3-ə bölünməyən 40
Az qala yarım saat olardı ki, növbə gözləyirdim. Binanın üstünə "Aptek" sözü yazılmasaydı, kənardan baxanlar elə bilərdi əli zənbilli adamlar bazardan çıxır. Allah üzümə baxmışdı, həkim müalicəmi beş-altı dərmanla yekunlaşdırmaq qərarına gəlmişdi. İki nəfərdən sonra satıcıyla üz-üzə dayanacaqdım. Birdən adamları hərəkətə gəldi - bir cavan onların arasıyla keçib saymazyana halda gəlib durdu məndən qabaqda.
İndi insanlar daha mədəni olub, day keçmişdəki kimi hay-küy qoparıb, dilini əziyyətə salmağı şəninə sığışdırmır - ya bir tərs baxış, ya narazı baş yelləmək, ya da məzəmmətedici təbəssüm... Sonra da hərə qapılır öz dünyasına. Amma millət dəliqanlıdan xali deyil - kimsə arxa cərgədən partladı:
-Top-tüfəng lüləsi dirənməyib ki, sinəsinə! Basıb qabağa keçməyə nə var. Belə hünərli oğlansan, get gir Qarabağa, görüm necə girirsən?! Nallasınlar qaşqandan.
Elə bil bu sözlər havaya deyilirdi - cavan başını da arxaya çevirmədi. Mən də öz sakit etirazımı bildirmək üçün yanpörtü oğlanın üzünə baxdım. Nəinki baxışlarıma, heç özümə də etina eləmədi. Anladım ki, növbə pozmaq kimi xırda, əslində adamı daha tez özündən çıxaran hərəkətlərə öyrəncəlidi. Məni təəccübləndirən o idi ki, oğlanın sifətində, gecə növbəsindən çıxmış kimi yorğunluq, yuxusuzluq və laqeydlik vardı.
-Elə bil, ağlaya-ağlaya uşaq qoyub gəlib!- Dəliqanlı sakit ola bilmirdi.
Oğlan geri çevrilmədən qımışdı:
-Çıx çölə, gör ağlayan qoyub gəlmişəm, ya yox. Özü də ikisini birdən.
Bu sözləri eşidən kimi dəliqanlının köpü yatdı.
Aptekçi qız da qucağında bir yığın dərman gəlib çıxdı:
-Salam, Afət xanım! - Başa düşdüm ki, oğlan buranın daimi müştərisidi. Aptekçi qız da yəqin onu səsindən tanımışdı; nə başını qaldırdı, nə də salamını aldı. Hiss olunurdu ki, oğlan da cavab gözləmək marağında deyil. Salam da əslində "gəlmişəm" mənasındaydı. - İki ədəd filan-filan... üç ədəd filan-filan... eşitməyə vərdiş eləmədiyim dərman adlarıydı, yadımda qalmadı, amma üçüncü - bir şpris... anladım. - Əlindəki 5 manat 40 qəpiyi qoydu qızın qabağına.
-Pulu gözümə soxma!
Bu acıq oğlanın tükünü də tərpətmədi - heç nə olmamış kimi yavaşca əlini geri çəkdi.
Qız qaş-qabağını töküb, pəncərənin arxasından yoxa çıxdı.
-Bu dərman, - oğlan mənə tərəf baxmadan stolun üstündəki bir qutuya işarə elədi, - yaxşı məlumatım var, şəxsən bildirişini oxumuşam, otdan düzəldilib, itkisiz-filansız cana sovrulur.
Çox çəkmədi ki, qız qayıdıb gəldi. Ödəmə kağızına 5 manat yazıb, gözünü stolun üstündən ayırmadan, başının üstünə - pəncərə bərabəri qaldırdı. Oğlan kağızı alıb, tələsik sıradan çıxdı. Dalıyca baxdım - kassaya da növbəsiz girdi.
Aptekçi qız aşağı əyildi - ayağına yaxın yerdən 3 ampula, bir şpis, bir də iki balaca qutunu çıxarıb hirslə tulladı stolun üstünə.
-Buyurun! - Cavan çeki və xırda pulları qoydu qızın qabağına.
-Pulu götür! - Qız başaşağı dərmanları sol əlinə yığıb, heç sellofon torbaya da qoymadan uzatdı gəncə.
-Sağ olun! - Gənc dərmanları caynaqlayıb, tələsik pəncərənin qabağından uzaqlaşdı.
Mən də dava-dərman torbasını götürdüm. Küçəyə çıxanda, gördüm bayaqkı oğlan aptekin qapısından bir az aralı, özü kimi üz-gözündən yorğunluq və əzginlik yağan, yarıayıq, yarıxəyalda iki nəfərlə söhbət eləyir. Gülümsündüm...
-Pulu niyə götürmədi?! - Biri təəccüblə xəbər aldı.
-Nə bilim! - Oğlan suala cavab vermək həvəsində deyildi.
-Allah bəxtini açsın, alicənab qızdı! Ən azından iki şprisimiz var.
-Alicənab-zad deyil. - Oğlan əsəbi dilləndi. - Bir kişi sallanıb durmuşdu pəncərənin qabağında... yəqin ehtiyat eləyib.
-Camaat dəvəni dirigözlü udur!
-Dəvəni dirigözlü udanın dəvə ağırlığında da pulu olur. Pullu adamları da ki, indi tutmurlar.
-Deməli 40 qəpiyimiz qaldı cibimizdə. Neyləyək bəs?!
-Neyləmək fikrindəsiniz?!
-Bölək.
-Üçə bölünmür axı!
Beş hərfin faciəsi
-Uy daad... nə çox kitabınız var?! Hamısını oxumusunuz?!
Həyatımda gördüyüm ilk qadın idi ki, kitaba tamah salırdı. Az qala dəli kimi fırlanırdı otaqda. Birdən stolun üstündə Vahidin "Qəzəllər"ini gördü - qaş-qabağını salladı:
-Xoşum gəlmir Vahiddən!
-Olmaya bostanuya daş atıb?!
-Necəəə?! O, öləndə anamın heç 3-4 yaşı yox idi, onda qalmış mən olam.
-Nədi bəs bu anti-Vahidlik?!
- Şeirlərindən araq-çaxır iyi gəlir?!
-İyləmisən?!
-Mənə elə təsir eləyir.
-Vahid böyük şairdi. Gör nə deyib: "Vahidin ovçuluğu var isə, insafı da var!".
-Nə bilim, yaxşısını siz bilərsiniz.
Sabirin iri formatda təzəcə nəşr edilmiş "Hophopnamə"sini görəndə isə gözləri işıldadı:
- Allah qəni-qəni rəhmət eləsin! Əsl şair Sabirdi!
-Görünür sən də zəmanəylə düz gəlmirsən deyə Sabirlə fikir birliyindəsən?!
-Zəmanəylə necə düz gəlim, ay müəllim?! İşin olar, işləyərsən. Çöl-bayırdan əl-ayaq yığışan kimi, sən də yığışıb oturarsan xarabanda. Yoxsa axşam düşən kimi qurd-quşla çıx evdən, bir də Allah bilir, gecənin hansı vaxtı qayıdacaqsan. İrağ olsun, üç gün xəstələnsəm, bir ay dilənməliyəm. Hələ anamla oğlumu demirəm.
-Göstər də günahkarı mənə, yapışım yaxasından!
-Ay müəllim, ağzınız isti yerdədi. İt peşmanıyam!
-İndi sən də bir kişinin arvadıydın.
-Yalançı təriflər yıxdı məni - ay sənin qaşın belə, ay sənin gözün belə! Yaş balaca, beyin qan. Lap bayatılardakı kimi:
"Hər nə desən, qıza de,
Gəlin kələkbaz olar!".
Axşam ki, keçirdim güzgünün qabağına, başlayırdım özümə alıcı gözüylə baxmağa. Balam, bu təriflər hara, qarayanız bir qız olan mən hara?! Səhər ki, evdən çıxırdım, elə bil tilsimləyirdilər məni! Hoppdan düşürdüm ac qurdların arasına - ay sənin sözünü yeyim!.. Ay sənin gözünü yeyim!.. Yedilər məni, müəllim, dirigözlü yedilər! Gənə də Allahıma şükür eləyirəm!
-Dirigözlü yeyildiyinə görə?!
-Məndən qat-qat gözəllərini yeyiblər. Özü də yavan - birinin də dar günə ümidi qalmayıb!
-Görünür, qızıl-gümüşdən bir şey atmısan dala?!
-Qızıldan da qiymətli qazancım olub!
-Briliyant?!
-Nə qızıl, nə briliyant, Allah çox görməsin, ay parçası kimi oğul qazanmışam!
-Heç analıq vermək olmaz sənə, neçə yaşın var?!
-Yoxsa almaq istəyirsiniz məni?!
-Bir başa iki qapaz?!
-Nə demək istəyirsiniz?!
-Bir bədbəxtlik bəs eləmir sənə?!
-Ərin ayrı hüsnü var, müəllim! İt olaydı, qurd olaydı, təki başımın üstündə bir kişi olaydı!
-Yaşını demədin, ha?!
-Neçə verərsiniz?!
Qəsdən onu acıqlandırmaq istədim:
-Ən azından qırx-qırx beş.
-Nəəə?! Təhqir eləməyin məni! Otuz üçə təzəcə girmişəm.
Düz iki dəfə məndən balacaydı. Onun gözündə necə göründüyümü öyrənmək həvəsinə düşdüm:
-Bəs mənim yaşım neçə olar?!
-Səsinizin kallaşmasından hiss eləyirəm ki, özünüzü təzə tanımış olarsınız!
-Filosofluq eləmə.
-Bilirsiniz, nəinki yaşınız, heç əhvalınız da maraqlandırmır məni. Qız gəlib, qız qayıtsam da, kefimə soğan doğranmaz. Təki məni layiqincə yola salasınız!
-Göz dəyməsin, ağlın yaxşı işləyir ha!
-Heyif ki, vaxtında oxuya bilmədim.
-Kitab həvəskarına oxşayırsan.
-Oxşayırsan da sözdü?! Amma... yaman bahadı. Boğazımızdan artırıb, ala bilmirəm. Bir manat balaca pul deyil - üç çörək eləyir. Dörd manatı necə aparım verim bir kitaba. Dörd manat dörd günümüzün çörəyidi.
-Neçə nəfərsiniz?
-Anam, oğlum, mən.
-Nə çox çörək yeyirsiniz?!
-Anam çörək yeyəndi. Deyirəm, ay arvad, az ye də. Deyir, ay bala, yediyim çörəkdən başqa nədir ki?! Onu da çox görürsən mənə?! Çox niyə görürəm?! Əslində dişim bağırsağımı kəsir. Açığı, üç çörəyin yarısından çoxu da anamı görmür!
-Sən çörək deyirsən, mən heç ət yemirəm!
-Kişi ola, ət yeməyə?!
-"Quran"ı görürsən?!
-Bəs onda məni niyə gətirmisiniz bura?!
-Heyif!
-Nə "heyif!"?!
-Ağlından narazı olmaya bilərsən!
- Bağışlayın, siz kişilər... - diqqətlə üzümə baxdı, - inciyib, pulumu kəsməzsiniz ki?!
-Sövdələşmişik bəyəm?!
-Öz insafınıza...
-Qorxma.
-Xalis yamyamsınız?!
-Bu sənin sözün deyil.
-Atamdan eşitmişəm. Bazar alverçilərinə "yamyam" deyərdi. Yəni "adamyeyən".
-Atan da görünür oxuyandı?!
-Fəhləlikdən gəlib, çörəyini yeyən kimi, yastığı başının altına qoyub, kitabı götürərdi əlinə.
-Allah rəhmət eləsin!
-Nəəə?!
-Bəs niyə keçmişdə danışırsan?!
-Bizi atıb gedib, başqa arvadla yaşayır!
-Niyə?!
-Bəs siz niyə təksiniz, soruşmaq ayıb olmasın, ay müəllim?!
-Allahın ver günü hirsləndirirdi məni! Papağımı götürüb çıxdım.
-Özünüzə ziyan eləmisiniz!
-İnfarkt olaydım, deyirsən?!
-Ay müəllim, infarkt qəfil hirslənməkdən olur. Siz isə hirslənməyə vərdişli olmusunuz. Yazıq arvad sizə yaxşılıq eləyirmiş - hərdən əsəblərinizi qıdıqlayıb, qoymurmuş beyniniz yata, qocalasınız. Siz də yaxşı vermisiniz əvəzini! Gedin, əl-ayağına düşün, qayıdın evinizə. Yoxsa tez qocalıb, tez ölərsiniz!
-Ay qız, sən bunları hardan bilirsən?!
-Vallah, kənddə qonşumuz vardı, indi də var, it-pişik kimi dolanırdılar. İkisi də səksəni ötüb, ağılları da başlarında.
Kişilərə xas olan tamah mənə də güc gəldi - əlimə düşən fürsətdən yararlanmaq istəsəm də, "xanım" çox məqamda arzumu gözümdə qoydu. Bəlkə də bu qadağalarına görə üç-dörd saatın içində özünə qarşı bir doğmalıq oyatdı məndə. Lakin nə özünü şirin salmağa cəhd elədi, nə də növbəti görüşə vədə almağa çalışdı. İş gününü başa vurmuş müəllimə kimi, həkim kimi, lap elə süpürgəçi kimi geyinib, çantasını vurdu qoltuğuna:
-Gedə bilərəm?!
Əlimdə hazır tutduğum 50 manatı uzatdım ona.
-Allah sizdən razı olsun!
-Lap yadımdan çıxmışdı, adını bilmədim axı?!
-Tapmacayla necədi aranız?!
-Baxır tapmacaya.
-Beş hərfin faciəsi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!