Yazıçı Əlabbasın yeni romanı çapa hazırlanır. Müəllifin bu günlərdə tamamladığı romana yazdığı Ön sözü təqdim edirik.
İlk adı "Qan" olan, yazı prosesində müxtəlif isimlərə dəyişən, nəhayət, oxuduğunuz adla yekunlaşan bu roman otuz illik zaman kəsiyində (1992-2021) Qarabağ və ətrafında baş verən hadisələrdən bəhs edir.
"Müharibədən layiqli əsərlər yazılmır" kimi ittihamları qəribçiliyə salmaq fikrim olmasa da, üzəngi parıldatmaq niyyətim də yoxdur, bu əsər o tənələrə cavab olaraq yazılmayıb. Hələ də dövriyyədə olan o fikirlə mən də yüzə-yüz razıyam ki, əlahiddə tarixi hadisələrin ədəbiyyatda gerçək əksi zamana bağlı məsələdir. Qələbənin böyüklüyü isə ondan yazılan əsərlərin sayı yox, sanbalı ilə ölçülər. Nə vaxtsa bizdə də yüksəkəyarlı əsərlər yazılacağına inanıram. Hərçənd niyyətim nə onu, nə bunu xatırlatmaqdır, sözümün canı var...
Hər dəfə yolum Naxçıvana düşəndə Farsabaddan, Aslandüzdən, Üştibindən, Nənəmvay aşırımından Arazın sağ sahili ilə sərhədboyu uzanıb gedən kənd evlərinin kül içində başdaşı tək dikələn kalafalarını izlədikcə hey düşünərdim ki, bu dağ silsilələri, ardındakı bərəkətli torpaqlar, qədim yaşayış məskənləri necə sonsuza qədər yağı əlində qala bilər? Bu acı tale ilə barışmağı Göylərin sahibi nə deyib rəva gördü bizə? Hansı günahınsa cəzası, ya torpaq qədri bilməmək? Sonmu bu, ya davamı olacaq? Bir bilən ola orda, daşı daş üstə qalmayan yurd yerlərimizdə arın-arxayın at oynadan bəxtəvərlər bizdən nə düşünürlər? Heç olurmu ötüb-keçənləri yada salıb qəhqəhə çəkməyələr?
Rusiya ilə Ermənistanın zirvələrdə qoşa dalğalanan bayraqları isə bir ayrı göz dağı idi.
Başqalarını bilmirəm, Şuşaya tarakan kimi doluşmuşların Cıdır düzündə yallı getməyi sinəmə dağı dağ üstən çəkib. Muğam dinləməyə dəvət adı ilə ələ salınmağımız məni Allahın evinəcən yandırıb. Ölümün gözünə dik baxan Natiqin, qurd ürəyi yeyən Mübarizin, haqqa səngərlərdə qovuşan Həşimovun itkisi isə sümüyümü sümbələrə döndərib, özü də vaxtsız-vədəsiz...
Uzun illər ictimai-siyasi arenalarda ölkə yerinə qoyulmamağımız, sayılmamağımız, dinlənilməməyimiz də bir yandan...
Belə-belə bir gün hiss etdim ki, davadan nə yazmış olsam da ("Gözəl", "Halal qan", "Şəhər", "Küçə", "Qaraqovaq çölləri", "Yük" və s.) ürəyimdəki tikan hələ də yerindədir və nə qədər ki, ordan çıxmayıb, rahatlıq tapan deyiləm.
Bilə-bilə ki, müharibə mövzusunun dünya ədəbiyyatında kamil örnəkləri bəs qədərdi, bilə-bilə ki, Azərbaycan ədəbiyyatı kürəsəl nəsrin meyarlarından hələ də uzaqlardadı və bədii ədəbiyyat cəmiyyəti əvvəlkitək maraqlandıran yaradıcılıq sferası deyil, üstəlik, dəyərlər sistemi kimi söz özü də nüfuzdan düşüb, son qərarım Allahı çağırıb dabanı bərkitmək oldu. Heybəmi sırtıma atıb da, əsamı götürdüm.
...Hekayə ilə başladım, sonra povestə döndü o, hadisələr şaxələnəndə isə mövzu məni at kimi tərkinə alıb çox-çox uzaqlara apardı və yolboyu kimlər qaldı üzləşməyim: dərdin dərdəcər elədiyi Laura, haqqı danmayan Sisak müəllim, türk qanına yerikləyən meşəbəyi, adəm olub da, adam olmayan Maqbet Xaçunts, türkün haqq-sayını, çörəyini və dilini unutmayan saatsaz, hər şeydən heyrətlənən sadəlövh Ruslan və başqaları... Hər biriylə müsahib oldum, kimsənin sözünü kəsmədim. Niyyətim həm də Azərbaycanın ordan, Qarabağdan, hələ bir az da uzaqlardan necə göründüyünü o kəslərin öz dilindən eşitmək idi.
Orda ilk dəfə əsgər, ikinci dəfə əsir, üçüncüdə isə qonaq sifəti ilə peyda olan gəncəli balası Xanlar Muradovla da rastlaşdım. Onu 1992-də, Sırxavənddə Lauragildə görən idim. O zaman ağlıma da gəlməzdi ki, işgəncələr üzündən dişdən-dırnaqdan olan "kahin"lə illər sonra (2012) yenidən üz-üzə gələcəyik. Hələ bu harasıdır?! Deməyəsən, 2020-də Moskvada daha bir görüş gözləyirmiş bizi. Bu səfər də oğlunu axtaran ata kimi!
Bu qavram Bakıdan Naxçıvana dədə-baba ocağının ziyarətinə aviafobiya səbəbindən İran yolu getməyə məcbur qalan birinin səfər zamanı sadəcə ağlına gələnlərdisə, onları fərqli yanaşma kimi yazıya alanı da şişə taxmağa tələsməyin. Bəlkə, qəlibləri dəyişməyin, ya birdəfəlik sındırıb atmağın uyğun vaxtı indidi?! Bəlkə, qüsur hansı yöndən baxmaq və ənənəvi münasibətdə yox, qəlibin özündədi? Nə olar cəhd çarıq yırtanda? Yola çıxmazlarmı?... O üzdən qırx ilə yaxın içimdə səngimək bilməyən ağrını çatdırmağın bir çəmini də bunda gördüm. Atın ölümü qoy bir dəfə də arpadan olsun.
Təsvirlər və meşə yolu sizi yorsa, bunu məhəbbətdən törəyən mərəz bilin: illərlə əsirlikdə qalıb içimi şum-pərşum edən o yerlərə istəsəm də insan gözü ilə baxmaya bilmədim. Quruca torpağı da, xəzələ dönmüş yarpağı da, göldə üzən sonanı, yarpaqdan düşən damcını, adicə göbələk iyini də vətən sandım.
"Qandal" tarixi roman deyil, heç sənədli-bədii əsər də deyil. Tarixləri saxlamağım onların hadisələrlə birbaşa əlaqəsi olduğuna və oxucunu yormaq istəmədiyimə görədi.
Ömür yolu Moskvada başlayıb Gəncə, Qarabağ və Yerevanacan uzanan bir saat əhvalatı da var. İşi vaxtı göstərməklə bitməyən bu adicə cihaz "Kahin" kimi filmdə vacib rol almaqla sonda hadisələrə yön verən ziqiymət qızıl parçasına çevrilir.
Hələ türk qanı daşıyan Ellada, sözün başına çatı salan Stas Leyter, Moskvada bağlı qapılar arxasında təkbətək vida görüşü... Etiraf edim ki, məsələ burda bir az qəlizləşir. Necə deyərlər, Rumi ki, dedin qəziyyə məlum. Deməklə başa gələn deyil, gərək oxuyasınız. Məni məzur tutub-tutmamanız öz işinizdir.
Adı nə də olsaydı bu romanın, heç biri "Qan"ın yerini verən deyildi. Bütün əsər boyu, əvvəldən sonadək sağalmaz yara kimi qövr edən sanki qandır, hər şey qan yaddaşının hökmü ilə baş verir. Amma ondan imtina etdim. Son illər qan, qırğın, intiqam, qisas, cəza, fəlakət... namlı nə qədər əsər yaranıb?! Kimsə səhvən elə düşünüb ki, keçəl başa yaxı salmaqla iş düzələndi. Azərbaycan türkcəsi heç vaxt indiki qədər urvatsız söz yığınının, üstəlik də dil və qələmin məsuliyyətini dərk etməyənlərin ümidinə qalmayıb. Nəzarət zəif, tənqid və incələmə az, mətbəə isə boldan-bol...
Məqam çatıb, onu da deyim... Bir dəfə yazmışdım ki, bu dünyada məni heç nə Naxçıvana getmək qədər xoşbəxt eləməyib... Gün oldu onu da yadırğadım, çoxdan həsrətəm o yerlərə. Deyirəm bəs, getsəm başıma hava gələcək: altı bacı, üç qardaşdan tək biri ordadır - dədə-baba ocağının müdrik şamanlara bənzər yurdçusu... Kənddə adam qalmayıb, salam verməyə kimsə yox. Kənd ola, xoruz banı olmaya, it hürüb, at kişnəməyə?.. Daha dağlar da o dağlar deyil, bulaqlar quruyub, "çayın da bir qulaq nəğməsi qalıb"... Bir yerdə təndir tüstüsü görməzsən, təzə çörəyin ətrinə çöllər də həsrətdi. İnsan əli dəyməyən bağlara əbədi hüzn çöküb, evlərin damı yatıb, az-maz babat olanlarınsa qapısında ancaq paslı qıfıllar gözə dəyir...
Müəllif
12 noyabr 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
