Kişilər ağlamaz deyirlər.
Kitablar isə ağlayar.
Oxuduqlarım içində yazısını oxuduğca için-için ağlayan bir Eynəlqüzat Miyanəcini tanıdım.
Bir də Nəriman Nərimanovu.
Hər cümləsi bir hıçqırtı olan Miyanəci, XI yüz ildə Bağdadda, hər sözü ağı olan Nərimanov isə Moskvada, parçası olduğu Vətənləri üçün ağlayırlar.
Dərdi nə bu adamların?
Hər ikisinin dərdi yanında durduqları ideoloji nəzəriyyənin həyata tətbiqində rastlaşdıqları ziddiyyətlərdir.
Nərimanovun məktublarını oxuyuram, niyə, nə üçün, nəyə görə deyib liderlərinə bərabər savaşdıqları partiyaçı yoldaşlarından şikayət yazır. Mən və onlar deyir, onlar cinayətlər edirlər, onlar mənim millətimi kişisizləşdirirlər, onlar qadınlarımızı zorlayırlar, onlar satqın, ikiüzlü, yalançı... onlar Kirov, Orcanikidze, Mikoyan onlar...
Bütün bu "onlar" dediyimiz Nərimanovla bir partiyada fəaliyyət göstərən bolşeviklər, ac, səfil, köksüz bir sürü acgözlər.
Nəriman Tiflis uşağı olub, məhəlləsi Şeytanbazardır, içinin əxlaqını itirmədən yaşayan bir kişidir. Düşüncəsinin nə olmasından asılı olmayaraq Kişi kimi yaşamaq uğrunda mübarizə aparıb.
Məktublarında da kişilər ağlamaz qürurunu saxlasa da, yazısı ağlayır.
Bu qədər səfil, rəzil, əxlaqsız insanlarla bərabər yola çıxdığına heyifsilənir və "mən bizim yolumuzun bu olduğunu belə görmürdüm"ü anladır.
Və yazır, cavab ala bilmir, sizə yazmışdım deyə başqa bir məktub yazır, yenə cavab almır… Qələmin ucu mürəkkəblə deyil, göz yaşları ilə dolur.
Kişilərin ölümü ilə başlayan bir sistemin nələr üzərində qurulduğunu anlatdığına görə,. Kişi kimi yaşadığına görə.
Allah rəhmət etsin sənə, yoldaş Nərimanov.
Məktubların Sovet hakimiyyətinin təməllərinin nə olmasını anladan Dərslərdir.
Nədənsə bu dərsləri oxumağı sevmirik. 1000 il qabaq bu dərsi Miyanəci də anlatmaq istəmişdi. Dərs almayanlar təkrarı sevər.
Kişi kimi qalanlara salam olsun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!