Min doqquz yüz doxsan doqquzuncu ilin on dörd dekabrında, günün ikinci yarısı başa düşdüm ki, Yeni ili şən əhvalda qarşılamaq mənə nəsib olmayacaq, - həmişə olduğu kimi. Sağa, Feliks For prospektinə tərəf döndüm və yolun üstündə ilk rastıma çıxan turist agentliyinə daxil oldum. Agentlikdə qızın başı müştəriyə qarışmışdı. Qarabuğdayı idi, açıq rəngli bluzka geyinmişdi, sol burun deşiyinə persinq taxılmışdı; saçlarına xına yaxmışdı. Özümü tam sərbəst apararaq stolların üstünə yığılan reklam bukletlərini vərəqlədim.
- Sizə kömək edə bilərəmmi? - bir dəqiqə keçməmişdi ki, bu sözlər qulaqlarıma dəydi.
Yox, o, mənə kömək edə bilməzdi; heç kim heç nə edə bilməzdi. Evə qayıtmaq, divanın üstünə yayxanmaqdan başqa gözümə heç nə görünmürdü, divana sərilib klub otellərinin kataloqlarını vərəqlə; ancaq qız söhbəti elə başladı ki, dönüb getmək olmazdı.
- Yanvar ayında harasa getmək istərdim... - bu sözləri fikrimcə şirin təbəssümlə dedim.
- Gündə yanmaq istəyirsiniz? - Qız tam sürətlə irəli cumdu.
- İmkanlarım məhduddu, - ciddiləşdim bir az.
Turistin turizm agenti ilə söhbəti müəyyən aidiyyəti jurnallardan əxz etdiyim biliklərə görə adi alqı-satqı dairəsindən kənara çıxmır; ya da mövzusu "səfər" kimi təxəyyülü həyəcanlandıra bilən nəsnədən ibarət olan bu söhbət, əksinə hər bir alış-verişin həqiqi-sirli, dəruni insani, hardasa mistik mahiyyətini üzə çıxarır. Bircə anlığa özünüzü, əziz oxucu "turistin" yerinə qoyun. Söhbət nədən gedir? Turist firmasının düz qənşərinizdə əyləşən əməkdaşının sizə görə irəli sürdüyü təklifə qulaq asmaq gərək (əməkdaş, çox zaman qız uşağı). Vəzifəsi belədir ki, firmanın kataloqlarında sadalanan oyun və mədəni istirahət yerlərində mövcud olan çoxlu imkanlar haqqında məlumatlara malik olur; istirahətə yollanan şəxslərin təxmini tərkibi, bu kurort zonasında insanların məşğul ola biləcəkləri idman növləri, orada başına gələcək tanışlıqlar haqqında da müəyyən təsəvvürü var; məhz daha çox ondan asılıdır - bəxtiniz gətirəcək, ya yox - ya da, xoşbəxt olmaq üçün fürsət düşəcəkmi - özü də bitmək bilməyən həftələrdə. Onun vəzifəsi sizə bəri başdan tədarük edilmiş, standart məzuniyyət vermək deyil: işgüzar əlaqələrinizin qısalığına baxmayaraq, bu qız ürəyinizdəki bütün arzuları, gözləntiləri tam yerinə yetirməlidir.
- Tunisi təklif edə bilərəm. Klassik turist istiqaməti, yanvarda - münasib qiymətlə... - əvvəlcə, məzuniyyət, sonra... - Mərakeş də var. İndi orda möcüzələr dolaşır.
Niyə "sezonda" yox? Mərakeşin cənubunda bütün il boyu bayramdı. Mərakeşin cənubunu yaxşı tanıyıram, hər halda, bu səfeh yerdən yaxşıdı. Ancaq ora necə möcüzəli olsa da, mənə əl verməz, ora getməyim alınmaz: bax, bunu onun başından çıxarmaq gərək.
- Ərəb ölkələrini sevmirəm, - deyə sözünü kəsdim. - Ancaq... - Birdən düşündüm və Livanda gördüyüm qızı xatırladım, onunla gecə klublarının birində qarşılaşmışdıq: qız deyildi, od parçasıydı, gözəldi, söz ola bilməz, hələ bir sinəsi. Həmkarlarımdan biri əlcəzairli qızların dəstə-dəstə gedib yiyəsiz başına kef çəkdikləri Hamametedəki otel haqqında mənə bəzi şeylər danışmışdı. Bununla bağlı qəribə sözlər və əhvalatlar danışırdı. Bəli, ərəb ölkələri belə baxanda heç də pis yerlər deyil, yalnız bircə şərtlə ki, onların səfeh dinlərindən bir az kənarda olasan.
- Mənimçün problem o deyil ki, bunlar ərəb ölkələridir, ondadı ki, müsəlman ölkəsidi bunlar, - sözümə davam etdim. - Müsəlman olmayan başqa bir ərəb ölkəsinə səfər yoxdu ki? - Bu, hardasa televiktorinada fırıldaq suala bənzədi. Müsəlman olmayan ərəb ölkəsinin adını çəkin: cavab üçün cəmi 40 saniyəniz var. Yavaşca ağzını açdı.
- Seneqal var... - dedi, sükutu pozmaq üçün. Seneqal? Niyə görə də olmasın? Eşitmişəm ki, Cənubu Afrikada ağların nüfuzu hələ də yüksəkdir. Diskotekaya baxmaq kifayətdir - bir qız qoluna girib səninlə bunqala gedəcək; lap deyək ki, o, heç fahişə-filan deyil, onlar bu işlə daha çox keyf üçün məşğul olurlar. Əlbəttə, hədiyyə, müxtəlif qızıl əşyaları almaq xoşlarına gəlir; ancaq hədiyyəni hansı qadın sevməz? Özüm də anlamıram bütün bunları niyə xatırladım; hər halda qadınla olmaq istəmirdim.
- İstəmirəm, - dedim. Qız gözlərini qaldırıb təəccüblə mənə baxdı; doğrudan da düşüncələrimdə bir neçə aralıq mərhələni buraxmışdım. Qız təzədən qovluqların içində eşələnməyə başladı. "Bilirsiniz, Seneqalın qiyməti altı min frankdan başlayır..." - nəhayət sözünü bitirə bildi. Kədərlə başımı buladım. Ayağa durdu ki, başqa qovluqlara baxa bilsin; adamın Allahı var, bu qızların ürəkləri var da, onlar maliyyə arqumentlərini nəzərə ala bilirlər. Pəncərənin o biri üzündə isə yoldan keçənlərin üstünə qar ələnirdi, az zamanda ayaqlar altında palçığa dönürdü.
- Kanar adaları haqqında düşündünüzmü heç?
Cavab vermədiyimə görə peşəkar təbəssümlə izah eləməyə başladı:
- İnsanlar Kanar adaları haqqında təsadüfi hallarda düşünürlər... Bu, Atlantik okeanında adadır, Qolfstrimin yuduğu Afrika sahillərində. İl boyu mülayim və isti hava. Bəzi müştərilərimiz ora yanvarda gediblər və çimiblər... - O, məlumatı anlamağım üçün bir az fürsət verdi, sonra davam etdi: - Xüsusi təklifimiz var: "Buqenvil Playya". Həftə ərzində üç min iki yüz doxsan frank ödəyirsən, yanvar ayının doqquzu, on altısı və iyirmi üçü Parisdən uçuş. Yerli normalara görə otel - özü də dörd ulduzlu. Otaqda: vanna, fen, kondisioner, telefon, televizor, mini-bar, fərdi paltar seyfi, çarhovuza açılan eyvan (dənizə açılması üçün əlavə pul ödəməlisən). Çarhovuzun sahəsi min kvadrat metrdir, cakuzi, sauna, türk hamamı, məşq zalı. Üç tennis kortu, squash rackets üçün iki meydança, mini-qolf, stolüstü tennis. Folklor rəqs ansamblının çıxışı, ekskursiya və sair (müxtəlif proqramlar).
Turun dəyərinə həm də sığorta, tibbi yardım və ləğv edilmə halında peşman pulu da daxil idi.
- Bu nə yerdi belə? - sual verməkdən özümü saxlaya bilmədim.
- Lansarote.
2
Yeni ili heç də ürəyimcə qarşılaya bilmədim: İnternetə girməyə cəhd etdim, alınmadı. Yeni mənzilimə təzəliklə daşınmışam; görünür modemi təkrar qoşmaq lazım gələcək. Şəbəkəyə səmərəsiz qoşulma cəhdləri başımı ağrıtdı, saat on birdə yerimə uzandım. Bax, bu da müasir Yeni il.
Yola düşmək üçün ayın doqquzunu seçdim. Orli hava limanındakı köşkdən bir qucaq qəzet aldım. "İntim-kuryer"də həmişə eyni şeylərdən yazılırdı. "Pari-Maç" bir neçə səhifəsində Bernar Anri Levinin Sartr haqqında məqaləsini sərgiləmişdi. "Nuvel observatör" yeniyetmələrin cinsi həyatına və Jak Preverin yüz illiyinə diqqət ayırmışdı. "Liberasyon"da isə yenə də holokost, yaddaş borcu, ölkələrinin faşist keçmişini qurdalayanda isveçlilərin necə əzab çəkmələri haqqında filosofluq baş alıb gedirdi. Düşündüm ki, yeni əsr köhnədən heç nə ilə fərqlənmir. Yeri gəlmişkən, yeni əsr hələ başlamayıb, bunu hansısa dilçi "Gəlin mərcləşək" adlı tok-şouda sübut da eləmişdi. Doğrudan da yeni əsr (görünür həm də yeni minillik) 2001-ci ildən başlanacaq. Görünür, o, xronoloji ardıcıllıq mənasında haqlıydı; nə olur-olsun 2000 rəqəmi ikiylə başlanır və bunu hamı görür.
Fransa və İspaniya üzərindən uçuş yaxşı keçdi; bütün uçuş boyu yatdım. Ayılanda təyyarə Portuqaliya üzərində uçurdu və təyyarənin qanadlarının altındakı yer quraqlıq idi. Sonra döndü və okeanın üzərində peyda oldu. Hava limanında aldığım jurnalları vərəqləməyə cəhd etdim. Günəş Atlantikada batırdı, mən yenə də dünənki TV verilişi barədə düşündüm. İştirakçılardan biri, pornofilm iştirakçısı yeni minilliyə qorxu-ürküsüz baxırdı; deyirdi ki, kişilər necə var elə qalacaqlar, bundan artıq nə istəyirsən. Amma o alim-tarixçi "əsr" sözünün özünə ciddi məna verirdi və bu sözü necə deyərlər dartıb uzadırdı: onun fikrincə, XIX əsr əslində 1914-cü ildə bitmişdi. Alim-genetik, solçu baxışları dəstəkləməklə, özündən çıxırdı: 2000-ci ilin astanasında Yer kürəsində bu qədər insanın aclıqdan ölməsi ağlasığmazdır, dəhşətdir. Sağ düşüncəli akademik ironiya silahını yerə qoymurdu: hər bir insan kimi o da təəssüflənir ki, dünyada müharibə və aclıq var; həm də bəşəriyyətin taleyinin dəyişdirilməsini perspektivsiz sayır, görünür bunun üçün insanın öz təbiətində köklü dəyişikliklər etmək lazımdı; beləliklə, o, mahiyyətcə pornofilm aktrisası ilə həmfikir idi, - yeri gəlmişkən onlar bir-birlərini yaxşı anladılar. Ancaq o, molekulyar biologiyanın son nailiyyətlərindən bixəbər idi, buna görə də anlamırdı ki, bu dəyişikliklər (necə qızğınlıqla bunu etməyə çağırırdı, özü də bunların mümkünsüzlüyünə sidqi-ürkədən inanırdı), bu gün artıq gerçəkliyin parçasıdır, solçu düşüncəli genetik görünür məsələdən xəbərdar idi: ancaq o, fəal siyasi fəaliyyətin və demokratiyanın tərəfdarı idi, elə buna görə də bu mülahizələri qəzəblə rədd etdi. Ümumən, bu diskussiya digərləri kimi idiotların yığnağını xatırladırdı. Gözlərimi yumdum, bir də təyyarə yerə enəndə diksindim. İşlər belə getsə, düşündüm ki, tezliklə yeni əsrin əsl sifətini görə bilərik.
Etiraf etmək lazımdır ki, otelə yerləşmə əla təşkil edilmişdi. XX əsrdən bizə nə qalacaq? Elm və texnikada nailiyyətlər. Hər halda "tayota" mikroavtobusu dilican deyil.
3
Əgər Lansarote Korfu, yaxud İbisedən fərqli olaraq məzuniyyətdə olanlara crazy techno afternoons1 təklif edə bilmirsə, onda o, "yaşıllıqlar arasında istirahət" həvəskarlarına daha az əl verər (bu adada təbiət belədir). Görünür, son şans müəllim-pensiyaçılar üçün, o cümlədən orta səviyyəli digər ahıl turistlər üçün bu qədər cəlbedici olan "mədəni istirahəti" inkişaf etdirməkdir. Axı, İspan adasında, gecə klublarının olmadığı bir şəraitdə hansısa memarlıq abidəsini görmək intizarında qalırsan (barokko monastırlarını, Orta əsrlərin yadigarı olan qalaları və sair). Bədbəxtlikdən, bütün bu gözəllik 1730 - 1732-ci illər ərzində dalbadal, nəfəs dərmədən baş verən yeraltı təkanlar və gizli qüvvələrin səbəbinə vulkan püskürmələri nəticəsində məhv edilmişdi. Görünür, indi mədəni istirahətə də arxalanmaq yersizdi.
Təəccüblü deyil ki, Lansarotenin belə bir namünasib göstəriciləri varsa, bu adada olsa-olsa ingilis dilli ölkələrdən pənah gətirmiş, üstəlik Norveç turistlərinin kabuslarına bənzəyən əcaib pensionerlərə rastlaşa bilərsən (onların "yanvar ayında burda çimiblər" fikrini təsdiqləməkdən başqa bir elə əsaslı məqsədləri də yoxdu). Əslində, norveçlilər üçün doğrudanmı mümkünsüz nəsə varmı? Norveçlilər insan kimi yarımşəffafdırlar; onları günəş altına gətirsən, dərhal ölərlər. 50-ci illərin əvvəllərində onlar Lansaroteni turistlər üçün açdılar, ancaq sonralar ucqar Cənubda yerləşən bu adadan ayaqlarını kəsdilər, arzuları, Andre Bretonun dediyi kimi, - ömürlərinin ən uğurlu günün burada keçirməkdir. Ada sakinləri onlar haqqında həyəcanlandırıcı xatirələrə malikdirlər: bu barədə demək olar ki, gəlib-gedəni olmayan restoranların girişindən asılmış, zaman keçdikcə bəzi hərfləri pozulmuş Norveç dilində tərtib edilmiş menyu şəhadət verir. Sonra, təhkiyə boyu norveçliləri anmamaq da olar...
Fransız dilindən tərcümə edən: Cavanşir Yusifli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!