O və o biri - Orxan FİKRƏTOĞLU

 

Aeroport binası.

O, sakitcə bir nöqtəyə baxır.

Dostun səsi: - "Gedək mənimlə!"

O, gülümsəyir.

Dostun səsi: - "Tək-tənha neynəyəcəksən burda?"

O çiyinlərini çəkir

Dostun səsi: - "Yenə telefonla danışarıq. İndi bu problem deyil ki. Dünya kiçilib daha!"

O, razılıq anlamında başını tərpədir.

Dostun səsi: - "Son dəfə üz-üzə nə vaxt görüşdüyümüz yadımda deyil. Bir il olar yəqin, bəlkə bir az da çox!"

O, dostuna su şüşəsini uzadır.

Dostun səsi: - "Sağ ol!"

O, ürəyi yana-yana su içir.

Elan: -" Bakıdan Frankfurta uçan təyyarəyə yeddinci qapıdan minik başlanır."

O, həyəcanlanır.

İki dost qucaqlaşırlar. Dost uçağa doğru gedir. O, bir az qanıqara görünür.

 

İNT. O nun evi. Fransız dili dərsi

Müəllimə: Balzakı-zadı hələ bir qırağa qoy. Frankofon olmaq ən əvvəl sənin üçün sərfəlidir. Bu dil vasitəsilə qitələrin hamısında asanca danışa biləcəksən.

O: Mən bütün dillərdə susmaq istəyirəm! Danışmaq yox!

Müəllimə: Yaxşı, sən deyən olsun. Nə qədər istəyirsən sus. Amma bir şərtlə.  Xahiş edirəm, mənim dərsimdə fransızca sus!

 O: Balzak kimi?

Müəllimə: O qədər roman yazmış Balzak sənin fikrincə susmuşdu?

O: Əlbəttə susmuşdu. Mən fransız dilini ona görə öyrənirəm ki, onun sükutunu dilimizə çevirim!

Müəllimə: İki ildir buna görə evdən eşiyə çıxmırsan?

O: Siz olmasaydınız öz dilimi də unudacaqdım. Vallah, düz deyirəm. Nə mən indikiləri  anlayıram. Nə onlar məni.

Müəllimə: Yaxşı. Uzatma!  Bu gün sənə  fransız moralistlərindən danışacam!

 

İNT. Aeroport.

O dostuna əl yelləyir. Dost çevrilib baxır. O da əli ilə telefon işarəsi göstərir. O başını yelləyir. Gözləri dolub.

 

EXT. İçərişəhər.

O dar küçələrdən keçir. Sanki labirintin içində hərəkət edir.

 

İNT. Redaksiya. Baş redaktorun otağı.

O ayaqüstə dayanıb kresloya yayxanmış redaktorun telefon söhbətinin bitməsini gözləyir. Redaktor telefonu söndürür.

O: Çağırmışdınız?   

Baş redaktor: Hə. Yazdıqlarını daha heç kəs oxumur. Reklam  tapa bilmirsən. Redaksiyaya bir qəpik pul gətirmirsən. Gündəmdə deyilsən e.  Yuxulusan elə bil.  A kişi daha heç  kəs ağıllı yazı istəmir. Oxumur da. Düşünmək dəbdə deyil. Oxucunu əyləndirmək lazımdır. Ona maraqlı yazılar təklif etmək lazımdır.  Məsələn, qızını zorlayan atadan yaz. Özünü damdan atan sevgilidən yaz.

O: Balzakdan yaza bilərəm?

Baş redaktor: Balzak neynəyib?

O: Yüzlərlə roman yazıb!

Baş redaktor siqaretini sakitcə söndürüb ayağa qalxır.

Baş redaktor: Biz biri-birimizi başa düşmürük deyəsən!

Kişi yazı masasının gözlərindən əşyalarını toplayıb işdən gedir.

 

İNT. O nun evi.

O, skaypla ABŞ-da yaşayan ailəsi ilə danışır. Kürəyinə dama-dama adyal örtüb.

Leyla: Arıqlamısan. Nə yeyirsən, nə içirsən? Xəstələnməmisən?

O: Yox, hər şey normaldır. Sən elə bil balaca uşaqla danışırsan. Mən sadəcə sizsiz darıxıram!"

Leyla: Darıxırsansa niyə qaldın? Biz də sənin üçün darıxırıq!

O: Mən qürbətdə yaşaya bilmərəm. Mən burda yaşamalıyam, öz evimdə. Şəhərimdə.

O-nun qızı kadra girir.

Qızı: Salam ata. Necəsən? Darıxmışam sənin üçün. Nə vaxt gəlirsən?

O çiyinlərini çəkir, bilmir nə desin.

Leyla: (qızına) Get paltarını dəyiş. Yemək masanın üstündədir.

Kadra O nun 6 yaşlı oğlu gəlir.

Emin: Hi daddy. How are you?

O: Sağ ol, gözəl oğlum. Necəsən? Dərslər necə gedir?

Emin: Thanks. I am fine.          

O: (Leylaya) Leyla, bu niyə mənlə ingiliscə danışır?

Leyla: Öz dilimizdə danışmaq istəmir.

O: Sən onu başa sal ki, Azərbaycan dili onun doğma dilidir. Bu dil onun atasının, babasının dilidir. Dilini unudan vətənini də unudar. Necə yəni danışmaq istəmir?

O əlini uzadıb kompüterin qapağını qapadır. Ayağa qalxıb otaqda əsəbi var-gəl edir.

 

İNT. Dükan

O dükanda sıraların arasıyla dolaşır. Ərzaq mallarının qiymətini gözünə yaxın gətirib diqqətlə oxumaq istəyir. Sonra cibindən gözlüyünü çıxarıb baxır, yerinə qoyur. Qiymətləri müqayisə edir.

O, kassaların yanında dayanıb qiyməti ucuzlaşdırılmış malları da nəzərdən keçirir. Sonda bir çörək və qatıq alıb dükandan çıxır.

 

EXT. Aeroport.

O, aeroportdan çıxır. Güclü külək əsir. Bankomata yaxınlaşıb cibindən bank kartını çıxarır. Şifrəni yığır. Bankomatın ekranında pulun olmadığı göstərilir. Və bankomat pul kartını geri qaytarır.

O, kartı  çıxarır. Sonra yenə təkrarən bankomata salır.

Yenə də ekranda pulun olmadığı göstərilir.

 

İNT. Aeraport. Avtobus

O aeroportdan geri qayıtmaq üçün  avtobusa minir. Salonda Bakıya gəlmiş turistlər yerli adamlardan çoxdur. Onların içində ərəb turistləri geyimləri və ucadan danışmaları ilə  xüsusi seçilirlər. Onlar avtobusun içində yemək yeyir, ucadan gülüb-danışırlar. Turist şirkəti tərəfindən onları qarşılayan bələdçinin əlində kiçik çaxçaxlı dəf var. O, əlində tutduğu  dəfi çala-çala ərəb dilində Bakı tarixi haqqında nəsə danışır. Ərəblərin heç biri ona qulaq asmır.

Bayaqdan bəri bu mənzərəni izləyən kişi ayağa qalxıb oturacağın üstünə çıxır. Əlini ağzına qoyub ucadan üç dəfə: - "Allahü əkbər!" - qışqırır. Bu qəribə hərəkətdən sonra avtobusdakıların hamısı susub onun nə edəcəyini gözləyirlər.

O: Siz dünyanın ən gözəl ölkəsinə gəlmisiz. Burda yaşayan insanların ruhu dünyanı nizamda saxlayır. Bizim qədər xeyir, bizim qədər saf, bizim qədər nurlu insanlar dünyanın heç harasında yoxdur.  Bir baxın!  Bir ovcumun içinə baxın. Görün ovcumun içində nə boyda işıq var!

O sirk illüzianisti kimi ovcunu açıb içinə baxır.  Və hamı birdən-birə onun ovcunun boş olduğunu görür. Bu qəribə təzad, bu qəfil  hərəkət  birdən-birə  hamını güldürür.  İlk baxışdan çox ciddi görkəmi olan kişinin birdən-birə bu cür hoqqabazlıq etməsi ərəblərə xüsusi zövq verir. Onlardan  biri ayağa qalxıb kişinin ovcunun içinə baxır və onun sağ əlini yuxarı qaldırır.

Ərəb: Where is light? Where?

Avtobusdakılar da ayağa qalxıb gülə-gülə kişiyə əl çalırlar.

Kişi bir dəfə də ovcunun içinə baxıb oturacağın üstündən aşağı hoppanır.

Ərəb turistlər onun ovcunun içinə bir dəfə baxmasına belə ucadan gülürlər.

Bir azdan turistlər yenə öz işləri ilə məşğul olur.

O  avtobusun iri şüşəsindən  baxır. İçində boşluq var.

Turist bələdçisi oturacaqların arasıyla keçib O-na yaxınlaşır. Bələdçinin əlindəki dəfin içi dollarlarla doludur. O bələdçinin üzünə baxır. Bələdçi şit-şit irişir.

Bələdçi: Qazancımızdı. Yarı bölərik. Çox yaxşı düşünmüsən. Əməlli pul  tuta bilərik!  Şərik olsaq səni bütün marşrutlara çıxararam. Nə deyirsən?

O boylanıb ərəblərə tərəf baxır. Onların üzündəki gülüş hələ də silinməyib.

O dəfi dartıb bələdçinin əlindən alır. O dəfin içindəki pulları bir-bir ərəblərə qaytarır.

Ərəblər yenə ucadan gülə-gülə ona əl çalırlar.

Ərəblərdən biri onun çiyninə toxunub gülür.

Ərəb: Allahu Əkbər!

O ərəbin ona nə dediyinə fikir vermədən sürücüyə yaxınlaşır.

O: Burda saxla, qardaş!

 

EXT. Yol. Axşamüstü

O avtobusdan aşağı enir. Yol ayrıcındakı dəmir arakəsməyə söykənir. Sağdan-sola, soldan-sağa şütüyən maşınlara baxır.

O, hərəkətsiz dayanmaqdadır. Sanki donub. Yenə də üzündə heç bir ifadə yoxdur.

Artıq gecə düşüb. Zil qaranlıqdır. O elə bil yuxudan ayılır.

O, yavaş-yavaş şəhərə tərəf yol alır.

Və birdən-birə gözümüzün önündə möcüzə baş verir. O-nun ovcunun içi işıqlanmağa başlayır.

 

EXT. İçərişəhər. Gecə

O İçərişəhərin qaranlıq, labirint küçələri ilə gedir. Dar küçələrin birində yuxarıdan asılmış fənərin işığı göz vurur. O lampanın altında dayanıb göz vuran lampaya diqqətlə baxır. Sonra sağ əlini yavaşca lampaya tərəf uzadır. Lampanın gözvurması dayanır və işığı artır...

İllüstrasiya: Mir Teymur Məmmədov "İçəri şəhər"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!