- Atandır. Mən danışmaq istəmirəm, al, gör nə deyir.
İlqar telefonu anasından alıb qulağına yaxınlaşdırdı:
- Alo!
- İlqar, nə olub? Anan niyə telefona cavab vermir? Salamatsınız? - deyə Pərviz uca səslə soruşdu.
Aynur əl işarəsi ilə İlqarı başa saldı ki, desin anam yatıb.
- Heç nə olmayıb, ata, anam yatıb. Bəs sən hardasan? Niyə gəlmirsən evə?
- Elə ona görə zəng eləmişdim, anana deyəm ki, gələ bilməyəcəm evə, qonaqlarım var. Xaricdən gəliblər. İşlə bağlı, - deyə Pərvizin səsi ətrafa yayıldı.
Aynur yenə işarə ilə İlqara bildirdi ki, desin, "yaxşı".
- Yaxşı, ata. Başa düşdüm, özündən muğayat ol.
- Sağ ol, oğlum. Yadından çıxmasın, dediklərimi anana çatdır.
- Narahat olma, ata, gecən xeyrə qalsın.
- Gecən xeyrə qalsın, oğlum.
Sonra onlar liftlə mənzillərinə qalxdılar. Bayırda hələ də aramsız yağış yağırdı.
***
Sadə bir ailədə, dəbdəbə-filan görmədən böyümüşdü Pərviz. Atası evlərdə fəhləlik edirdi. Əlindən az-çox bənnalıq, hörgü işləri də gəlirdi, hasar çəkir, suvaq vururdu. Evin kişisinin qazancı arvad-uşağına güclə çatırdı. Axar-baxarlı kənddə yaşasalar da, sonralar dolanışıq ucbatından şəhərə köçmüşdülər. Dalbadal doğulmuş uşaqlara üst-baş, pal-paltar almaq, ailənin yeməyini çatdırmaq elə də asan deyildi.
Evdar qadın olan Vəsilə uşaqların gün-güzəranını düzəltmək üçün ağlı kəsdiyi, bacardığı işin qulpundan yapışır, qonşular üçün yorğan-döşək sırıyır, yataq dəstləri tikib satırdı. Başını işə-gücə qatdığından uşaqlara elə də vaxt ayıra, nəvaziş göstərə bilmirdi. O üzdən iki yaşlı Pərvizi kəndə, nənəsinin yanına göndərmişdi. Ana nənəsi və subay xalası onun qayğısına qalırdı.
Pis olan o idi ki, evin kişisi şəhərə köçəndən içkiyə qurşanmışdı. Qazandığı beş-on manatı araq şüşəsinə verir, məhəllədəki curlarıyla həzm-rabedən keçirib, necə deyərlər, "tini düz olanda" evə dönürdü.
Evdəkilər ailə başçısının bu yöndəmsiz hərəkətlərinə, sərxoş gəlib daha çox həyat yoldaşını incitməsinə az qala alışmışdılar. Əslində bu vəziyyətə, gündən-günə artan dava-dalaşa dözmək əzablıydı. Azyaşlı uşağın ataya qarşı çıxması, təbii ki, mümkünsüz idi.
Vəsilənin bəzən mülayim, bəzən kükrəyən səslə dediklərinə məhəl qoyan kim idi ki?!. Etiraz, yalvar-yaxar, xahiş-minnət heçə bərabərdi. Əyyaş, sərxoş, əsəbi, davakar ərin "qılıncının qabağına qılınc qoyan" tapılmırdı. Köntöy atanın hamının gözü qarşısında baş verən sərgüzəştləri bitib-tükənmirdi.
Yeddi yaşına çatanda kənddən şəhərə qayıdan, ailəsinə dönən Pərviz ata-anasına heç cür yovuşa bilmirdi. İlahi, o hara gəlib düşmüşdü?! Analarını döyən, söyüş söyən, uşaqlarına əzab verən, onları aşağılayan atanı necə sevmək olardı?! Pərviz qəhərlənir, dolub-boşalırdı. Oğlancığaz bir dəfə özündə güc tapmışdı. Ayaq altında diyirlənən boş araq şüşələrini kənara itələyib göz yaşı içində etirazını bildirmişdi. Çox şeyi duman içində görən sərxoş ata balacanın fəryadına heç əhəmiyyət verməyib donquldanmış, divana oturan kimi yuxulamışdı. Sanki bu sözlər ona yox, daşa-divara deyilirdi.
Hətta qonşuları da boğaza yığmışdı, heç bir nəsihəti vecinə almırdı. Kefli vaxtında mətbəxdəki qab-qacağı, əlinə keçən digər əşyaları divara çırpıb qırırdı. Ana da, uşaqlar da düşünürdü ki, bu evin çoxdan pozulmuş mizan-tərəzisi görəsən nə vaxt düzələcək?..
***
Ay-aya, il-ilə calanırdı. Uşaqlar böyümüş, atalarının boyu bərabərinə çatmış, hətta onu ötmüşdü. Dəyişən təkcə o idi ki, evin kişisinin içki hərisliyi elə bil bir az ara vermişdi. Əvəzində başqa bir mərəzə mübtəla olmuş, qadın düşkününə çevrilmişdi. Qonşu qadına sataşmasından bütün məhəllə danışırdı. Bir neçə il qabaq əri rəhmətə gedən, balaca qız uşaqlarını böyüdən gənc qadına belə abırsız münasibəti hamıda ikrah doğurmuşdu.
"İş tutduğu", boynuna çəkib, təmir elədiyi evlərdə gözünə dəyən qız-gəlinə eşqnamə oxuyurdu. Sevgi oyunlarından birinin üstü açılanda bu arvadbaz kişinin abrını ətəyinə bükmüşdülər. Gördüyü işə görə zəhmət haqqını da cəza olaraq verməmişdilər.
Bir-birindən yaş fərqi az olan iki oğul övladı əhlikef atanın ab-havasında, onun nöqsanlarının içində böyüyür, nəfəs alırdı. Vəsilə həddini aşan, bütün kuralları yıxıb keçən ərini dayandırmaq üçün bəzən səsini qaldırır, dil boğaza qoymurdu:
- Heç yaramaz əməllərindən utanırsan? Uşaqlar səndən nə öyrənəcək? Hər yerdə boyumuzu yerə soxursan. Sarsaq hərəkətlərini, gec də olsa tərgit, ay kişi!
Deyilənlərin heç bir faydası yoxdu. Bütün nəsihətlər sabun köpüyü kimi havaya uçurdu. Bu dəfə deyəsən eşitdiyi iradlar kişinin şəstinə toxunmuş, arvadını hamının gözü qarşısında döyməyə qalxmışdı. Süpürgəni, döşəməsilən taxtanı yazıq qadının başına, kürəyinə çırpa-çırpa bağırırdı:
- O qədər səy-səy danışırsan ki... Lap zəhləmi tökmüsən. Bütün günahlar səndə, sənin zəhər dilindədi.
***
Pərviz də, qardaşı Fariz də orta məktəbi bitirib məzun olmuş, şagirdlik illəri arxada qalmışdı. Hər ikisi beynəlxalq iqtisadiyyatla, müasir dünyanı öz məhvərində fırladan biznes mühiti, alqı-satqı məsələləri ilə maraqlanırdı. Bəlkə də imkansız ailədə böyüdüklərindən daim daha gözəl yaşayışa, rahat gün-güzərana can atırdılar. Kiçik yaşlarından ehtiyacla üzləşdiklərinin fərqindəydilər.
Dünyagörmüş, necə deyərlər, yerin altını da, üstünü də bilən Həvva nənəsi ilə hələ neçə il öncəki söhbəti, onun dedikləri Pərvizin qulaqlarında səslənirdi:
- İçkiyə qurşananın, araqla dost olanın süfrəsi boş qalar, əppəyi, ruzisi göyə çəkilər. Axı, hər şeyi görə-görə gəlmişik, a bala.
- Elə gün olmur ki, dava-dalaşsız ötüşək, nənə. Atamla anamın mübahisələri, bir-birinə düşmənçiliyi ara vermir. Elə ki "dünya müharibəsi" başlayır, qulağımızı qapayıb sakit bir yer axtarırıq. O da tapa bilsək. Valideynlərimin ayrılacağını fikirləşəndə içimə təəssüf və qorxu hissi dolur...
- Qorxma, qorxunun da qorxduğu qorxular var, bala. Bu davakar kişi hardan gəlib bizi tapdı! Qonşu kənddən idi. Qızımdan ötrü ürəyi gedirdi. Heç ona qız vermək fikrimiz yoxdu ha... Nə təhər oldusa, Vəsilənin saqqızını oğurladı. O da atanıza qoşulub qaçdı. Xeyli vaxt ötəndən sonra babanızın razılığıyla barışıq oldu. Sən artıq dünyaya gəlmişdin, gözümün işığı.
Həvva arvad nəfəsini dərib köks ötürdü:
- Həə, bizim evimiz söz-sov bilməyib heç vaxt. Bunların elə bil ata malı şərik düşüb, bölüşdürüb qurtara bilmirlər. Çoxları deyir ki, "ev sözsüz, gor əzabsız olmaz". Ta bu qədər yox da. Anan çoxdan boşanmaq istəyir. Hər dəfə də sizi düşünüb fikrindən vaz keçir. Deyir, hələ tifillərimin əli çörəyə çatmayıb. Bu minvalla, məktəbi bitirdiniz. İndi fərasətli olub sənət öyrənin, bir işin qulpundan yapışın. Bəlkə onda Vəsilənin canı qurtara bu zillətdən, ürəyi rahat ola. Allah sizi bəxtinizdən güldürsün, bala. Atanızın axmaq hərəkətlərini təkrar etməyin, məbada.
Qardaşların ikisi də oxuduqları universitetə təhsil haqqı ödəyirdi. Bu da ailədə əlavə gərginlik yaradırdı. İldə bir dəfə iri məbləğdə pul ödənməliydi. Vəsilənin yükü ikiqat artmışdı. Qonşulardan borc pul alıb məhəllədə kiçik bir yer kirələmiş, qab-qacaq dükanı açmışdı. Ətrafdakı uşaq bağçasında, poliklinika və xəstəxanada çalışan qadınlara cürbəcür mətbəx avadanlığı, qab-qaşıq dəstləri satırdı.
***
Pərviz tələbə yoldaşları arasında ünsiyyətə meyilliliyi ilə seçilirdi. Onun bu xüsusiyyəti dostlarının da, müəllimlərinin də gözündən yayınmırdı. Elə birinci kursda oxuyanda onu qrup nümayəndəsi seçmişdilər. Hamı ona "starosta" deyirdi. Doğrudur, Pərviz ən yaxın dostlarının yanında etiraf eləmişdi ki, onu ailələrinə yaxın olan bir mötəbər şəxs tapşırıbmış. Hətta onu da söyləyirmiş ki, qrup nümayəndəsi olmaq az qala universiteti bitirməyə bərabərdir. And-aman edirdi ki, bunu yuxarı kurs tələbələrindən eşidib. Axı, qrup nümayəndələri müəllimlərlə sıx təmasda olurlar. Onların tələblərini, ismarıclarını auditoriyaya çatdıran da bu fərasətli cavanlardır.
"Starosta"nın fəallığı, iş qabiliyyəti xüsusən imtahanqabağı günlərdə üzə çıxırdı. Qış və yay semestrlərində imtahan xofu yaşayan, sınaqlara hazırlaşmayan tənbəl tələbələr müəllimlərə yanaşmaq, özlərini tapşırmaq üçün qrup nümayəndələrinə yalvar-yaxar edir, yollar axtarırdılar.
Bəzən heç bu cəhdlər də kara gəlmirdi. Ötkəm, dəmir iradəli, şair demiş, "bənzərəm bir qocaman dağə ki dəryada durar" timsallı professorlara söz demək olardı?! Yel qayadan nə aparardı? Təbii ki, heç nə!
Amma təəssüf ki, zəif xarakterli, biliksizə yol açan müəllimlər də vardı. Təki yüksək vəzifəsi olan hansısa məmur ona ağız açsın. Ən zəif tələbəni belə tapşırsa, ona "əla" qiymət yazmağa hazırdı. Tapşırma əməliyyatında işə yarıyan, yol tapan starostanın özü də mükafatsız qalmır, bəzən heç imtahan bileti çəkmədən, göydəndüşmə qiymət alırdı.
Dost sarıdan da bəxti gətirmişdi Pərvizin. Lənkəranlı Əhəd və gəncəli Abbasla tələbəliyin ilk günlərindən, necə deyərlər, can bir qəlbdə idi. Qrupdakı qızlar da xətrini çox istəyirdilər. Amma Pərvizin gözü qonşu fakültədə onunla eyni kursda oxuyan Aynurda idi.
Yaraşıqlı, incəbel, əsmər bənizli, təbəssümü insana xoş əhval aşılayan bu qız Pərvizin yuxusunu qaçırmışdı. Bu sevgi köksünü oda qalamışdı, oda. Bu əsmər bənizli qızın ruhunu oxşamaq, bir dəli yaz yağışı kimi onun ipək tellərinə ələnmək, səpələnmək keçirdi içindən. Onu həmişə görmək, səsini eşitmək, cingiltili gülüşündən xoşhal olmaq istəyirdi. Bu qızın nə vaxtsa məhəbbətini qazanacağına ümid bəsləyirdi. Onsuz bu həyatın nə dadı, nə də rəngi vardı Pərviz üçün.
Çox vaxt qonşu auditoriyalarda dərs keçirdilər. Odur ki, tez-tez qarşılaşır, üz-üzə gəlirdilər. Tənəffüs vaxtı Aynurgilin mühazirə dinlədiyi otağın həndəvərində gəzişib onu uzaqdan da olsa görmək istəyirdi. Ona bəzən elə gəlirdi ki, daim xəyalında olan bu qızı lap çoxdan tanıyır. Hətta uşaqlıq çağları da kənddə bir yerdə keçib. Bir bənövşə, nərgiz gülündən ötrü göy çəməni əldən salıblar. Çiçəklərin üstündə uçuşan xallı kəpənəkləri, parabüzənləri, gölməçədə üzən ördək balalarını tutyatək əzizləyiblər.
Bu yaraşıqlı qız fikrini o qədər məşğul edirdi ki, mühazirələri dinləyə bilmirdi. Dərslər başa çatan kimi, universitetin həyətinə düşür, gözü şabalıdı saçları çiyninə tökülmüş suyuşirin qızı axtarırdı. Fikrindən keçirdi ki, onun arxasınca düşüb yaşadığı ünvanı öyrənsin. Deyəsən, bu istəyinə çatmağın əsl vədəsi idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
