İşığın anlamı - Poeziya haqqında - Pablo NERUDA - Ədəbiyyat üzrə 1971-ci ilin Nobel mükafatçısı

 

ƏDƏBİYYAT ÜZRƏ 1971-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Pablo NERUDA

Çili

Çili şairi, diplomat və siyasi xadim, Çili Respublikasının senatoru, Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü.

Pablo Nerudanın adı Qabriela Mistral, Visente Uidobro və Pablo de Roka ilə birlikdə Çili poeziyasının böyük dördlüyünə daxil edilib.

 1904-cü ilin 12 iyulunda Çilinin mərkəzi hissəsindəki Parral şəhərciyində, dəmiryolçu ailəsində dünyaya gəlib. Orta məktəb müəllimi olan anasını erkən itirib və atası ikinci dəfə ailə qurub. Daha sonra ailə Çilinin cənubundakı Temuko şəhərinə köçüb. Şeir yazmağa 10 yaşında başlayıb. İki il sonra məşhur çilili şairə və ədəbiyyat üzrə 1945-ci ilin Nobel mükafatçısı Qabriela Mistral ilə tanış olub və bu tanışlıq onun bir şair kimi yetişməyinə güclü təsir göstərib. 1920-ci ildə gənc şairin şeirləri "Selva austral" dərgisində çap olunub. Əsl adı Rikardo Elieser Neftali Reyes Basolmo olan şair təxəllüsünü çex yazıçısı Yan Nerudadan götürüb. 

1921-ci ildə pedaqoji institutun fransız dili şöbəsinə qəbul olub. 1923-cü ildə ilk şeirlər kitabı işıq üzü görüb.  1927-ci ildə Çili hökuməti onu Birmaya konsul göndərib, daha sonra digər ölkələrdə də diplomatik fəaliyyət göstərib. 1936-cı ildə Çilidə başlayan vətəndaş müharibəsi zamanı Neruda bir çox incəsənət adamı kimi respublikaçıların tərəfinə keçib. 1969-cu ildə Çili Kommunist partiyası onu ölkə prezidentliyinə namizəd irəli sürüb, daha sonra bu namizədlik sosialistlərin namizədi Salvador Alendanın xeyrinə geri götürülüb.

Yaradıcılığı ilə Latın Amerikası şeirinə yeni nəfəs gətirən, lirik-romantik, eyni zamanda siyasi və vətəndaş şeirləri yazan, dünya şöhrətli şair 1971-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat çilili şairə "şeirlərində bütöv bir qitənin taleyini böyük sənətkarlıqla təsvir edə bildiyinə görə" verilib.

Bəzi mənbələrə görə qətlə yetirilən Pablo Neruda 1973-cü ildə dünyasını dəyişib.

 

     İşığın anlamı

Poeziya haqqında

Mənim poeziyam ən ciddi tənqidin diqqətini çəkir və ən rəzil təzyiqlərə belə məruz qalıram. Bu, oyunun qaydasıdır. Bu yerdə, söz demək haqqım olsa da, susmağa üstünlük verirəm. Ciddi tənqid üçün mənim yerimə - kitablarım, yazdığım şeirlər cavab verir. Hətta yazılarıma düşmən kəsilənlərə belə, deməyə sözüm var: bu, yenə mənim poeziyam, tükənməz yaradıcılıq eşqimdir. 

Haqlı olaraq dediklərimdə qeyri-ciddilik, təkəbbür duya bilərsiniz, amma nəzərə alın ki, bu, öz işinə bağlı olan bir sənətkarın, zəhmət adamının qeyri-ciddiliyidir. 

Mən şeir yazmağa başlayanda, bizdə iki cür şair vardı. Birincilər - kübar şairlər idi, yaxşı qazanc əldə etmək üçün yazırdılar və bu, onları layiq olduqları, ya da olmadıqları şöhrət mərtəbəsinə ucaldırdı. Digərləri isə döyüşkən avaralardan, şərabxor qəhrəmanlardan, eşq sərxoşlarından və divanə somnambullardan ibarət idi. Məmur masasına "sürgün" edilmişləri də unutmaq olmaz. Onların arzuları rəsmi kağızlarda boğulur, rəhbərlik qarşısında məsuliyyət hissi və gülünc vəziyyətə düşmək xofu ilə qandallanırdı.   

Mən həyata Adəmdən də çılpaq atılmışam, amma öz poeziyamın bütövlüyünə güvənərək addımlamışam. İnadım ayaqda durmağıma kömək edib və diş qıcayan boşboğazların ağzını yuma bilmişəm. Zaman keçdikcə onların içində vicdanı və ürəyi olanlar, özlərində şeirlərimin əsas qayəsinə dəyər verməyə cürət tapa bildilər. Amma qəlbi qara olanlar hər yerdə məni kənar tutmağa çalışdılar.

Beləcə, böyük hərfli Poeziya öz dəyərini almağa başladı. Özü də təkcə poeziya yox, elə şairlər də. Belə şairlər və bu cür şeirlər.

Bu, mənim vətəndaş borcumdur və onu heç kəs mənə yasaqlaya bilməz. Mənsə bu borcu yaxamda orden kimi gəzdirməkdən şərəf duyuram. Elə şeylər var ki, onlarla bağlı bəs qədər mübahisə etmək olar, lakin mənim haqqında danışdığım mövzu - tarixdir.

Şairin islahedilməz düşmənləri hər şeyə, hətta mənasız dəlillərə belə əl atırlar. Cavanlığımda məni hər zaman ac olmağımla qınayırdılar, indi də nağıllardakı qədər var-dövlət sahibi olmağım barədə şayiələr gəzdirirlər və böhtançılarımın fikrinə görə belə bir sərvət sahibi ola bilməyim xəyanətdir.

Şeirlərimdən sitatlar gətirərək, onları qəsdən uzatmağımı qüsur tutanlar da tapılır. Bütün bunlar başdan-ayağa qədər cəfəngiyyatdır. Kim hansı haqla şairə yazdığı şeirin uzun ya qısa, nazik, ya gen, qırmızı, ya sarı olduğunu irad tuta bilər? Bunu yalnız şair - onu yaradan müəyyən edir. Onu öz nəfəsi, ağılı, istedadı ilə müəyyən edir və  bu səbəbdən də poeziyanın bərəkəti ona hopur.

Realist ola bilməyən şair nə ölü, nə də diridir. Lakin yalnız realist olan şair də ondan heç nə ilə fərqlənmir.

İrrasional şair özünə və aşiq olduğuna aiddir və bu, kədərli məqamdır. Rasional şairi isə uzunqulaq da anlaya bilər ki, bunu da təqdir etmək düz deyil. Bu müqayisələr üçün hazırcavab yoxdur və nə Tanrı, nə İblis şairə şeir yazmaq üçün resept verə bilməz. Onların ikisi də poeziyanın içində daimi mübarizədədir və gah bu, gah digəri qalib gəlir, lakin poeziya özü heç vaxt məğlub olmur. 

Açığını desəm, şair əməyindən sui-istifadə edirlər. Son zamanlar çoxlu şair və şairələr yetişib və onlar tezliklə tanınacaqlar, oxucu isə onlarla hesablaşmaq məcburiyyətində qalacaq. Bu halda oxucunu gerçək poeziya axtarışı ilə dəvə belində səhraya, ya da ulduzlara ekspedisiyaya göndərmək ehtiyacı yaranacaq.

İnsanda poeziyaya dərin meyil var və bu, ayinlərin, müqəddəs kitabların surələrinin, bəlkə də dinin özünün doğuluşu kimi bir şeydir. Qədim zamanlarda şair təbiət qüvvələrinə təsir etməyə səy göstərib və öz poetik həvəsini müdafiə etmək yönündə onun bu halı kahinlik kimi dəyərləndirilib. Bu gün öz poeziyasından geri qalan şair küçənin və xalqın verdiyi şöhrətə doğru gedir. Çağdaş dövrün vətəndaş şairi - keçmişdəki din xadiminin sələfidir. Lakin hər şeydən əvvəl şair qaranlıqla iltifata girəndir və indi onun qarşısında işığı dərk etmək vəzifəsi dayanır.

***

Sən - alatoran səmamda bir buludsan,

eşqim sevdiyim rənglərə boyanıb.

Mənimsən - bal dodaqlı qız.

Varlığın sonsuz yuxularımın mənası,

ruhum ayaqlarına döşənər çəhrayı çalarda,

və içdiyim turş şərab belə

           sənin dodaqlarında şəkərə dönür.

Ey mənim əbədi nəğməmi dinləyən gözəl,

Ey tənha yuxularımın qadını.

Mənim qadınım!

Ruhumun yetim səsini gecə küləyi ilə

                     sənə yollayaram.

Sənin surətin dolar gözlərimə.

Alıb götürərəm səni

           xəyallarımın qoynundan.

Bu axşam baxışların su kimi safdır.

Surətin gözümün içində,

Sən mənim şirin nəğmələrimin,

             sonsuz səma kimi

             tükənməz eşqimin qadınısan.

Ruhum kədərli gözlərindən

                               boylanar dünyaya,

Kədərli baxışlarından asılar

                                 ən şirin röyam. 

Tərcümə etdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!