Yumşaq ürək və daş ev - Hekayə - Nadir QOCABƏYLİ

Anama həsr edirəm...

 

Əlinur dayı anamın dayısı idi, ancaq biz də ona dayı deyirdik.  Daha doğrusu, heç anamın da doğma dayısı deyildi, anasının, yəni nənəmizin qardaşı yox, əmisi oğlu idi. Sadəcə nənəmin atası öldükdən sonra, anası “qızışıb” başqa kişiyə ərə getdiyindən, əmisi onun anasıyla birlikdə yad adamın evinə getməsinə razı olmamış, uşaqlarına qataraq özü saxlamış, nənəm də əmisi uşaqlarını özünə bacı-qardaş bilmişdi. Nənəmin doğma bacı-qardaşları olmadığından, təbii ki, anamın da doğma xalası və dayısı yox idi, anam nənəmin əmisi uşaqlarını özünə dayı və xala bildiyindən, dayı və xala adlandırdığından, biz də onun ot basmağa qoymadığı cığırla şıllaqlaya-şıllaqlaya leş qoxulu qazonlara, göydələn kölgəliklərinə, modern zirzəmilərdəki yaşıl supermarketlərə doğru irəliləmişdik.

Nənəm özündən bir neçə yaş böyük əmisi qızına bir bacım, on-on iki yaş kiçik əmisi oğluna bir qardaşım deyirdi, biri də ağzından düşürdü. Buna əmisi qızının qızlığında ona göz verib, köz verməməsi, anasının “qızışmışlığını” gündə otuz dəfə başına qaxması da mane olmurdu. Çünki nənəmin dodaqları dörd yerdən çatlayaraq bacı, anamın isə sadəcə xalasız qalmamaq üçün xala dediyi və xroniki xəstəlik kimi bizə də yoluxdurduğu Bədaza xala “qarabaxt” idi; cavan əri onu dörd uşaqla qoyub davaya getmiş, geri qayıtmamışdı. Amma cavan yaşda dörd tifillə dul qalmış Bədaza xala ulu nənəmiz kimi “qızışmamış”, bütün ehtirasları cavan yaşda müharibənin cəhənnəm odunda yanan əriylə birlikdə kül olmuşdu. Daha doğrusu, o ehtiraslar təbiətdəki hər şey kimi şəklini dəyişmiş, bir hissəsi cavan ərindən yadigar qalan dörd tifili böyütməyə həsr olunmuş, bir hissəsi də özü kimi olmayanlara, “yarımışlara”, “bəxtəvərlərə” qarşı kin-küdurətə çevrilmişdi.

Nənəmin sevə-sevə qardaş dediyi əmisi oğluna məhəbbətində isə, şəfqət və mərhəmətdən, əmisinə olan minnətdarlıq duyğusundan daha çox qadın, ana və bacı sevgisi vardı; hamının dediyinə görə, qundaqda ikən anadan yetim qalmış Əlinuru o saxlamış, qucağında böyütmüş, qıtlıq illərində öz tikəsini belə zəif körpəyə yedirtmiş, onu tələf olmağa qoymamışdi.  

Əlinur dayının uzağı qırx yaşı olardı, ancaq o vaxtlar onun yaşı da, özü də mənə heç vaxt gedib çatmayacağım üfüq, qarlı dağ zirvəsi kimi uzaq görünürdü. Qarabuğdayı-sarışın, orta boylu, dolubədənli, əzələli-damarlı qolları, sinəsi, hətta çiyinləri, kürəyi tüklü bir adam idi Əlinur dayı, yayda anamın təşəbbüsü ilə alverçidən atamla cüt aldıqları mavi rəngli nazik və dar “krempilin teniskasını” geyəndə kənardan sintetik yun kisəsini xatırladırdı. Çənəsi iri dəlikli və gündən qaralmış əsmər sifəti də çox zaman tüklü olurdu Əlinur dayının, çünki gec-gec qırxırdı. Ona görə ki, nə kommunist partiyasının üzvü idi, nə də rəsmi vəzifəsi vardı (o vaxt bunlar bir-birindən bir cüt ayaqqabı kim ayrılmaz idilər), sadə bir adam idi. Qalın dodaqları, sifətinə mütənasib düz burnu, yumşaq baxışlı, orta ölçülü qonur, parıltılı gözləri, onları dağdan gələn duzlu sellərdən qoruyan, sönməyə qoymayan etibarlı qalın qaşları  vardı. Təkcə başının ortası tüksüz idi və ensiz alnı ilə oval şəkilli kəlləsinin hüdudları müttəfiq respublikaların simvolik sərhədləri kimi çoxdan itmişdi. Çoxlu siqaret çəkdiyindən, həlim səsinin telləri, bığlarının burun dəliklərinin çıxış hissəsindəki tütünü yerləri kimi bir qədər kirəclənmişdi.

Əlinur dayı azdanışan adam idi, bizə gələndə ancaq anamla qısa hal-əhval tutur, atamın ona işləriylə bağlı sorğularına qısa cavab verir, “niyə sənə düz-əməlli bir maşın vermirlər?” sualı qarşısında gülümsəyərək “nə bilim, əşi” deyir, mənim başımı tez-tez iri, mehriban, isti əlləriylə sığallayır, şeytanlıq edən bacılarıma “paşol” deyə zarafat edirdi. Bu zaman səkkizinci sinfə qədər rusca oxumuş nazlı arvadı, bizim sevərək “dostu” dediyimiz (yəni dayımızın dostu)  Pəri ona “qızlara “paşol” yox, “paşla” demək lazımdır, Alik” iradını tutsa da, Əlinur dayı onu sakitcə, gözlərində qəribə ifadə dinləyir, ancaq gələn dəfə yenə “paşol” deyirdi. O vaxt Əlinur dayının arvadının iradını sakitcə və səbrlə dinləyərkən nə fikirləşdiyini heç cür tapa bilmirdim, indisə mənə elə gəlir ki, sadəcə “dostunun”, həyat yoldaşının rus dilinin incəliklərini dərindən bilməsi ilə fəxr edir, ancaq bunu tez də unudurdu.

Biz onu çox istəyirdik, çünki anam da onu çox istəyirdi, çünki o həm anamın dayısı idi, həm də bizim. Nənəm də onu çox istəyirdi, Bakıdan bizə Novruz bayramı sovqatı – rayonda bişirilənlərdən daha iri, şəhər qızları kimi ağappaq və yumru şəkərburalar, ağızda ətli-dadlı dodaq kimi əriyən qalın və yumşaq paxlavalar, havalı-oksigenli qoğallar, iri, qabığı yumşaq qoz-fındıq, rayonda demək olar ki, heç kəsin tanımadığı badam, hamının tanıdığı innab, rayonda olmayan və adlarını bilmədiyimiz cürbəcür başqa çərəzlər göndərəndə, ürəkdən “qardaşım” dediyi əziz əmisi oğlunun körpələrini, “bacım” dediyi əmisi qızının “yetimlərini” də yaddan çıxarmır, onların payını ayrıca yollayırdı.

Əlinur dayı kasıb və fağır adam idi – bu fikri mən babamdan və evimizə qonaq gələn başqa kişi qohumlarımızdan eşitmişdim. Atam Əlinur dayıya “yaxşı adam” deyirdi.  

O, taksi sürücüsü idi, o zamanlar dövlətə məxsus “Avtobaza” adlı müəssisədə işləyir, indi daha çox meyvə-tərəvəz, dəmir-dümür daşınması üçün istifadə olunsa da, sovetin ən hörmətli maşını olan köhnə, açıq yaşıl rəngdə olduğu ancaq yuyulanda bilinən bir “Volqa QAZ-24” sürürdü. Volqaların taksiyə verilməsi, Volqa çayının özü kimi gözəl, geniş, təmkinlə axan bu maşınların taksidə baxımsızlıqdan  köhnəlməsi o zaman məni gözəl qızların eybəcər oğlanlara ərə getməsi qədər narahat edirdi. Atamdan bunun səbəbini soruşanda cavab verirdi ki, taksidə keyfiyyətli maşından istifadə olunmalıdır ki, davam gətirsin. Amma mən bu fikirlə razı deyildim, çünki mənə görə, bu bahalı, gözəl, rahat maşınlara bir manat verən hər ayağı palçıqlı, belişallı, başı kepkalı, qapını yun çubuğu kimi zərblə çırpan adamlar yox, zərif, gözəl geyimli, mədəni insanlar minməlidir. Mənə elə gəlirdi ki, burada nəsə düz deyil, nəsə kobud bir uyğunsuzluq, qeyri-adekvatlıq var. Necə ola bilər ki, rayon rəhbərinin, raykomun birinci katibinin maşını və taksi eyni markadan olsun?.. Amma camaatımız bu uyğunsuzluğu özünə bab olmayan digər şeylər kimi sürətilə aradan qaldırır, maşınları, pis yazarlar demişkən, “qısa zaman kəsiyində” özlərinə oxşada bilirdilər. Odur ki, Əlinur dayının Volqası da sərnşinlərinə bənzədiyindən, tez-tez yolda qalır, qoca və xəstə valideyn kimi onu incidir, daim həkim, dava-dərman tələb edirdi. Bu səbəbdən də çox zaman fikirli-qayğılı, kefsiz görünürdü. Bununla belə ailəsini pis dolandırmır, hətta çox sevdiyi arvadını hər il yayda qonşu qadınlarla birlikdə Yessentukiyə müalicəyə də göndərə bilirdi. Çünki “dostumuz” Pərinin qaraciyəri, öd kisəsi xəstə idi və dediyinə görə, bircə il Yessentuki suyu içməsəydi, kimyəvi silah kimi partlayıb onu zəhərləyə və  öldürə bilərdi. Balacaboy, ətli, miniatür, üzdən yapon qadınlarını xatırladan, yaşılbaş sona kimi yanını basa-basa yeriyən dostu anamı hər görəndə özü kimi xırda ovuclarını irəli çıxmış balaca yumru qarnına döyəcləyib, “nağaradıye, nağara” deyir, ancaq qarnından Elnarə Abdullayevanın dəfinin səsi çıxırdı.   Əlinur dayı isə, nəvazişlə “Poşan” çağırdığı, heç vaxt üstünə qışqırmadığı, güldən ağır, baldan acı söz demədiyi sevgili “dostunun” nəinki ölməsinə, heç kefinin sınıxmasına da razı olmazdı. Odur ki, köhnə maşınla gündəlik qazandığı puldan təmirə, yemək-içməyə xərclədiklərindən artıq qalanını yığaraq, “lotoreya oynayır”, digər oyunçularla elə razılaşırdılar ki, öz “lotoreyalarını” yay aylarında alıb, kurorta gede bilsinlər.

Bilməyənlər üçün məlumat verim ki, “lotoreya” deyilən oyunun qaydaları beləydi: 10-15 nəfər bir araya gələrək, hər ay eyni məbləği toplayıb, növbə ilə içərilərindən bir adama verirlər ki, ehtiyaclarına xərcləsin. İndiki bank krediti kimi bir şey; ancaq faizsiz, depozitsiz, girovsuz, komisyonsuz, kağız-kuğuzsuz. Bu məbləğ ayda əlli manat da ola bilərdi, yetmiş manat da, yüz manat da, ancaq adətən bundan artıq olmurdu. Oyunçulardan birinə, tutaq ki, bu ay gəlin köçən qızına mebel almaq, digərinə gələn ay oğluna “bazarlıq aparmaq”, üçüncüsünə ondan sonrakı ay harasa rüşvət vermək, özünə pensiya düzəltdirmək lazım olurdu, dördüncüsünün ya özünün, ya da gəlninin daha sonrakı ay vaxtı tamam olacağından, doğmağa gedəcək, beşincisi yayda kurorta gedəcək, altıncısının uşağı Bakıya ali məktəbə sənəd aparacaq, yeddincisinin əri... Nə isə, problem, qayğı, dərd hər zaman vardı və çoxusu da pulla həll olunduğundan, insanlar bir-birinə sərfəli əsaslarla yardım etməyin bir yolunu da belə tapmışdılar. Xalqbank. Kim tapmışdı, haçan tapmışdı, ideyanın müəllifinin kimliyi bəlli deyildi, fəqət bir az düşünəndə məlum olur, bu oyunu fikirləşib tapan adama təcili pul lazım olub. Çünki ideyalar insanların ağlına adətən çətin duruma düşəndə, çıxılmaz vəziyyətdə qalanda gəlir. Bütün böyük ideyalar beləcə, şəxsi problemlərdən doğub və buna kimsənin şübhəsi ola bilməz. Hə, lotoreya oyunçularımız da beləcə öz aralarında razılığa gələrək, problemlərinin həlli üçün hər ay bir-birinə böyük məbləğdə pul yığıb verir, həm problemlərini həll edir, həm də bir növ başlarını qataraq, darıxdırıcı, bozumtul, yeknəsəq həyatlarına rəng qatırdılar. O vaxtlar televizorda “xoşzaur” proqramlar, serial-filan yox idi axı. Ancaq elə olurdu ki, razılıq əldə olunmurdu, çünki pulu ilk ay, ya da ikinci ay, yaxud yayda almaq istəyənlər çox olur, digər aylarda heç kəs yiyə durmurdu. Belə olanda püşk atılır, fəqət bəzən püşk də məsələni çözmür, nəticədən narazı qalanlar cığallıq edərək oyundan çıxırdılar. Lakin oyun çox zaman mahiyyət etibarilə bir, ya da uzaq başı iki nəfərin planına, mənafeyinə hesablandığından, digər iştirakçılar o qədər də israrlı olmur, təşəbbüskarlara və təşkilatçılara güzəştə gedir, çətinliyi olan qonşularına və ya qohumlarına könüllü yardım etmiş oludular. Bunu təşkil edən də yayda kurorta gedərkən Əlinur dayı ilə Pərini öz dəstəsinə qoşmaq istəyən diribaş qonşuları və “həkim qədər bilən”  tibb bacısı Xanımnaz idi. O bütün məhəllənin yumşaq yerini balaca gümüşü qutusunda qaynatdığı “qorxulu” iti soyuq silahlarla deşdiyi, qollardakı həyat boru xətlərini asanlıqla tapdığı, təkcə tibbi yox, həm də sosial-iqtisadi, mədəni-məişət, intim-psixoloji məsləhətlər verdiyi üçün, damarlara sancdığı şəfalı iynələr vasitəsilə hamının ürəyinə yol tapır, Əlinur dayının ailəsinin kurort da daxil bir çox qayğılarını da beləcə həll edirdi. Ancaq elə olurdu ki, pul çatmırdı və Poşan kurorta Xanımnazın dəstəsinə qoşularaq çox sevdiyi Alikindən müvəqqəti ayrılaraq gedir, o da evdə qalıb, şoferliyini edir, lotoreyanın gələcək ödənişlərinin pulunu qazanırdı.

Bayaq dediyim kimi, Poşan orta məktəbi rusca oxumuş, ancaq ali təhsil almamışdı, bununla belə rayondakı və məhəllədəki əksər qadınlardan fərqli olaraq, kobud, kələ-kötür ləhcədə yox, oxumuş qadınlara, daha çox həkimlərə xas xüsusi intonasiya, sözləri aydın, incə tərzdə söyləyərək danışır, rus sözlərini əksəriyyət kimi təhrif olunmuş formada deyil, şəhərlilərə xas xüsusi lovğalıqla “düzgün” tələffüz edir, çox sevdiyi ərinə nazla “Alik” deyirdi. “Alik heç vaxt mənimlə prikazla danışmır, vseqda prosit.” “Alik dedi ki, Poşan, bu gün özünə əziyyət verib yemək bişirmə, maşına balaca bir kastrul qoy, axşama kabab alıb gətirəcəm.” Özü də “kastrul” sözünü eynilə ruslar kimi, yəni “l” səsini yumşaq tələffüz edərək söyləyirdi. “Alik deyir ki, Poşan, mən sənə yaxşı baxa bilmirəm, Allah kasıblığın üzünü qara eləsin.” O bunların hamısını xüsusi ədayla, nazlanaraq deyir, hiss olunurdu ki, Əlinur dayı, onun sevgisi, qayğısı, diqqəti ilə arvad əriylə necə fəxr eləməlidirsə, eləcə qürur duyur.

Deyilənə görə, onların həqiqətən “Leyli-Məcnun” kimi sevgiləri olmuş, ancaq bir-birinə dəlicəsinə aşiq olan gənclərin qovuşması, el adəti ilə ailə qurması müşükülə çevrilibmiş. Əlinur dayı öksüz olduğundan, atası Qədir kişi isə belə məsələlərə qarışmayacaq qədər laqeyd və qoca olduğundan, ailədə təşəbbüsü ələ alan böyük bacısı Bədaza lovğa, özündənrazı, işbilməz, boyu bir qarış, ördəkyeriş Pərini qardaşına almağa qətiyyən razı deyilmiş. Elə Pərinin anası və molla qardaşı Şəhadət də heç bir yerdə işləməyən, siqaret çəkən, araq içən, səhərdən axşamacan küçələrdə avaralanan Əlinura qız vermək istəmirlərmiş. Ancaq Pəri iki ayağını bir dikdabana (o zaman artıq başmaq geyən yox idi) dirəyərək, Əlinurdan başqa heç kəsə getməyəcəyini, özünü öldürəcəyini bəyan etmiş, Əlinur da bu saf məhəbbətdən, sədaqət və dəyanətdən, insanı kövrəldən vəfadarlıqdan ilham alaraq hədsiz təsirlənmiş, avaralığın daşını ataraq, sürücülük məktəbinə daxil olmuş, sürücülük vəsiqəsi almış, hətta avtobazaya işə düzələrək, köhnə bir yük maşını sürməyə başlamış, həmin maşınla hər gün Pərigilin doqqazının qabağından o qədər o yan-bu yana keçmişdi ki, axırda Bədazanın qızı ona almaqdan, qızın anasının və qardaşının da bu izdivaca razı olmaqdan başqa çarələri qalmamışdı. Aqillər necə deyib: “Məhəbbət hər şeyə qadirdir!”

Lakin “Əlinur və Pəri” dastanı bir qədər uzun sürdüyündən, onlar gec evlənmişdilər. Əlinur dayı atamdan, Pəri də anamdan bir neçə yaş böyük olsalar da, böyük uşaqları məndən dörd yaş kiçik idi. Onların üç uşağı vardı – biri oğlan, ikisi qız. Oğlanın adı Cavid idi. O, sarışın, başı bədəninə görə bir qədər iri, dəcəl, daim ora-bura daş atan, yük maşınlarının dalınca qaçıb sallaşan, eyni zamanda, xəstə bir uşaq idi. Hələ məktəbə getmirdi. Cavidin xəstəliyinin adını heç vaxt heç kəs demirdi, bəlkə də uşaqların yanında demədiklərindən, biz eşitmirdik. Ancaq onun boynunun sol tərəfində bir neçə vəz vardı və həmin vəzlər bir də görürdün o dərəcədə çoxalıb və şişiblər ki, uşaq boynunu döndərə bilmir. Ancaq Cavid bunu vecinə almır, xəstəlik onu tam həkdən salıb, yıxana qədər şuluqluğunu davam etdirir, anam demişkən, it əl-ayağı yemiş kimi bir yerdə durmurdu.  Cavidin xəstəliyi Əlinur dayını və Pəri dostunu hədsiz məyus edir, qəm-qüssəyə batırır, bütün məhəlləni kədərləndirirdi. Hamı, hətta biz uşaqlar da ona acıyırdıq. Təkcə özünün vecinə deyildi. Vəzlər şişib uşağı halsızlaşdıranda onu harasa həkimə aparır, “toka verdirir”, bundan sonra bir qədər yaxşılaşan balaca Cavid öz dəcəl fəaliyyətinə qaldığı yerdən davam edir, küçədən keçən heç bir yük maşınını buraxmır, daşlamadığı quş, it, inək, camış, uşaq qoymurdu. Bir gün balaca və dəcəl Cavid öldü. Onun vəzləri növbəti dəfə şişib-böyümüş, heç bir müalicənin və tokun xeyri olmamış, həkimlər sarışın, dəcəl, coşub-daşan, bitib-tükənməyən, qaynar, körpə həyatın tükəndiyinə qərar vermişdilər.

Əlinur dayı və Pəri dostu bu gözlənilən itkidən uzun müddət özlərinə gələ bilmədilər. Əlinur dayı oğulsuz qalandan sonra daha da azdanışan, daha qaradinməz oldu, daha çox siqaret çəkdi, daha fikirli göründü, Pəri dostu daha çox vaysındı, taleyindən, səhhətindən, Allahından, zəmanədən, insanlardan, onları gözü götürməyənlərdən, onlara cadu edənlərdən, xüsusilə də, baldızı Bədaza xaladan  daha çox şikayətləndi, gileyləndi. Oğlunun ili çıxana qədər yas saxladı, Yessentukiyə getmədi, ancaq ikinci ili Xanımnaz dedi ki, ölənlə ölmək olmaz, sənin balaların var, ölsən onlar ortalıqda qalacaq, analıq əlinə düşəcəklər. Odur ki, getməlisən, qonşular da mən deyəni deyir. Pəri dostu bütün həmciinsləri kimi, təcrübəli “medsestra-koordinatorun” və “Camaaat nə deyər?” ictimai birliyinin daşdan keçən rəyinə biganə qala bilməzdi, bu səbəbdən də yenidən qaraciyərini, öd kisəsini, mədəisini, dalağını və bağırsaqlarını götürüb, Xanımnaz ekspedisiyasına qoşuldu. Getməmişdən qabaq bizə gəlib, heç vaxt kurortda-zadda olmayan, arabir Bakıya həkimə gedən anama böyük bir təbliğat materialı da verdi. Orada Xanımnazın, digər qonşu arvadların imzaladığı “Yetim balalar və analıqlar” adlı geniş və təsirli bir məruzə vardı. Anam oxuyub, yalandan “hə-hə” dedi və könülsüz imzaladı.

 Əlinur dayıgilin küçəmizin aşağı tətərfindəki çiy kərpicdən tikilmiş, damı saman və palçıqla suvanaraq tol çəkilmiş balaca ikiotaqlı, artırmalı rahat komaları bizim ikimərtəbəli, təmirsiz, dörd otağının qışda yalnız birindən, yayda isə ikisindən istifadə edə bildiyimiz daş evimizdən təxminən iki yüz addım aralı olardı. Mən onların kərpic evini, yamyaşıl çayırla örtülü geniş həyətlərini, özümüzün daş evimizdən və daşlı-çınqıllı həyətimizdən daha çox xoşlayırdım. Amma Bədaza xalanın rəhbərlik etdiyi “Qonşu və qohum arvadların koordinasiya mərkəzi” durmadan bəyanatlar verirdi ki, Alinur dayının da hökmən daş evi olmalıdır. Çünki küçədə daş ev tikməyən cəmi iki ailə qalıb, onun biri dəmiryolunda fəhlə işləyən kəkəz Əlulladır, biri də Əlinur. Əlulla həqiqətən çox kasıbdır, fəhləliklə balalarını zor-güc dolandırır, amma Əlinuru ev olmağa arvadı qoymur. Bədaza xala hara çatırdı, qardaşını ev olmağa qoymayan “ördəkyeriş” Pəri dostuya və onun baş məsləhətçisi “el-obada götünə baxmadığı kişi qoymayan” Xanımnaza elə orijinal qarğışlar edirdi, ən mahir söz ustaları o cür “qanadlı ifadələr” tapmağa, ən usta siyasi ideoloqlar düşmənin yeddi qatından keçən belə təsirli bəyanatlar verməyə aciz qalardılar. Bədaza xala öz əbədi mühazirəsini arabir bizə, bacısı qızına baş çəkməyə gələndə də birnəfəsə oxuyur və oxuyub qurtaran kimi də, qalxıb başqa təlim-tərbiyə ocaqlarına gedirdi. Onun “yetimləri” artıq böyümüş, oğlu evlənmiş, qızları ərə getmişdi deyə, təqaüdə çıxmışdı və bekar qala bilmədiyindən, gününü faydalı mühazirələr oxumaqla keçirirdi. Doğrudur, bu mühazirələrdə “nankor” oğluna, “tənbəl”, “poxlu” gəlninə, “fərsiz”, “eşşək” yeznələrinə də geniş yer ayırırdı, ancaq təməl mövzu Pəri və Xanımnaz idi. Bədaza xalanın leksiyasının əsas özəlliyi oydu ki, onu bəhri-təvil kimi dayanmadan, ağzına bir qurtum çay-su almadan düz üç saat, özü də çox sürətlə söyləyə bilirdi. İnanın, əgər sağ olsaydı, dünyanın ən məşhur reperləri Pitpull və Eminem onun yanına “konsaltinqə və treninqə” gələrdilər.

Pəri dostu tez-tez bizə gəlir, anam da arabir onlara gedirdi. Onlar bu qarşılıqlı səfərləri hərdən uşaqları və ərləri ilə birlikdə də gerçəkləşdirirdilər. Fərq burasındaydı ki, atamın ora-bura getməklə çox arası olmadığından, anam onu ildə uzaq başı bir dəfə harasa dartıb apara bilir, bu da iki ildən bir Əlinur dayıgilə düşürdü. Amma onlar tez-tez gəlirdilər. Dostunun tək və uşaqlarıyla birlikdə gündüz gəlişləri o qədər maraqlı olmasa da, axşamlar Əlinur dayı ilə birlikdə gələndə çox sevinirdik. Çünki Əlinur dayı mənim başımı öz iri, tüklü, isti əliylə sığallayır, mənə “ağıllı oğlan” deyir, bacılarıma “paşol” deyərək zarafat edirdi. Çünki anam çox sevdiyi dayısına bacardığı qədər babat süfrə açaraq, onu çox sevdiyini, qohumcanlı olduğunu növbəti dəfə isbatlamağa çalışır, atamla Əlinur dayı “əlli-əlli” vurandan sonra nərd atır, qadınların başı söhbətə qarışır, biz də əlimizə düşmüş girəvədən istifadə edib, ikimərtəbəli, dörd otaqlı, iki eyvanlı böyük və soyuq daş evin altından vurub, üstündən çıxırdıq.

Atamın içməklə və nərd oynamaqla arası olmasa da, Əlinur dayının xatirinə məclisi axıracan bircə qədəhlə yola verir, onunla cəmi bir tas nərd oynayır, çəkən olmasa da, hətta ona qoşulub, siqaretindən də birini naşı-naşı tüstülədirdi. Amma Əlinur dayı həm yaxşı içir, həm yaxşı nərd oynayır, həm də yaxşı siqaret çəkirdi. Atam ona “çöl soyuqdur, burda çək” desə də, çox zaman balkona çıxır, atamdan çəkinirdi, ya da sadəcə hörmət edirdi. O, siqaret çəkmək üçün balkona çıxanda atam fürsəti fövtə verməyib, divanda həmişəki yerinə uzanır, ya daimi abunəçisi olduğu “Kommunist”, “Bakinski raboçi”, “Trud” qəzetlərindən birini götürür, ya da xəbər vaxtı olanda televizorun səsini artırır və bizə acıqlanırdı ki, “xırraşmayın”. Biz bu  sözün “sakit olun” anlamına gəldiyini bilir və dərhal kiriyirdik, ta Əlinur dayı siqaretini çəkib qayıdanacan. O qayıdıb gələndə atam uzandığına görə üzrxahlıq edərək, yorulduğunu söyləyir, Əlinur dayı da bundan qətiyyən incimir, sifətinin heç bir cizgisində dəyişiklik əmələ gəlmirdi. Anama zarafatyana-ərkyana “ordan bir çay gətir, köpəqqızı” deyir, sonra qəşəng çini nəlbəkiyə qoyulmuş “çeşski” büllur stəkandakı ətirli-filli hind çayını bağçamızın məhsulu olan gilənar mürəbbəsiyə içə-içə gözlərini televizora zilləyir, arabir dəcəllik edən qızlara “paşol” deyir, arvadıyla baxışaraq, ona səssiz-səmirsiz nəsə söyləyir, ancaq fikri həmişəki kimi sanki haradasa uzaqlarda olurdu. Onun nə düşündüyünü, yaxud da düşünmədiyini hələ də anlamış deyiləm, çünki bu qədər düşünən adam bu qədər susmamalıdır, buna ürək tab gətirməz...

Onlar gedəndən sonra anam həmişə atamı, dayısına hörmətsizlik etdiyinə, onun yanında uzandığına görə “danlayır”, atam isə Əlinurun belə şeylərə əhəmiyyət verməyəcək qədər saf, səmimi adam olduğunu əsas gətirirdi: “Əlinur bilir ki, mən bütün günü işdə olur, stulda oturur və yoruluram. O başa düşən adamdır, məndən inciməz...”

Xanımnazın koordinasiya və rəhbərlik etdiyi “Qonşuların problemlərinin həlli və strateji məşvərət şurası” Əlnur dayının işlərinin niyə düz gətirməməsini, Pərinin xəstəliyini, yeganə oğullarının tələf olmasını, daş ev tikə bilməmələrinin səbəbini dəfələrlə, intensiv və israrla müzakirə etdikdən sonra axırda belə qərara gəldi ki, Pəri təcili surətdə bir oğlan doğmalı, yurdlarını da dəyişməlidirlər. Çünki ya bu yurd onlara düşmür! Ya da Əlinurla Pərini gözü götürməyən, onların bir-birini hədsiz sevmələrini, mehribanlıqlarını, Əlinurun Pəriyə qarşı əksər kişilərdən fərqli xoş, yumşaq, səbrli münasibətini çəkə bilməyən hansısa bədniyyət onlara cadu edib və həmin cadunu xəlvətcə həyətlərinə basdırıb. Şübhələr daha çox Bədaza xalanın üzərindəydi, ancaq bunu açıq mətnlə bəyan etmək son dərəcə təhlükəliydi; üçüncü cahan savaşı başlaya bilərdi. Amma insafən Bədaza xalanın nəyi vardı acı dilindəydi, adı Bədaza olsa da, o belə bəd əməllərə qadir deyildi. Pəri dostu bu təklifi Xanımnazdan eşitdikdən sonra elə onun məsləhətilə də kitab açdırmağa qərar verdi, amma qardaşı Şəhadətə yox, küçəmizin bu biri başında yaşayan molla Cəlilə. Molla Cəlil ağıllı adam idi, ağıllı adam olmasaydı heç molla ola da bilməzdi, odur ki, qadınların “strateji məşvərət şuarsının” qərarına qarşı getməyin mənasızlığını anlayıb, tamamilə dəstəklədi.

Tezliklə Pəri dostunun qarnı şişdi, amma bu dəfə acı öd kisəsinin verdiyi köpdən yox, Əlinur dayının şirin sevgisindən. Yurdlarını da satıb, qonşu küçədə, Xanımnazın həyətinin sol tərəfindən (Əlinur dayıgilin həyəti Xanımnazgilin evinin qarşısındaydı) elə özlərininki kimi, kərpic daxması olan bir qədər kiçik həyət aldılar, başqa sözlə, Xanımnazın orbitində qabağından sol böyrünə doğru qırx beş faiz fırlandılar. Pulun yerdə qalan hissəsini də Əlinur dayı avtobazaya rüşvət verərək, qəttəzə süd rəngli Volqa Qaz-24 götürdü. Pəri dostu doğrudan da oğlan doğdu və bu şad xəbəri doğum evindən Xanımnaz xala telefonla canlı yayım edərək, anama xəbər verdi (Əlinur dayının evində telefon yox idi). Anam sevincək məni muştuluğa göndərdi və dedi ki, hələ təzə evə köçməyiblər, köhnə evdə xəbər gözləyir (Bunu da anama Xanımnaz demişdi, yoxsa hardan biləcəkdi?). Muştuluq almağa çox utansam da, anam və bizdə oturub xəbər gözləyən bir neçə qonşu arvad məni inandırdılar ki, almasan, Əlinur dayı inciyər və ayıb olar.   Məni Pəri dostunun oğlan doğması yox (bunu dərk etmir, ürəkdən sevinə bilmirdim), bu xəbəri Əlinur dayıya çatdıracağım, onu sevindirəcəyim sevindirirdi, ancaq mənə pul verməsini istəmirdim. Çünki o, hamının dediyi kimi, “kasıb və fağır”, atamın dediyi kimi, “yaxşı, saf, səmimi adam” idi, Dostoyevski demişkən, həlim adam idi,  həm də işləri düz gətirmirdi, ehtiyacı, dərdi-səri, qayğısı çox idi.

Yay axşamının bürkülü alatoranında onların kasıb taxta doqqazını cırıltıyla açıb, sıx çayırılığın arasındakı cığırı qaçaraq keçdim. Həmişəkindən fərqli olaraq, bu dəfə çayırların pərlərinin topuqlarımı qıdıqlamasına fikir vermədim. Əlinur dayı artırmada stol arxasında üzü həyətə tərəf oturmuş və evini satdığı adamla nərd oynayırdı. Məni görən kimi əlini saxladı. Utana-utana “dostunun oğlu oldu...” dedim, amma arvadların verdiyi təlimata uyğun olaraq, “muştuluğumu ver” deyərək ardını gətirə bilmədim və duruxdum. O da duruxdu, üzündə qəribə ifadə yarandı, bu ifadə nə sevincə, nə həyəcana, nə həsrətə, nə də kədərə oxşayırdı. O sanki sevinmədi və məni, çaparaq şad xəbər gətirən qasidi də sevindirmədi. İndi anlayıram ki, bu mimika yalnız sevinmək istəyən, ancaq sevinə bilməyən, qayğılardan, çətinliklərdən, ağır yükdən, kasıblıqdan usanan, yorğun bir adamın üzündə əmələ gələ bilərdi. Məyus-məyus dönüb getmək istəyəndə sanki qəfil yuxudan ayılıb ayağa qalxdı, “dayan” deyib, əlini cibinə saldı və mənə on beş manat pul uzatdı. Pulu ondan könülsüz alıb (çünki arvadlar “inciyər, ayıb olar” demişdilər), “sağ ol” dedim və Əlinur dayının qayğılı, yorğun baxışları altında üzümü çevirib, pərt halda dizə qalxmış çayırın arasındakı ensiz cığırla kasıb taxta, cırıldayan doqqaza yönəldim,  pulu gətirib anama verdim.

Evə gələndən sonra düşünürəm ki, gərək qonşu arvadların və onların təsirinə düşən anamın sözünə baxmayaydım. Çünki o zaman mənim puldan ümumiyyətlə başım çıxmırdı, anamınsa ciddi ehtiyacı yox idi. Bunu Əlinur dayı çox gözəl bilir və muştuluğu bir neçə saniyə ləngitməsinin səbəbi də elə bu idi. Əlinur dayı kasıb olsa da, əliaçıq adam idi, o sadəcə cibindən mənə nəsə çıxarıb verməyə arlanmış, duruxduğumu hiss etdikdən sonra qərar vermişdi.  Amma Əlinur dayının qayğıları, ehtiyacları çox idi. Yeganə təsəllim anamın bunun əvəzini sonradan qat-qat artıqlamasıyla çıxacağı idi. 

Əlinur dayı yeni Volqası ilə taksçiliyini edir, adını babasının şərəfinə Qədir qoyduqları balaca oğlu və iki qızı yeni yurdlarında və evlərində yavaş-yavaş böyüyür, onlar arabir bizə gəlir (körpəyə, həm də məsafə bir qədər uzaqlaşdığına görə artıq az-az ), biz də arabir onlara qonaq gedirdik. Beləcə aradan bir neçə ay keçdi və balaca Qədir iməkləməyə başlayanda, rayonumuz dəhşətli bir xəbərdən sarsıldı. Əlinur dayı qəfil ölmüşdü.

Mən bu xəbəri anlamadım, dərk etmədim, heç nə düşünə, ağlaya, kədərlənə bilmədim. Anam ağlaya-ağlaya atamın iş yerinə zəng vurub xəbər verdi və onu gözləmədən tələsik Əlinur dayıgilə getdik. Onu otağın ortasında xalı üzərinə sərilmiş döşəyə uzatmış, üstünü ağ mələfə ilə örtmüşdülər. Bədaza xala ağı deyərək bərkdən ağlayır, Pəri dostunun çığırmaqdan səsi batmışdı. Hər ikisi meyitin üzərində əllərini o yan-bu yana yellədərək, “Ay Əlinir... Can Əlinur... Bizi niyə tək qoydun... Balalarını niyə yetim qoydun?.. Bacın öləydi, ay qardaş, bu günü görməyəydi... Biz sənsiz neyləyəcəyik, ay Əlinur?..” və sair buna bənzər sözlər söyləyirdilər... Hər ikisinin üzü cırılmışdı, yanaqlarından qan axırdı...

Anam “ay dayı!” deyə fəryad qopararaq, onlara qoşulandan az sonra, dözə bilməyib həyətə çıxdım. Artıq atam da işdən birbaşa bura gəlmişdi. Onun yanına gedib, böyrünə sığındım. İtkinin ağırlığı mənə indi çatmağa başlamışdı, atamın belindən bərk-bərk yapışdım. Kişilər danışırdılar ki, Əlinur dayı öz təzə Volqasıyla fikirli halda küçəylə gedərkən, maşının qarşısına qəfil bir uşaq qaçmış, maşın onu vurararaq yüngül yaralamış (deyilənə görə, uşağın bir qıçı sınıbmış), o özünü itirməyərək, uşağı dərhal maşına qoyub, xəstəxanaya çatdırmış, həkimlərə təhvil vermiş, sonra koridordakı skamyada oturmuş və oradaca canını tapşırmışdı. Əməliyyat otağından çıxan tanış cərrah (rayon yerində hamı bir-birinə tanış və qohumdur) ona qorxulu bir şey olmadığını, hər şeyin qaydasında olduğunu xəbər vermək istəyəndə, keçindiyini görmüşdü. Əlinur dayının ipək kimi yumşaq ürəyi həmişəlik daşa dönmüşdü. 

Epiloq

Əlinur dayı “ev olmadan”, daş ev tikmədən bu dünyadan köçdü, özüylə kim bilir, hansı sirli arzuları, xəyalları apardı. Amma daş ev, hətta daş imarət tiksə də, həyatda sısqa bir çığır, dadlı və isti xatirə qoya bilməyənlərdən fərqli olaraq, gələcəkdə yazıçı olmağı arzulayan bir tifilin sevgisini, rəğbətini, diqqətini qazana, iddiasız, səmimi bir hekayənin baş qəhrəmanı ola bildi. Pəri dostu daha Yessentukiyə gedə bilmədi, amma ölmədi də. Çox sevdiyi Alikinin yadigarlarını böyütmək ona güc-qüvvət, iradə, inam, qətiyyət verdi. O, işə düzəldi, işlədi, üç yetimi çətinliklə böyütdü, qızlarını ərə verdi, oğlunu evləndirdi, ev elədi. Əlinur dayının tikə bilmədiyi daş evi Qədir ucaltdı və Pəri dostu otuz ildən sonra öz Alikinin yanına xoş xəbərlə getdi.

Bakı, 01 May 2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!