Koko Şanel, Kristian Dior, Versace... Və Qrenuy - Xuraman HÜSEYNZADƏ - Xuraman HÜSEYNZADƏ

Xuraman HÜSEYNZADƏ

Həyatımıza gözəllik verən, rəng qatan ətirlərdən danışanda ilk ağlımıza gələn güllər, çiçəklər, müxtəlif bitkilər olur. Çünki ən gözəl ətirləri bizə bəxş edən onlardır... Təbiətin insana hədiyyə etdiyi bu gözəl ərməğandan danışırıqsa, ilk yadımıza düşən hansı əsər olur? Əlbəttə ki, Patrik Züskindin "Ətriyyatçı" romanı. Adı "Ətriyyatçı" olan roman başlanğıcda oxucunu üfunətlə qarşılayır. Fikirləşirsən: əcəba, ətir, ətriyyatçı hara, bu iyrənc mənzərələr hara? Bu nə "sürpriz" idi belə?

"Ətir - nəfsin qardaşıdır"- deyir yazıçı. Gəlin, "nəfsimizin qardaşı" haqda Patrik Züskindin yazdığı romanın əvvəlinə nəzər salaq əvvəlcə.

 

Üfunətlə başlayan həyat...

17 iyul 1738-ci ildə dünyaya gəlir Jan-Batist Qrenuy. Şəhər üfunət içərisində idi həmin vaxt. İsti də bir tərəfdən camaatı girinc eləmişdi. Qrenuyun anasının sancıları başlasa da, o, balıq piştaxtasının arxasında durub vedrədən çıxardığı balıqları təmizləməklə məşğul idi. Səhər Sena çayından tutulmuş balığın iylənməsinə baxmayaraq, Qrenuyun anası bunun fərqində deyildi. Çünki onun iybilmə qabiliyyəti itmişdi. İndi onun bir istəyi vardı: Qarnında yaranmış sancı bitsin və doğuş tez başa çatsın. Beş qarın uşaq doğan qadının bütün doğuşları balıq piştaxtasının arxasında keçmişdi. Bütün uşaqları yarımcan, ölü doğulan qadının bu uşağı belə doğulmadı amma. 

Həmin tarixdə dünyaya gələn uşağın taleyi ovaxtkı fransalı uşaqlardan fərqli olmasa da, o, fiziki və psixoloji cəhətdən fərqli idi. Natəmiz, üfunətli məkanda doğulan Qrenuy qoxubilmə qabiliyyətinə görə çox fərqlənirdi, hətta bu cəhətdən xüsusi istedada malik idi. Belə ki, o, nəinki bütün qoxuları bir-birindən ayırırdı, hətta kilometrlərlə uzaqda belə o qoxuları hiss edirdi. Amma... Özünün qoxusunun olmadığını anlayan gün o qatilə çevrilir...

 

Uşaq kimi qoxmayan Qrenuy

O dövrün Fransasında kəndlər, küçələr, yollar çirkab, üfunət içindəydi. Belə şəraitdə dünyaya gələn Qrenuyun anası əvvəlki uşaqlarını öldürdüyü üçün edam edilir. Uşaq başqa bir qadına verilir. Süd anasının diqqətini çəkən cəhət uşağın digər körpələrə bənzəməməsi idi. Yeni dünyaya gələn uşağın insan kimi qoxmamasını görən süd anası bir şeytan olduğunu düşünərək onu pul qarşılığında keşişə verməyi düşünür. Normal uşaq kimi qoxmayan Qrenuy həyata gülümsəyir…

Keşiş də körpənin normal olmadığını söyləyərək qadının təklifini rədd edir. Lənətlənmiş uşağı başından rədd etmək istəyən süd ana çarəni başqa qadında tapır və uşağı ona verir. Körpəni verərkən üstündə pul da ödəyir və böyük bir yükdən xilas olur. Qrenuy, madam Qayyarın evində böyüməli olur. Evdəkilərin diqqət göstərmədiyi uşaq sevgisiz şəkildə həyata addım atırdı...

Qrenuy, qeyri-adi istedad sahibi idi. Bu istedadın insanları öldürə biləcək hala çatması hər kəsi qorxutmağa başlamışdı. Yetkinlik çağına gələn Qrenuy dəri dükanında çalışaraq onu sevməyən ailəsinin gözünə girmək istəyirdi. Onun böyük xəyalı ətriyyat dükanı açmaq idi. Qoxular mövzusunda adı dillərdə gəzən Qrenuyu Fransanın öndə gələn ətriyyatçısı dəriçidən satın alaraq yanında işlətməyə başlayır. Burada çalışan Qrenuy müdirinə gözəl qoxular hazırlayıb təqdim edərək qısa zamanda işləri yoluna qoyur. Beləcə işləri düzələn müdir daha yaxşı pullar qazanır.

Qrenuyun yalnız bir amalı vardı: xüsusi  güclərə sahib bir insan ətiri hazırlamaq. Əvvəllər bunun necə hazırlanacağını bilməsə də, illər keçdikcə özünün qeyri-sağlam hisslərinin əsirinə çevrilir Qrenuy. Bu məqsədlə Qras  şəhərinə gəlir və qurbanlarını burda tələyə salır. Fransanın Aralıq dənizi sahillərində yerləşən kiçik şəhər olan Qras XIX əsrdən parfümeriya paytaxtı kimi məşhurlaşıb. Qrenuy da ətriyyat sənətinin sirlərinə yiyələnmək üçün məhz bu şəhərə üz tutur. Ümumiyyətlə, bu şəhərdə məktəb keçməyən insanın yaxşı ətriyyatçı kimi formalaşmasının çətin olduğu deyilir...

 

İnsan ətiri...

Oxucu, Qrenuyu gözəllik aşiqi hesab etsə də, əsərin süjeti, baş verən hadisələr bunun yanlış düşüncə olduğunu göstərir. Onu gözəllik maraqlandırmırdı. O, gözəlliyə, vücuda ətri üstündə olduğu müddətdə dəyər verirdi. Normal insan kimi şəhvani hissləri olmayan qəhrəman başqalarını ağılsız hesab edirdi: "Onlar o qədər ağılsızdırlar ki, burunlarından ancaq asqırmaq üçün istifadə  edirlər. Ona görə də deyirlər ki, bu qızın gözəlliyinə, zərafətinə heyran olublar." İstədiyi qoxunu əldə etmək üçün ətir hazırlamaq sevdasına düşən Qrenuy Qrasda 24 ən gözəl yeniyetmə qızı qətlə yetirir. İstədiyi qoxunu alması üçün bir qız qalır ki, o da şəhərin ən gözəl qızı Laura olur. Atası Lauranı nə qədər qorusa da, Qrenuydan xilas edə bilmir. Nəhayət, Qrenuy məqsədinə nail olur. O, 25 qızın qoxusundan ətir düzəldir. Ətir hazır olduqdan sonra qatil tapılır və onu edam kürsüsünə çıxarırlar. Qrenuy özü də doğulan gün ağlayıb səs-küy yaratmış və anasının övlad qatili olmasının üstünün açılmasına səbəb olmuşdu. Yeniyetmə qızların bədənindən ətir hazırlamaq fikrinə düşən Qrenuyu oxucu mazoxist hesab edə bilər. Sadizm işartıları, manyakal xüsusiyyətlər onu elə bir istəyə sövq edir ki, əsəri həyəcansız oxumaq olmur.

O, yeniyetmə və gözəl qızların ətirlərini xüsusi üsullarla hazırladığı maddələr vasitəsilə kətan parçaya hopdurub ondan ətir hazırlayır. Həmin ətir iyirmi beş yeniyetmə və gözəl qızın faciəli ölümünə səbəb olur... Ətri hazırlamaqda məqsəd isə insanlarda şəhvani  hisslər oyatmaq idi. Nə qədər paradoksal olsa da, Qrenuy ədəbiyyatda "parfümer" - ətriyyatçı kimi qala bilir. Çünki bu cür manyak qatili ikinci dəfə heç bir yazıçı yarada bilmir. Təbii, plagiatlıq ola bilərdi, oxucu bir daha ikinci Qrenuy haqda oxumaq istəməzdi. Və ideyanın müəllifinə - yazıçıya qarşı da haqsızlıq ola bilərdi. Patrik Züskind "Ətriyyatçı" vasitəsilə bir yeniliyə imza atdı və yeniyetmə qızların bədənindən ətir hazırlamaq ideyasının müəllifini - Qrenuyu yaradaraq ətrin nə demək olduğunu anlatdı. İyrənc, dəhşətli şəkildə olsa belə...

 

Nəfsin qardaşı - ətir

Paris deyiləndə ilk ağıla gələn həm də ətir olur. Koko Şanel, Kristian Dior, Versace və başqa dünyaca məşhur modelyerlər yetişdirən Fransa kimi ölkədə, fransız ətirlərinin qərinələrdir, əsrdən çoxdur dominantlıq etdiyi dövrlərdə birdən-birə Qrenuy kimi düşüncə sahibinin meydana çıxmasına nə səbəb ola bilərdi ki?  Bəlkə yazıçı, gül-çiçəkdən və digər bitkilərdən ətir hazırlamağın asan olduğunu düşünüb və diqqəti başqa məcraya yönəldib?! Axı Paris piştaxta altında doğulan manyak birinin tərənnüm edəcəyi ölkə deyildi... Elə parfümlər, gözəlliklər diyarının bu cür iyrənc mənzərələrlə təsvirinə başlamasından yazıçının diqqəti başqa səmtə yönəldəcəyi məlum olur. Kim bilir, bəlkə də bu qədər natəmizlik, çirkab olmasaydı, heç bu gözəl ətirləri, qoxuları icad etməyə də ehtiyac olmazdı?..

"Ətir - nəfsin qardaşıdır" - deyən Patrik Züskindin "Ətriyyatçı"sı "nəfsinin qardaşı"nın qurbanına çevrilir. O, hazırladığı ətrin şüşəsini əlində tutub gedir: "Ətir şüşəsi demək olar ki, dolu idi... O, istəyirdi ki, Parisdə on min deyil, yüz minlərlə insanı ona valeh olmağa məcbur etsin. Və ya Versala gəzməyə gedərdi ki, kral onun ayaqlarını öpsün. Papaya ətirlənmiş məktub göndərə və hamının qarşısında yeni Məsih kimi peyda ola bilərdi; kralları və imperatorları onu Notr-Damda  ən böyük padşah elan etməyə, ümumiyyətlə, Allahı padşah kimi taxta çıxarmaq olarsa, onu yerdə Allah elan etməyə məcbur edə bilərdi… İstəsəydi, o, bunların hamısını edə bilərdi. Bunun üçün o, hakimiyyətə malik idi və həmin hakimiyyəti əlində tutmuşdu. Bu hakimiyyət pulun, terrorun və ölümün hakimiyyətindən daha güclü idi. Bu, insanlarda məhəbbət yaratmaq hakimiyyəti idi. Və bu hakimiyyət ona yalnız bir şeyi verə bilməzdi: şəxsi bədəninin qoxusunu. Və qoy o, həmin ətir sayəsində bütün dünyanın qarşısında Allah kimi dursun - bir halda ki, o, özü qoxuya bilmir, buna görə də heç vaxt kim olduğunu bilməyəcək; onda ona heç nə lazım deyil - nə bütün dünya, nə özü, nə də öz ətiri." 

Yazıçı, Qrenuyu çox soyuqqanlı təsvir edir. İnsanları qətlə yetirməsi, onların ölümünə səbəb olması onu qətiyyən narahat etmir. Həmişə arzusunda olduğu məqsədə - insanların sevgisini qazanmaq arzusuna  çatdıqda isə o, bundan əndişələnir. İnsanların bu möcüzəvi iksirin köməyilə onu sevmək məcburiyyəti qarşısında qalması Qrenuya xoşbəxtlik yox, bədbəxtlik gətirir. Yaxınlığında dünyaya göz açdığı cəhənnəm qoxulu "Günahsızlar qəbiristanlığı"na gəlir və burada insanlara olan ikrahından onlar tərəfindən məhv edilməsinə səbəb olur. Bu, onun öz əməllərinə özünün qiymət verməsi, bəraət almaq, öz ölümünə şərait yaratmaq cəhdi idi. Həmin ətrin təsiri ilə məhəbbət onların gözünü tutur və  vəhşi ehtiraslarına məğlub olaraq Qrenuyu parça-parça edib yeyirlər. Patrik Züskind bununla kütlənin sevdiyi qəhrəmanların əksərinin sevginin qurbanına çevrildiyini deyir…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!