Qoca alaçığa yaxınlaşanda it üstünə cumub bir neçə ağız hürdü və qəfildən hürüşünü kəsərək nədənsə qorxubmuş kimi geriyə çəkilə-çəkilə ulamağa başladı.
Vücudu səksəndi.
Əvvəlcə itə acıqlanmaq istədi, ancaq dərhal da fikrindən daşındı.
- Basar! - Alçaqdan iti adıyla səslədi.
Ancaq it onu eyninə almadı.
Bunu gözləmədiyindən tutulan kimi oldu.
İtini bir də səslədi, eyni hal təkrar olunca qocanı təəccüb bürüdü.
O, itinə yaxşı bələd idi. Ayaq səslərini uzaqdan duyunca qaçıb qabağına gələr, üz-gözünü çarıqlarına sürtər, onun işarəsi olmadan bircə addım belə atmazdı.
Altı il öncə yaylaqda döl mövsümündə tanıdığı yaşlı bir çobandan alıb gətirmişdi. İki qoyuna dəyişdiyi küçüyün qulaqlarını kəsərək özü böyütmüş, yalını, suyunu verməyi belə kimsəyə etibar etməmişdi. İtini tanıyandan bəri ona hürdüyünü, bu sayaq uladığını ilk dəfə idi ki, eşidirdi.
"İtin sahibinin üstünə cumması, ya qurd kimi ulaması yaxşı əlamət deyil" - öz-özünə düşündü.
Yenidən iti səsləyərək sakitləşdirmək istədi. Ancaq bu dəfə də it ona məhəl qoymadı.
Goca get-gedə artan həyəcan içərisində canından, varlığından nəyinsə qopub əskildiyini duyaraq ayaq saxladı, ixtiyarsız olaraq geriyə - yürüyüb gəldiyi səmtə doğru bir neçə addım atdı. Sanki nə isə itirmişdi, tapmaq ümidi ilə keçib gəldiyi yerləri arayıb axtarmaq istəyirdi.
Vücudundan nəyin qeyb olduğunu anlamadığından çaş-baş qalmışdı.
Ancaq birdəncə ağlına gələn fikirdən dalağı sancdı və başını qaldırıb qorxa-qorxa ətrafı gözdən keçirincə quruyub yerindəcə qaldı.
Ruhu vücudundan sıyrılıb çıxmışdı, oğrun-oğrun ətrafına göz gəzdirə-gəzdirə, özündən sonra bir şey qoyub getmək istəməyən adam tövrü ilə addımlayırdı.
O, ümidsiz halda çıxıb gedən ruhunun ardınca bir-iki addım atdı.
Ancaq nə fikirləşdisə getmədi, gedə bilmədi, dayanıb durdu.
İt bir də uladı.
O, Basarın hürüşünün və ulartısının səbəbini yalnız indi anladı.
İt, ruhunu görmüşdü.
Ancaq özündən savayı bir kimsə vücudundan ayrılaraq çıxıb gedən ruhunu görmədiyindən itin ulartısına əhəmiyyət verən olmadı.
Ölümünə az qalmışdı.
"Hər şey yarımçıq qaldı, daha nəyi isə bitirməyə, tamamlamağa zamanı qalmayacaq", - içindən dərin bir təəssüf hissi axıb keçdi.
Əslində öləcəyi bir həftə öncə ürəyinə dammışdı, ancaq dünyadan belə tez köçəcəyini ağlına gətirmədiyindən heç nəyə məhəl qoymamışdı.
Yenidən geriyə döndü.
Onun alaçığı aulun sonuncu yurd yeri idi, burdan o yana dağın yamacı başlayırdı.
Ruhu alaçığın yuxarı səmtindəki açıqlığa çıxmış, tələsmədən üzü yoxuşa doğru qalxırdı. Hərəkətlərində qəribəlik hiss olunurdu; hərdən dönüb geriyə ona - tərk etdiyi vücuda sarı baxır, sonra yenidən yoluna davam edirdi.
Birdəncə dünyanın gözlərində dəyişdiyini, özgələşdiyini, yabançı bir örtüyə büründüyünü hiss etdi. İndiyə qədər yer üzünü bu rəngdə, bu biçimdə görməmişdi. Sanki yaşadığı ömürdə dünyanın üstünə bir pərdə çəkilmişdi, indi birdən-birə bu pərdə açılaraq yer üzünün ona bəlli olmayan gizli, qapalı səmti aşkara çıxarılmışdı.
Səma gözlərinə tərsinə çevrilmiş dəniz kimi görünürdü.
Onu həyata bağlayan bütün ilmələr qırılmış, zehnini, düşüncəsini biganəlik ovqatı sarmışdı.
"Bundan belə neyləyəcəkdi ki... Gözlərinin önündəcə çıxıb gedən ruhunu yolundan eləyə, tərk etdiyi vücuduna qaytara bilməyəcəkdi... Yox, bu mümkün deyildi... Taleyi ilə barışmaqdan savayı çarəsi qalmamışdı daha".
Ancaq bulanmış zehni ixtiyarsız olaraq onu ruhunun getdiyi səmtə səsləyirdi.
Alaçıqdan aralanaraq həyəcan və təlaş içərisində ruhunu təqib etməyə başladı.
Ayaqlarından daş asılıbmış kimi zorla yeriyirdi. Sanki görünməz əllə onu tutub saxlamaq istəyirdilər. İnadla dartınır, onu tutub saxlayan əllərdən qopub açılmağa çalışırdı, ancaq müqavimət göstərməyə halı yox idi; gücü, taqəti ruhu ilə birgə vücudunu tərk etmişdi.
Ruhu ondan xeyli aralanmışdı. İndi sadəcə uzaqdan-uzağa onu görür və gözdən qaçırmamağa çalışırdı.
"Bəlkə ruhunu səsləyərək bu ayrılışın sirrini, səbəbini öyrənsin... Görən eşidərdimi onu? Səsinə, harayına dönərdimi, ayaq saxlayardımı?".
Var gücü ilə ruhunu səslədi:
- Eheheyyy!!! - Onu nə adla çağıracağını bilmirdi.
Dodaqlarının tərpəndiyini, ağzının açılıb yumulduğunu hiss etdi, ancaq səsi çıxmadı. Səsi yox idi. Ruhu səsini özüylə alıb aparmışdı.
Dili olmadığından səsi, harayı şüşə kimi çiliklənib içərisinə töküldü.
Ruhunu bir də səslədi:
- Eheheyyy!!!
Ancaq eynən bayaqkı kimi səsi çıxmadı.
Auldan xeyli uzaqlaşmışdı.
Dönüb geriyə baxdı.
Qürub günəşinin şəfəqləri aulun bəyaz, gümbəzə bənzər alaçıqlarını qızılı rəngə boyamışdı. Bir azdan günəş dağların arxasına çəkilib itəcək, qaranlıq düşəcəkdi.
Əlini qaşlarına kölgələyərək ümidsiz baxışlarla dağın yaxasını eninə-uzununa ələk-vələk elədi. Artıq ruhu gözə dəymirdi.
Birdən-birə yalnızlığını, kimsəsizliyini, ruhu üçün qəribsədiyini duydu. "Güman ki, dağın zirvəsini aşmış, daşların, qayaların arasında itmiş, yaxud quşa dönüb səmanın sonsuzluğunda qeyb olmuşdu", - ani olaraq fikrindən keçirdi.
Başını qaldırıb səmaya baxdı.
Göy üzünün dərinliyində bir dəstə quş səssiz-səssiz dövrə vururdu. Uzaqdan-uzağa baxışları ilə quşların səfini bir xeyli arayıb darasa da, onların arasında ruhu gözlərinə dəymədi. "Ruhu quşa çevrilmiş olsaydı, mütləq gözümə toxunardı", - deyə düşündü.
Saqqız ağacının dibində yastı bir daşın üstündə oturdu. Burdan aul ovuc içi kimi aydınca görünürdü. Ta gənclik illərindən ömrünün dərdli, kədərli anlarında tək-tənha dağın yamacına qalxaraq bir daşın üstündə oturub içinə, ruhuna sığınar, saatlarla ona doğma olan aulun mənzərəsini süzər, gərilmiş əsəblərinə bu yolla sığal çəkərdi. İllah da qürub günəşinin aulun üzərinə sehr, əfsun dolu qəribə bir gözəllik yayması onu alıb başqa bir dünyaya aparardı.
Ancaq indi ruhu vücudunu tərk etdiyindən içində dibsiz bir boşluğun açıldığını hiss edirdi.
O, bu aulda doğulub boya-başa çatmış, ömür sürmüş, yaşa dolaraq ixtiyarlaşmışdı. Bütün ağrılarını, acılarını burda dəf etmiş, ömrünün ən qayğısız illərini, xoşbəxt, bəxtiyar çağlarını burda yaşamışdı. Onun üçün dünya bu auldan başlayır, bu auldaca bitirdi.
Aulu gözdən keçirə-keçirə hiss olunmadan xəyallar onu alıb ağuşuna apardı; bir ömrün sərhədlərini dolduracaq qədər xatirələrə sahibdi. İndi olub-bitənləri xatırlamaqdan savayı heç nəyə gücü çatmadığını bilirdi.
Dünyaya gələndən bəri yaşadığı ömrün gizli-aşkar səhifələri yaddaşında çevrilməyə başladı. Ancaq ömrün vərəqləri elə sürətlə çevrilirdi ki, xatirələrin tünlüyündə olub-bitənləri aydın-aşkar izləyə bilmirdi.
Aradan nə qədər keçdiyini xatırlamırdı. Ancaq yaddaşından, xəyalından ötüb keçən bu zaman içində sanki ömrünü təkrar yaşamışdı.
Göy üzü qürub rənginə boyanmışdı. Bu rəng dağları, yamacları, aulun ətəyindən axıb keçən çayın vadisini öz içərisinə almışdı.
Hava qaralana yaxın aula döndü.
***
Ancaq qoca ruhunun vücudunu tərk etdiyini bir kimsənin duymasını istəmirdi. Son günlərini, bəlkə də son saatlarını yaşadığını bilirdi. Qalan ömrünü özü istədiyi kimi başa vurmaq istəyirdi. İndi onun üçün kiminsə təsəllisini dinləməkdən ağır işgəncə ola bilməzdi.
Alaçığa keçərək kürkünü əynindən çıxarıb bir tərəfə atdı. İşlənməkdən dəlik-deşik olmuş at dərisinin üstündə oturaraq mütəkkəyə söykəndi.
Arvadı ərinin özündə olmadığını, üzünün, baxışlarının bütün ifadəsini qeyb etdiyini duysa da, nədənsə onu sorğu-suala çəkmədi. O, qarısının heç nəyi hiss etməməsinə sevindi, çünki sorğu-sual başlasaydı, cavab verə bilməyəcəkdi - dilini itirmişdi.
Ancaq onu narahat edən təkcə dilini itirməsi deyildi, bütün vücudunun ruhsuzlaşdığını duyur, alışa bilmədiyi bu natamamlıqdan sıxılır, darıxırdı.
Yaddaşında hər şey büsbütün zamanın və məsafələrin arxasına çəkilmişdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!