Təbrizin Şəhnaz xiyabanında "Səadət" adlı bir kitab dükanı var idi. Hər gün işdən çıxanda nə qədər yorğun olsam da, o kitab dükanının qarşısında ayaq saxlardım. Bir dəfə dükanın qarşısından keçəndə gözüm bir qırmızı rəngli kitaba sataşdı. Kitabın üz qabığında bir maşın açarı və altında bomba şəkli təsvir olunmuşdu. Ağ hərflərlə yazılmış "Limozine Qermez" (Qırmızı limuzin) sözlərini oxudum. Kitab diqqətimi cəlb elədi. Tez yazıçının adını axtardım, qara rəngli hərflərlə Anar Rza yazıldığını gördüm. O kitab Anar müəllimin farscaya tərcümə olunmuş hekayələr toplusu idi. Dükana daxil olub kitabı aldım, elə oradaca oxumağa başladım və oxuya-oxuya marşruta mindim. Kitabın adını daşıyan hekayədən o qədər təsirlənmişdim ki, gözlərim qeyri-ixtiyari avtobusun şüşələrindən çölə baxıb Təbrizin küçələrində qırmızı limuzini axtarırdı. Marşrutdan düşəndə hekayəni artıq oxuyub bitirmişdim, amma təsirindən çıxa bilmirdim... Evimizin qapısında bir limuzin görmək istəyi və ümidi mənə hakim kəsilmişdi... Hekayədəki qəhrəmanın katibə ilə olan münasibətini qısqanırdım. Hər bir tənha adamın mütləq gizli bir gözətçisi var, bəzən qırmızı limuzin şəklində, bəzən cansız divar şəklində... Qırmızı limuzin qəhrəmanın taleyini qırmızı edir, onu ən sevdiyi məkana, yəni qəzetlərə köçürür. Mən yazıçı Anarı bu hekayəylə sevdim. İnsanlara münasibət şəklinə, oxucu ilə əlaqə qurma qabiliyyətinə və bədii dünyagörüşünün sehrinə məhz bu hekayədə heyran oldum. Yazıçı Anar haqqında bütün təəssüratlarımın kökündə bu hekayə dayanır. Bu gün səksən illik ömrün çoxillik yazıçısına neçə-neçə on illəri fəth etməyi arzulayanda da, aldığım o ilk təəssürat məni tərk etmir. Fikrimi bir cümlə ilə yekunlaşdırmaq istərdim: Əslində yazıçının ömrü yaratdıqları boydadır! Və ədəbiyyat sənəti yaşayana qədər Anar adı unudulmayacaq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!