Sərdar AMİN
Türkiyədə də belə oldu; bir qrup yaradıcı şəxs toplaşaraq cəmiyyət qarşısında öncə sənət ilğımı yaratdılar. Toplum asta-asta ilğıma sarı gəldikcə həmin yaradıcı gənclər - hansı ki, onlar jurnalist, rejissor, yazıçı, aktyor və digər sənət sahibləri idilər - həmin ilğıma bənzər dekorasiya qurdular, ardınca bu dekorasiyanın arxasında öz sənət əsərlərini yorulmadan sərgiləməyə başladılar. Rejissor film çəkərək "pas"ı jurnalistə ötürür, jurnalist süni piarla bu filmi toplumun həssas nöqtələrinə yaxınlaşdırır, effektiv ortam yaradır, bu ortama cəmiyyətin hörmətlə yanaşdığı yazıçı, aktyor və digər oyun iştirakçıları dəstək olurdu.
Məsələn, Türkiyənin, eləcə də dünyanın məşhur sənətçilərindən olan Cem Yılmaz öz publikasını ləng sənət filmlərinin müəllifi, toplumun diqqətini çəkməkdə aciz olan həmkarı Zəki Demirkubuza yönəldəcək qədər cəsarətli, uzaqgörən və insaflı davrana bilir. Canlı efirdə aparıcının "siz kimin filmlərini sevirsiz?" sualına verdiyi cavabında Cem gücünü toplumun diqqətini oğurlayan, tamaşaçının gözünü qamaşdırıb filmlərilə pul qazanan rejissorların deyil, Nuri Bilgə Ceylan, Semih Kaplanoğlu, Yavuz Turqul, Zəki Dəmirkubuz kimi sənətkarların adını çəkir və ona zillənmiş milyonlarla pərəstişkarını bu rejissorlarla maraqlanmağa çağırır. Təsəvvür edin, canlı efir bitən kimi milyonlarla insan "google"da Z.Dəmirkubuzun, N.B.Ceylanın adını yazır və bu rejissorun filmlərilə maraqlanır. Beləcə, türk kinosu "Yeşilçam"dan "Kann"a yüksəlir.
Bu sözləri qardaş ölkənin ədəbiyyatı, musiqisi və digər sənət sahələri haqqında da deyə bilərik. Əks halda alov, su, vulkan qədər kükrək və dəyişkən bir gücün - toplumun qarşısında incədən də incə incəsənətlə çıxmaq və onların diqqətini çəkmək qeyri-mümkün olar. Fərdi qaydada cəmiyyətə sənət aşılamağa çalışan sənətkarlar zamanla kədərə qərq olmuş, bəziləri intihar etmiş, başqa biriləri isə peşəsini dəyişərək təbiətə xəyanət etmişdir.
Bu birliyi qruplaşma, birləşmə, monopoliya - istənilən sözlə adlandıra bilərsiniz, ən vacib məqam odur ki, həmin birliyin arxasında bərqərar olan sənət uzaq-uzaq üfüqlərdə görünməyə güc tapır. Bir ölkənin sənətlə fəth etdiyi ərazini heç bir sərkərdə geri ala bilməz.
Azərbaycanın ədəbi və sənət mühitində isə "qruplaşma" anlayışı digər sahələrdə olduğu kimi neqativ məqamlarda səslənir. Elektron sənət portalları və yeni ədəbi birliklər ətrafında toplaşan gənclər adətən gücünü həmkarları üzərində göstərir, sənət adına yalnız bir yer varmış və o yer uğrunda mübarizə aparırmış kimi mühiti bulandırır, nəticədə bulanıq bir ənənə yaradırlar. Əksər sənət saytlarına rəhbərlik edən şəxslərin öz yoldaşlarına tez-tez meydan verməsi, yalnız öz təbliğatlarını apararaq digər istedadlı həmkarlarını bu tribunalardan uzaq tutması təxminən 7-8 il ərzində Azərbaycan ədəbi mühitini iflic etdi. Həmin səbəbdəndir ki, hazırda ədəbi mühitimizdə qruplaşan gənclər həmkarları tərəfindən daşlanır. Halbuki saf amal, sənət uğrunda birləşmək və bu birliyin sayəsində öncə öz ölkəndə uyğun müstəviyə qalxmaq, ardınca dünya arenalarına çataraq öz coğrafiyanda boy verən sənəti təqdim etmək gözəl ənənə sayılmalı idi.
Təbii ki, qruplaşmaların neqativ imic yaratmasına səbəb burada toplaşan şəxslərin xidmət etdikləri amalla bağlı olub. Qruplaşmanın gücündən istifadə edərək ədəbiyyata istedadsız şəxslərin sırınması kal, subyektiv zövqə hesablanmış qeyri-bitkin məhsulları "əsl sənət" adı altında oxuculara oxutmaq və s. kimi əməllər də "qruplaşma" anlayışına xələl gətirib.
Təəssüf ki, yenidən mühitimizdəki qruplaşmaları pisləməyimizlə və gileyi davam etməyimizlə də az əvvəl dediyim bulanıqlığa xidmət etmiş oluruq.
Nə gözəl ki, artıq əsl sənət ətrafında yekdil olan, müxtəlif bacarıqlarını birləşdirərək avanqard mövqe tuta bilən sənət adamları yetişir. Ümid edək ki, sənət ocağı ətrafına toplaşan bu şəxslər tezliklə ədəbi mühitimizdə əsl qruplaşma ənənəsini yarada biləcək və bütün sənət adamları müqəddəs amal uğrunda - əsl sənət naminə bir-birinə dəstək verməkdən usanmayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!