Şəkil haqqında ballada - Kamran Nəzirli

Hekayə

Qağayıların yuva salan vaxtında mən o qızı sevməyə başladım. Bilmirəm, nədənsə o qızı  anama oxşadıram, sümüyü yüngüldü, nazik, incə barmaqları da anamın barmaqları kimidi. Deyilənə görə, anam çox erkən, sətəlcəmdən dünyasını dəyişib. Mənim bir yaşım olanda... Ağlım kəsən çağlarımda atam mənə anamın şəkillərini göstərməsəydi, mən heç onu xatırlaya da bilməzdim, onun gəncliyində çəkdirdiyi sonsuz həyat eşqli şəkilləri də yaddaşıma hopub qalmazdı. Atam ikinci dəfə evlənəndən sonra anamın şəkilləri evimizdən birdəfəlik yox oldu. Və mən bir daha anamın şəkillərini görə bilmədim. Çox xiffət çəkirdim. Bir dəfə analığım mənə kinayə ilə dedi:

-Lap qız kimisən... Kişi gərək bu qədər xiffət çəkməsin! Axı o, səni heç böyütməyib!

Atam analığıma təpindi:

-Uşaqla işin olmasın! Xiffəti qeyrətli oğul çəkər də... Çətini birini sevənəcəndi... Sevgi hər şeyi unutdurur...

Anamın xiffəti elə bil mənimlə birgə doğulmuşdu, yatıb-dururdu, evdə, universitetdə, hər yerdə məndən əl çəkmirdi. Srağagün səhər orta məktəb gündəliyimin arasından bir şəkil tapdım. Çox sevindim. Mənə elə gəldi ki, dünyada ən qiymətli bir şəkil tapmışam. Düşündüm: onu mütləq sevdiyim qıza göstərəcəyəm.

Biz artıq bir neçə gün idi ki, onunla görüşürdük. Düzünü deyim ki, indiyədək əlim əlinə belə dəyməyib. Görüşəndə hərdən yad, hərdən də doğma adamlar kimi söhbətləşirik. Hiss edirəm ki, onu görən kimi içimdə donub buzlaşan xiffət yavaş-yavaş əriyib yox olur. Həmin günün axşamı bulvarda anama oxşayan qızla yenə görüşdüm, tapdığım şəkli də ona göstərdim. O, şəklə xeyli baxandan sonra sual dolu gözlərini mənə dikdi, üz-gözüm, bütün vücudum qızın müəmmalı baxışlarına bələndi. Orda görmək istədiyim isti nəvaziş, sevgi, mərhəmət və diqqət yox idi. Özümü bir qədər narahat hiss elədim (gərək bu şəkli ona göstərməyəydim!). Qız deyəsən karıxmışdı. O, dənizin üstündə qağıldaşan qağayılara xeyli baxdı. Elə bil suyun üzündə şübhəli hərəkətləri izləyə-izləyə sürüşkən ovları dərhal tutub saxlaya bilən  və dimdiklərini qabağa verərək qanadlarını yellətmədən tənbəl-tənbəl havada süzən o ağ, əlvan, buruq tüklü qağayılar kimiydi - hücum anı yetişən kimi siqnal sistemlərini işə salacaq, müxtəlif səslər çıxaracaq, beləliklə, o sülhpərvər dəniz sanitarları  dönüb olacaqdı amansız və təcavüzkar uçağan (Bu anlarda o quşların romantik obrazından əsər-əlamət belə qalmır). Başımda dolaşan bu fikirlərdən məni qızın gözlənilən sualı ayırdı:

-Bu kimdi?

-Mən...

-Sən? (Bu dəfə şəklə daha diqqətlə baxmağa başladı).

Sonra ifadəsiz və laqeyd bir görkəm alıb əlavə etdi:

-Heç oxşamırsan...Neçə yaşın var?

-On səkkiz....

-Yox, şəkildəki yaşını soruşuram...

-Hə, orda... Bir yaşındayam...Kresloda oturmuşam... O əl isə anamın əlidir...Tutub ki, yıxılmayım...

-Hımmmmm...

Biz susduq. Qız isə hələ də şəklə baxırdı. Hərdən qəribə baxışlarını üzümə tuşlayır, bununla nə demək istədiyini anlaya bilmirdim; istəyirdim ağzının dadını alım. Yaxşı ki, yenə də özü başladı:

-Ha istədim bu şəkildəki cizgilərdən heç olmasa birini səndə tapım... tapa bilmədim. Yəni insan bu qədər dəyişə bilər? Axı uşağın şəkliylə on səkkiz yaşlı cavan oğlan arasından cəmi on yeddi il ötüb... On yeddi il...

-Hə... - mən də təəssüflə təsdiq elədim.-Elə bil on yeddi saat ötüb...

-Elə mən də o barədə düşünürəm. On yeddi saat nədir ki? Bir qətrə də oxşarlığın yoxdu... Bəlkə?

-Nə bəlkə? Şəkil mənimkidir... Vallah, mənimkidir!

-Heç oxşamır! İnsan da bu qədər dəyişər? - Qız yenə təəccübünü bildirdi.

-Axı biz şəkillərdə dəyişmirik? Çünki onlar hərəkət eləmirlər...İnsan hərəkətdə olanda dəyişir də...

Qız başını tərpətdi. Yəni, səninlə razıyam. Amma yenə kor tutduğunu buraxmadığı kimi dedi:

-Əslində insan özü də şəkil kimidi... Heç zaman dəyişmir...

Bundan sonra ikimiz də sahildəki dəmir məhəccərə sarı yeridik. O, şəkli əlində tutub saxlamışdı, o tərəf-bu tərəfə çevirir, hərdən də dənizin üstündə uçuşan qağayılara baxırdı. Qağayılar çox qəribə səslər çıxarır, gah qəflətən şappıltıyla suya baş vurur, dimdiklərinə keçən xırda balıqları, yaxud da ötüb keçənlərin suya tulladığı qırıntıları tutub udur, gah da havada heyrətamiz şəkildə qanad çalır, toxluq nəğmələri oxuyur, süzür, bir-birlərinə mane olur, yaşamağın dadını özlərinə məxsus şəkildə çıxarırdılar. Qız məhəccərə söykəndi, mən isə azca aralı durub arxadan onun yüngül mehin yellətdiyi saçlarına baxır, gah da suyu nənni kimi yırğalayan nizamlı ləpələri seyr edirdim. Özüm üçün xoş xəyallar qururdum. Birdən necə oldusa, qızın əlindəki şəkil suya düşdü. Mən qeyri-ixtiyari qışqırdım:

-Neylədin? Axı ondan bir dənəydi...

-O şəkil daha bizə lazım deyil, - deyə qız yavaşca, özü də arxayın-arxayın mənim əlimdən tutdu. Onun əli ilk dəfəydi əlimə dəyirdi. Barmaqları buz kimiydi, əsirdi. Hiss etdim ki, o da həyəcan keçirir, amma bunu büruzə vermək istəmir. Nəhayət, yenə yumşaq səslə davam elədi:

-İnsan şəkil kimi olsa da... (bir qədər susdu) şəkil insan kimi deyil... Məgər bizim şəkillərlə yaşayan vaxtımızdı?

-Ahhh! Uffff!... - deyə özümdən asılı olmayaraq ufuldadım. - Orda axı... anamın əli... anamdan yeganə qalan yadigar... anamın əli... Axı onun məndə daha heç bir xatirəsi yoxdu... Ah... anamın əli!..

Qız bu dəfə hər iki əlini mənim məhəccərdən yapışan titrəyən əllərimin üstünə qoyub  sığalladı.

2016


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!