Zarafatların qürub çağı - Milan Kunderanın "Mənasızlığın təntənəsi" romanı üzərinə qeydlər - Kənan HACI

Kənan HACI

 

Elə ədəbi mətnlər var ki, o mətnlərin daxilində illüziyalar sağlam məntiqin sərhədlərini aşır. Ədəbi gerçəkliklə ədəbi yalan üz-üzə dayanır və yalan özünün sarsılmaz mənasızlığı ilə gerçəkliyə qalib gəlir. Müasir dövrün məşhur yazıçılarından olan çex yazıçısı Milan Kunderanın mətnləri yalanla gerçəkliyin mübarizəsi üzərində qurulub və bu mübarizədə yazıçının bir silahı var - zarafat. Kunderanın mətnlərində zarafat refleksi dilin semantik qaydalarına ziddir və əks təsir oyadır. Təsadüfi deyil ki, Kundera ədəbi yaradıcılığa "Zarafat"la başlayıb. "Zarafat" onun 1967-ci ildə yazdığı ilk romanın adıdır. Beləcə, yarım əsrdir ki, yazıçı oxucularıyla zarafatlaşmaqda davam edir. Bu yoluxucu zarafat tədricən bütün Avropa romançılığına sirayət etməkdədir.

Ədəbi metodikaya çevrilən bu zarafat əslində Kunderanın üslubudur. Onun həyatı kədərli zarafatlarla zəngindir. Gəncliyində dünyanın xilasını "xoşbəxt sovet yazıçıları" kimi kommunizmdə görən yazıçı bir müddət sonra xəyal qırıqlığı yaşadı və bu doktrinanın əleyhinə çıxış elədi, Kommunist Partiyasından qovuldu. O, başına gələnləri zarafat kimi qəbul edib bütün bu hadisələri "Zarafat" romanında qələmə aldı. 1968-ci ilin Çexoslovakiya hadisələrindən sonra isə Praqa Musiqi və Sənət Akademiyasındakı işindən uzaqlaşdırıldı və siyasi basqılara məruz qaldı. Son olaraq vətənini tərk etmək məcburiyyətində qaldı. 1979-cu ildə yazdığı "Gülüş və yaddaş kitabı"na görə Çexoslovakiya hökuməti onu vətəndaşlıqdan məhrum etdi. Kundera 1981-ci ildən Fransa vətəndaşlığına qəbul olundu. "Varlığın dözülməz yüngüllüyü"nü oxuyanlar yazıçının bu dözülməz ağırlığa necə, hansı mənəvi gücün hesabına tab gətirdini yəqin ki, anlayırlar. Üstəlik, hər romanıyla bu amansız gerçəkliyə zarafatla cavab vermək də insandan yenilməz iradə tələb edir. Bu cür ağır zarafatları ədəbi mətnin nüvəsinə yerləşdirmək bacarığı Milan Kunderanı müasirlərindən fərqləndirən cəhətlərdəndir. O, tarixin basqısını zaman-zaman üzərində hiss etmiş bir yazıçıdır.

***

Keçək "Mənasızlığın təntənəsi"nə. 

Avropa mənəvi böhran dönəmini yaşayır. Bəziləri düşünür ki, Avropanın əsrlər boyu Yaxın Şərqə vurduğu zərbələr bumeranq kimi özünə qayıdır. Bu mənəvi deqradasiya Qərb insanının şüurunda və təfəkküründə qlobal çaşqınlıq yaradır. Dəyərlər aradan qalxır və insan həyatı mənasızlıqla əhatə olunur. Milan Kunderanın sonuncu - "Mənasızlığın təntənəsi" romanı bu çaşqınlıq dönəminin tragikomik situasiyalarıyla zəngindir. Bəşəriyyət sanki dəhşətli bir uçurum qarşısındadır və bu uçurumdan xilas yolunu yazıçı müqavimət göstərməkdə görür: "Müqavimət üçün təkcə bir yol qalır - dünyanı ciddi qəbul etməmək". Bu baxış mənasızlığın paradiqmasıdır.

Kundera romanı personajlarla tanışlıqla başlayır, əsərin qəhrəmanları əhlikef, laübalı, dünyanı ciddiyə almayan, mənasızlığın əsirinə çevrilmiş  adamlardır. Aleni anası istəməyərəkdən dünyaya gətirib və körpə ikən atıb gedib. Anasıyla onu bağlayan yeganə bağ göbəkdir. O, anasıyla ilk və son dəfə on yaşında görüşür və bu görüşdə anası barmağını onun göbəyinə sürtür. Və roman Alenin göbək haqqında düşüncələriylə başlayır. Göbək dünyanın məhvəridir, əsərdəki bütün hadisələr insan bədənin ortasında yerləşən bu dəliyin ətrafında cərəyan edir. Avropa bu dəliyin başına dolanmaqdadır. Burda kimlər yoxdur ki?! Tabeçiliyində olanlarla məzələnən Stalin, prostat vəzi xəstəliyindən əziyyət çəkən və tez-tez altını batıran Kalinin, dikbaş Xruşşov, yuxulu Brejnev... Yazıçı ayrı-ayrı dönəmlərdə sovet imperiyasının rəhbərləri olmuş siyasi liderlərlə məzələnir və onlara bu günün Avropasından baxır. Bu gün onlar məzə obyektidir. Amma müvazinətini itirmiş və öyünməli çox az şeyi qalmış Avropanın özü də svilizasiyanın təhlükəli istiqamət aldığı məchul alatoranlıqda çox gülməli görünür. Vaxtilə Stefan Sveyq Avropanı irq fanatizmindən və imperializmdən uzaq görmək istəyirdi. Amma dünya növbəti müharibəyə hamilə idi. "Bir avropalının xatirələri"ni yazan Sveyq dözmədi, xanımıyla birgə intihar etdi. Ekzistensialist fəlsəfə də insanı xilas edə bilmədi. Bu gün Avropa yenə kompasını itirmiş gəmi vəziyyətindədir. Çağımızın yazıçısı Kundera bu dövrü "Mənasızlığın təntənəsi" kimi xarakterizə edir. Bu mənasızlığı incələmək isə çoxlu araşdırmalara yol açır. İrrasional ovqat oxucuya da sirayət edir. Kundera dramatik gerçəklikləri məsxərə obyektinə çevirir, janrın forma sabitliyindən birmənalı olaraq imtina edir. Stalinlə Kalinin arasındakı dialoq və onların iclası yarımçıq buraxıb qaçması absurd situasiyadır. Sonra onlar harda peyda olsalar yaxşıdır? Parisin xiyabanlarından birində! Ovçu görkəmində bığlı kişi (Stalin) təbii ehtiyacını ödəmək üçün Fransa kraliçası Mariya Mediçinin heykəlinin arxasına çəkilmiş bir qocanı (Kalinini) güllələmək istəyir, güllə kraliçanın daş burnunu qoparır. Kundera dünyanın mənasızlığından daha çox insanların həyatın mənasını anlamaqda çətinlik çəkdiyini önə çəkir. Laqeyd, etinasız bir nəsil yetişir. "Etinasızlıq mövcudluğun mahiyyətinə çevrilir". 85 yaşlı yazıçının gəldiyi qənaətə baxın: fərdiliyin illüziyası sabun köpüyü kimi dağılır və qarşımızda mənasızlıq adlı nəhəng bir dağ ucalır. Bu əsər yazıçının Avropadakı dəyərlərin çöküşünə protestidir.  

Bir dəfə yazmışdım ki, Milan Kundera da oxucunu labirintə salmağı xoşlayan yazıçılardandır, hətta kifayət qədər hazırlıqlı oxucu da bəzən onun alt qatında çox mənalar dolaşan sadə cümlələrinə ilişib qalır. Həyatın mürəkkəbliyini bu qədər sadə cümlələrlə ifadə edə bilmək üçün məhz Milan Kundera olmaq lazımdır.

Əsərin əsas qəhrəmanlarından olan Aleni atası böyüdür, amma atası dünyasını dəyişəndən sonra o, məhz onu körpə ikən atıb getmiş anasının şəklini böyüdüb divara vurur. Yazıçı bundan əvvəl bir hadisəni də nəql edir. Alenin anası ona hamilə ikən intihar etmək üçün özünü körpüdən çaya atır, gənc bir oğlan bunu görüb onu xilas etmək istəyir. Amma intihar məqsədilə çaya tullanan qadın öz xilaskarını suyun dibinə çəkib onun üstünə çıxır. Oğlan suyun dibində boğulub ölür. Qadın qatilə çevrilir, özü də, bətnindəki körpə də sağ qalır. Həyatın acı zarafatı. Bu, mizahın faciə ilə kəsişdiyi nöqtədir. Roman bu tipli paradoksal, məntiqin sınırlarını zorlayan situasiyalarla zəngindir. Bəs bütün bu məntiqsizliyi doğuran səbəblər hansılardır? Bu mənasızlığın mahiyyətində nə dayanır? Böyük həqiqətləri ciddiyə almamaq mümkündürmü? Kundera cidd-cəhdlə mənasızlığı bizə sevdirməyə çalışır. Yazıçı öz vətənindən miras qalan xəyal qırıqlığını, aldığı mənəvi yaranı zarafatlarla ovutmağa çalışır. Romandakı dörd obrazın baxış bucağı ilə Stalinin mövqeyi ziddiyyət təşkil edir. Stalin iclas zamanı tabeçiliyində olanlara bir əhvalat (kəklik əhvalatı) danışır və onun zarafat etdiyini heç kim anlamır. "Çünki onun ətrafındakılar zarafatın nə olduğunu bilmirdilər". Yazıçı hesab edir ki, məhz bununla da tarixin yeni, ən böyük mərhələsi başladı. Dünyanı zarafatın nə olduğunu bilməyənlər idarə etməyə başladı və bu, Avropanın süqutu idi. Obrazlardan biri Şarl marionet teatrı üçün məhz bu əhvalatı pyes kimi işləmək istəyir.

"Mənasızlığın təntənəsi" sadə dildə yazılıb, sətiraltı eyhamlar isə oxucunu düşünməyə vadar edir. Hər bir hadisə "niyə" sualını doğurur, bu suala cavab tapmayınca rahatlıq tapa bilmirsən. Absurd situasiyanın alt qatında gizlənən və reallıqdan qidalanan mənanı yaxalamağa can atan oxucu hər dəfə dalana dirənir. Kundera keçmişi, bu günü və gələcəyi ustalıqla bir-birinə bağlaya bilir. Göy üzündən enən mələklər, qoca diktatorun mazoxist şəfqəti, mənasızlığın ziyafət zamanı qadının barmağına lələk kimi toxunması... Hamısı işarələrdir. Personaj qadının cazibə mərkəzini onun göbəyində görür. Qadın göbəyi insanın özündən qopmasının, kimliyini itirməsinin simvoludur.

Avropa mənasızlıq dönəmini yaşayır və çıxış yolunu mənasızlıqda görür. Bu isə insanı məsuliyyət hissindən azad edir. Kunderanın bədii məntiqi bu günün yaşam formulunu zarafat qiyafəsində görür. Adətən, vəziyyət mürəkkəbliyə doğru gedəndə çıxış yolunu zarafatda görürlər. Kundera da çox güman ki, sadiq oxucularıyla zarafatlaşmaq istəyib. Amma çox ağır zarafatdır!

Çoxları düşünür ki, bu əsər Kundera yaradıcılığının yekunudur. "Zarafat"la başlayıb zarafatla bitirmək... Amma hələ ki, Kundera yaşayan dahilər sırasındadır. Bu tipli əsərlər yazan yazıçının gözlənilməz zarafatlarına hər an hazır olmaq lazımdır.

Qərb insanı üçün zarafatın da limiti bitir, zarafatlar özünün qürub çağını yaşayır. Doğrudanmı mənasızlıq Avropanın yeganə xilas yoludur?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!