Daniel Defonun Robinzonu kimdir? - Azər QİSMƏT - Azər QİSMƏT

Azər QİSMƏT

Dünyada elə oxucu tapılmaz ki, Robinzon Kruzonu tanımasın. Onun kimsəsiz adada illərlə yaşaması, Cüməni tapması, hər gün sahildə xilaskar gəminin görünəcəyi ümidi ilə gözləməsi, doğma dilini unutmamaq üçün tutuquşu ilə dərdləşməsi kimin ürəyini sızlatmayıb ki? Bu əsər təkcə sızıltı yaratmayıb, qəhrəmanın həyatından nümunə götürüb, oxucuları mətinləşdirib, çətinliklərin öhdəsindən gəlmək iradəsi formalaşdırıb. Robinzonun yaşadıqları hər birimizin başına gələ bilər. Çünki əsəri oxuyarkən istər-istəməz belə bir sualı özümüzə veririk: "Əgər mən kimsəsiz adaya düşsəydim, sağ qalardımmı? Yaşamaq üçün nə edərdim?" Belə suallar romanı sona qədər oxumaqla çox verilir.  

Daniel Defonun Robinzon Kruzonun məcaraları barədə yazdığı kitab hələ də oxunur. Ancaq oxuculara maraqlı gəlir ki, Robinzonun prototipi doğrudanmı şotland Aleksandr Selkirkdir? Tədqiqatçılat daha çox Selkirkin üzərində dayanırlar. Ancaq digər qəhrəman da mövcuddur ki, bu barədə bir azdan qeyd edəcəyik. Hələliksə baxaq görək Aleksandr Selkirk kimdir və onun adada 4 il qalmasının səbəbi nə olub?

Taleyin Aleksandr Selkirkə yazdığı bəxti çoxlarına arzulamırlar. Belə bəxtsizlik çox az adama nəsib olar. Bəlkə də bu, onun ədalət axtarmasında olub. Həm də çılğınlığı da həyatını çətinliyə salıb. O, 1679-cu ildə çoxuşaqlı ailədə dünyaya göz açıb. Gənclik illərində evdən qaçıb və 1703-cü ildə "Loe Sinko Puetros"gəmisində dənizçi olub. Həmin gəmi dəniz qulduru Uilyam Dampirə məxsus imiş. Qənimət əldə etmək məqsədilə gəmini gah Cənubi Afrikaya, gah Hind və Sakit okeanlarına, gah da Cənubi Amerikaya üzdürərmişlər. 1704-ci ildə Selkirk"Beş liman" adlı gəmiyə bosman vəzifəsinə təyin edilir. Qənimət ardınca səfər gəmini Çili sahillərinə gətirib çıxarır. Həyəcanlı xəbər yayılır: "Gəmidə sızma var". Bosman hesab edir ki, onu yaxınlıqdakı adada təmir etmək lazımdır. Kapitan isə düşünür ki, onun təmiri limanda aparılmalıdır. Tərəflər arasında mübahisə yaranır. Kapitanın onu qorxaq adlandırmasından sonra Aleksandr tələb edir ki, "məni yaxındakı adada düşürün". Kapitan sözəbaxmaz bosmandan canını qurtarmaq üçün çox həvəslə bu tələbi yerinə yetirir. Əmr edir ki, sandıqda onun üçün paltar, neçə günlük qida, tütün, bıçaq, çaydan və balta qoysunlar. Aleksandrın özünün isə tapançası, barıtı vardı. Təqvimdə 27 oktyabr 1704-cü il idi.

Yalnız sahilə enən zaman Selkirk taleyinin necə çətin olacağını anladı. Belə hesablamışdı ki, yaşayış məntəqəsinə yaxın adada düşəcək, ordan da vətəni Şotlandiyaya getmək asanlaşacaq. Əfsuslar olsun ki, ada yaşayış məntəqəsindən uzaqda yerləşirdi və Çilinin uzaq adası sayılırdı. O, qışqırıb yalvardı ki, yenidən gəmiyə mindirsinlər, lakin gec idi. Kapitan isə gəminin jurnalında yazdı ki, "bosman Aleksandr Selkirk itkin düşüb". Lakin Aleksandr nahaq yerə qışqırıb-yalvarırdı. Çünki neçə saatdan sonra həmin gəmi tufanda sulara qərq olaraq batdı, bütün dəzinçilər faciəli şəkildə öldü. Digər ehtimala görə gəmi quldurlar arasındakı ənənəvi dava zamanı batıb.

Aleksandr neçə gün dəniz sahilindən çəkilməyərək ümid etdi ki, hər hansı gəmiyə mindirilər. Ancaq anladı ki, bu ada çox uzaqdadır, ona görə də həyatını qurmalıdır. Bəxti onda gətirdi ki, adada vəhşi heyvanlar yaşamırdı, hərdən iri siçovullar gözünə dəyərdi. Bu yırtıcılardan çox qorxardı. Ancaq yenə bəxti gətirdi. Günlərin birində hansısa gəmi sahilə yan alanda içindən xeyli sayda pişikləri buraxıblar. Həmin pişiklər siçovulları yeyib qurtardı.

Adada keçilərin olması isə onu sevindirdi. Onları ovlayar, ətini bişirib yeyər, dəriləri ilə həm özünü soyuqdan qoruyar, həm də düzəltdiyi alaçığa sərərdi. Bəlkə də 1709-cu ilin fevralın 1-də ingilis Vuds Rocersin başçılığı altında üzən "Hersoqinya" gəmisi sahilə yan almasaydı, Aleksandr Selkirk kimsəsiz adada dünyasını dəyişəcəkdi. Gəmi heyətinin üzvləri adaya gələrkən qəflətən pırtlaşıq saçlı insanabənzər məxluq gördülər. Bəzi tədqiqatlara görə dənizçilər onun əl-ayağını bağlayıb gəmiyə gətiriblər. Kapitan Rocers sonralar yazacaqdı: "Bir müddət keçdi, dənizçilər mənə keçi dərisini çiyninə salan kişini gətirdilər. Onun 30 yaşı olardı. Ancaq bu kişi qısa vaxt ərzində özündə güc tapıb normal həyata qayıtdı, qaynayıb-qarışdı". Aleksandr Selkirk adada 4 il 5 ay yaşamışdı. Demək olar ki, ingilis dilini unutmuşdu, kapitan Rocers ona yenidən dili öyrətdi.

Selkirk 2 il "Hersoqinya" gəmisində okeandan-okeana üzdü, dəniz qulduru oldu. Yalnız 1711-ci ildə İngiltərəyə qayıtdı. Ancaq ömrünün sonuna qədər həmin ada üçün darıxdı. 1712-ci ildə həmin quldur gəmisinin kapitanı Vuds Rocersin "Dünya ətrafında səyahət" adlı kitabı nəşr edildi. Kapitan həmin kitabda Aleksandr Selkirk ilə qarşılaşmasından da yazıb. Bu əhvalatla jurnalistlər də maraqlandılar. Riçard Stil adlı məşhur jurnalist ondan müsahibə alaraq "İngilis" adlı məqaləsində həyatını geniş şəkildə işıqlandırdı.

Aleksandr Selkirk 42 yaşında vəfat etdi. 1719-cu ildə isə Daniel Defonun məşhur romanı dərc olundu. Robinzon Kruzo adı bütün dünya oxucularının dilindən düşmədi. Araşdırmalara əsasən Daniel Defo əsərini Selkirkin həyatına əsasən yazıb. 165 ildən sonra Çilinin "Mas-a-Tyerra" adasında Daniel Defonun abidəsi qoyuldu. 1960-cı ildə adaya Kruzo adı qoyuldu. İndi isə Aleksandr Selkirk adlandırılır. Daha orada keçilər və iri siçovullar yaşamır. Adaya adamlar köçüb, 600-ə yaxın sakini var. "Aldea de Daniel Defo" adlı otel, "Cümə" adlı kafe, "Kruzo" adlı körpü tikilib, Selkirk adlı mağara da turistlərin ixtiyarındadır. Selkirkin hər hansı xilaskar gəminin gəlməsinə ümidlə baxdığı təpədə indi turistlər uzaqlara baxırlar. Həmin adaya müntəzəm marşrut olmadığından, ora getmək elə də asan deyil. Turistlər arasında Daniel Defo yaradıcılığının pərəstişkarları üstünlük təşkil edir. Bəlkə də yazıya burada nöqtə qoymaq olardı. Əgər digər prototiplə bağlı mübahisələr ortaya çıxmasaydı. Həmin prototip Pedro Serranodur.

Defo yaradıcılığının tədqiqatçılarının yarısı hesab edir ki, yazıçı dənizçi Serranonu da nəzərdə tuta bilərdi. Bu əhvalat Aleksandr Selkirkdən əvvəl baş verib. Maraqlıdır ki, Pedro da Çili sahillərində kimsəsiz adaya düşüb. Gəminin tufana düşməsi nəticəsində Pedro möcüzə nəticəsində xilas olub. İri dalğa onu adaya doğru yönəldib. Aleksandrdan fərqli olaraq onun yalnız bıçağı vardı. Ocaq yandırmağa kibrit çöpü də yox idi. İlk günlər qumluqdan tapdığı müxtəlif böcəklərlə qidalansa da, bununla yaşamaq çətinlik yaradırdı. Yaxın gələcək ona yaxşı heç nə vəd etmirdi. O, hətta intihar barədə də düşünürdü. Lakin günlərin birində gördü ki, sudan iri tısbağalar çıxır. Qaçaraq tısbağanı yaxaladı. Sonrakı günlər çiy tısbağa əti ilə mədəsini doyurdu. Ancaq necə də isti yeməyin həsrətində idi. Bir dəfə özünü təhlükəyə ataraq qayalığa dırmaşdı. Ordan bir neçə parça qopara bildi. Çaxmaq daşı kimi bir-birinə sürtüb od yaratdı. Pedro arzusuna çataraq isti xörək yedi. Odun əldə edilməsi həm də uzaqdan gələnlərə siqnal rolunu da oynamaq cəhətdən əhəmiyyətli sayılırdı. Darıxdığı günlərin birində gördü ki, kimsə sahildə gəzir. Onlar bir-birindən qorxub qaçanda Pedro yalvardı ki, "Müqəddəs İsa, məni şeytandan xilas et". Həmin adam gördü ki, qarşılaşdığı da onun kimi insandır, yaxına getdi. Tanış oldular. Sən demə, başqa gəminin batması onu da bu adaya atıb. Bir-birini qucaqlayıb ağladılar. Aylar keçdikcə bir-biri ilə dalaşıb-barışırdılar. Hər ikisi 7 il adada yaşadı.

Nəhayət, sahildə gəmi göründü. Gəmi heyəti meymunabənzər adamları görəndə qorxub qaçdılar. Hər iki dənizçi yalvarıb xilas edilməsini qışqırdılar. Gəmidəkilər onların insan olduğunu biləndə yenidən sahilə yan aldılar. Onlar xilas edildi. Bir neçə saatdan sonra Pedronun dostu vəfat etdi. Çox güman ki, sevindiyindən ürəyi dözməmişdi. Pedronun özü isə İspaniyaya qayıtdı.

Mübahisələrin mövzusu hələ də açıq qalır. Defo Aleksandr Selkirk, yoxsa Pedro Serranonu nəzərdə tutub? Fakt bundan ibarətdir ki, hər ikisi adada tək qalıb. Digər fakt budur ki, hər ikisi məhz Çilinin yaxınlığındakı adaya düşüb. Düzdür, ayrı-ayrı adalar olsa da, hər halda oxşarlıq var. Yazıçının özü isə bu barədə az danışıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!