Mopassanın qadınları - Azər Qismət - Azər QİSMƏT

Azər QİSMƏT

Gi de Mopassanın qadınları çox olub. Özünün yazdığına görə 300 qadınla sevgi həyatı yaşayıb. İlk baxışdan vurular, görüşər və atarmış. Nədən belə qəddarlığa yol verməsi ilə bağlı müxətlif versiyalar səslənir. Mopassan heç vaxt sevməyib. Özü deyərmiş: "Mən həyatda yalnız bir qadını sevmişəm. O da gerçəklikdə mövcud deyil". Bəs hansı səbəbdən qadınlardan qisas alırmış? Dərinliyə getsək, bunu ya qisasla, ya da hansısa psixi xəstəliklə əlaqələndirmək olar. Qisas barədə ehtimal onun gənclik illərində baş verən hadisə ilə bağlanılır. Mopassan gənclikdə bir qızı sevsə də, nikah alınmayıb. Və gənc Gi and içib ki, qadınlardan qisasını alacaq. Psixi xəstəliklə bağlı versiyaya gəlincə... yazıçı qadınlara vurulduğu günlərdə psixi xəstəlikdən əziyyət çəkməyib, sağlam olub. Əgər qara magiyaya inansaq, Mopassan qarğışa məruz qalıb. Görüşdüyü qadınlardan birindən ona xəstəlik keçib. Xəstəliyin müalicəsini vaxtında aparmayıb və yataqda sayıqlayıb, dəli olub, halyunasiyalarla təkbətək qalıb. 42 yaşında həyatını itirən Gi de Mopassanın dediyi kimi də oldu: "Mən ədəbiyyata meteorit kimi gəldim. Və oradan sakitcə çıxıb gedəcəyəm".

Mopassan tez varlanıb. Müəllimi məşhur yazıçı Qustav Floberin tövsiyəsi ilə ədəbiyyat dünyasına daxil olub. İlk əsərini 30 yaşında yazandan sonra xeyli gəlir əldə edib. Lakin hansısa səbəbdən bütün var-dövlət və qadınlar ona sevinc əvəzinə, əksinə, bədbinlik gətirib. İki dəfə intihara əl atıb. Ömrünü psixi xəstəxanada başa çatdırıb. Vur-tut 42 illik həyatında yazdığı əsərlər bu günə qədər də müzakirə olunur və sevilir.

Beləliklə, Mopassan sevməyi bacarmayıb. Əsərlərinin birində qəhrəmanın dili ilə səsləndirdiyi bir fikir əslində öz həyatına aid olan məsələdir: "Hiss edirəm ki, bir qadını sevə bilmirəm. Ona görə də daha çox qadın xoşuma gəlir. Elə istəyirəm ki, 1000 əlim, 1000 dodağım və 1000 istəyim olsun ki, bir anda incə məxluqları bağrıma basım". Mopassan qadınları 4 hissəyə bölüb: pozğunlar, aktrisalar, sadələr və işıqlı xanımlar. Yeri gəlmişkən, o, qadınları əlcək kimi dəyişsə də, sonrakı prosesdə hamısı ilə xoş münasibətini qoruyub saxlayıb. Keflərini xəbər alıb, yardıma ehtiyaclarının olub-olmamasını soruşub. Çox maraqlıdır ki, atılan qadınların əksəriyyəti ona nifrət etməyib. Bu da onu deməyə əsas verir ki, Mopassan həm də qadının nə istədiyini bilib, bir sözlə, qadın dünyasında baş verənləri ələkdən keçirib. Freydin "qadınlar nə istəyir" sualına Mopassan qismən cavab tapıb.

30 yaşında yazdığı ilk əsərdən sonra xeyli pullanan Gi de Mopassan Klaudel küçəsi 17-də kirayə ev tutaraq bəyan edir ki, müstəqil yaşamaq istəyir. Bu yaşa qədər sərbəstliyə nail ola bilmədiyi hisslərini kirayə evdə gerçəkləşdirməyi qərara almışdı. Əlbəttə, Gi artıq böyük oğlan idi. Və ailəsi ona mane ola bilməzdi.

Günlər aylara döndü. O, həyatının ilk qadınları ilə məhz həmin evdə tanış oldu. Elə "Gonbul" əsərini də kirayə tutduğu evdə yazıb. Sonralar digər küçədən ev alsa da, hərdən bu mənzilə gələrmiş. Həmin məhəllədə pozğunlar dahi yazıçı ilə macəralarından danışanda, bu onun xoşuna gələrmiş. Daha doğrusu, belə söhbətlər onun da qulağına çatarmış. Dostları, o cümlədən yüksək təbəqə nümayəndələri hərdən Mopassanı belə macəralarına görə danlayarmışlar. Mopassan isə əməllərindən əl çəkməzmiş. Belə bir fikir var ki, Gi novellalarını belə qadınların söhbətlərinə əsasən yazarmış. Ədəbiyyat biliciləri hesab edir ki, onun novellalarının ürəyə yatımlı olması, üstəlik qadınların xoşuna gəlməsi həyatdan götürülməsi ilə bağlıdır. Bəzən qadınlar özləri də məəttəl qalarmış ki, Mopassan məxsusi bizə aid olan söhbətləri haradan bilir? Yeri gəlmişkən, kinoda Kventin Tarantino, ədəbiyyatda isə Gi de Mopassan məhz qadın söhbətlərini işıqlandırmağı ustalıqla bacarıblar. Hər iki sənətkar qadınlarla çox vaxt keçirib. Tarantino onlarla saatlarla söhbət edib, Mopassan isə sevgi macərası yaşayıb. Ola bilsin qadınlarla macəralar əsərin səmimi çıxması üçün lazım imiş. Hər halda bunu Gidən başqa heç kim bilməzdi. Sirri özü ilə qəbrə aparan Gi.

Lakin hamısını yox. Məsələn, Mopassanın köməkçisi sahibinin həyatındakı qadınlar barədə xatirələr yazıb. Jizel Destok adlı qadını müxtəlif illərdə sahibi ilə tez-tez bir yerdə görərmiş. Onlar 1884-cü ildə tanış olublar, görüşüblər. Sonra həmin qadın yoxa çıxıb. 1891-ci ildə yenidən ortaya çıxıb. Görünür, yazıçının ürəyini ovlamağı bacaran tapılıbmış. O da Jizel Destok olub. Bir versiyaya əsasən qadının əsl adı Mari Pol Debar imiş. Əksər kişilər Jizelin gözəlliyinə valeh olublar. Onu fəth etməyi çoxları arzulayıb. Dyülön küçəsindəki evindəki ilk görüşdən sonra yazıçı onunla dəfələrlə görüşmək arzusu ilə yaşayıb. Deyilənə görə, Jizellə hər görüş Mopassanın yaradıcılığını daha da çiçəkləndirər, nəticədə ortaya yeni şedevr əsərlər çıxarmış. Getdikcə, Jizellə az görüşən Mopassan başqa macəra axtarıb. Üstündən illər keçsə də, Gi yenə onu axtarıb tapıb. Yazıçının xəstəliyə tutulmasına qədər xoş münasibətlərini həmişə saxlayıblar.

Mopassan Fransanın varlı yazıçılarından sayılıb. Pul və mülklər, qadınlar. Ədəbiyyat qonorarı ona yaxşı yaşamağa imkan verib. Parisin varlılar məhəlləsindəki evindən əlavə, xeyli yaxtaya sahib olub. Belə bir ehtimal var ki, Mopassana şorgözlük atası Qustavdan keçib, necə deyərlər, burada genetikanı unutmayaq. Atası Qustav yetkinlik çağında Laura adlı qadına vurulub, onunla nikah kəsdirməyi qərara alıb. Qız qarşıya şərt qoyub ki, Qustav kübarlıq titulu almalıdır. İnadkar qadın Luara Le Puatven istədiyinə çatıb. Qustav Ruan şəhərindəki məhkəmə qarşısında iddia qaldıraraq soyadına "de" sonluğunu əlavə etdirib. Ailədə ilk uşaq doğulub: Anri Rene Alber Gi de Mopassan. Daha iki uşaq dünyaya göz açsa da, Laura Qustavın öhdəsindən gəlməyi çətinliklə bacarıb. Mopassanın atasının günü kafelərdə, yaxud ayrı-ayrı qadınların yanında və qumar salonlarında keçib. Mübahisələrə son qoyulur: 1862-ci ildə onlar ayrılır. Uşaq vaxtı Gini kilsə məktəbinə oxumağa göndərirlər. Sonra İvto şəhərindəki seminariyaya daxil olur, dalaşdığına görə oradan qovulur. Ginin Le Avradakı liseydəki təhsili barədə çox yazılıb. O, savadı ilə müəllimləri heyrətləndirməyi bacararmış. Cəbhədə sıravi olur. Atasının əməyi sayəsində nazirlikdə məmur fəaliyyətinə başlayır. Hərdən məmurluq onu çox yorarmış. Elə ona görə də ədəbi yaradıcılıqdan əl çəkmir. Həmin illərdə anası Laura məşhur yazıçı Qustav Floberlə dostluq edərmiş. 1867-ci ildə o, oğlunu Floberlə tanış edir. Və bu tanışlıqdan sonra ədəbiyyat dünyasına məhz Floberin hesabına atılır. Ginin 7 yaşı olanda dahi yazıçı ona ilk ədəbi nümunəsini dərc etməyə icazə verib: "Cavan oğlan, sən çox işləməlisən". O, Gini Emil Zolya, İvan Turgenev, Henri Ceyms və digərləri ilə tanış edərkən deyərmiş ki, "mən onu oğlum kimi sevirəm". Yeri gəlmişkən, uzun illərdən bəri ədəbi dairələrdə yayılan şayiələrə əsasən Mopassanın anası Laura ilə Flober arasında sevgi macərası yaşanıb. Əlbəttə, bunlar hələ təsdiqini tapmayan söz-söhbətdir.

Belə bir ehtimal da irəli sürülür ki, qadınlarla davranış qaydalarını da ona Flober öyrədib. Bəlkə Fransada da belə bir məsəl var: quyunun özündə də su olmalıdır. Mopassan 1868-ci ildə dəniz kənarında dincələrkən ilk dəfə Fanni adlı qızla tanış olub. Ona öz şeirlərini təqdim edib və sahildə gəzişiblər. Axşam yenə görüşməyi qərara alıblar. Gi görüş yerinə gələndə uzaqdan Fanni və onun ətrafındakı adamların gülüşdüyünü görüb. Qız onun şeirlərini oxuyur, ətrafdakılar isə qəhqəhə çəkirmiş. Bu, Mopassana qurşaqdan aşağı zərbə olub. Daha həmin gündən sonra heç kimə şeirlərini oxumayıb. Ola bilsin həmin Fanniyə görə Gi qadınlardan qisas alıb. Yazıçının həyatında təkcə əxlaqi cəhətdən sapınmış küçə qadınları olmayıb. Götürək elə qrafiniya Emmanuel Potoskini. Mopassan "Bizim ürəklər" əsərində qrafiniyanı baronessa de Fremin kimi təqdim edib. Qrafiniya Emmanueli Parisdə böyük qadın adlandırıblar və onun uğrunda çox kişilərin sözləri çəpləşib. Yaxud, götürək, amerikalı Blanş Ruzvelti. Blanş ABŞ-ın Viskonsi ştatının senatorunun qızı, markizin həyat yoldaşı idi. Mopassanı Blanşla rus yazıçısı Turgenev tanış edib. Əri Blanşa sərbəstlik verib və hansı kişi ilə görüşməsinin fərqinə varmayıb. Əlbəttə ki, Blanş hər kişi ilə tanış olmayıb. Onun üçün Fransanın məşhur yazıçısı Gi de Mopassanla tanışlıq böyük şərəf sayılıb. Vaxtilə Viktor Hüqo Branşa xoş sözlər deyər, ingilis şairi Brauninq gül-çiçək təqdim edərmiş. Hətta bir dəfə gülü diz çökərək verib.

6 iyul 1893-cü il. Psixi xəstəxanada onun həyatı sona yetirdi. Gözlərinə qaranlıq çökür, tez-tez qışqırırdı. Elə sonuncu sözü də belə olub: "Ah, qaranlıq, qaranlıq". Tibbi tarixçəsində belə də yazılıb: "Gi de Mopassanın ürəyi 1893-cü ilin iyulun 6-da 11.45-də dayandı". Hansısa qadından keçən xəstəlik onu 42 yaşında bu dünyadan aparıb. Vur-tut 42 yaş.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!