Adım İbrahimdir - Hekayə - Ümid NƏCCARİ

 

Kürəyimi vaqonun divarına söykəmişdim, telefonumdakı şəkillərə baxmaqla məşğul idim. Sonuncu stansiyada düşəcəkdim, səbirsizliklə adının çəkilməsini gözləyirdim. Telefonumu söndürüb cibimə qoydum. Başımı qaldırdım, gözüm üzbəüz oturacaqda əyləşmiş sarı saçlı, qəşəng geyimli qıza sataşdı. Bir əli ilə dizlərinin üstündə ağ rəngli kiçik çantasını tutmuşdu, o biri əli ilə telefonu ilə oynayırdı.

Hərdən əlini çantasından çəkib üzünə səpələnən sarı saçlarını yana itələyirdi. İncə barmaqlarının hərəkəti, mimikaları o qədər ecazkar idi ki... Heyrət dolu baxışlarımı ondan çəkə bilmirdim, bir neçə dəqiqə olardı ki, gözlərim ona sarı zillənmişdi. Görünür,  ona zillənmiş bu israrlı baxışı hiss etdi, telefonundan gözlərini çəkib mənə sarı baxdı.

O qızın gözləri gömgöy idi və geyindiyi sarı köynəklə möhtəşəm rəng harmoniyası yaratmışdı. Hollivudun seçilmiş aktrisalarına bənzəyirdi. Sanki hansısa məşhur bir filmə çəkilməyə hazırlaşırdı. Əllərinə, barmaqlarına bir də baxdım...nişan barmağında üzük yox idi, rahat bir nəfəs aldım.

Gözləri fransız kristalları kimi parlayırdı, baxdıqca ürəyimin telləri əsirdi. Daha yaxından görmək məqsədi ilə kürəyimi qatarın divarından ayırıb ona yaxınlaşdım. Hərəkətim xoşuna gəlmədi, baxışları narazılığını büruzə verdi, gözlərini məndən çəkdi. Köynəyinin yaxasına gümüş döşnişanı sancaqlanmışdı, üstünə çox xırda hərflərlə nəsə yazılmışdı, oxuya bilmədim.

Mənim ona baxış tərzim, yaxınlaşmağım vaqondakı insanların da diqqətini cəlb etmişdi. İkrah dolu baxışları üzərimdə hiss edirdim, haqqımda nələr düşündüklərinin fərqindəydim. Beyinlərinin içində məni mühakimə edirdilər, için-için mənim necə bir şəxs olduğumu düşünürdülər. Onların təxəyyülündəki obrazımı heç vecimə də almırdım. Qızın yanında oturan yaşlı qadın mənə tərs-tərs baxdı, sonra öz işi ilə məşğul olmağa davam etdi, kibrit çöpüylə dırnaqlarının arasını eşirdi.

Mən nə daşam, nə daşdan hörülmüş  otaq...Mən insanam. Görəsən, niyə bu baxışlar bizim ayaqlarımızın hərəkətlərini belə incidir?! Özü olmalıdır insan, başqalarını razı salmaq üçün özünü tərk etməməlidir. İnsanın özü çox vaxt başqadır, insan özünün başqa olduğunu çox vaxt bilmir...

Ümidlərimi qorumağa çalışırdım. Özümü kərpic-kərpic toplayırdım. Gözlərim onun ağappaq barmaqlarına zillənmişdi. Qızdan alma ətri gəlirdi, yaşıl rəngli turş almaların ətrini deyirəm... Ona yaxınlaşmağım xoşuna gəlməmişdi, gözlərimin içinə dik baxa-baxa ayağa qalxdı, qəzəbli baxışlarının dərinliyində duyduğum rəhm hissindən ürpərdim.

Bir neçə saniyə üz-üzə dayandıq, sonra üzünü çevirib vaqonun qapısına tərəf getdi. Davranışından və baxışından anladım ki,  onda mənə dair nə müsbət fikir, nə də xoş duyğu yaranmışdı. Sevgilisi vardı, yüz faiz! Özü də, elit təbəqənin oğullarından...

Geyim tərzindən anlamalıydım, mənim kimi insan onun baxışlarını cəlb edə bilməzdi. Bəzən insanların geyim tərzinə baxıb yaxınlaşmalısan. Geyiminə baxıb onun necə olduğunu bilməlisən. Bugünə qədər bir neçə qızla sevgili olmuşdum. Amma öz geyimimə uyğun olmayan qızlarla sevgili münasibətim bir həftədən çox davam etməyib. Yaxşı ki, paltarlar var... əgər insanlar lüt olsaydı, kimin necə olduğunu sezə bilməzdik. Bəlkə də lüt olsaydılar, bir şəxsiyyətləri də olmayacaqdı. Yəni, doğrudan paltarlardırmı, insanda şəxsiyyət fiquru yaradan?!

Bu tip hadisələr dəfələrlə başıma gəlmişdi. İncimişdim, qırılmışdım, amma bəzi sözlərlə özümə təsəlli verməyi də bacarmışdım. O qızın baxışları başqa cür idi... baxışlarından sonra sevgi böhranına düşmüş zavallı bir yoxsula dönmüşdüm. Hisslərim alt-üst olmuşdu. Belə hallarda düşüncə bıçağını götürüb hisslərinə tərəf cumur insan. İçindəkiləri doğramaq istəyirsən.

Sonuncu stansiyaya çatmışdıq. Qapılar açıldı, metronun içi həmişəki kimi izdihamlı idi. Təmiz hava almaq üçün tələssəm də, addımlarım özüm kimi tükənmişdi, ayaqlarım güclə yeriyirdi... "Qardaş... qardaş, bağışlayın" - arxadan birisi çağırırdı. Çağıranın nə kimliyi, nə də deyəcəyi söz məni zərrə qədər də maraqlandırmırdı. Heç kimlə danışmaq istəmirdim. Bəlkə bir dilənçidir, bəlkə də hansısa bir tanış... Fərqi yoxdur, qoy öz-özünə fikirləşsin ki, "saymır". "İnsan ictimai bir varlıqdır", "ünsiyyət qurmaq mədəniyyətdir"... həmin an mənim üçün bu fikirlər o qədər boş və mənasız idi ki... Nəyə görə, kimi isə razı salmaq məcburiyyəti daşımalıydım?

"Qardaş... ay qardaş!" bir daha səsləndi. Lap o qız mənə yaxşı baxsaydı, lap mənimlə kəlmə kəssəydi, nə dəyişəcəkdi? Heç nə! Nə dediyimi başa düşməyəcəkdi, yalqızlığımın çəkisini daha da artıracaqdı. Günah bizim otaqların qapısındadır! Yaxşısı budur ki, otağından bir addım da çölə çıxmayasan!

Arxadan bir əl qolumu tutdu... dumanlı bir meşənin ortasında tənha bir evin içindəydim... zavallı əhvalatımın dumanına bürünmüş şəkildə təkcənə oturmuşdum... Qolumdan yapışan əl israrında davam edirdi.  Qadın ayaqqabılarının səsini eşitdim..

"Qardaş... səninləyəm..."

Məni tənha daxmamdan çıxaran bir xanımın "qardaş" sözü deyildi, məni o ayaqqabıların səsi oyadırdı. Oyandım və özümü təzədən izdihamlı metronun içində gördüm.

Sonuncu metro stansiyasında dönüb arxaya baxdım. Təpdən dırnağa başqalaşdım... başqa biri oldum... gömgöy göyərdim...İzahı mümkünsüz bir sözə çevrilmişdim, heç bir lüğət nə anlam kəsb etdiyimi başa sala bilməzdi. Gözlərim belə qırpınmırdı. O izdihamın içində, buzdağı kimi donmuşdum. Sarı saçlı, gözləri gömgöy qız əlində ağ çantası ilə qarşımda dayanmışdı.

"Qardaş... qardaş!"

"Qardaş" sözü sarmaşıq kimi canıma dolaşdı.

Məni çağıranın kim olduğunu bildiyim andan "qardaş" sözü kalaşnikovun mərmiləri kimi ürəyimə saplanırdı. O anda "qardaş" sözü qar kimi soyuq, daş kimi sərt gəlirdi. Sonuncu stansiyada, o izdiham içində yağışdan qurtulmuş bir sərçə kimi üşüyürdüm. Ürək döyüntümü qulaqlarımda eşidirdim.

Təəccüb və həyəcanla "bəli... bəli..." - dedim. 

Qaşlarını gözlərinin üstünə salaraq, həyəcanlı və titrək səslə "sizi çağırıram axı... niyə baxmırsız?" - dedi.

- Bağışlayın, səsinizi indi eşitdim.

Səsi Yanninin bəstələdiyi musiqilərdəki zil skripka səsi kimi insanı yuxudan oyadırdı.

- Eşidirəm sizi...

- Mən sizi tanıyıram, qardaş.

Yenə "qardaş"... yenə...

Bu qız qonşumuz, və ya universitet tələbələrindən biri ola bilərdi. Nə bilim?!

- Hardan tanıyırsız məni? Bəlkə elə bu qatardan?

- Mənim sözlərimə şübhə etməyin və düz danışdığıma inanın. Mən sizi yuxularımda görürəm.

- Necə yəni?

Necə ola bilər ki, insan görmədiyi adamı və haqqında heç bir təsəvvürü olmayan şəxsi yuxusunda görsün?!

Bütün bunlar bəhanədir, bəlkə? Bəlkə məndən xoşu gəlib, yaxınlaşmaq üçün bu yolu seçib? Bəs, onda bu "qardaş" sözü nədir?

Təzədən məzarı qazıb gömdüyüm ümidlərimi bir-bir çıxartdım. Bir-bir ümidlərimin tozunu silkələdim, əllərindən tutub ayağa qalxızdım.

Dayanmışdıq. O, biraz həyəcanlı və qorxu hissi ilə, mən isə təəccüb içində və qürurla...

- Bu sözünüzə doğrudan sevinirəm... - dedim. Sözümü bitirməyə icazə vermədən "bu sevindirici hal deyil, heç də xoş deyil" - dedi.

Yenə bu anlaşılmaz sözləri ilə, xəyal ağacıma bir daş atdı və bütün ağaca qonan ümid sərçələrim dəstə ilə uçdular. Qanadlarının səsi gəldi...

- Olarmı, biraz ətraflı izah edəsiz?

- Burda olmaz! Amma çox istərəm, kim olduğunuzu dəqiq biləsiniz! Mənim nömrəmi yazın, zəhmət olmasa!

...Kim olduğumu?.. kim ola bilərəm ki, mən?! Nağıllarda qızların xəyal etdikləri biri olur, bu qızın da röyaları o xəyallara bənzəməsin? Ağ atlı bir şahzadə gəlir və kasıb bir qıza şahzadələrə layiq həyat bəxş edir. Bütün maddi problemlər aradan qalxır, xoşbəxtliyin günəşi doğur. Nə bilim?

Əllərim çox soyumuşdu, təzyiqimin aşağı düşdüyünü hiss edirdim.

Telefonumu cibimdən çıxarıb şifrəsini çözdüm və qıza tərəf uzatdım. Çalışdım ki,  xoş bir gülüşlə qəlbinə siraət edim...

- Buyurun, özünüz yazın - dedim.

Qız duruxdu. "Yox! Nömrəmi deyirəm, siz yazın, çox xahiş edirəm!" - dedi. Nömrəsinin rəqəmlərini bir-bir sayırdı, mən də yazırdım.

Həmin an on dənə rəqəm o qədər önəmli, o qədər dəyərli gəlirdi ki, sanki barmaqlarımla cənnətin qapısının şifrəsini yazırdım... Bəlkə də bütün xoşbəxtliyim bu rəqəmlərdə gizlənmişdi...

Nömrəsini yazdım, "hələlik" demədən üzünü çevirib getdi. Xoş hisslərimlə məchul düşüncələrim beynimin içində paralel şəkildə, bir cüt dəmiryolu xətti kimi uzanıb gedirdi. İçimdə ürəklə beynin savaşı gedirdi. O an tənhalığın əlini buraxmışdım və qarşımda mənə sarı, tutmaq üçün uzanan bir cüt ağappaq əli görürdüm. İnsan tənha varlıqdır və hər zaman tənhalığından qaçar. Sevdikləri naminə öz tənhalığından əl çəkib gedəndə, əslində özündən çıxıb gedər... İnsan tənhalığından, özündən qaçmaq üçün hər şeyini qurban verməyə hazır olur...Daha doğrusu, insan özüylə qalmaqdan qorxur, özü ilə qalmaq gecənin tən yarısı qaranlıq bir qəbiristanlıqdan keçmək kimi qorxuncdur. "Tənhalığımda çox xoşbəxtəm" - deyənlər, həmin tənhalıqdan qaçmaq yolunu dəfələrcə sınayanlardır. Hər cəhdin sonunda bu nəhəng tənhalığın qarşısında diz çökənlər, ağ bayraqlarını qaldıranlar və o qəbiristanlıqdan hər gün keçməyə məhkum olanlar... Dağ boyda tənhalıq bütünü görəsən kim qıracaq?

Evə çatana qədər ən azı yüz dəfə telefonu açıb bağlamışdım. Stressdən nə edəcəyimi bilmirdim. Evə çatar-çatmaz zəng etdim. Sarı geyimli qız dərhal telefonunu açdı. Elə sürətlə cavabladı ki, özümü daha da itirdim.

- Salam.

- Eşidirəm sizi.

- Mənəm, İbrahim. Metronun içində...

- Aha... tanıdım.

- Necəsiz?

- Sabah saat 4-də, Günəş kafesində, gözləyirəm. Orda danışarıq!

- Oldu... sabah dediyiniz saatda ordayam, ümid edirəm ki xoş...

Sözümü bitirmədən telefonu keçirdi.

Kimsə kimsəni idarə edə bilmir. Adamları saxlamaq olmur, necə ki, bu şəhər küləyi saxlaya bilmir, yağışı saxlaya bilmir, biri uçur, biri axır gedir. Bir-birimizə bənzəmirik. Fərqliyik! İnsanlar heyvanlardan fərqli olaraq bir-birinə bənzəmirlər... bu oxşamamazlıq həyatın intiqamıdır. Həyat insanları fərqləndirməklə cəzalandırır. Ona görə də cəhənnəmin bizdən uzaq bir yerdə və ya başqa bir planetdə olduğuna inanmıram. Cəhənnəm qulağımızın dibindədir, burnumuzun ucundadır. Lap qonşuluğumuzdadır... Həyat insanları fərqləndirir, insan da qayıdıb cansız dünyanın cansız üzvlərini bir-birindən ayırır... Daşlara belə fərq qoyur. Bir şəhər içində bir daşın başına yeddi dəfə dolanırlar və elə həmin şəhərdə bir daşı Şeytan deyib daşlayırlar. Qəribə deyilmi?!

Sabah üçün yaxşı planlar qururdum. Onun ürəyini ələ almaq, qəlbini ram etmək niyyəti ilə hər yolu, hər vasitəni düşünməyə çalışırdım. Sarı geyimli qızın sevgisini qazanmaq istəyirdim.

Sabah, görüş vaxtına yaxın evdən çıxıb bir gül dükanına girdim. Qırmızı qızıl güllərin içindən ən gözəlini seçdim. Əlimdə aparmamalıydım, söhbət arasında ona sürpriz edəcəkdim. Gülü pencəyimin astar cibinə yerləşdirdim ki, görünməsin.

Kafeyə vaxtında çatdım. Motsartın 4-cü simfoniyası səslənirdi. Kafedən şərab ətri gəlirdi. Bir az qələbəlik idi, tüstü dumanı hər tərəfə yayılmışdı. Gözüm səbirsiz-səbirsiz metrodakı qızı axtardı. Sinəmin üstündəki çiçək əzilməsin deyə ehtiyatla hərəkət edirdim. Uzaqdan qızı tanıdım. Köşədəki ikinəfərlik masanın arxasında oturmuşdu. Çantasını masanın üstünə qoymuşdu, məni gözləyirdi.

Tələsik masaya yaxınlaşdım, stulu çəkib oturdum. Sarı geyimli qız bu dəfə ağ rəngə boyanmışdı. Bu gün dünənkindən də gözəl görünürdü. Baxışları və ətrinin qoxusu hərkəsin ağlını başından alacaq qədər güclü idi. Köynəyinin yaxasına həmin döşnişanını sancaqlamışdı. Diqqətlə üzərindəki yazını oxudum: "İlahə"... üstündə "İlahə" yazılmışdı. Onun adı İlahəydi. Ağa boyanmış qız gerçək bir ilahə kimi qarşımda əyləşmişdi.

- Sizi gözlətmədim ki?

- Yox... amma sizə deyəcək bir neçə sözüm var!

- Yaxşı ki, söz var!

Biraz əsəbi görünürdü və onun bu halı sual doğururdu. Bu gözəlliyin qarşısında çarəsiz idim. Özümü tərk edilmiş, atılmış hiss edirdim. Qəribə duyğular içində qalmışdım.

İnsan öz içində yanar, İbrahim! Yanar! Öz içinin darısqal küçələrində özgələşərsən... və yaralarından tonqal qalayıb bu iç-içə həyat içində özünü oda təqdim edərsən. Gəl etiraf edək, İbrahim! İnsan öz içində yanar! İnsan diri olarkən alovları sönməz...

- Eşidirəm sizi... buyurun İlahə xanım!

- Adam sevdiyi insanı öldürərmi? Adam nə qədər birini incidə bilər axı?

- Necə yəni? Kim öldürür sevdiyini?

- Siz! Sizi deyirəm! Hər gecə yuxuma girirsiniz,  əlinizdəki baltayla məni öldürmək istəyirsiz! Artıq 5 ildir ki, yuxularımdan əl çəkmirsiz. Sizin üzünüzdən 5 ildir ki,  yuxusuzam. Yuxuların sonunda "sevirəm" - deyirsiz!

- Necə yəni? Bu olacaq iş deyil!

İlahənin danışdıqları mənə oyun kimi gəlirdi. Amma o elə canlı, elə emosional danışırdı ki, ona inanmağa məhkum idim.

İlahə əlini çantasına atıb bir sellofan torba dərman çıxarıb masanın üstünə qoydu.

- Bax... bax... bunlar yuxu dərmanlarımdır, hər gecə içməyə məcburam. Amma sən əl çəkən deyilsən! Ola bilər, bu sözləri sənə deyib, rahatlaşam və sonra sən daha yuxularıma girməyəsən. O ümidlə bura gəlmişəm. O ümidlə sizə yaxınlaşdım, əgər əlindədirsə, əgər bacarırsansa, məni azad et!

Nələr olduğunu başa düşə bilmirdim. Bu sözlər oyundur, oyun deyil, fərqinə varmırdım. İstəmirdim də, biləm. Təkcə İlahəni düşünürdüm, çox xoşuma gəlirdi.

Əlimi pencəyimin üstünə qoymuşdum və beləcə qızılgülü əzilməkdən qoruyurdum... bu gülü İlahəyə versəydim, onun əhvalını dəyişə bilərdim. Bəlkə də mənə qarşı münasibəti dəyişərdi...

"Yuxularımdan get, xahiş edirəm! Səni daha görmək istəmirəm, İbrahim! Nə yuxularımda, nə də gerçək həyatımda!" - İlahə bu sözləri deyib ayağa qalxdı. İlahə ayağa durdu... və qəribə hisslərim də onunla kürək-kürəyə ayağa durdu...

İçimdəki o işıq ildırım işığıydı... bir saniyəlik gəlmişdi və getmək üzrə idi!

Kafenin içində Motsartın 4-cü simfoniyası acı tüstüylə tanqo oynayırdı. Şərabın qoxusunu hiss etmirdim, insanların səsini daha eşitmirdim. Qolumdakı saatın tıqqıltısını və saniyələrin sovuşduğunu nəbzimdə duyurdum.

İlahə çantasını götürüb qapıya tərəf yönəldi. Əlim hələ də pencəyimin üstündəydi, qızılgülü qoruyurdum. Qızılgülü ona vermək üçün arxasınca getdim. Qapının düz ağzında ona çatdım. Amma o qapını üzümə elə sərt şəkildə bağladı ki, qapı sinəmə çırpıldı və qızılgül pencəyimin cibində əzildi...

Pencəyimin düymələrini açdım və gülü çıxardım. Qırmızı gül əzilmişdi, ləçəkləri yerə töküldü. Geydiyim ağ köynəkdə bir neçə damcı qan ləkəsi gördüm. Gülün tikanları sinəmə batmışdı və qanatmışdı.

Küçəyə çıxdım və tələsik o yan-bu yana baxdım. İlahədən əsər-əlamət yox idi. Ağ geyimli qız getmişdi.

Bütün güclərlə savaşa bilərsən, İbrahim! Bütün bütləri sındırarsan, İbrahim! Kiçikdən-böyüyə bütün bütləri qıra-qıra gələrsən, axırda bir özün qalarsan, bir də baltan. Sonuncu büt özünsən, İbrahim! Baltanla özünü qıra bilmirsən, özünü qırmağa qıymırsan. İnsanlar getdikcə İbrahimləşirlər, İbrahim!

Mən indi bilmirəm, indi də onu yuxularında baltalayıram, ya yox?Amma o hər gecə qapıları üzümə bağlayır və qızılgülün tikanları canıma batır.

Mənim köynəyim qanayır hər gecə, İlahə!

Görəsən, bu dağ boyda tənhalıq bütünü kim qıracaq, İbrahim?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!