Gecə yarıdan keçmiş, həmişə oyaq olan şəhərə qaranlıq çökmüşdü. Şıdırğı yağış yağırdı. Aynur pəncərənin qabağında dayanıb, əlləri qoynunda küçəyə baxırdı; gecə lampalarında aydın görünən, amma bir nəfərin gələ bilmədiyi küçəyə. Gözqamaşdıran maşınlar, yağışdan qaçıb evlərinə tələsən adamlar, parıltılı vitrinlər, yanıb-sönən reklamlar, ara-sıra gözə dəyən küçə itləri Aynurun diqqətini beynində dolaşan fikirlərdən, ürəyini bürüyən, sıxan kədərdən ayıra bilmirdi. Müxtəlif markalı avtomobillər onların yaşadığı binanın qarşısında dayanır, kimlərsə maşından düşürdü. Taksi sifariş edib dəqiqələri sayanlar da gözə dəyirdi. Amma nə Pərvizin maşını görünürdü, nə də ondan bir xəbər vardı.
Pərviz kimdir? Şirkət rəhbəri, pullu adam, son vaxtlar evə gec gəlib Aynuru bax, beləcə pəncərə qabağında durub gözləməyə vadar edən ər... Pərvizin hər gün səhər evdən çıxıb, gecə yarısı qayıtması, yaxud evinə günaşırı gəlməsi artıq adət halını almışdı. Aynur onun gecədən keçmiş gəlişini ürək ağrısıyla pəncərədən seyr edirdi.
Yollara baxmaqdan yenə də gözünün kökü saraldı. Yaraşıqlı, boylu-buxunlu, sifət cizgiləri tam yerində, mütənasib olan, iri, ala gözlü bu qadının son zamanlar çəkdiyi iztirab və sarsıntılardan həyata baxışı da dəyişmiş, vücudunda bir gərginlik yaranmışdı.
Axı, doğrudan da, Aynur həm zahirən, həm də mənən, sözün həqiqi mənasında, gözəl xanım, əsl ziyalı, ağıllı, sədaqətli həyat yoldaşı, qayğıkeş, mehriban ana və hamının bəyəndiyi nəcib bir insan idi. Aynur xasiyyətcə çox fərqliydi. Onu istəmədiyi heç bir işə yönəltmək olmazdı. Öz ağlı, dərrakəsi yetərliydi. Gözəlliyə vurğun idi, hər şeyin doğrusuna aşiqdi. Yaradıcı insanlar kimi, füsunkar təbiəti sevir, zövq alırdı. Hələ erkən gəncliyində ata-anası ilə getdiyi elə ölkə yox idi ki, oradan qeyri-adi gül-çiçək gətirib dibçəklərdə əkməsin.
Kübar və zərafətliydi, amma gücsüz deyildi. Ürəyinin istisi, hərarəti çöhrəsində, həm də xasiyyətində, davranışında duyulurdu. O, "necə gəldi, kimə qismət oldu" prinsipiylə yaşayıb ərə getməmişdi. Aynur sevmişdi, sevilmişdi, Pərvizlə böyük məhəbbət romanı yaşamışdı. Sınaqlardan keçmişdi, doğmalarının güvəndiyi, inandığı, kimlərinsə sevindiyi, kimlərinsə həsəd apardığı, ən başlıcası, hamının fikirləşdiyi kimi, möhkəm təməli olan bir ailə qurmuşdu.
Ata-anası onların izdivacına tərəddüdlə yanaşanda Aynurla Pərvizin sevgisi bütün fikirlərə bir aydınlıq gətirmişdi. Bəs necə oldu, harda itdi-batdı, harda ilişib qaldı o ülvi, təmiz sevgi?! O sevgi ki, şirin arzuları doğurmuşdu, böyük uğurların açarı olmuşdu onların həyatında.
Aynur bütün bunları fikirləşdikcə başı ağrıyır, ürəyi qəmin, qüssənin alovunda alışıb yanırdı. Son zamanlar ərinin ona və uşaqlara olan soyuqluğu, gizli telefon zəngləri, katibə kimi işə götürdüyü Nura adlı birisi ilə sevgi macəraları, daha sonra bu yüngül xasiyyətli qadının vəzifəsini böyütməsi, hətta onun Pərvizdən bir qızı olması barədə məlumatlar Aynurun rahatlığını büsbütün əlindən almışdı.
İşlədiyi institutda həmkarlarıyla, yaşadığı binada isə hər gün rastlaşdığı qonşularla isti münasibət saxlayan, çöhrəsindən heç vaxt təbəssüm əskik olmayan Aynurun indi üzü gülmürdü. Könül bağça-bağı talanmış, viran olmuşdu. O, çox fikirli və qayğılı görünürdü.
***
Aynur Bakıda dünyaya göz açmışdı. Ailənin tək övladıydı. Atası bioloq Salman Süleymanlı Elmi-Tədqiqat İnstitutunda direktor işləmişdi, tanınmış alim idi. Köhnə kişilərdən sayılırdı. Sözündə bütöv, əməlində düz adam olmuşdu həmişə. Pərvizə çox köməyi dəymişdi. İstər onun universitetdə oxuduğu illərdə təhsil haqqının ödənilməsində, ixtisas seçimində, istərsə də sonrakı fəaliyyətində və nəhayət, Pərvizin rəhbərlik elədiyi tikinti şirkətinin yaranıb ərsəyə gəlməsində Salman müəllimin əməyi danılmaz idi. Onun nüfuzu çox müşkülü asan eləmişdi. Həmişə söz düşəndə Pərviz: "Biz rəhmətlik Salman Süleymanlının çörəyini yeyirik", - deyirdi.
Dünyamızın ölçülü-biçili vaxtlarının adamıydı Salman müəllim. Qırx il birgə, deyə-gülə yaşadığı həyat yoldaşı Pakizə xanımla heç vaxt incikliyi olmazdı bu adamın. Dünyagörmüş, müdrik qadınla ömür sürməyin xoşbəxtlik olduğunu dilə gətirən Salman kişi Pakizə xanıma "müəllimə" deyə müraciət edirdi. Bu da onun xanımına olan böyük sevgisinin və dərin hörmətinin nişanəsi idi.
Söz tacidarı idi Salman Süleymanlı. "Hər uğurlu kişinin arxasında bir ağıllı qadın var" deyiminin də gerçək olmasının fərqindəydi. Deyərdi ki, "Allahın azad yaratdığı insan gərək nəfsinin qulu, tamahının köləsi olmasın". "İnsanlarda həmişə yaxşılığı axtaraq, pisliyi zatən özləri göstərəcəklər" kəlamını tez-tez xatırladardı. Sadəliyin, təmənnasızlığın ən ali məziyyətlər olduğunu təlqin edərdi. Salman müəllimin dahi Nizamidən söylədiyi bu misralar da dilinin əzbəriydi:
Qəlbini çalmasın bu mal, bu dövlət,
Azı bir xiffətdir, çoxu fəlakət.
Qızını dünyalar qədər sevir, ona "tuti dilli Aynurum" deyirdi. Beş il öncə dünyalarını dəyişdilər. Hər ikisinin qismətinə xəstəliklə savaş yazılmışdı sanki. Əvvəlcə Pakizə xanım, iki ay sonra Salman kişi həyatla vidalaşdı. Yeganə övladları Aynuru və nəvələrini Pərvizə tapşırıb gözlərini əbədi yumdular. Həm də böyük xətir-hörmət qoyub getdilər bu dünyadan. Karvanı və sarvanı olmayan dünya köçünə qoşuldular.
***
Aynur pəncərənin önündən aralanıb kresloya çökdü, üzünü əlləri arasına alıb dirsəklərini dizlərinə dayadı. Saçları sifətini tamam örtmüşdü. Əgər kənardan Aynuru bu durumda görən olsaydı, onun böyük bir gərginlik yaşadığını dərhal hiss eləyərdi. O, özünü toparlayıb ortaq bir nöqtəyə gələ bilmirdi. İçində tüğyan edən güclü əsəb ona mane olurdu. Elə bu gərginliyi cilovlaya bilmədiyi üçün qərarsız idi. Aynur Pərvizlə aralarında olan pərdəni götürmək istəmirdi. Bu üzdən ona münasibətdə "heç nə olmayıb" kimi aparırdı özünü. Əslində axır vaxtlar Aynur ərinin üzünü nadir hallarda görürdü. Yataqda dərin yuxuda olan adam kimi görünür, sübh tezdən durub işə gedirdi; yorğun, halsız, taqətsiz.
Qadınlığın, zərifliyin, dürüstlüyün özü idi Aynur. O da atası kimi biologiya sahəsini seçmiş, Salman müəllimdən çox şey öyrənmişdi. Vaxtilə atasının rəhbərlik elədiyi institutda çalışırdı. Son ayların narahatlığını heç kəslə bölüşmür, işə gələndə bütün problemlərini qapının arxasında qoymağı bacarırdı.
Aynurun güclü ədəbi mütaliəsi var idi. Azərbaycan və dünya ədəbiyyatını gözəl bilirdi. Qadınların həyatı ilə birbaşa bağlı olan "Anna Karenina"nı da oxumuşdu, "İtlə gəzən qadın"ı, "Solğun çiçəklər"i, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni də, hətta "Xanım Bovari"ni də. Bilirdi ki, belə gözəl əsərlər söz adamlarının dərin yaşantılarından doğulub ərsəyə gəlir və əbədiyyət qazanır.
Düşünürdü ki, bu təsirli sevgi hekayələrini yaradanlar əsl yazıçılardır. Aynur həmin əsərləri sadəcə oxumurdu, içindən keçirirdi. Sevdiyi bədii əsərlərin ürəyinə yatan qadın qəhrəmanlarına rəğbəti vardı. Oxumuşdu ki, zəriflər həyatda bir dəfə sevir. Qadın bütün ruhuyla sevərsə, bir ömür unuda bilməz. Kaş yaşanmasaydı həyatda bu ayrılıqlar. Göz yaşı axıdan, iztirab, həsrət gətirən ayrılıqlar.
Qəhrəmanların taleyinə baş vurduqca dərk etmək istəyirdi ki, hər hansı bir qadın bu qədər gözəl, sədaqətli, fədakar olduğu halda, onu belə asanlıqla niyə atıb gedirlər, heç sonrakı taleyi ilə də maraqlanmırlar. Axı niyə, nə səbəbə? Çünki qarşı tərəfin eqosu, vicdansızlığı öz sözünü deyir, insanlıq unudulur.
Oxuduğu kitablarda onu qadınların taleyi, üzləşdiyi problemlər maraqlandırırdı. Bu barədə yazılar hazırlayıb, ədəbi-bədii qəzet və jurnallarda dərc etdirirdi. İndi o, həmin əsərlərin qadın qəhrəmanları ilə özü arasında hardasa bir yaxınlıq, bir uyğunluq axtarırdı. Onu da bilirdi ki, ərlə pərdəni aradan götürməyin nə vaxtsa mütləq bir acı sonluğu olacaq. Bu isə sonralar yeni problemlərin və sarsıntıların yaranmasına gətirib çıxaracaq.
Aynur boşanmaq barədə də fikirləşmişdi. Pərvizin eşq oyunu onların ayrılması, bu evliliyə son verməklə qurtara bilərdi. Amma ortada uşaqlar var idi. Uşaqlarla bərabər qohum-qardaş, tanış-biliş, iş yoldaşları, bu işə acıyan və həm də sevinən maraqlar dairəsi gəlirdi göz önünə. Əlbəttə, o, gec-tez qəti addım atmalı idi. Pərvizlə üz-üzə oturub söhbət eləmək də istəmirdi. Söhbətə hər vəchlə mane olan bir qüvvə var idi içində. Bu onun keçirdiyi stressin təzahürüydü.
Pərvizin susdurduğu sevgi bitməkdəydi. Ailəni saxlayan, qoruyan sütun laxlayır, bünövrə dağılır, bu ocağın başına toplaşanları bir-birinə bağlayan tellər qırılırdı. Bir sözlə, ailə hüzuru pozulmuşdu. Sən demə, Pərviz həyatının keçici küləyi imiş. Aynur gözəl bilirdi ki, Pərvizlə söhbət eləmədən, bütün olanlara aydınlıq gətirmədən hansısa qəti bir qərar qəbul eləmək düzgün deyil. Hələ uşaqlar... Uşaqlar, yenə uşaqlar, Aysun, İlqar... Bəs onlar? Aysunun qayınatası, qayınanası? Dillə deməsələr də, ürəklərində nələr fikirləşəcəklər, Allah bilir.
İlqar İqtisadiyyat Universitetində ikinci kursda oxuyur. Aysun Almaniyada, Köln şəhərində yaşayır, əri Rauf və üç yaşlı oğlu Muradla. Ər-arvad ikisi də həkimdir. Hər ikisi klinikada cərrah işləyir. Necə deyərlər, ad çıxarıblar. Çünki işlətdikləri sənəti incəliklərinə qədər öyrəniblər. Köln şəhərinin düz mərkəzində mənzil də alıblar. Raufun atası Qəzənfər həkim də Bakıda tanınmış cərrahdır. Anası Məhbubə xanım Pedaqoji Universitetdə kafedra müdiri işləyir.
İndi bu yaxın və uzaq adamlar Pərvizin təzə sevgi romanını bilsələr, hansı reaksiyanı verəcəklər? Nə münasibət bildirəcəklər? Ümumiyyətlə, nə baş verəcək? Bütün bunları düşünəndə rahatsızlığı birə-beş artırdı.
***
Aynur ayağa qalxdı, şifonerdən plaşını çıxarıb geyindi. Oğlunun otağına yaxınlaşıb qapını döydü:
- İlqar, yatmısan?
- Yox, ana, yatmamışam. - İçəridən İlqarın səsi gəldi.
- Geyin, düşək bir az aşağıda gəzək, - dedi Aynur.
İlqar qapını açdı. Təəccüblə anasına baxıb, gözlərini ovuşdurdu:
- Bu vaxt hara gedək? Özü də yağış yağır.
- Deyəsən, bir az səngiyib, axı. Narahat olma. Geyin gedək, ürəyim partlayır, darıxıram...
- Atam gəlməyib hələ? - deyə İlqar soruşdu.
- Yox, hələ gəlməyib. Gələr indilərdə... Yəqin işi çoxdu. - Aynur özü də istəmədən ikimənalı cavab verdi.
- Həə, son zamanlar atamın işi həddindən artıq çox olur. Bir yerdə, bir damın altında yaşayırıq, üzünü görə bilmirəm onun. Sən də tamam dəyişmisən, ana, arıqlamısan, rəngin solub, sifətin çəkilib. Nə olub? Bizim evimizdə axı nə baş verir? - dedi İlqar və gözlərini anasının gözlərinə zilləyib ondan cavab gözlədi.
- Heç nə olmayıb. Nə olacaq? İş çoxdur, iş... Adam işlə yüklənəndə gözə az dəyir, məşğul olur axı. Ora qaç, bura qaç. Onu elə, bunu elə... və bir də görürsən axşam düşdü, gün qurtardı. İşlər yenə tökülüb qalıb. Sonra məcbursan gecə saat birə, ikiyə qədər əlləşəsən. Atan da elə. O boyda şirkəti idarə eləmək sənə elə də asan gəlməsin. Yaxşı, get geyin, gözləyirəm, - dedi Aynur və çöl qapısına yaxınlaşdı, ayağından başmaqlarını çıxarıb çəkmələrini geyindi.
Narın yağış çiləyirdi. Yaz yağmuruna bənzəyirdi, gah yağır, gah kəsirdi. Sentyabrın on doqquzu, gecə yarıdan keçmiş, hava da sərin. Birdən xatırladı ki, Pərvizlə iyirmi beş il öncə, məhz bu gün, sentyabrın on doqquzunda ilk dəfə tanış olmuşdu. Həmin gün xoş bir xatirətək yaddaşında qalmışdı.
Aynurla İlqar evlərinin yaxınlığındakı təzə parkda, fəvvarənin ətrafında aram addımlarla gəzirdilər. Ana oğlunun qolundan tutmuşdu. Birdən qolunu irəli uzadıb ovcunu açdı. Göz yaşı kimi dupduru damcılar ovcuna töküldü.
- Nə yaxşı çıxdıq evdən. Hava çox təmizdi, əsən meh elə bil saçımıza sığal çəkir. Bu narın yağışın da öz gözəlliyi var. Belə saf havada, özü də gecənin bu vaxtı sakit, gül-çiçəkli, yaşıl parkda ana-bala gəzmək də bir aləmdir, - dedi Aynur.
- Hə, yaxşı ki gəldik. Bu vaxtlar küçədən əl-ayaq çəkilir, maşın da az olur. Ona görə də hava belə şəffaf, təmizdir. Çox sağ ol, ana, sən gətirdin məni bura. Mənə qalsa, bu vaxt, özü də yağışlı gecədə çıxmazdım evdən. Yaxşı ki gəldik. Ruhumu oxşadı bu gecə mənim:
Gecənin qulağına
"Gündüz gəlir, qaç!" - dedim,
"Sevgilim, günəş doğur,
pəncərəni aç!" - dedim!
- Şair necə gözəl vəsf eləyib, hə, ana? - dedi İlqar.
Onun sözünə Aynurun dodağı qaçdı. Sonra hər ikisi ürəkdən güldü. Söz yerində və vaxtında deyilmişdi.
- Amma hələ səhər deyil axı. Günəşin də doğmasına çox var, oğul.
- Hə, elədi. Sadəcə söz-sözü çəkdi, ona görə xatırladım bu misraları. - İlqar aydınlıq gətirdi dediklərinə.
- Orta məktəbdə oxuyanda əzbər bilirdim bu şeiri. Süleyman Rüstəm yazıb, - Aynur dedi.
İlqar:
- Şairlik Allah vergisidir, eləmi? Ana, ədəbiyyat aşiqi kimi, sən bunu daha gözəl bilərsən. Yəqin şairlərin pərəstişkarları çoxdur deyə xoşbəxtdirlər.
- Çox fərqli fikirlər var. Məsələn, böyük söz adamı F.Lorkaya görə, "ən kədərli sevinc şair olmaqdır".
Söhbətin bu yerində İlqar bir an ayaq saxlayıb, anası ilə yenə üz-üzə dayandı:
- Sən demədin, axı. Bizim evimizdə nə baş verir? Nə olub, ana?
- Heç nə olmayıb. Heç nə...
- Yox, ana, olub. Nə isə olub... Axı, sən əvvəllər, elə bu yaxın vaxtlara qədər deyərdin, gülərdin. Çox şux idin, şaqraq idin...
- Dedim ki, heç nə olmayıb. - Aynur İlqara sözünü axıra qədər deməyə imkan vermədi.
- Olub, ana, olub! Mən bilirəm. Son vaxtlar atam evə çox gec gəlir, bu gecə də deyəsən heç gəlmək fikri yoxdu. Bu da səni qıcıqlandırır, əsəbiləşdirir, hər şeyi içində çəkirsən, ana, mən görürəm...
- Görürsən?
- Hə, görürəm, bütün bunları görməmək üçün gərək kor olasan.
- Görürsən... Bilirsən... Sən narahat olma, ötəri şeylərdi bunlar hamısı. Hər şey yaxşı olacaq, inan mənə. Nəfsi iti olanlar bir gün onun peşmançılığını çəkəcəklər. Bu, həyatın yazılmayan qanunudu.
- Bəlkə, mən atamla söhbət eləyim, ana?
- Yox, sən bu işə qarışma. Hələ baxaq, görək necə olur.
- Biz kənardan durub baxsaq, sonra gec olacaq.
- Səbrli ol, İlqar. Səbirli ol, arada bacın var. Mən istəmirəm bu söhbət yayılsın, Aysunun qulağına çatsın. Biz abırlı adamlarıq. Hələ onun ərini, qayınanasını, qayınatasını demirəm. Biz imkan verməyək ki, Aysun qərib yerdə bu məsələni bilib sarsıntı keçirsin. Mən onunla hər gün telefonla danışıram, həmişə də gülə-gülə. Əgər Aysun bu işi bilib gərginlik yaşasa, ürəyim partlayar, bir dəqiqə də dözə bilmərəm.
Aynur bu sözləri ürək ağrısıyla dedi və özünü saxlaya bilməyib hönkürdü. Qəhər onu boğur, danışa bilmirdi. Az sonra toxtayıb, kiçik dəsmalla gözlərini sildi. Bununla da ana-bala arasında olan bugecəki söhbət bitdi, daha heç nə danışmadılar.
Hava soyumuş, yağış güclənmişdi. Payız yağmurunun soyuq damcıları onların saçını, üst-başını islatmışdı. Ana-bala evə qayıdırdılar. Bloka daxil olanda Aynurun telefonuna zəng gəldi. O, telefonu cibindən çıxarıb baxdı, cavab vermədi.
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
