Hədis-hekayə
Bir kənddə Allahını tanıyan, Peyğəmbərini qəbul edən, dini ayinləri, ibadətlərini vaxtlı-vaxtında yerinə yetirən, böyük külfət sahibi olan bir İmanlı Kişi yaşayırdı. Kişinin beli-baltası, çəkici-orağı əlindən düşməz, əkin-biçinlə məşğul olar, qoyun-quzu saxlayıb böyük külfətini halallıqla dolandırar, bunun üçün Yaradanına dönə-dönə şükranlıqlar edərdi.
Halal neməti qazanmağın zəhmətli yolunu seçən İmanlı Kişi Allahına olduqca bağlı adam idi. O, hər tikə halal nemət üçün Allahına şükranlıq etməkdən yorulmazdı. İnsan qəlbi də hava kimi hərdən tutulub-açılır. Bax, qəlbin havası şübhənin təsirilə dəyişəndə, durumunu itirməmək üçün gərək iradəli olasan.
İmanlı Kişinin qulağına çatdı ki, bəs deməzsən, öz kəndlərindən, ətraf kəndlərdən camaat bir-bir, iki-bir axınıb yaxınlıqdakı meşəyə üz tutur. Orada "Hündür Ağac" deyilən bir zorba yarıquru, yarıyaşıl bir bitili var. Kimsə adamların qulağına əridib tökür ki, istəklərin, arzuların dava dərmanı, əlacı o Hündür Ağacdır. Gedin, müftə-müsəlləm, ruzinizi ondan diləyin. Nə vaxta qədər alnınızın təri, əllərinizin qabarı ilə külfətinizə çörək qazanacaqsınız? Nə vaxta qədər qoyun-quzu dalınca qaçacaq, torpaqda eşələnəcəksiniz? Nə vaxt dincələcəksiniz, insan kimi yaşayacaqsınız? Gedin meşəyə, ibadətinizi Hündür Ağaca eləyin".
Bu çağırış kimin ağlına batdısa, qəlbinə yol açdısa, üz tutdu Hündür Ağacın məkanı olan meşəyə sarı. Bunu eşidən İmanlı Kişi bərk qeyzləndi: "Bircə o qalmışdı ki, Allaha şərik qoşalar… İndi mən iti baltamı götürüb o Hündür Ağacı baltalayıb yanı üstə sərərəm.
İmanlı Kişi ovxarlı baltasını əlinə alıb üz tutdu yaxınlıqdakı meşəyə sarı. Dar Dərəyə çatanda Şeytan tanınmaz bir qiyafədə yerişi yer titrədən İmanlı Kişinin qarşısını kəsdi:
- Əlibaltalı kişi, hara belə gedirsən? Yoxsa yanacağınız qurtarıb, odun tədarük eləmək fikrindəsən?
İmanlı Kişi meşəyə gedişinin əsl məqsədini onu yolundan eləyən kəsə izah etdi:
- Şeytan dinc durmur, camaatı düz yolundan sapdırır. Buna dözmək olmaz. Hündür Ağacı dibindən baltalayacağam, qoy bəndələr göyü qoyub yerdə Allah axtarmasınlar.
Şeytan İmanlı Kişinin qılığına girib gülümüsündü:
- Camaat bir şey bilməsə, fikrini dəyişməz. Bəlkə, Hündür Ağacda bir hikmət var. Yəqin möcüzə göstərir ki, ona qarşı bu qədər axın var.
İmanlı Kişi Şeytanın qılığına yatmadı, əksinə, onun qeyzi bir az da şiddətləndi:
- Hərzə-hərzə danışma! Bu Şeytanın uydurmasıdır. O, yağlı vədlərlə camaatın qəlbinə girib yarananı Yaradanından uzaq salmağa çalışır. Yox, mən buna imkan vermərəm.
İmanlı Kişini sözlə qətiyyətindən döndərə bilməyəcəyini hiss edən Şeytan güc nümayiş etdirməyə üstünlük verdi:
- Mən də Hündür Ağacı Allah hesab edib ona biət edirəm. Heç cür imkan verə bilmərəm ki, sən Hündür Ağacı baltalayıb yerə sərəsən!..
O dedi, bu eşitmədi. Bu dedi, o eşitmədi. Axırda Dar Dərədə küşk tutası oldular. İmanlı Kişi onu yolundan eləmək istəyən naməlum kəsin qollarını arxadan çatıb baltanı boğazına dirəyir:
- Məlunlara qahmar çıxdığın üçün səni öldürüb cəhənnəmə vasil edəcəyəm! Son sözün varsa, de.
Savaşda basılan Şeytan qalibə yalvarmağa, onu dilə tutmağa başladı:
- Sən məni öldürməklə heç nə qazanmayacaqsan. Əgər rəhmə gəlsən, məni bağışlasan, səni var-dövlət sahibi edib, sayılan-seçilən zənginlərin cərgəsinə qoşaram.
İmanlı Kişini maraq götürdü.
- Hansı yolla?
Şeytan ipucu əldə etdiyinə sevindi:
- Mən bilirəm ki, sən ağır həyat tərzi yaşayan çoxuşaqlı bir bəni-adəmsən. Cehiz ucbatından qızlarını ər evinə köçürə, başlıq dərdindən oğlanlarını evləndirə bilmirsən. Yaşadığın ev də başına uçhauçdadır. Məni bağışlasan, düçar olduğun çətinlikdən çıxış yolunu göstərərəm.
İmanlı Kişi fikirləşdi ki, doğrudan da rəqibini öldürməklə nə qazanacaq? Bağışlasa, üzünə gün doğa bilərdi. Odur ki, Şeytanın ricasını qəbul edib onun əl-qolunu açdı ayağa qaldırdı:
- Mən sənin təklifini qəbul etdim.
Şeytan əlini cibinə saldı, bir kisə qızıl çıxardıb İmanlı Kişinin ovcuna basdı:
- Mən də vədimə əməl edib işlərini aşırmaq üçün sənə bir dolu kisə qızıl bağışlayıram. Görməsə, yenə verəcəyəm.
İmanlı Kişi Şeytanın səxavətindən barındı, ona qızğın təşəkkürlərini bildirdi:
- Çox sağ ol. Məni ehtiyacın pəncəsindən xilas etdin. İş başa çatdı, yoxsa bu yaxşılığınla bağlı bir sözün, ismarıcın, ya şərtin var?
Şeytan məqsədinə lap yaxınlaşmışdı, əməlilə dağın başında duranı dərənin dibinə endirə bilmişdi. Dedi:
- Hə, bir balaca şərtim var.
- Çəkinmə, de.
- Şərtim odur ki, sən Hündür Ağacla bağlı niyyətindən əl çəkəsən. Camaata baş qoşmağa dəyməz. Camaatın ağzını yummaq, ayağını saxlamaq çətindir. Hündür Ağacın ziyarətinə gedirlər, qoy getsinlər. Hündür Ağaca Allah deyirlər, qoy desinlər. Ağaca Allah deməklə ağacdan Allah olmayacaq ha…
İmanlı Kişi naməlum səxavətli kəsin təklifini, şərtini əqidə tərəzisində çəkdi. Özlüyündə xeyli o yan-bu yan etdikdən sonra ovcunda sıxdığı qızıl kisəsinə diqqət yetirdi. Yavaş-yavaş onu çətinliklərdən qurtaracaq, firavan həyata qovuşduracaq qızıl kisəsinin əfsununa düşdü. Astadan, lap astadan dilləndi ki, nəsə müqəddəs bir şeyi itirdiyini hiss etdi:
- Nə deyirəm, sən deyən olsun…
İmanlı Kişi qənimətini - mükafatını alıb səxavətli naməlum kəsdən əl götürdü. Bu arada bir dəstə adam onların yanından keçib Allah kimi qəbul etdikləri Hündür Ağacın ziyarətinə gedirdilər. Şərtə görə İmanlı Kişi onlara mane olmadı. İti baltanı Hündür Ağacın gövdəsinə endirmədən hacatını qoltuğuna vurub yarımfikirli halda evlərinə döndü. İndi onu qarşıda yeni - dəbdəbəli bir həyat gözləyirdi.
***
Qızıl da qar kimidir. Günəş işıq saçanda qar əriyir. Qızıl da ehtiyaca xərclənəndə əriyir. İmanlı Kişi Şeytanın verdiyi qızılın hesabına dolaşıq işlərini sahmanladı. Qızlarını köçürdü, oğlanlarını evləndirdi. Üstəlik möhtəşəm bir bürcü-hasar da tikdirdi. Nədənsə bu imarətin içində canı qızmadı, üşüdü. Halbuki, əvvəllər kasıb komasında və qəlbində qəribə, möcüzəli bir Günəş istiliyi vardı. Çoxları onun ocağından od aparıb özlərinə ocaq çatırdı. Halal ocaq olduğuna görə onun işığı parlaq, istisi çox idi. Ev sahibi də bundan bir bəxtəvərlik duyurdu. İndi vəziyyət dəyişmişdi. İndi heç kimin əli bürcü-hasarı aşıb ocağa çatmırdı.
Nə edəsən ki, qızıl qurtarır, ancaq iş qurtarmır. Bir kisə də qızıl olsaydı…
İmanlı Kişi dünyanın şirin dadan malı ilə xeyli əlləşəndən sonra birdən əqidəsi, bu əqidənin təcəssümü olan Allah yadına düşdü. Ətrafına diqqət yetirəndə gördü ki, adamlar üç-üç, beş-beş yenə meşəyə - Hündür Ağaca ibadət etməyə gedirlər. Elə bil yatmış idi, təzədən oyandı. O, yenə qeyzə gəlib iti baltasını qoltuğuna vurdu: "Bu dəfə yarı yoldan qayıdan deyiləm. Baltalayıb Hündür Ağacın axırına çıxacağam".
İmanlı Kişi Dar Dərəyə çatar-çatmaz keçəndəfəki naməlum kəslə qabaqlaşdı. Şeytan hiyləsini işə salıb İmanlı Kişini qınadı:
- Əlibaltalı bəndə, hara belə?
- Keçən dəfə sənin sözünü tutub işimi yarımçıq qoydum. Adamlar yenə Hündür Ağaca ibadətdən əl çəkmirlər. Bu dəfə işimi başa çatdıracağam.
Şeytan soruşdu:
- Sən bütün işlərini qaydaya sala bilibsənmi?
İmanlı Kişi:
- Yox. Qızıl qurtardı, ancaq iş qurtarmadı.
- İstəsən, yenə sənə yardım əli uzada bilərəm. Ancaq şərt yerində durur. İmkan ver, camaat nəyə istəyir, ona da sitayiş etsin, - deyə Şeytan qızıl kisəsini əlində atıb-tutmağa başladı.
Cazibəli qızılı görən İmanlı Kişinin qətiyyəti yenə azaldı, ancaq mübarizəsiz basılmağı özünə ar bildi:
- Yox. Tutaşacağıq, Allah ya sənə verər, ya da mənə…
Naməlum kəs əvvəlki savaşda rəqibindən xeyli ehtiyatlanırdı. Amma bu dəfə çox cəsarətli görünürdü. Görəsən, nəyə arxayın idi?
Şeytan:
- Mən qalib gəlsəm, Hündür Ağacla işin olmayacaq, baltanı götürüb geri dönəcəksən. Hər halda səxavətimi də göstərəcəyəm, səni əliboş yola salmaram.
İmanlı Kişi nərə çəkmək istədi, alınmadı, xırıltılı bir səslə dedi:
- Qələbə mənim olacaq. Hündür Ağacı da kəsib adamlara həqiqi Allahını tanıtdıracağam.
Küşk başlandı. Elə bil lay divara oxşayan İmanlı Kişinin əl-ayağını pişik yemişdi. Nə qədər çalşırdısa, əvvəlki gücünü toplaya bilmirdi. Naməlum kəs isə əksinə, şirə, pələngə dönüb rəqibini ora-bura çırpırdı. Nəhayət, savaş bitdi, Şeytan qalib gəldi.
İmanlı Kişi ayağa durub cırım-cırım olmuş üst-başını sahmana salmağa çalışdı. O, məğlubiyyətinin sirrini öyrənmədən meydanı tərk etməyəcəkdi. Bu amacla naməlum kəsdən soruşdu:
- Keçən dəfə mən səni basmışdım, necə oldu ki, bu dəfə sənə basıldım?
Məqsədinə çatan Şeytan sirri gizlətmədi:
- Keçən dəfə sən həqiqət, ədalət rəmzi olan Allah eşqinə çarpışırdın. Ona görə də qalib gəldin. Bu dəfə nəfsinin quluna çevrilib gücünü itirdin. Səbəb budur.
İmanlı… Yox, yox, İmansız Kişi səhvini başa düşdü. Suyu süzülə-süzülə meydanı tərk etdi.
Noyabr 2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!