Xallı qurbağa - Hekayə - Nurəddin ƏDİLOĞLU

 

Qorabişirən avqust günəşi çöl-bayırı dəmirçi kürəsi kimi yandırıb-yaxırdı. Yulğun kollarının arası ilə uzanan araba yolunun üstündə tövşüyə-tövşüyə sayrışan ilğımlar uzaqdan kiçik gölməçələrə bənziyirdi... Belə isti havada kənddən çox aralandığına görə İbad kişi özünü qınayırdı. Gün günorta olmamış dil-dodağı qurumuşdu, nəfəsi təntiyirdi, susuzluqdan ciyərləri pörşələnirdi. Güclə ayaqlarını sürüyərək özünü Qırxbərənin dikdirinə çatdırdı. Uşaqlıq çağı adına Ana İstil deyilən bu böyük su tutarına yaşıdları ilə çimməyə gələrdilər.

Keçmişdə üç kəndi birləşdirib kollektiv təsərrüfat yaradanda dörd bir yanı dikdirlə əhatəyə alınan istilə çəltik əkinini, bağ-bostanı suvarmaq üçün Gur-gur çayının suyu yığılardı. Yayda çayın suyu quruyanda kəndin qız-gəlinləri xalça-palazları yumaq üçün bura gətirərdilər, at arabası olanlarsa, Ana İstildən evlərinə çəlləklə su daşıyardılar. İstillərin də adı vardı; Bala İstil, Çandıq İstili. Ocaqverdi İstili... Su tutumu böyük olduğuna görə Qırxbərənin dikindəki istilə Ana İstil deyirdilər.

...İndi İbad kişinin Ana İstildə uşaq vaxtı çimdiyi və içdiyi nə göz yaşı kimi o dupduru sudan, nə də ətrafdakı tut bağlarından əsər-əlamət qalmışdı. Elə bil o zaman dəvəyə, filə boy verməyən Ana İstilin gümüşü suları həmişəlik yerin tərkinə gömülmüşdü. Əvvəllər sürüdən qoyun-quzu, naxırdan mal-qara azıb-itəndə kənd adamları onları İstildən yuxarı, qalın və sıx meşəni xatırladan tut bağlarından tapardılar. Artıq iki gün idi ki, İbad o qayğısız uşaqlıq illərini xatırlaya-xatırlaya itmiş boğaz inəyini axtarırdı. Çaladakı yulğunluğu, Muğan xolundakı qamışlığı, Ağ qobudakı ovalığı ələk-vələk eləmişdi... Qorxurdu ki, inək doğsa, balası qurd-quşa yem olar! Ona görə inəyi tapmamış evə dönmək istəmirdi.

Amma susuzluq onu haldan salmışdı. Birdən yadına düşdü ki, böyürtkən yesə susuzluğunu yatırar. Susuz torpağı çat-çat olsa da, Ana İstilin ətrafını xeyli böyürtkən kolları bürümüşdü. İbad elə ilk yaxınlaşdığı kolun üstündə qıvrılıb yatmış ilanı görcək bədənindən soyuq gizilti keçdi. İlandan elə qorxurdu ki, hətta jurnalda, kitabda şəklini görəndə belə əti ürpəşərdi. Səhər tezdən evdən çıxanda ürəyində Allaha yalvarmışdı ki, ağına da, qarasına da lənət oxunan bu qorxunc heyvan rastına çıxmasın!

Alnının tərini silə-silə bir-iki addım geri çəkildi, sonra yavaşca koldan aralandı. Birdən qulağına qurbağaların qurultusu gəldi. Səs Ana İstilin uçulub-dağılmış bəndi tərəfdən - çayın yatağından gəlirdi.

Bəndə çatanda suçu Möhsün kişini xatırladı, astadan: "Qəbri nurla dolsun" pıçıldadı. Kəndin yaşlı adamları ona mirab deyərdilər. Möhsün kişi bağ-bostan yayda susuz qalmasın deyə, Gur-gur çayın qabağına bənd vurub, suyunu Ana İstilə yönəldərdi. Yazın oğlan çağı çaya sel gələndə bəndi də, çayın üstündən keçən körpüləri də bir-bir yıxardı. Sel suyu çəkiləndən sonra çayda irili-xırdalı balıqlar peyda olardı. Belə anlarda kəndin ağsaqqalları-ağbirçəkləri deyərdi ki, Allaha çoxlu-çoxlu şükürlər edin, ay camaat, Novruzqabağı yerin-göyün sahibi el-obaya ruzu göndərib...

İbadın yeniyetmə çağında balıq tutduğu çayın bəndə yaxın yatağı indi yamyaşıl kəz bağlamışdı. Kəzin üzərində qurbağalar atılıb-düşür, sanki oxuya-oxuya rəqs edirdilər... İbad kişi diqqətlə baxanda gördü ki, qurbağaların çoxunun dərisindəki xallar elə durğun suyun üzərindəki kəzin, yosunun rəngindədir.

Kəzi əli ilə aralayıb sudan ovuclayıb içdi. İkinci dəfə suyu götürəndə ovucları arasında ona mat-mat baxan qurbağanı görcək elə bil diksinib yuxudan ayıldı... Qurbağanı kənara tullayıb ayağa qalxdı. Suya təşnə ürəyi bulandı, mədəsində bərk ağrı hiss elədi. Ona elə gəldi ki, ilk ovuclayıb içinə acgözcəsinə sömürdüyü suyla birlikdə mədəsinə qurbağa gedib... Bir-iki dəfə ögüsə də qusa bilmədi. Və təlaş içində geriyə döndü.

 

***

...İbadın çölləmədə boğaz inəyini gəzərkən qanovdan içdiyi kəz basmış su ilə qarnına qurbağa getməsi xəbəri ildırım sürətilə kəndə yayıldı. Heç kim eşitdiyi bu xəbərə inanmaq istəmirdi. İnananlar da ona təcili rayon mərkəzindəki xəstəxanaya getməyi - özünü rentgen aparatında yoxlatdırmağı məsləhət görürdülər.

İbad rentgen otağındakı qadın həkimə utandığından "mədəmdə nəsə var, bərk ağrı verir" - dedi. Həkim ona təbaşir içirəndən sonra mədəsini yoxlayıb "Mədənizdə heç nə yoxdur, maşallah, saat kimi işləyir" - dedi.

İki gündən sonra İbad yenə xəstəxanaya gəldi. Bu dəfə rentgen otağındakı kişi həkim yenə ona ürəyini bulandıran təbaşir məhlulu içirtdi. Mədəsini müayinə edib İbada sağlam olduğunu söylədi. "Doktor, axı baş barmağım boydaydı, özüm gördüm. Gecələr də quruldayır..." Həkim diqqətlə onun baş barmağına baxıb maraqla soruşdu: "Nəyi gördün?" "Xallı qurbağanı... Neçə gündür ki, boğazımdan su da keçmir..." Həkim məsələnin nə yerdə olduğunu biləndə təəssüflə başını bulayıb dedi ki, ay rəhmətliyin oğlu, sənin qarnında qurbağa nə gəzir? "Get, əməlli-başlı ye-iç, sənin qarnın acından quruldayır..."

İbad əli ətəyindən uzun, kor-peşman yenə kəndə döndü. Bu bir neçə gündə xeyli arıqlamışdı. Rəngi-rufu qaçmışdı. Çuxura düşmüş gözlərinin işığı get-gedə azalırdı. İbad kişiyə elə gəlirdi ki, həkimlər ona içirdikləri təbaşir tozundan olan ağ məhlulun içində göyümtül xallı qurbağanı görə bilmirlər. Əlac türkəçarəyə qalmışdı... Amma ara həkimlərə də şübhə hissi ilə yanaşırdı. Arvadı da səhər-axşam deyinirdi: "Belə getsə, ay kişi, üzülüb lap əldən düşəcəksən!.."

 

***

Aradan iki-üç gün də ötüb-keçdi. İbadın başına gələn hal-qəziyyə qonşu kənddə yaşayan məktəb yoldaşı, şair Əli Zamanın da qulağına çatmışdı. Eşitmişdi ki, İbad nə yeyir, nə içir, nə də yatır. Düşünürdü ki, bu minvalla bədbəxt azarsız-bezarsız ömrünü başa vura bilər! Odur ki, təzə nəşr olunmuş şeirlər toplusundan bir-ikisini əl çantasına qoyub İbadgilə yollandı.

İki kəndin arasında sədd nişanı olan çayın üstündəki Taxta körpüyə çatanda nə düşündüsə, çayın kəz bağlamış yatağından baş barmağı boyda bir xallı qurbağanı tutub cib yaylığına bükdü. Əl çantasının yan cibinə ehmalca qoyub sonra yoluna davam etdi.

...Orta məktəbdə dərslərini yaxşı oxuduğuna görə bir çox şagird yoldaşları kimi İbad da Əliyə həsəd aparardı. Məktəbin divar qəzetində bir dəfə Əli ona satirik şeir də yazmışdı. İbad hələ o vaxtı hamının şair çağırdığı Əlidən inciməmişdi. Çünki müəllimlər də Əliyə "ağıllı, bacarıqlı, istedadlı uşaqdı" - deyə hörmət bəsləyirdilər. Keçmiş sinif yoldaşının gəlişinə İbad kişi sevindi. Kitabına baxıb: "çox mübarəkdir" - dedi. Hər ikisi dünyasını dəyişən məktəb yoldaşlarına rəhmət oxuyub, sağ qalanlardan söz saldılar. Qırx-qırx beş il əvvəl məktəbdə baş verən bir-iki məzəli əhvalatı yada salıb güldülər də... Sonra: "- İndi ki, ay İbad, həkimlərə şəkk edirsən, onda mənə yaxşıca qulaq as!" - deyə şair müdrik görkəm alıb, özündən uydurduğu hadisəni belə nəql etdi: "Bunu rəhmətlik nənəmin dilindən eşitmişəm: babam bir dəfə pələmədə bostanın qarovulunu çəkirmiş. El sözüdür, sən də bilirsən, deyir, pələməsiz bağ olmaz! Sən demə, pələmənin taxta tavanının bir küncündə sərçə yuvası varmış, yumurtadan təzə çıxan cıppılı bir ətcəbala düşür su bardağına. Gecənin bir vədəsi kişi bardağı başına çəkəndə sərçə balası gedir mədəsinə. Bu minvalla təşvişə düşüb, üz tutub gəlir evə. Nənəmə qayıdıb deyib ki, içimdə elə bil sərçə cikkildəyir. Nənəm eləməyib tənbəllik, əvvəl yarım çölmək qatığı, sonra üstündə bir kasa ərinmiş camış yağını içirib babama. Kişi sıfraq edəndə, quşun balası da düşüb ləyənin içinə..."

İbadın arvadı söhbətə qulaq asırdı. "Qatığımız var, qardaş, amma camış yağı yoxdur!" - deyəndə şair ərklə dilləndi ki, hansı yağ olur-olsun, fərq etməz!.. Qadın soyuducudan üzərinə "Kərə ləzzətli Möcüzə günəbaxan yağı" yazılmış şəffaf rəngli plastik qab gətirdi. Şair də təcrübəli təbiblər kimi: "Bacı, bu yağı azca isitsən yaxşı olar" - dedi. İbad inansın deyə, şair gətizdirdiyi ləyəni də düz evin ortasına qoydu... "Hə, indi əvvəl qatığı iç, üstündən də "Möcüzə" yağını..."

Boş mədəsi qatıqla dolandan sonra günəbaxan yağı İbadın ürəyini bulandırdı... Ögüyüb ləyənə qusdu. Arvadı doğma əmisi qızı olsa da, çimtəşib üzünü yana çevirdi. İbad növbəti dəfə gözlərini yumub ögüdüyü məqamda şair cəld çantasından cib yaylığına bükdüyü qurbağanı ləyənin içinə atıb: "Hə, İbad, hə, bir də cəhd elə... bir də... bir də..." - deyə-deyə azca kənara çəkildi. Və birdən sevinc hissi ilə qışqırdı: "Əla, alındı. Bərəkallah... Hə, bax, bax, xallı qurbağaya bax..." 

İbad yaşarmış gözlərini silib gah ləyəndəki qurbağaya, gah da şairə baxdı. "Adın Əliyə and olsun ki, mənim qarnıma gedən xallı qurbağa düz baş barmağım boyda idi." Şair onun qabarlı əlindəki baş barmağına baxıb gülümsündü, sonra çox ciddi tərzdə dedi: "Əşi, ay rəhmətliyin oğlu, neçə gündür ki, ac qalmaqdan əriyib çöpə dönübsən, qurbağa da acından arıqlayıb dana..."

İbadın gözlərinə işıq gəldi. Gülə-gülə dedi: "Şair, dana dedin, yadıma boğaz inəyim düşdü. İnşallah, erkək doğsa, balasını sənə bağışlayacam..." Sonra ucadan arvadına səsləndi: "- Əmiqızı, gəl bu şoqəribi apar tulla o yana, özün də biş-düş elə, tez ol, gətir düz süfrəyə..."

Arvadı ləyəni götürəndə şairə ürəkdən təşəkkür edib dedi: "Allah babana da, o təbib nənənə də min rəhmət eləsin, qardaş, düz bir həftədir ki, yuxu üzünə tamarzı qalmışıq..."

17 aprel 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!