ƏDƏBİYYAT ÜZRƏ 1973-CÜ İLİN NOBEL MÜKAFATÇISI: Patrik UAYT
Avstraliya
28 may 1912-ci ildə Londonda anadan olub. Atası avstraliyalı, anası ingilisdir. Dörd yaşı olanda astma xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik bütün uşaqlığı boyu onu təqib edib. Teatrı çox sevib, tez-tez tamaşalara baxıb. On yaşı olanda Cənubi Uelsdə internat məktəbinə gedib, digər uşaqlarla ünsiyyət qurana qədər xeyli çətinlik yaşayıb. Məktəb yaşlarından kiçik pyeslər yazmağa başlayıb. Daha sonra kollecdə təhsilini davam edib. Hələ gənc yaşlarından dünyanın bir çox ölkələrində səyahətdə olub. 1930-cu illərin sonunda ABŞ-da olan Uayt "Dirilər və ölülər" romanını yazıb. İkinci Dünya müharibəsi illərində Londona qayıdan Uayt Britaniya kral ordusunun HHQ-də xidmət edib. Kəşfiyyat zabiti qismində Yaxın Şərqə gedib. Müharibənin sonlarına yaxın Misirdə, Fələstində və Yunanıstanda xidmət keçib.
Uayt ciddi ədəbi yaradıcılığa 1950-ci illərin ortalarından başlayıb. Bir-birinin ardınca "Bibimin tarixçəsi", "İnsanlıq ağacı", "Arabada gedənlər", "Həmayil", "Tvaybornun işi", "Yanmışlar" və s. romanlar, dünya teatrlarının səhnəsində tamaşaya qoyulan pyeslər yazıb. Yazıçı 1973-cü ildə "bədii söz sənəti qarşısında yeni üfüqlər açan epik və psixoloji ustalığına görə" ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. "Ədəbiyyat qəzeti"nin oxucularına yazıçının "İnsanlıq ağacı" romanından bir parçanı təqdim edirik.
İnsanlıq ağacı
Roman
Birinci fəsil
II hissə
Yuraqa şəhəri aşağıda, sahil boyu uzanırdı. Sten Parker arabir anasının yaxın qohumu Klarens Batta baş çəkmək üçün ora gedirdi. O, bu şəhərə hələ aşırmalı şalvar geydiyi vaxtlardan bələd idi.
Böyüyəndən sonra isə hərdən anasının başqa bir qohumu, ticarət köşkü işlədən Klarri Botta baş çəkirdi. Onun yemiş kimi şişman qarnı pambıq parçadan tikilmiş önlüyün altından pırtlayıb çıxırdı. O, bu görkəmdə eynən Sten Parkerin dəmirçi atasına oxşayırdı. Amma Klarri Bott heç vaxt dəmirçilik etməmişdi, çünki ağır həyat onun üçün deyildi.
Köşkçünün Elis, Klara və Lilian adlı üç qızı vardı, qızlar isə böyümüş, saçlarını arxadan yığıb dingildəməyə başlamışdılar və hətta, Sten Parkerlə ciddi maraqlanırdılar. Qızlar gah dadlı biskvitlər bişirir, rəfiqələrinə səmimi məktublar göndərir, kilim toxuyur, masa süfrələri tikir, pianoda çalır, müxtəlif məzəli oyunlardan çıxırdılar. Təbii ki, qızların bu xüsusiyyəti uzaq qohum, artıq enli çiyinli cavan oğlan Sten Parkeri də onlarla maraqlanmağa sövq edir, onu bu evə çəkib gətirirdi. Amma heç kəsin ağlına da gəlməzdi ki, dəmirçi oğlu bu evə nə məqsədlə gəlir. Nə məqsəd ola bilərdi, qohum idilər axı.
Bu cavan oğlan qohum qızları öpməyi düşünmürdü. Niyə - cavab vermək çətindir. Bəlkə də cəsarəti çatmırdı, ya da nəsə…
Bir axşam yerli kilsə üçün təşkil edilmiş xeyriyyə tədbirində ayağı ilə vurub mərmər əlüzyuyanı qıran Sten halını belə pozmadı. Otağın bir tərəfinə çəkilib açıq pəncərədən səmaya baxdı. Ulduzlar gözlərinə doluşdu.
O gecə skripka susmaq bilmədən vals çaldı. Cavan oğlan heç nə fərq etmədən sakitcə oturub ətrafa göz qoydu. Qızların üzündə gülüş işartıları vardı. Gəncin dərin baxışları hər kəsdən yayınırdı, çünki o, özünü tamamilə tənha hiss edirdi.
Bir qədər sonra, o, rəqs hərəkətlərini təzəcə yadda saxlamağa başlayanda haradansa bir qadın peyda oldu, Sten Parkerin əlindən yapışıb onu rəqsə dəvət etdi. Sten ayağını atmağa macal tapmamış qadın qeyb oldu və onun yerini arıq bir qız aldı.
Başını çevirib ətrafa nəzər salan qız, bircə Stenə baxmırdı. Amma Sten bunu hiss etdi.
- Əyləşin, - döşəmə üstə ora-bura vurnuxan başmaqlarına baxa-baxa əmr etdi.
Qız oturdu. Arıq əlləri vardı.
- Mən birinci dəfədir balda oluram, - dedi.
Qızın mavi donunun fonunda görünən barmaqları Elisin, Klaranın, Lilianın barmaqları kimi zərif deyildi. Əynindəki paltar ona böyük idi və bu, uzaqdan adamın gözünə girirdi. Bu paltarı xanım Ebridən borc götürmüşdü.
Sten Parker ürəyində: "Bu gün bura nahaq gəlmisən", - fikirləşdi.
- Bir şey deyim, bura çox istidir, - qıza söylədi.
- Bayırsa, soyuqdur, - qız xatırlatdı, sonra da qeyri-ixtiyari olaraq, donunun olmayan tozunu təmizlədi.
- Adam çoxdu, adam, - Parker əlavə etdi. - Nəfəs almaq olmur.
- Bilirsiz, - qız söylədi, - xanım Ebri mənə bir dalğıcdan danışıb, o, bunu kitabdan oxuyub. Deyir ki, həmin dalğıc paltarındakı bütün havanı çəkib udub.
Bu vaxt musiqi sədaları altında bir-birilərinə baxdılar. Sanki gəncin qarabuğdayı dərisi işıldadı. Qız nəfəsini içinə çəkdi, elə bil qara telləri bu dəqiqə açılıb üzünə töküləcəkdi.
- Rəqs edirsiz? - Qız xəbər aldı.
- Yox, - Parker cavab verdi.
Az qala qız da rəqs edə bilmədiyini etiraf edəcəkdi, amma susdu. Cəsarət onu hiyləgər etmişdi. Üzünə xəfif təbəssüm qondu.
- Oynayanlara baxmaq, rəqs etməkdən maraqlıdır, - qız söylədi. Dediyi yalandan pərt olmadı. Amma qızın həyəcanı Sten Parkerin gözündən yayınmadı.
- Adınız nədir? - Qız soruşdu.
- Sten Parker.
Musiqidən zalda qulaq batırdı. Qız rəqs edənlərin musiqi sədalarına qarışmış səs-küyü içində onun nə dediyini eşitməsə də:
- Mənim adımı xəbər aldınız? - İncə dodaqları ilə gülümsəyib, soruşdu.
Qız başını əyib xanım Erbinin ona rəqslərlə bağlı qeydlər etmək üçün verdiyi kağız parçası üzərində qələmlə tələsik nəsə yazdı.
Sten Parker onun yanaqlarına düşən tellərinin arasından bərq vuran simasına baxdı.
- Buyur, - qız, qısaca dilləndi.
- Emmi Viktoriya Fibbens? - Sten asta səslə, tərəddüdlə oxudu.
- Bəli-bəli, - qız təsdiq etdi. - Mənim adımdır. Adamın bir adı olmalıdır da.
Qızın kirpikləri Steni cəlb edirdi, kağızda oxuduğu ad isə gəncin diqqətini çəkmişdi. Lakin qız gəncin baxışlarını hiss etmədi.
Bu dəfə Sten Parker çəlimsiz qızı diqqətlə süzdü.
- Siz Kellis-Kornerdə yaşayan Fibbenslərdən deyilsiz?
- Onlardanam, - qız cavab verdi. - Amma tam yox. Atamla anam vəfat edib. Başa düşürsüz, mən yetiməm. Dayımgildə qalıram. Bax Kellis-Kornerdə yaşayan əsl Fibbenslər onlardır.
Qızın mavi donu xoşbəxt idi.
- Demək, belə, - Sten Parker mızıldandı. - Deyəsən, xatırladım.
Bu, sadəcə məsələni qəlizləşdirdi. Çünki o, Kellis-Kornerdəki daxmanı xatırladı. Yağışda oynayan uşaqlar yadına düşdü. Fibbenslərin bir ordu uşağı vardı, küçəyə qatarla, ayaqyalın, başaçıq çıxır, lilin, palçığın içində atılıb-düşürdülər. O, bu qızın topuğa qədər palçıq içində olan ayaqyalın vaxtlarını xatırladı. Hətta qızın bir dəfə ayağındakı başmaqları şappıldadaraq necə vüqarla getdiyi də yadına düşdü. Fibbenslərin uşaqları da onun ardınca düşüb gedirdilər.
- Nəsə xatırladız? - Bunu onun üzündən oxumağa çalışan qız soruşdu. Amma donuq sifətdən heç nə oxuya bilmədi. Qarşısında, sadəcə gənc kişi siması vardı və qız ilk dəfə idi ki, yad kişi simasını bu qədər yaxından görürdü.
- Yadınıza nə düşdü? - Onun dodaqları gözəl-gözəl pıçıldadı.
- Siz, - gənc cavab verdi. - Başqa heç nə xatırlamıram.
"Nə yaraşıqlı oğlandır, gözəl dərisi var - qız ürəyində fikirləşdi. - Adam lap toxunmaq istəyir."
- Mən hardan yadınıza düşdüm, - qız stulun kənarından yapışaraq, gülümsədi.
- O vaxt mən Narrauanda, Sem Uornerlərin yanında işləyirdim. Şənbə günləri arabir şəhərə gəzməyə çıxırdım.
- Dayım da Uorenerlərin yanında işləyib, amma çox az müddət.
- Nə danışırsan? - Sten təəccüblə dedi. - O nə iş görürdü?
- Eh, - qız köks ötürdü, - unutmuşam.
Çünki qoca Fibbens o vaxtlar kisə ilə peyin daşıyırdı. Amma çox qısa müddətdə. Çünki heç vaxt bir yerdə çox işləməyə hövsələsi çatmamışdı. Onu sevimli peşəsi ağac kölgəsində uzanıb, uzaqdan ayaq dırnaqlarını seyr etmək idi.
Emmi Fibbens nə dayını, nə də onun arvadını sevirdi. Xanım Erbini - qız on altı yaşından etibarən ev işlərində ona kömək edirdi - çıxmaq şərti ilə hələ ki, heç kəs onun sevgisinə layiq olmamışdı. Onun üçün keşiş evindəki həyat Fibbenslərin xarabasından heç də fərqlənmirdi. Qız elə burada da bir sürü uşağın burnunun fırtığını təmizləyirdi. Elə burada da əlində qaşıq yarma şorbası ilə dolu qazanın yanında dayanırdı. Amma qarın dolusu yeyirdi. Ayağına da çəkmə geyirdi bura gələndən.
Sten Parker qızı tanımışdı, onu adam yaddaşında qalan xoş bir xatirəni düşünən kimi xatırlayırdı. Oğlanın qəlbi sevincdən uçunurdu.
- Mən getməliyəm, - Emi Fibbens dedi.
- Stenə nə olub, bayaqdan Fibbenslərin qızının yanını kəsdirib oturub? - Kənardan onlara göz qoyan Klara Liliandan soruşdu.
- Hələ o qədər gec deyil, - Sten qızı sakitləşdirdi.
- Yox, gecdir, - qız köks ötürdü. - Bu qədər bəsimdir.
Qız düz deyirdi və Sten bunu yaxşı bilirdi. Oğlanın özü də yorulmuşdu, bayaqdan qızın bu sözü deyəcəyi anı gözləyirdi.
- İstəmirəm, siz də mənə görə buradan çıxıb gedəsiz, - qız bu sözləri özünəməxsus arxayınlıqla söylədi.
Sten kürəyi ilə qızı yad baxışlardan qoruyaraq onun arxasınca getdi. Onların addım səsləri soyuqdan büzüşmüş şəhərin küçələrinin mürgüsünə haram qatdı. Alaqaranlıq pəncərələrdən yuxu süzülürdü.
- Maraqlıdır, görəsən bu şəhər min il sonra da olacaq? - Emmi Fibbens sadəlövhlüklə xəbər aldı.
Qızın nə demək istədiyini anlamasa da, bu şəhərin min il sonra olacağına qətiyyən şübhəsi yox idi.
- Olmasa da mənə dəxli yoxdur, - qız köks ötürüb, söylədi.
Çəkmələr ayağını döyürdü, dizləri şəhər küçələrində sızıldayırdı.
- Məmnuniyyətlə min il yaşayardım, - oğlan qəfil dilləndi. - Maraqlıdır da, hər şey adamın gözləri önündə baş verir. Bütün tarixi hadisələr. Ağacların necə qocalıb yıxıldığını görürsən.
Əvvəllər heç vaxt belə söhbətlərə baş qoşmazdı.
- Bəlkə də min ildə çox şey dəyişər, - qız cavab verdi. - Bəlkə elə şeylər baş verər ki, heç sən də xatırlamaq istəməzsən.
Artıq şəhər kənarına çatmışdılar. Bu da Fibbenslərin qaranlığın içindən sıyrılan sarı rənglənmiş qapısı.
- Belə, - qız sakitcə dedi, - bura çatanda çəkmələrimi çıxarıram.
- Aydındır, - oğlan, başını bulayıb, baxdı.
"Deyəsən, dəcəlliyini hələ də yadırğamayıb, - Sten fikirləşdi. - Həm çəlimsizdir, həm də ağıllı."
Divarlar bayırdakı səsləri ağuşuna alıb evə ötürürdü.
- Em-mi! - Dayı arvadının səsi idi.
- Hə, mənəm, - qız sakitcə cavab verdi.
Çarpayıda uzanmış xanım Fibbensin kölgəsi çevrilib başqa yön aldı. Yeddinci uşaq qadının bətnində üsyan edirdi.
- Hə, - Emmi dilləndi, - amma çox şeydən danışdıq. Lap çox şeydən.
Qız düz deyirdi. Doğrudan da çox şeydən danışmışdılar, çünki elə məqamlar olur ki, adi bir söz çox böyük əhəmiyyət kəsb edir və böyük mənalar daşıyır. Necə ki, qaranlıq çəkiləndən sonra hər şeyin üstünə aydınlıq çökür.
- Siz nə vaxtsa yenə bura gələcəksiz? - Qız səmimiyyətlə xəbər aldı.
- Gələn şənbə, - Sten düşünmədən cavab verdi. Bu dəfə də özünə təəccübləndi.
- Oo, - qız dedi. - Onda…
- Em-mi! - Xanım Fibbens çığırıb, qızı səslədi. - Bəsdir, çərənlədin. Tez ol, evə gəl.
- Gəlirəm, - qız onu sakitləşdirdi.
- Burada adam boğulur, - çarpayıdakı kölgə şikayətləndi. - Burada milçəklərdən başqa dostum yoxdur. Tək-tənha uzanıb qurdalanıram. Arabir çay içirəm, vəssalam, başqa işim-gücüm yoxdur…
Bu şəhərdə çox adam xanım Fibbensin əsl ifritə olduğundan danışırdı.
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!