dostuna hədiyyə elədi...

Qızın gözləri dolur, dərindən nəfəs alır.

Qız: - İndi onun dostunun şoferi gəlib məni aparacaq. Mən də gedəcəm... Çünki insan getmək istəməyəndə də həyat məcbur edir. Gedirsən...

Qızın gözlərindən yaş süzülür. Oğlan ayağa qalxır, qızın göz yaşını silir.

Oğlan: - Babamın bir sözü də var idi. Deyirdi ki, insan faili-muxtar yaranıb. Mənası odu ki, iradə azadlığı var. Yəni "Bayatı-şiraz" onun taleyidisə, tarzən kimi onu fərqli çalarlarla ifa eləyə bilər. "Bayatı-şiraz" bərdaştla başlayır. İnsanı titrədir. İnsan ömrü də əslində doğulanda yox, ilk dəfə ağrıyla qarşılaşanda başlayır, daha sonra mayəyə keçir, bu da o deməkdi ki, sən susub bu ağrıyla başa çıxmalısan. Yəni ömrün bayatı-şirazdısa, tarzən sənsən. Özün ifa edirsən, öz musiqini. İnsan öz musiqisinə bəzən elə aludə olmalıdı ki, kənarda olan heç nə ona mane olmasın. Bax, mən belə eləyirəm. Siz də belə eləyin...

Qız: - Tar... Tarzən, sənin baban bu sözləri səni kimi insanlar üçün deyib. O "Bayatı-Şiraz"ı bəlkə də eşitmişəm. Amma bilirəm ki, o təmiz adamların musiqisidi. Mənim musiqim çalınan tarın simləri çoxdan qırılıb.

Oğlan futlyarı açıb tarı çıxarır, "Bayatı-şiraz" ifa eləməyə başlayır. Qız qulaq asdıqca gözlərindən yaş axır. Amma hiss olunur ki, musiqi ona ruhani rahatlıq gətirir. Oğlan musiqini bitirir.

Qız: - Arada bu evə gələ bilərsən?

Oğlan: - Hə, əlbəttə.

Qız: - Uşağın yanından çıxanda gəl. Bir az dərtləşək, "Bayatı-şiraz" ifa elə, qulaq asım...

Oğlan: - Əlbəttə... Xoşunuza gəldi?

Qız: - Çox...

Oğlan: - Sevindim.

Qız: - Bir də ifa edə bilərsən?

Oğlan tarı götürür, yenidən ifa edir.

Qız tara qulaq asa-asa ağlayır...

Oğlan: - Bu sənin musiqindi, ya da sən özün bu musiqisən...

Qız gözünün yaşını silir, üzündə qəribə təbəssüm yaranır.

Qız: - Sən bu musiqini tez-tez çal ki, mənə məni xatırlat...

Oğlan: - Baş üstə...

Oğlan tarı qabına yerləşdirir, ayağa qalxır, qız onu qapıya qədər ötürür.

Qız: - Mənə elə gəlir ki, sən bura təsadüfən gəlməmisən?

Oğlan: - Yox, mən... Bloku səhv salmışam.

Qız: - Səni bura rəhmətlik babanın ruhu yollayıb... Özünün də xəbərin olmadan qulağına pıçıldayıb ki, get onun yanına, kim olduğunu anlasın...

Oğlan: - Bəlkə də...

Qız oğlanın yanağından öpür.

Qız: - Çox sağ ol... Gözləyəcəm səni, Tarzan...

Oğlan: - Tarzən. Siz də sağ olun.

Oğlan gedir. Qızın üzündə sevinc hissi var.

Qız: - "Bayatı-şiraz"...

Qız mətbəxə keçir, masanın üstünü təmizləyir. Telefon zəng çalır. Telefonu götürür.       

Qız: - Mən gələsi olmadım........ Elə elə də deyərsən. ....... Yox sabah da gəlməyəcəm........... De ki, "Bayatı-şiraz"a qulaq asır, vaxtı yoxdu...

Qız telefonu söndürür. Üzündə gülüş yaranır. Masanı təmizləyə-təmizləyə dodağında mahnı zümzümə edir, fonda "Bayatı-şiraz" səslənir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!