"Kişisiz ev" - Henrix Böll - Romandan parça

Vilayət Haciyevin tərcüməsində...

 

Ən yaxşısı Bitenhan idi, Albertin anasının orada balaca bir restoranı vardı. Albertin anası hər şeyi, hətta çörəyi də özü bişirirdi. Bunu da ona görə edirdi ki, biş-düş eləməkdən xoşu gəlirdi və onlar da orda istədiklərini edirdilər. O və Brilax... Balıq tutmağa, dərəyə gəzməyə gedir, qayıq sürür, saatlarla evin arxasında futbol oynayırdılar. Göl meşənin ortasına qədər uzanırdı və çox vaxt Albertin dayısı Vill də onlarla gedirdi. Vill uşaqlığından adına "gecə təri" deyilən bir xəstəlikdən əziyyət çəkirdi. Qəribə ad idi, nənəsi də, Qlum da bunu eşidəndə gülürdülər. Söhbət "gecə təri"ndən düşəndə, Bolda da pıqqıldayırdı. Tezliklə Villin altmış yaşı olacaqdı. On yaşı olanda, anası onu bir səhər çarpayıda tər içində üzən görmüşdü. Sonrakı günlərdə də suya batdığını görmüş, onu tez həkimə aparmışdı. Deyilənə görə, gecə tərləmək yüz faiz ciyər xəstəliyinin əlaməti idi, ancaq uşağın ciyərləri tərtəmiz çıxdı, bununla belə, həkimin dediyinə görə, bir az zəif, bir az da əsəbi idi və artıq qırx ildən bəri şəhər kənarındakı qəbiristanlıqda uyuyan həmin həkim əlli il bundan əvvəl demişdi ki, bu uşaqdan bir az muğayat olmaq lazımdır.

Ömrü boyu ondan muğayat oldular. "Bir az zəif, bir az da əsəbi..." olması və üstəlik də gecələr tərləməsi... Bütün bunlar o demək idi ki, ailə onun üstündə əsməli idi. Martin və Brilax da bir müddət səhərlər duran kimi əllərini alınlarına çəkərək tərləyib-tərləmədiklərini yoxlamağa adət etdilər, məktəbə gedərkən yolda nəticələri bir-birinə dedilər və gördülər ki, hərdən onların da alınları yaş olur. Ən çox da Brilax gecələr tez-tez tərləməyə başladı, ancaq doğulduğu saatdan bircə gün də ondan muğayat olan tapılmadı. Anası onu şəhərə , küçələrə, axırda da zirzəmisində sancıdan qışqırdığı evə bomba düşəndə dünyaya gətirdi. Onda çirkli əsgər döşəyinin üstündə uzanmışdı, başını qoyduğu yerdə hansı əsgərinsə çəkmələri vardı və onlardan gələn pis qoxu ürəyini daha da bulandırırdı. Kimsə onun başının altına işlənmiş dəsmal qoyanda, əsgərlərə verilən sabunun iyi gəldi və bu "ətir" onu yüngülləşdirdi, ağladı. Dəsmaldan gələn bu çirkli ətir qoxusu onun üçün ən şirin qoxu oldu.

Sancılar başlayanda ona kömək elədilər. Qusdu, ətrafdakıların ayaqlarını batırdı və ona ən çox on dörd yaşlı soyuqqanlı bir qız uşağı kömək elədi. Spirt lampası ilə su qaynatdı, qayçını sterilizə elədi, çağanın köbəyini kəsdi, qeyri-adi bir cəsarətlə, lütfkarlıqla hər şeyi gecələr ata-anası yatandan sonra gizlincə oxuduğu kitabdakı açıq qırmızı, bir az da sarımtıl rəngli şəkillərdəki kimi elədi. Çağanın köbəyini anasının sterilizə edilmiş paltar qayçısı ilə kəsdi, o da qızının bu hərəkətlərini şübhə, ancaq həm də gizli bir heyranlıqla seyr etdi. Hava hücumu qurtarandan sonra həyəcan siqnallarının səsi lap uzaqlardan eşidilirdi, elə bil meşənin dərinliklərində gizlənmiş vəhşi heyvanlar ovçuların güllə səsini eşidirdilər. Onların başına uçmuş evin dağıntıları həmin səsləri özündə başqa cür əks etdirirdi və Brilaxın ona kömək edən qızla zirzəmidə tək qalmış anası dağıntıların arasından çıxa bilməyən adamların harayını eşidirdi.

- Adın nədir? - deyə indiyəcən görmədiyi qızdan soruşdu.

- Henriette Şedel, - qız cavab verdi və cibindən təptəzə yaşıl rəngli bir sabun çıxardı.

Frau Brilax:

- Ver onu iyləyim, - dedi və qız çağanı adyala bükəndə, sabunu iyləyə-iyləyə sevincindən ağladı.

İndi içində bir az pul, ərzaq kartoçkaları, kiminsə bayaq başının altına qoyduğu kirli dəsmal olan çantasından başqa heç nəyi yox idi. Və bir də ərinin şəkilləri: biri əsgərlikdən əvvəl çilingər geyimində çəkilmişdi, onda cox cavan idi və gülürdü. Birində də tank qoşunlarının yefreytoru idi, yenə də gülürdü. Üçüncüdə isə tank qoşunlarının ikinci dərəcəli “Dəmir xaç” ordenli, döyüş nişanlı kiçik zabiti idi, burada da gülürdü. Ən axırıncısını səkkiz gün əvvəl almışdı və burada da tank qoşunlarının birinci və ikinci dərəcəli “Dəmir xaç” ordenli feldfebeli idi və yenə də gülürdü. Uşağı olandan on gün sonra özündən də soruşmadan onu Şərqə tərəf gedən bir qatara mindirdilər və Saksoniya kəndlərinin birində iki aydan sonra xəbər tutdu ki, əri həlak olub.

On səkkiz yaşında yaraşıqlı bir tank qoşunları yefreytoru ilə evlənmişdi və onun cəsədi indi haradasa Zaporoje ilə Dnepropetrovsk arasında çürüyürdü. Artıq iyirmi bir yaşındaydı və yaraşıqlı bir feldfebelin dul qalmış arvadı idi, on iki həftə əvvəl dünyaya gəlmiş bir körpəsi , iki dəsmalı, iki qazanı, bir az da pulu vardı və özü də gözəl idi.

Atası Haynrixin adı ilə xaç suyuna çəkilən oğlan belə bir əqidə ilə böyüyürdü ki, anaların yanında mütləq bir dayı olmalıdır. Lap balaca olanda artıq onun üçün belə bir dayı tapılmışdı, adı Erix idi və özü də xaki rəngli mündirdə gəzirdi. O həm şübhəli ümumi dayı növündən, həm də bundan daha çox şübhəli növdən - yəni nasist dayılardan idi. Bu növlərin ikisində də nəsə çatmırdı. Bunu dörd yaşında dumanlı şəkildə hiss etdi, ancaq nə olduğunu başa düşə bilmədi.

Hər halda, Erix dayını unuda bilmədi. O, astma adlı bir xəsətəlikdən əziyyət çəkirdi: gecələr zarıyır, ufuldayır və sızıldayırdı: "Havam çatmır!" Sirkəli dəsmalların qoxusu, dəmlənmiş otların qəribə ətri uşağın yadından çıxmırdı. Və bir də nə vaxtsa Erix dayıya məxsus olan, sonradan onlarla birlikdə köhnə vətəninə qayıdan əşya: alışqan. Erix özü Saksoniyada qaldı, ancaq alışqan onlarla gəldi və Haynrix o qoxuları unuda bilmədi.

Sonra iki qoxu ilə yaddaşına həkk olunan təzə bir dayı peyda oldu. Biri Virciniya siqaretlərinin qoxusu, biri də nəm gips iyisi. Bu dayının, necə deyərlər, ikinci dərəcəli qoxuları da vardı: tavada əriyən marqarin və bir də qızardılmış kartof iyisi. Həmin dayının adı Qert idi və Saksoniyada qalan Erix adlı dayı kimi ona müəmmalı şəkildə yad deyildi. Sənəti üzçəkən idi və elə bu sözün özündən yaş alebastr, yaş sement qoxusu gəlirdi və özü çıxıb gedəndən sonra da anasının dilindən düşməyən bir sözü qalmışdı:Scheisse...1 Elə bir söz ki, analar onu deyə bilərdi, o isə yox...Qəribə idi... Qert də onun yaddaşında o qoxulardan, həmin sözdən başaqa bir əşya da qoyub getdi: anasına bağışladığı qol saatı... On səkkiz daşlı əsgər saatı idi, üstündə də anlaşılmayan keyfiyyət nişanı vardı...

Onda Haynrix beş yaş yarımında idi və həm özünə, həm də anasına çörək qazanmaq üçün yaşadığı evin sakinləri üçün qara bazardan nəsə gedib alırdı. Atasına oxşayan bu qəşəng oğlan pulla, yaxşı yaddaşla "silahlanaraq" hər gün saat on ikiyə qalanda oraya yollanır və həmişə aldıqlarını alırdı: çörək, tütün, siqaret, qəhvə, şirniyyat, bəzən də çətin tapılan mallar - marqarin, yağ və elektrik lampaları. Bazarlıq bahalı, eləcə də çox olanda qonşularına bələdçilik edirdi, çünki qara bazardakıların hamısını tanıyırdı, kimin nə satdığını bilirdi. Alverçilərin yanında xüsusi hörməti vardı: kimsə onu aldatsa və bu da bilinsəydi, həmin adamı heç vaxt aralarına qoymazdılar, gərək gedib başqa yerdə alver edəydi.

Dərrakəsi, ayıqlığı ona yalnız gündəlik çörək pulu qazandırmır, həm də qeyri-adı şifahi hesablama bacarağına çox kömək edirdi və bunun sayəsində də məktəbdə uzun illər çətinlik çəkmədi. Hesab dərsi üçüncü sinifdən başlayırdı, ancaq məktəbə gəlməmişdən əvvəl təcrübəsi sayəsində onu öyrənmişdi. Məsələn, qəhvənin kilosu otuz iki mark idisə, iki yüz qramı nə qədər eləyirdi? Belə məsələlərin həlli onun gündəlik işi idi, çünki elə aylar olurdu, çörəyi əlli qramla, yüz qramla, tütünü çimdiklə, qəhvəni üsküklə alırdı və az-az, dənə-dənə aldığı üçün çox diqqətli olmalıydı ki, aldanmasın.

Qert çox tez, özü də qəfildən yoxa çıxdı. Yadında yalnız onun qoxuları qaldı: yaş gips, Vircinya siqaretinin qoxusu, bir də soğanlı kartof qızartmasının, əriyən marqarinin iyisi ... Anasının dilindən düşməyən Scheisse sözü və qol saatı da Qertdən miras qaldı. O, qəfil yoxa çıxandan sonra anası ağladı, halbuki Erixlə vidalaşanda ağlamamışdı. Ancaq çox çəkmədi ki, Karl adlı yeni bir dayı ortaya çıxdı. Bir az keçəndən sonra Karl ona ata olmaq iddiasına düşdü, halbuki bu adı daşıya bilməzdi. O, dövlət idarələrinin birində məmur idi, Qert kimi köhnə əsgər köynəyi deyil, əsl pencək geyinirdi və öz cingiltili səsi ilə "yeni bir hayat"ın başlandığından xəbər verirdi.

Haynrixin yadaşında "Yeni həyat Karlı" kimi qaldı, çünki Karl bu sözü gündə bir neçə dəfə təkrar edirdi. Ondan gələn qoxu dövlət məmurlarına güzəştli şərtlərlə verilən şorbaların qoxusu idi: bu şorbaların hamısı adından, yağlılığından, şirinliyindən asılı olmayaraq, termos, bolluq qoxusu verirdi. Karl hər gün köhnə əsgər qazançasında şorba payının yarısını, əlavə almaq növbəsi çatanda isə yarıdan çoxunu evə gətirirdi. Haynrix bu imtiyazın səbəbini heç vaxt axıra kimi anlaya bilmədi. İçinə şirin yumru xəmir parçaları və ya öküz quyruğu atılmasından asılı olmayaraq, termos iyi verirdi, ancaq dadına söz ola bilməzdi. Karl qazançanı əlində gətirirdi. Ona qalın kətan parçadan üzlük tikmiş, qulpuna isə qalın sap dolamışdılar, çünki tramvayda həmişə basabas olduğundan, Karl şorbanı çantasında gətirə bilməzdi, yoxsa tökülüb onu batırardı. Karl mehriban və mülayim adam idi , ancaq öz gəlişi ilə bəzi çətinliklər də gətirdi, çünki mülayim olduğu qədər də ciddi idi, onun qara bazarla əlaqəsini tamam kəsdi. "Dövlət məmuru kimi buna icazə verə bilmərəm, - dedi, - həm də əxlaqımızı pozur, iqtisadiyyatımızı geri salır..." Karlın ciddiliyi çox çətin bir ilə - 1947-ci ilə düşdü: adambaşına ayrılan paylar az olur və bəzən də heç verilmirdi. Karlın şorba payları gara bazarın gündəlik qazancının əvəzini vermirdi. Haynrix anası ilə, Karlla bir otaqda yatırdı. Qert dayı, Erix dayı olanda da belə yatmışdılar. Karlla anası işığı söndürüb radionun qarşısında oturanda, Haynrix üzünü divara çevirərək atasının ölümündən bir az əvvəl tank qoşunları feldfebeli mundirində çəkdirdiyi şəklə baxırdı. Bütün dayıların bu evdə ağalıq etdiyi dövrlərdə şəkil divarda olmuşdu. Üzünü divara çevirəndən sonra da Karlın pıçıltı ilə danışdığını eşidir, ancaq sözləri başa düşmürdü. Anası isə hərdən istehza ilə gülürdü. Bu gülüşə görə də bəzən anasına nifrət edirdi...

Sonralar anası ilə Karl "O" adlı nəyinsə, kiminsə üstündə mübahisə etməyə başladılar. Anası elə hey deyirdi: "Onu xaric elətdirəcəm". Karl dayı da təkrar edirdi: "O"nu xaric elətdirməyəcəksən!" "O"nun nə demək olduğunu Haynrix sonralar anladı. Əvvəlcə anası xəstəxanaya düşdü, Karl buna yaman əsəbiləşdi, pərt oldu və ona "Burda sənin günahın yoxdur!" - deməklə kifayətləndi.

Xəstəxananın şorba qoxusu verən dəhlizləri, böyük bir zala doldurulmuş qadınlar, sifəti avazımış, "ağrıları çox olmasına" baxmayaraq gülümsəyən anası... Karl onun çarpayısı önündə dayanmışdı:

- Aramızda hər şey bitdi, sən "O"nu...

Həmin sirli "O" ... Və Karl da anası xəstəxanadan çıxmamış getdi... Haynrixə beş gün qonşu qadın baxdı, elə birinci gündən də onu qara bazara göndərdi. Ancaq ordakı sifətlər də, qiymətlər də dəyişmişdi, daha heç kəsin vecinə deyildi ki, onu aldadırlar ya yox... Həmişə çörək aldığı Bilkhaqer indi türmədə idi, tütün, şirniyyat işinə baxan ağbaş "Baba"nı da öz həyətində at kəsdiyi yerdə yaxalayıb aparmışdılar. Orda hər şey dəyişmiş, bahalaşmış, dad-tamını itirmişdi... Və anası xəstəxanadan çıxanda çox sevindi, çünki qonşu qadın bütün günü arıqlamağından şikayətlənir, ona əfsanəvi yemək şeylərindən - şokoladdan, ətdən, puddinqdən, qaymaqdan danışır, o da çaşbaş qalırdı, çünki bunların heç biri haqqında aydın təsəvvürü yox idi.

Anası heç danışmır, həmişə fikirli olurdu, ancaq əvvəlkindən mehriban idi və şəhər məmurları üçün şorba bişirilən mətbəxdə işə düzəldi. İndi hər gün üç kiloluq qazan dolu şorbaları olurdu, artıq qalanını çörəyə, tütünə dəyişirdilər və anası da hər gün onunla radionun qarşısında tək oturur, papiros çəkir, dinib-danışmır, fikrə gedir, danışanda da bircə cümlə deyirdi: " Bütün kişilər qorxaqdır!"

Qonşu qadın - gündə ən azı on dəfə əvvəllər yüz kilo olduğunu təkrar edən o arıq, qarınqulu, deyingən zavallı məxluq öldü. "Bir mənə bax! - deyirdi, - yaxşı-yaxşı bax! Yüz kilodan çox idim... Düz iki yüz otuz dörd girvənkə2 eləyirdi... Bax, indi yüz iyirmi dörd girvənkə qalmışam... " Bəs yüz kilo neçə girvənkə eləyir?! Girvənkə deyəndə, kartof, un, daş kömür kisələri yadına düşürdü. Balaca əl arabaları iki yüz girvənkə kömür tuturdu. Tez-tez onu götürüb kömür daşıyan vaqonlardan oğurluğa gedirdi: soyuq gecələr, polis gələndə işıqfor dirəyinə dırmaşıb keşik çəkənin fit səsləri... İki yüz girvənkə yükləyəndə çox ağır olurdu, deməli, qonşu qadın ondan da ağır imiş...

O artıq ölmüşdü. Qəbrinin üstünə astra çiçəkləri düzülmüşdü, Dies irea, dies illa3 oxunurdu və qohumları mebelləri aparanda, bir şəkil düşüb pilləkəndə qalmışdı. İri, qəhvəyi rəngə çalan şəkil idi: qonşu qadın üstünə "Elizabet villası" yazılmış bir evin qarşısında dayanmışdı. Arxa planda üzüm bağı görünürdü, ortada məsaməli daşlardan tikilmiş mağara, onun qarşısında isə kök sarışın qonşu qadın... Yuxarıdakı pəncərədə bir kişi qəlyan çəkir, ön hissədə isə "Elizabet villası" yazılmışdı. Qadının adı, əlbəttə, Elizabet idi...

Boşalmış otağa tramvay konduktoru libasında bir kişi köçdü. Qırmızı sızıqlı mavi furajkası və bir də Haynrixin "yəhər - yüyən" adlandırdığı ləvazimatları vardı: pul çantası, biletləri qoymaq üçün taxta sandıqça, alüminium qabda süngər, biletdeşən, çoxlu qayış-kəmərlər. Qırmızı, tərtəmiz sifəti xoşagələn deyildi. Üstəlik də fitlə çaldığı mahnılar, səsi heç vaxt kəsilməyən radio və Leonun otağına yığışıb gülüşən, rəqs edən, tez-tez də ucadan "Şərəfə"- deyən konduktor geyimli qadınlar...

Əvvəllər yüz kilodan artıq olan, "Elizabet villası"nın şəklini miras qoyub gedən o qadın bundan sakit idi. Leo isə səs-küylü idi. O şorbaların əsas müştərisi idi, əvəzində siqaret verirdi və qiymətləri də özü müəyyənləşdirirdi. Şirin şorbaların qiyməti baha idi. Bir

axşam tütün gətirib əvəzində şorba alanda, gözlənilmədən qazanı yerə qoyub dedi:

- Baxın görün indi necə rəqs edirlər. Son illərdə rəqsə getmisiniz? - Leo dəli kimi oynamağa başladı: ayaqlarını yuxarı qaldırıb, qollarını yellətdi, qəribə səslər çıxartdı. Anası gülüb dedi:

- Xeyr, çoxdandır rəqs etmirəm.

- Lazımdır, lazımdır, gəlin, - deyə Leo hansı melodiyanısa zümzümə etməyə başladı, anasının əlindən tutub stuldan qaldırdı, onunla rəqs etdi. Anasının sifəti o dəqiqə dəyişdi, qəflətən gülümsədi, özü də çox mehribanlıqla gülümsədi, cavanlaşdı.

- Ah, əvvəllər... - dedi, - əvvəllər rəqsə tez-tez gedirdim.

- Onda mənimlə gedək, rəqs klubunun üzvüyəm. Siz çox gözəl rəqs edirsiniz.

Anası doğrudan da rəqs klubuna getdi, Leo da dönüb "Leo dayı" oldu və yenə də "O"ndan söhbət getməyə başladı. Haynrix diqqətlə qulaq asdı və tezliklə başa düşdü ki, indi rollar dəyişib, yəni anası əvvəllər Karlın dediyini təkrar edir: " Mən onu saxlayacam!" Leo da anasının dediyini təkrar eləyir: "Sən "O"nu xaric elətdir getsin!"

Həmin vaxt Haynrix ikinci sinfə gedirdi və çoxdan bilirdi ki, "O" nə deməkdir. Çünki Martindən öyrənmişdi ki, - ona da Albert dayı başa salmışdı - qadınlarla kişilərin birləşməsindən uşaqlar əmələ gəlir və məlum məsələ idi ki, "O" uşaq deməkdir, sadəcə olaraq, "O"nun yerinə "uşaq" sözünü qoymaq lazımdır, yəni ansı deyiridi: "Mən uşağı saxlayacam!" Leo da belə deyirdi: "Sən uşağı xaric elətdirəcəksən!" Karl dayı ilə də söhbət belə olmuşdu: anası "Mən uşağı xaric elətdirəcəm", Karrl dayı isə "Sən uşağı saxlayacaqsan!" - demişdi. Anası ilə Karlın "birləşdiyini" hələ o vaxtlar başa düşmüşdü, ancaq onda "birləşmək" kimi deyil, başqa cür fikirləşirdi, özü də nəsə yaxşı səslənməyən bir söz idi. Deməli, uşaqları xaric elətdirmək olurmuş... Uşaq xaric olunmuşdu və Karl da ona görə çıxıb getmişdi. Deməli, Karl pis dayı deyilmiş...

"O" - yəni uşaq dünyaya gəldi və Leo hədələməyə başladı:

- İşdən çıxsan, onu uşaq evinə verəcəm!

Ancaq anası onsuz da işdən çıxası oldu, çünki məmurlara güzəştli şərtlərlə şorba verilməsi dayandırıldı, tezliklə qara bazar da yığışdırıldı. Daha heç kəs şorbadan ötrü "ölmədi", təzə pul çıxdı, çıxan kimi də qiymətə mindi, mağazalar əvvəllər heç qara bazarda da tapılmayan mallarla doldu. Anası ağlayırdı, "O" da hələ balacaydı, adı da anasının adı kimi Vilma idi. Anası qənnadı gükanlarının birində iş tapana kimi Leonun hirsi soyumadı. Albert dayı gəlib pul təklif elədi, ancaq anası götürmədi, Leo dayı onun üstünə qışqırdı, Martinin dayısı Albert də Leonun üstünə qışqırdı.

Yalnız Leo dayıya məxsus olan qoxu tualet suyunun iyisi idi. Sifəti qırmızı idi, özü də tərtəmiz olduğu üçün belə qırmızı görünürdü, saçları da qətran kimi qaraydı. Dırnaqları ilə çox oynayırdı və boynunda da həmişə sarı rəngli şərf olurdu. Özü də simic idi, uşaqlara ümumiyyətlə pul xərcləməzdi və elə buna görə də Martinin dayıları Villdən, Albertdən fərqlənirdi, çünki bunlar uşaqlara çoxlu hədiyyələr verirdi. Vill, Leo ilə müqayisədə başqa dayı növünə aid idi, Leo da Albertlə müqayisədə başqa növ dayı idi. Yavaş - yavaş dayı növləri formalaşırdı: Vill əsl dayı, Leo isə Erix, Qert, Karl kimi dayılardan idi. Yəni anası ilə "birləşən" dayılar... Albert də Vill və Leo ilə müqayisədə başqa cür dayı idi, yəni az qala, baba səviyyəsinə çatmış Vill kimi əsl dayı deyildi, eyni zamanda "birləşən" dayılardan da hesab olunmurdu. Atası isə divardakı şəkil idi: onu on il bundan əvvəl gülə-gülə çəkdirmiş feldfebel. Əvvəllər atası ona yaşlı görünürdü, ancaq indi cavanlaşmışdı, Haynrix də getdikcə ona yaxınlaşırdı. Yavaş-yavaş ondan iki dəfədən də az böyük olan atasına çatırdı. Ancaq əvvəllər atası ondan dörd dəfə, beş dəfə böyük olmuşdu. Onunla yanaşı asılmış şəkildə anasının on səkkiz yaşı vardı və az qala, konfirmandlıq yaşına çatan yeniyetmə qıza oxşayırdı.

Vill dayı, demək olar ki, ondan altı dəfə böyük idi, ancaq Haynrixə elə gəlirdi ki, onunla müqayisədə özü daha yaşlı, təcrübəli, müdrik, həm də yorğundur və onun dostluğunu da uşaq dostluğu, tez böyüyən bacısının zərifliyi kimi qəbul edirdi. Balaca bacısına şüşədə süd verir, sıyığını qızdırırdı, çünki anası günortadan sonra evdə olmurdu, Leo da ona baxmır, "Mən dayə deyiləm" - deyirdi. Sonralar hətta Vilmanı çimdirir, güvəcə oturdur, bazarlığa və ya anasını işdən götürməyə gedəndə onu özü ilə aparırdı.

Martinin dayısı Albert Villdən çox fərqlənirdi. Pulun qədrini bilən adam idi. Elə adam idi ki, pulu olmasına baxmayaraq, çörəyin bahalaşmasının, marqarinin qiymətinin qalxmasının dəhşətli nəticələrə səbəb olacağını bilirdi. Haynrix də özünə "birləşən" dayı deyil, belə dayı arzulayırdı. Hətta oynamaq, gəzməyə getmək üçün Vill dayı nə qədər yaxşı olsa da, üstünlük Albertin tərəfində idi. Vill yaxşı adam idi, ancaq onunla danışmaq olmurdu , halbuki pulu olmasına baxmayaraq Albert dayı ilə söhbət etmək olurdu.

Müxtəlif səbəblərdən oraya həvəslə gedirdi. Ən çox da Albert dayıya görə. İkinci yerdə Martin gəlirdi və pul məsələsində o da Vill dayıya oxşayırdı. Ağlını itirmiş olsa da, nənəsini də çox istəyirdi. Bir də oraya futbola, soyuducudakı şeylərə görə gedirdi. Sadəcə olaraq, Vilmanı uşaq arabasında bağa qoyur, futbol oynayır, saatlarla Leonun üzünü görməkdən canını qurtarırdı. Bircə şey pis idi: necə bədxərclik elədiklərini görürdü. Düzdür, nə istəsə verirdilər, ona qarşı çox mehriban idilər və bunu da bilirdi ki, günlərin bir günü hər şeyin korlanacağı barədə keçirdiyi o qəribə narahatlıq hissi yalnız pul məsələsinə görə deyil. Elə şeylər vardı ki, pulla bağlı deyildi. Məsələn, Leo dayı ilə Albert dayı arasındakı fərq... Eləcə də anasının çörəkçiyə dediyi sözdən sonra Martinin necə şoka düşməsi ilə özünün yalnız Leo dayı və ya konduktor qadınların işlətdikləri sözü qəflətən anasının dilindən eşidərkən, sadəcə olaraq, diksinməsi arasındakı fərq... Bildi ki, çox pis sözdür, ürəyincə olmadı, ancaq onu eşidəndə, Martin kimi dəhşətə gəlmədi. Bunlar pulla qismən bağlı olan fərqlər idi. Elə fərqlər ki, onların mənasını yalnız Albert dayı bilirdi. Albert dayı onu da yaxşı bilirdi ki, Haynrixlə həmişə belə xoş rəftar eləmək olmaz...

1. Almanca hərfi mənası nəcis deməkdir, pis söyüş kimi işlənir.

2. Bir alman girvənkəsi 500 qrama bərabərdir.

3. Latınca: o keçmiş qəzəb dolu günlər. Katoliklərdə ölü duasının ilk misrası 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!