Luvrda hadisə - Hekayə - Vüsal NURU

Luvr muzeyində ağlı başdan alacaq bir hadisə baş verib. Çox adam buna inanmasa da, mən şahid olduğum üçün hələ də heyrət içindəyəm. Turistlər  gəzə-gəzə gəlib Mona Lizanın o təbəssümlü portretinin qarşısında durmuşdular. Bəzisi maraqla,  heyrətlə baxır, bəziləri soyuq və anlamsız baxışlarını portretə dikir, bəziləri də Mona Lizanın yeddi arxa dönəninə bələd olan ən yaxın qonşusu kimi ağzını əyə-əyə göz süzdürürdü. Bomba kimi xəbərləri ürəklərində saxlamışdılar. Hadisə də elə bu kamikadze adamların söhbətə qarışmasıyla başladı və Luvr muzeyində dəhşətli partlayış oldu.

Bələdçi qadın da Vinçidən  ağız dolusu danışandan sonra, sözünü hərləyib, fırlayıb Liza xanıma gətirdi.  Üzünü portretə çevirib, ürəyində: "Əlimi üstünə xeyirə uzadım" - deyib, tamaşaçılara bu əbədi yaşayan, sirli, müəmmalı qadından danışdı. Danışdı deyəndə ki, bildikləri bir neçə sətirlik söz lent yazısı kimi dilində səsləndirdi. Nə vaxt gəlsəydin, bu bələdçidən Liza xanım haqqında bundan artıq-əksik bir kəlmə də eşitməzdin. Çox vaxt suallara da doğru-düzgün cavab vermirdi. Bombanın fitilini yandıran bir qoca italyanın sualı oldu. Başı əsə-əsə, cır səsilə soruşdu ki, bu Mona Liza xanımın da Vinçiylə eşq macərası olubmu? Yəni onun yatağına girib-girməyib? Bələdçi qeyri-ixtiyarı çevrilib Lizanın üzünə baxdı və gördü ki, qadının üzünün cizgiləri dəyişib, yanaqları allanıb, amma hələ qımıldanmır, kirpiyini də qırpmır, bir az təbəssümü açılışıb, amma yenə də qarşısındakı turistlərə baxır. Ağzını doldurub kişiyə cavab vermək istəyirdi ki, sözü ağzında qaldı. Təxminən o kişilə yaşıd olan şlyapalı, əlcəkli fransız qadın əminliklə dedi:

- Bu qadın da Vinçini yoldan çıxarıb. Heç bilirsiniz kim olub? Da Vinçinin dostu Vilyamın arvadı. Bəli, arvadı. Bu portreti çəkdirmək bəhanəsilə hər gün da Vinçinin emalatxanasına gedirmiş. Orda nə hoqqadan çıxırmışlar desəm, bu yaşımda abrım tökülər. Vilyam da elə bilirmiş dostu onun arvadının portretini çəkir.

- Nəticədə ortada portret var. - Kimsə boğazını uzadıb dedi.

- Bəli, var. - Fransız nənə onun sözünü təsdiq edib dedi. - Əxlaqsızlığın portreti var! - əlavə elədi.

Bələdçi nəsə demək istəsə də, ona qulaq asan yox idi, mövcudluğu unudulmuşdu. Hərdənbir çevrilib altdan-yuxarı Mona Lizanın haldan-hala düşən üzünə baxır, dodağını çeynəyirdi.

- Yalandı! - Bir alman qadının hökmlü  etirazı başları ona tərəf çevirdi. -  Bu qadın - o əlini portretə  Hitlerin hərbi salamı kimi uzatdı. - Alman qadınıdı.  da Vinçi onun simasında faşistlərə dünya əhəmiyyətli mesajlar göndərib. Ona görə bu günə qədər şəkil üzərində tədqiqatlar davam edir. Hələ də nəsə axtarırlar. Amma gecdi. Göndərilmiş mesajı alman xalqı çoxdan alıb.

- Belə çıxır ki, da Vinçi yəhudilərin düşmənidi.  Mona Liza da faşist kəşfiyyatçısı olub. - Qara panamalı yəhudi dərhal dilləndi və əsl düşmənini aşkarlamış kimi özünü hamıya göstərməyə çalışdı.

- Sizin sözləriniz uydurma və cəfəngiyyatdan başqa bir şey deyil. - Orta yaşda olan iri gün eynəkli, bərbəzəkli turist qadın dillənməyə fürsət tapdı. - Cənablar, Mona Liza böyük bir ittifaqın sədri olub. Deyək ki, lap elə bir şirkətin sahibəsi imiş. da Vinçi orda olmaq üçün bu hegemon qadının qılıncının altından keçib. Yəni, onun şəklini çəkib, rüşvət olaraq qadına verib. Yerini isti salıb. Başa düşürsünüz də? Deyib, səni ömür boyu məşhur edəcəm.

- Bəs sonra? - Kimsə maraqla soruşdu.

- Sonrası məlum məsələdir. Belə şəkildən sonra hansı qadın özünü ehtiraslı Leonardoya təslim etməz?

- Mənim aldığım dəqiq məlumata görə rəssam bu qadından puluna  və şöhrətinə görə istifadə edirmiş.  Cənablar, məlum məsələdir ki, aylarla emalatxanasından çıxmayan rəssam da qidalanmalıdır, ona lazım olan əşyaları əldə etməlidir.  Bunların hamısını şəhvət düşkünü olan qadının sayəsində görüb. Çünki bu qadın, hər şeyi əldə edəndən sonra dahi rəssamı da öz əşyasına çevirmişdi. Bu şəkli də sübut üçün çəkdirib. Rəssam özünü fahişə kimi satıb.

Hər tərəfdən heyrət nidaları eşidilirdi.

- Yox! da Vinçi bu qadını zorlayıb, öldürüb. Sonra da cəsədi belə geyindirib, oturdub bax eləcə, portretini çəkib. Bu əsərin ilk adının  "Ölü təbəssüm" olduğu təsadüfi deyil. Hamıya məlumdur ki, da Vinçi qəribə eksperimentləri sevirdi...

- Boş sözlərdi, cənablar. Mister Leonardo da Vinçi əslində gey olub. Odur ki, sizin bilgiləriniz kökündən yalnışdı. O, incə ruhlu, kübar bir adam olub. Məsələn, mənim kimi...

- Bu cənab doğru deyir. Əslində Mona Liza Leonardo da Vinçinin qadın formasıdır. O özünü belə hiss edirdi, daxilindəki qadını belə görürdü. Hətta gecələr də evdən bu şəkildə çıxırmış... İkili həyat yaşamaq maraqlıdır.

- Mən eşitmişəm ki, tədqiqatçılar, böyüdücüylə onun gözlərinin dərinliyinə baxıblar. Orda bizim dildə "Allahu-əkbər"  yazılıb...  Bu, Allah-taalanın bizə göndərdiyi mesajdı. Kafirlərə ölüm! - Kişi yumruğunu havaya qaldırıb bağırdı.

Qırmızı lentin qarşısına toplanmış adamların səs-küyü getdikcə yüksəlirdi. Uçan, vızıldayan milçəyi muzeyin sükutunu pozduğuna görə tutub, qolunu, qanadını, başını qopararaq ağır işgəncələrlə öldürən güvənlik ortalıqda görünmürdü. Bələdçi turistləri sakitləşməyə çağırsa da, səsi hay-küydə boğulurdu.  Alov dilləri kimi qalxan ittihamlar ortalığı qızışdırmışdı. Əlini əlinin üstünə qoyub dinməz-söyləməz öz çərçivəsində oturmuş Mona Lizanın döşünə şərəfsizlik ordeni kimi taxılmış, cəmiyyətin bütün əxlaqsızlığı taleyi kimi alnına yazılmışdı. da Vinçi illərlə fəth etdiyi zirvədən bir neçə dəqiqədə kəllə-mayallaq yerə gəlib bu bir topa turistin ayağı altında sərilmişdi.

Başqalarını ittiham etməyin bu qədər asan və geniş yayılmış peşə olduğu bir  zamanı Mona Liza gəldiyi tarixə qədər görməmişdi. Zavallı qadının üzünü qaşımışdılar, quru damardan qan çıxarmışdılar. Odur ki, qadının hövsələsi kəsildi, səbri daşdı, hirslə-hikkəylə ayağa durdu. Qurşağa qədər çərçivədən çıxdı. Elə bil pəncərədən boylanıb həyətdə onun qeybətini qıran çənədən saz qonşuların üstünə arından-abrından keçib dilləndi. Sağ əlini çərçivədən tutub, sol əlini qabağa uzadaraq  tribunadan çıxış edən inqilabçı kimi bağırdı:

- Susun! Gedin öz şəklinizi qarşınıza qoyun, yaxşı-yaxşı baxın. Siz kimsiniz? Varlığıyla insanlığı öldürmüş qatillər! Peşəniz qarşınızdakı adamları alçaltmaqdı. Çünki sizdən artıq olanlar sizin əksikliyinizi göstərir.  Bütün müqəddəsləri öz günahlarınızla bəzəyirsiniz. Budur sizin əxlaqınız! Əliniz qanlı, gözünüz xaindi. Qarşınızdakı adamları öldürməklə cəsədlərin arxasında gizlənə bilməzsiniz! Bütün pisliklər sizi xatırladacaq. Gedin, kim olduğunuzu özünüzdən soruşun! Rədd olun!

Turistlər bir-birini itələyə-itələyə çıxışa doğru qorxub qaçanda Mona Liza onların dalınca bir müddət nifrətlə baxdı, təəssüflə başını buladı və qayıdıb yerində oturdu. Həyəcandan, əsəbdən əlləri əsirdi. 

Bələdçi portretin üstündə yanan işığı söndürüb iti addımlarla otaqdan çıxdı ki, şərlənmiş qadının əsəbləri soyusun.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!