Susqun səsin soyuğu - Hekayə - Sadıq ELCANLI

 

Bu qəmli əhvalatı mənə ucqar bir dağ kəndində, qəfildən quruyan cavan şabalıd ağacının yanında danışdılar. Və mən onu ibrət olsun deyə ədəbiyyatın yaddaşına yazmağı özümə borc bildim. Daha doğrusu, günlərlə məni çağıran bu hekayəni yazmaya bilmədim.

 

Tumurcuqlar ehtiraslı qız döşləri kimi şişib qabarır, köynəyini deşir, dünya yaşıl möcüzənin tilsiminə düşürdü. Yaz qarşısıalınmaz fateh hökmüylə gəlir, gözləri yaşıl gülüşlərə, duyğuları qəfil qəhqəhələrə qərq edə-edə ürəklərdə fatehliyin qələbə köşklərini qürur, zəfər tağlarını ucaldırdı. Yer üzü hələ belə qüdrətli fateh görməmişdi…

Qızın yanaqları duyğularında yanan ocağın alovundan allanmışdı. Dərkolunmaz bir yanğı sinəsində körüklənir, alovlanaraq bütün bədənini bürüyür, ruhunun göylərində şahlıq edirdi.

Cavan şabalıd ağacına söykənmişdi; ağacın təzəcə açan xumar baxışlı yarpaqları ruhunun göylərində ağalıq edən sirri-xuda alovun işığında sayrışır, ana sinəsinə sığınan körpə uşaq əlləri kimi sevinirdi.

Üç addımlıqda başqa, daha böyük şabalıd ağacı da vardı. Cavan ağacı babası əkmişdi, demişdi ki, şabalıd ağacı təklik sevmir, cüt əkilməlidir. Qız niyəsini soruşmuşdu. Babası cavab vermişdi ki, tək, tənha şabalıd ağacı sonsuz olar, ömür boyu qısır qalar, bar-bəhər verməz…

Onda qız hələ uşaq idi, bu cavabın nə olduğunu, nəyə işarə etdiyini düz-doğru anlamamışdı. Qəfildən xatırladığı o cavab sinəsində yanan ocağı daha da alovlandırdı. Kürəyini söykədiyi cavan ağacdan bir addım aralanıb, heyrətlə onun şümal gövdəsinə, sanki kimisə qucaqlamağa açılan budaqlarına, qəribə işıqda gülməkdən qəşş eləyən təzə-tər xumar yarpaqlarına baxdı. Və ona elə gəldi ki, cavan ağac heyrətli baxışlarına sirli bir titrəyişlə cavab verdi.

Qızın duyğularında nagahan nurlu yağışlar yağdı, qəlbinin göylərində əfsunlu qövsi-qüzeh yarandı: Məni duyursanmı, əzizim? Qəlbimin səsini, ruhumun çırpıntılarını eşidirsənmi? Mənim gözəl şabalıd ağacım, bəyim, şahım, şah palıdım! Sənin yanında qəlbim qızılquş kimi qanadlanır, qanım coşqun dağ çayları kimi qaynaır, gözlərimdə günəş doğur, ulduzlar sayrışır. Sən səhəri gözləyən duyğularımın dan ulduzusan, qəlbimin yurd yeri, ruhumun xaqanısan. Sən… Sən… - Sözlərin qəlbində, ruhunda qaynaşan işıqlı təlatümü tam ifadə edə bilmədiyini, aciz olduğunu görüb susdu, sevgiylə, heyrətlə dolub-daşan bulaq baxışlarıyla bircə bunu təkrar edə bildi. - Mənim gözəl şabalıd ağacım, mənim şahım, şah palıdım…

Kimsə arxadan gözlərini qapadı. Qız qəfildən tutulan ağ göyərçin kimi çırpındı, dəlicəsinə çırpınışla onu tutanın əllərindən sıyrılıb çıxaraq geri qanrıldı, xaricdən gələn oğlanı görüb rahatlandı, amma narazılığını da bildirdi:

- Bir də məni belə qəfildən tutma!

- İstədim ki, məni tanımayacağını… tanıyacağını…

Qız hələ də təlaş içində idi, onun sözünü yarıda kəsdi:

- Səni tanımadım… - Əlini cavan şabalıd ağacına uzatdı, - bu ağacı tanıyıram, - qabaq-qarşı silsilə dağları göstərdi, - o dağları da, o dumanı da tanıyıram, səni isə tanımıram!

- Yaxşı, incimə, bu, sadəcə bir zarafat idi, qəlbinə dəydimsə üzr istəyirəm.

Oğlanın üzrxahlığı qızın xoşuna gəldi, hətta yüngülcə gülümsədi, dodağı qaçdı; dodaqlarında səhərin al qızılgülləri kimi şövqlü şəfəqlər sayrışdı.

Oğlan ürəkləndi:

- Deməli, barışdıq…

- Küsməmişdik ki…

- Sən bu bahar, bu təbiət, bu dağlar kimi gözəlsən, əfsunlusan, sən…

Oğlan bir an susmadan danışır, gözəl-gözəl sözlər deyir, şıdırğı bahar yağışları kimi yağa-yağa qızın qəlbini dilləndirir, ruhunu oyandırır, hələ sevgiylə məskunlaşmayan, xam torpağa bənzər duyğu çöllərini möcüzəli gülüstana döndərirdi…

Yeddi gün əvvəl elə burada, kənddən bir qədər aralıda, meşənin kiçik talasındakı bu iki şabalıd ağacının yanında görüşmüşdülər. Oğlan qonşu kənddən idi, onu görmək üçün məxsusi gəlmişdi bu tərəflərə. İlk görüşdəcə qızın qəlbində sirli bir səda havalanmışdı, haradasa qaranlıq bir hücrədə ilk qığılcımlar qopub, ilk şəfəqlər körüklənmişdi; on yeddi yaşı təzəcə tamam olan qız qarşısıalınmaz, nagahan bir selin ağuşuna düşmüşdü; dalğalarında günəş çırpınan odlu bir sel, dəli bir daşqın idi, ağılın, olar-olmazın bütün bəndini-bərəsini, yolunu-körpüsünü uçurur, qəlbin-qanın axışını, ahəngini dəyişir, ruhu öz məcrasından çıxarıb dəniz-dərya kimi coşdurur, daşdırırdı…

Yeddi il əvvəl evləri gecə yarısı torpaq uçqununun altında qalmış, ata-anası, qardaşları faciəli şəkildə həlak olmuş, özü həmin gün babasıgilə getdiyi üçün sağ qalmışdı…

Həmin gün babası ağ at belində qonşu kənddən qayıdırdı. Evlərinin yanından keçəndə oğlunu hayladı. Səsə gəlini ilə nəvəsi çıxdı. Gəlin yaxınlaşıb salamlaşdı, atın yüyənindən tutub qayınatasını evə dəvət etdi:

- Yəqin yol yorub sizi. Buyurun evə, samovar qaynadım, bir tikə çörək yeyin, dincəlin, sonra gedərsiniz, - dedi.

- Yox, tələsirəm, bunu, - xurcuna qoyduğu şabalıd küçüyünü göstərdi, - əkməliyəm, yoxsa küsər, qayıdar.

On yaşlı nəvəsi maraqlandı:

- Hanı bəs küçük? Hara qayıdacaq?

- Budu ha, - babası xurcundakı köklü ağac küçüyünü çıxarıb göstərdi, - budur küçük, gözümün nuru. - Qoca bu nəvəsini hamısından çox istəyir, ona həmişə belə müraciət edirdi.

- Baba, bu, küçük deyil.

- Bəs nədir, gözümün nuru?

- Bilmirsən? Bu, ağac balasıdır. Südəmər ağac balası…

- Həə, sən lap düzünü dedin. - Gəlinə tərəf baxdı. - Qızım, mənə bir az su ver, ürəyim yanır.

Gəlin yüngül yerişlə evə tələsdi.

Qız lap yaxına gəlib əlini babasına uzatdı.

- Baba, məni də özünlə apar, nənəm üçün darıxmışam. - Ümidsizcəsinə soruşdu. - Apararsan? Bu balaca ağac balasını birlikdə əkərik, sulayarıq, qoymarıq qayıdıb getməyə, cücələrə də dəymərəm, sizi də incitmərəm. Apararsan?

- Niyə aparmıram, sən mənim ən istəkli, gözümün nuru nəvəmsən, - əlini uzatdı, qızın biləyindən tutub qaldırdı, - gəl, otur babanın qucağında, nənən də yaman sevinəcək, elə cücələr də sənin üçün darıxıb.

Gəlin su dolu gümüş qabı gətirib qayınatasına verdi, uşağa qucağını açdı:

- Düş daha, baban yol üstdədir, yorma kişini.

Babası suyu içib qabı qaytardı:

- Dəymə ona, bizə getmək istədi, mən də söz verdim… Həm də bu ağacı əkəndə mənə köməkçi lazım olacaq, gözümün nurundan yaxşı köməkçi haradan tapa bilərəm…

Gəlin daha heç nə demədi, yaxşı yol arzuladı. - Babanı, nənəni incitmə, - dedi, - cücələrlə də işin olmasın.

Və gecə yarısı baş verən həmin faciədən sonra qızcığaz həmişəlik babasıgildə qaldı…

- Nə yaman fikrə getdin? - Kürəncə oğlan baxışlarıyla qızı öpüb oxşaya-oxşaya soruşdu.

- Yeddi il əvvəlin o qara gününü xatırladım, dünən sənə danışmışdım.

- Həə, - oğlan tutuldu, bilmədi nə desin. - Yəqin Allah səni mənim üçün xilas edib. Parisdəki o… - Əliylə ağzını qapadı, pörtdü.

Qız onu eşitmirdi, öz dünyasında idi.

- O hadisədən bir az sonra nənəm vərəmləyib öldü, dözmədi dərindən dərin dərdə. - Gözləri yol çəkdi, baxışları üşüdü. - Həmişə at belində olan igidlər igidi babam elə qocalıb ki…

Oğlan ağır söhbətin yönünü dəyişmək ümidiylə soruşdu:

- Bəs o şabalıd ağacı küçüyü, - göz vurdu, - südəmər ağac balası nə oldu? Onu əkə bildinizmi?

Qız qollu-budaqlı böyük şabalıd ağacının iki-üç addımlığındakı nisbətən cavan ağacı göstərdi:

- Əlbəttə əkdik, elə həmin gün, axşamtərəfi gətirib əkdik.

- Hanı bəs?

- Budur, əməlli-başlı böyüyüb. - Yaxınlaşıb cavan ağacın şümal gövdəsini sığalladı. - Yəqin ki, bu ağac olmasaydı, indi mən də olmazdım. Bu ağac mənim xilaskarımdır.

- İndi məlum oldu ki, səni niyə həmişə bu iki ağacın yanında tapıram.

- Bu iki şabalıd ağacı mənim tale dostlarımdır, nə dərd-sərim, sirrim, sevincim olsa, onlarla bölüşürəm. Hər ikisi bəhərə düşüb, elə dadlı, ağcamaya şabalıdları olur ki…

Qızın gözəlliyi göz güldürürdü. Aypara qaşları, odlu şabalıdı gözləri, topuğuna qədər uzanan qara-qonur saçları qəlb ovçusuydu. Təzəcə yarpaqlayan şabalıd ağaclarına elə sevgiylə, elə ümidlə baxırdı ki…

Oğlan tutuldu, qeyri-ixtiyarı dilləndi:

- Gedək mənimlə.

- Hara?

- Fransaya, Parisə…

- Dəli olmusan? Mən qoca babamı, kəndimi, - qoşa şabalıd ağacını göstərdi, - bunları qoyub heç yerə getmərəm, gedə bilmərəm.

- Sənə danışmışam, bilirsən ki, mən Parisdə, universitetdə, sonuncu kursda oxuyuram… Həmişəlik getmirik ki, beş-on günlüyə Fransanı, Parisi sənə göstərmək istəyirəm. Sonra qayıdarıq, burda, lap sizin kənddə toyumuzu edərik. Hə, nə deyirsən, gedəkmi? Sənin aypara qaşların, sehrkar şabalıdı gözlərin, qəlbimi ovlayan şahanə hörüklərin bütün Fransa gözəllərini mat qoyar. Gedəkmi?..

Qızın bahar buludu baxışlarında seyrək çən-çisək göründü.

- Sən mənim razılığımı nə vaxt aldın ki, toydan danışırsan?

- Gözlərin ilk görüşümüzdə hə dedi. Sözün ən düzünü gözlər deyər.

- Bəzən gözlərim özümü də aldadır…

- Gözlər qəlbin qapısıdır, mən o qapıdan keçmişəm…

- Özünə çox da güvənmə, - qız şaqqanaq çəkib güldü, - sən hələ mənim ağ atlı babamı tanımırsan, - dedi və hürkək ceyran kimi qaçıb bir anda yaşıllıqlar arasında gözdən itdi.

Oğlan onu saxlamaq üçün bircə söz deməyə macal tapmadı. Gözlərində gizli bir buz parçası vardı. Qız sevgi işığında, məhəbbət odunda baxdığı üçün o sirli buzu görə bilmirdi. Doğrudan da məhəbbətin gözü kor olurmuş…

O, yalan demirdi, həqiqətən Fransada, Parisdə ali təhsil alırdı, məşhur universitetin sonuncu kurs tələbəsiydi. Onunla birlikdə təhsil alan milyarder qızı ağır xəstəliyə mübtəla olmuşdu, son günlərini yaşayırdı və çox nüfuzlu həkimlər dəfələrlə müayinə edərək bu qərara gəlmişdilər ki…

Oğlan gerisini düşünə bilmədi, qəhərləndi, gözləri yaşda boğuldu. Eləcə düşüncələrinin qəfil qabaran girdabında boğula-boğula şabalıd ağaclarına baxdı.

Şabalıd ağaclarının bir qədər əvvəlki təzə-tər şuxluğundan əsər-əlamət qalmamışdı. Min ilin dərd heykəlinə oxşayırdı ağaclar…

İçində kimsə qəfildən qışqırdı, - sən alçaqsan, - dedi,- sən alçaqların ən böyüyüsən! Dünyanın ən böyük universitetlərini bitirsən də, ən nüfuzlu diplomlarını alsan da, sən adam olan deyilsən! Bu bədbəxt qızı hansı gedər-gəlməz yollara çəkirsən, niyə, nəyin naminə?! Pul, var-dövlət, karyera! Tfu sənin!..

* * *

Hündür daş hasarların dövrələdiyi geniş yaşıllıqlar qoynunda ucalan dəbdəbəli bir malikanə idi. Tələbə yoldaşları xəstə qıza baş çəkməyə gəlmişdilər. Xəstəni çox yormaq olmazdı.

Milyarder qızı Marianna budağından qophaqopda olan payız yarpağı kimi solğun, üzgün idi. Üç aydır ki, dərsə gəlmirdi, müalicə olunurdu. Bu üç ayda büsbütün dəyişmiş, iri, ala gözləri işığını itirə-itirə qara çuxura düşmüş, gülüşə həsrət üzündə, həyat ağacı quruyan bütün varlığında dərd yuva qurmuşdu, ölüm pusquda dayanmışdı…

Tələbə yoldaşları sağollaşıb getdilər. Bircə Mariannanın xahişi ilə Qafqazdan olan oğlan qaldı. Milyarder qızı ilk görüşdən bu kürən, sarıgöz, hündürboylu əcnəbi oğlana vurulmuşdu, atasının qəti etirazına, cangüdənlərinin ciddi səylərinə baxmayaraq onunla görüşür, vaxt keçirirdi. Beləcə tələbəlik illəri bir göz qırpımında ötüb keçdi, son kursa gəlib çatdılar. Və amansız xəstəlik qaranlıq tufanlı gecənin ac yalquzağı kimi Mariannanın qəsdinə durdu…

On dəqiqəlik görüş xəstə qızı tamam yormuşdu. Həkimlərin, tibb bacılarının köməyi ilə yatağa uzandı. Və uzun-uzadı sevdiyi qafqazlı oğlanın gözlərinə baxdı. Atası aylar, illər qədər uzun sürən bu biçarə baxışlara tab gətirə bilməyib oğlanın qoluna girdi, onu otaqdan bayıra çıxararaq, bağa dəvət etdi. Yaşıl ağacların arasındakı mərmər yolda gəzə-gəzə dedi ki, qızım xəstədir, ölüm ayağındadır. Dedi ki, həkimlər onun ürəyinin, qara ciyərinin, böyrəklərinin, qanının, hətta iliklərinin dəyişdirilməsini, uyğun donor tapılmasını, yalnız bu yolla yaşaya biləcəyini bildirirlər. Dedi ki, buna görə on yeddi-on səkkiz yaşlı, büsbütün dağ meşələriylə əhatələnən kənddə doğulub böyüyən sağlam bədənli, saf ruhlu, bakirə bir qız lazımdır… Donor…

Oğlan düşünüb-daşınmadan sözgəlişi dilləndi:

- Bizdə belə meşəli dağ kəndləri çoxdur, belə qızlar da…

Milyarder ayaq saxladı, siqarına dərin qullab vuraraq kürən oğlanın sarı-sarımsağı gözlərinə baxdı:

- Əgər elə bir qız tapıb bura, Parisə gətirə bilsən, əgər yeganə övladımın, xəstə qızımın xilaskarı ola bilsən, toyunuzu burda, bu malikanədə özüm edərəm, qızımla birlikdə milyardlarıma sahib, mənə varis olarsan…

Oğlanın damarlarından odlu axınlar keçdi, xırda, sarı-sarımsağı gözlərində iblisanə qəhqəhələr tumurcuqladı, balaca şeytanlar iməklədi.

Milyarder siqarın burum-burum tüstüsünü əliylə qovaraq oğlanın gözlərindəki sarı səhralara baxdı, qəfləti alışan şeytan parıltısına, iblis alovlarına fikir verdi və qəlbinin dərinliklərində əmin oldu ki, bu iş baş tutacaq.

- Sizin tərəflər planetin ən saf, sağlam yerlərindəndir. Havası da, ağacları da, adamları da… - Milyarder çox uzatmağa lüzum görməyib mətləb üstünə gəldi. - Bütün xərclər mənim boynuma, istəsən, əgər lazım olsa, bir yaxşı cangüdən də qoşaram sənə, - qoltuq cibindən açılmamış təzə beş

yüzlük avro dürgəsi çıxararaq oğlana uzatdı, - bu, yalnız yol, başqa xırda-para məsrəflərin xərcidir, tapacağın qızın özünü, ailəsini pulla, bahalı hədiyyələrlə ələ ala bilərsən, ehtiyac olsa zəng edərsən yenə göndərərəm; qayıt Vətəninə, nə yolla olursa-olsun, beş-on günə elə bir qızı tapıb gətir bura… Sən mənim varisim, dünyanın ən varlı, ən xoşbəxt kürəkəni olarsan…

Və kürənçə sarıgöz şeytani qəhqəhələrin deyilməz-bilinməz sarıca girdabında təzə avro dürgəsini alıb pencəyinin qoltuq cibinə, ürəyinin başına qoydu…

* * *

İlk dəfə Vətənə qəlbindəki qara alver havasının zülmətində, sarı-sarımsağı gözlərinin iblisanə seylabında qayıtdı. Və tale elə gətirdi ki, Qafqaz dağlarının Xəzərə baxan cənub yamaclarında, ucu-bucağı görünməyən meşələrin yaşıl dünyasına sığınan ucqar bir kənddə -qonşu yurdda axtardığını tapdı. Şeytan qılığıyla tapdığının qəlbinə, ruhuna hakim kəsildi, hətta onun dünya görmüş qoca babasını on günlük Fransa səfərinə də razı sala bildi… Bundan sonra sənədlər düzəltmək bəhanəsiylə təzə diaqnostika mərkəzində qızı tam müayinədən keçirtdirib tibbi məlumatları Parisə göndərərək müsbət cavab aldı…

Sənədlər lazımi qaydada düzəldilmiş, biletlər alınmışdı. Səhər yola duşəçəkdilər.

Qız qocalıb əldən düşən, ayaq üstə güclə dayanan babasının nigaran, dərd daşqını gözlərinə baxıb üşürgələndi, bir dəri, bir sümük əllərini öpüb oxşadı.

- Hər şey yaxşı olacaq, onca günə qayıdırıq, gözlə məni, baba, gözlə.

- Gözləyəcəyəm səni, gözümün nuru, tez gəl, sənsiz yüz Əzrayıl gələ heç yerə gedən deyiləm… Sənin xoşbəxtliyin yeganə istəyim, arzumdur, gözümün nuru.

- Çayı təzə dəmləmişəm, sən çayını içincə şabalıd ağacına dəyib gəlirəm. - Qız babasına çay süzərək belə pıçıldadı və bir göz qırpımında qaçıb getdi.

Sonra meşənin kiçik talasındakı qoşa şabalıd ağaclarının yaşıl dünyasında isti yağışlar yağdı. Qız cavan şabalıd ağacına dedi ki, eşit və agah ol, səni sevirəm, mənim bəyim, şahım, şah palıdım; mənə sabahkı səfərimdən bir söz de, bir işarət göstər; əgər uğurlu səfərdirsə ən uca şah budağından bir yarpaq yetir, əgər uğursuz səfərdirsə ən aşağı budağından bir yarpaq düşür; sən hər şeyi görürsən, bilirsən, taleyimin bu qəfil yolayrıcında xoş bir xəbər ver, müjdə ver, mənim şabalıdım, bəyim, şahım, şah palıdım…

Hava qəfildən bozardı, cavan şabalıd ağacı göz görəsi titrədi, elə bil meşənin balaca talasındakı otlar, çiçəklər də körpə uşaqlar kimi ağlaşdı, ağlaşma səslərindən dünyanın qulağı tutuldu. Və həmin an cavan şabalıd ağacının ən aşağı budağından bir yarpaq qanlı göyərçin qanadı kimi yerə düşdü. Qız heyrət heykəlinə dönə-dönə, qan çanağı gözləriylə qanlı yaşıl yarpağa baxa-baxa diz çökdü, ağ bulud əllərilə üzünü qapadı. Həmin anda özünü yetirən oğlan qızın çiyinlərindən tutub ayağa qaldırdı, onu bağrına basaraq isti öpüşlərə qərq etdi… İblisanə mehr-məhəbbətlə bir an əvvəl olanları unutdurdu. Qanlı göyərçin qanadını ayağıyla əzib yox etdi.

Səhərisi gün qız, ömründə ilk dəfə rayondan Bakıya gəldi, Bakıdan Parisə getdi…

İlk günlər Parisin ən görməli, gəzməli yerlərində oldular, ən bahalı restoranlarında çörək yedilər. Arada qız müxtəlif bəhanələrlə davamlı müayinə, bütöv analiz testlərindən keçirildi…

Üç gün sonra gizli klinikada amansız əməliyyata hazırlanan qızın bərəlib hədəqəsindən çıxan qara-qonur, şabalıdı gözlərində yerlərin daşı-torpağı da hönkürdü, göylərin mələkləri də zülüm-zülüm ağladı…

* * *

Marianna yeddi ayın tamamında fiziki cəhətdən tam bərpa olundu. Kürən, sarıgöz, ucaboy oğlanla ailə həyatı qurmağa, dəbdəbəli toy etməyə hazırlaşdılar. Və toya üç gün qalmış oğlan təzəcə aldığı bahalı avtomobildə qəfil qəzaya düşərək dünyasını dəyişdi.

Milyarderin qızı bir neçə gün ağladı, atasını acı-acı qınadı ki, sevgilimi, mənim xilaskarımı sən öldürdün, bizi xoşbəxt olmağa qoymadın. Günlər, həftələr keçdikcə sakitləşdi, amma qanındakı anlaşılmaz göynəmdən, ruhundakı sarsıdıcı üşüntüdən xilas ola bilmədi. Ona elə gəlirdi ki, nə vaxtsa, haradasa gördüyü yamyaşıl, cavan bir ağac çağırır onu. Gözümün nuru deyə-deyə gözlərinin nurunu itirən tənha, düşkün, bədbəxt qocaya ürəyinin dərinliklərində kömək etmək istəyir, lakin heç nə edə bilmirdi. Bu qəribə, sirli duyğular əzab verir, onu əvvəlki deyən-gülən, bəxtəvər Marianna olmağa qoymurdu. Hərdən hündür daş hasarların dövrələdiyi geniş yaşıllığı gəzir, növbənöv ağaclara diqqətlə baxırdı. Lakin onu çağıran həmin cavan, yamyaşıl ağac burada yox idi. Marianna bilmirdi ki, Qafqaz dağlarının Xəzərə baxan cənub yamaclarında, zümrüd meşənin kiçik çəmənlik - talasında dərddən çərləyən, ayaq üstə quruyan, ölən həmin cavan şabalıd ağacı bir də heç vaxt yaşıl-yaşıl gülməyəcək. Və tək-tənha qalan qollu-budaqlı o biri şabalıd ağacı bir də heç vaxt bar-bəhər verməyəcək. Bir də qəlbin-qanın görünməz göylərində yaralı durna qatarı kimi çırpınan, əzəli yurd yerinə can atan sirri-xuda susqun səsin soyuğu vardı: Mənim sevgim, şabalıdım, bəyim, şahım, şah palıdım….

 

İllüstrasiya:  Pol Sezan (Paul Cézanne) "Parkda ağaclar"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!