Hekayələr - Vasif QURBANZADƏ

 

Yaxşı adamın yuxusu

 

Yerə yıxılmış kələ-kötür ağac gövdəsinin üstündə uzanıb göy üzünün dərinliklərinə dalmışdım. Baxışlarım uzaqlaşdıqca səma yaxınlaşırdı. Günəş böyük bir lampatək sallanır, pərvanə sürüsü toz dumanı kimi bu nəhəng lampanın başına dövrə vururdu. Qarğalar uzaqdan uçub, qızılquş qıy vuranda, sərçələr kövrək-kövrək cippildəşəndə, bülbül gülə yaxınlaşmaqdan ehtiyat edəndə hiss etdiyim hənirtiyə səksəndim.

İxtiyar uzaqdan gələnə oxşayırdı. Buraların adamı deyildi. Əlindəki çəliyin köməyi ilə yerə çökdü. Torpağın üstə dizlərini büküb oturdu. Dinmədi...

Tanımırdım. Bu günə qədər qarşıma çıxmamışdı. Halındakı çılpaq mülayimlik üzündəki nurdan bəlli idi. Gözlərindəki işıq günəşlə yarışırdı.

Sakit-sakit üzümə baxdı. Çöhrəsində qayğı işartıları yarananda onu əzəldə gördüyümü xatırladım. Mən dikəlib oturanda qalxdı ayağa. Qarşıma qoyulmuş boş məcməyinin önündə dayandı.

- Sən kimsən? - həyəcanlansam da sakit şəkildə soruşdum.

Cavab vermədi.

- Bu nə üçündür? - məcməyini göstərdim.

Məni təpədən-dırnağa süzdükdən sonra durduğumuz təpənin ətəyindən başlayan ucsuz-bucaqsız şəhərə baxdı. Başının döndüyü istiqamətdə gözlərimi yordum. Hər yerdə insanlar qaynaşırdı. Yenidən dönüb qarşımdakı məcməyiyə baxdım. Canımdan üşütmə keçdi. Titrəyib başımı qaldıranda baxışlarımız toqquşdu. Bu təmasdan anladım ki, bu məcməyiyə nəsə qoymalıyam. Əlimi cibimə atdım. Boş idi. Dönüb bayaqdan uzandığım gövdənin ətrafında vurnuxdum, heç nə tapa bilmədim. Birdən ağlıma gəldi ki, məcməyiyə söz yığım. Nə illah elədim, səsim çıxmadı. O isə lal-dinməz dayanıb baxırdı. Verməyə heç nəyim olmadığını söyləmək istəyirdim ki, sağ əlini uzadıb köksümə söykədi. Ovucu döş qəfəsimi isitdikcə gözləri yumuldu. Sinəmdə qəribə təlatüm hiss etdim. Elə bil ürəyim sağılmağa başladı. Aləmimi müdhiş bir nigaranlıq bürüdü. Səbəb?.. Bilmirəm. Axı özümlə bağlı yaxşı fikirdəyəm. Ətrafımdakılar da haqqımda pis düşünmür. Hamı... Bəs, bu nigaranlıq nədir belə? İki mən arasında qalmış kimi idim. Düşüncələrimlə üz-üzə qalmışdım. Zaman-zaman qəlbimdən keçənlərin axıb töküldüyünü gördükcə ürəyim sıxıldı. Elə sıxıldı ki... sanki özünü sıxıb istəkləri gizlətmək istəyirdi. Yaxşı şeylər də vardı, amma elə istəklər də vardı ki, yaxşılar onun üfunəti içində yoxa çıxırdı. Köksümdə gurultu vardı, bilmirəm sel gəlirdi, ya göy guruldayırdı. Amma ruhum damarlarıma qədər uzanmış çirkabı söküb atırdı. Çirkab ha?!. İndi hiss edirdim bunu. Elə istəklərim vardı ki, unutmuşdum, indi onları məcməyinin içində gördükcə başımın tükləri dikəldi. Dərim biz-biz oldu. Aman Allah, ürəyimdən məni utandıracaq nə qədər istək keçib!.. Məcməyidə olanları bu ixtiyarın götürüb o şəhərdə qaynaşan insanlara göstərəcəyini anladım. Xəcalətimdən dizlərimin bağı qopdu. Üzüüstə yerə gəldim.

Tappıltıya ayıldım.

Axı, mən yaxşı adamam. Sən demə, yaxşı adam olduğumu düşünə-düşünə yuxuya getmişəm. Dağı arana, aranı dağa daşıdım. Qəlbimin aynasında göz izi var. Məni görən var. Var... Var... Var...

Gözüm yol çəkir.

 

 

Yataqda bitən oyun

 

Bu təsadüfi tanışlığın üstündən dörd ay keçmişdi. İsmarışlar Sibirə gedən yük vaqonları kimi ard-arda düzüldükcə özünü qınayırdı. Əvvəldən cavab yazmamalıydı bu uşağa. Az qala oğlu yaşda idi. Ona üz verməklə nə qədər yanlış iş gördüyünü indi düşünə bilirdi. Amma gec idi deyəsən. Hissləri nəzarətindən çıxdıqca ağlının atdığı təsirsiz şillələr yolunu azmış yolçu kimi ürəyindən keçib gedirdi. Həyatında boşluq yox idi axı?! Taleyi çox ilməli xalı kimi naxışlanmışdı. Nöqtə boyda da yer tapılmazdı. Bir neçə ay əvvələ kimi hər şey çox gözəldi. Bəs bu nə işdi?.. Heç vaxt belə bir şey hiss etməmişdi. Şəhərin sayrışan işıqlarına tamaşa etdiyi pəncərənin şüşəsinə düşən əksinə baxanda köksündəki təlatümü hiss etdi. Bu gün səhər açılandan indiyə qədər həyatına yeni daxil olmuş bu üzlü qonaqla yazışdığını düşünüb ürəyi sıxıldı. Gecə mum kimi əriyib axdıqca nəfəsi boğazında düyünləndi. Məhz indi xatırladı ki, son aylar sevdiklərinə az vaxt ayırır - ata-anasına, ərinə, uşaqlarına... Son ismarış oyatmışdı onu, amma hiss etdi ki, ayılmaq istəmir. Yuxu ilə gerçəyin sərhədində qalmışdı. Gerçəyi güclü idi. Amma yuxu aparırdı onu, istəmədən aparırdı. Köksündən yara alan kimiydi. Dönüb dörd ay əvvəl aldığı yataq mebelinə baxdı. Hər şey onun alınması ilə başlamışdı. Bu alqı-satqı zamanı bir neçə dəfə virtual ünsiyyətdə olduğu menecer oğlan iki gün sonra mebelin rahatlığını soruşanda normal qarşılamış, bunun xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı olduğunu düşünərək - "əla" - cavab yazmışdı. Menecer bu cavabdan yapışıb uzatdıqda onun niyyətini anlamışdı. Hətta başını bulayıb "hədsizliyin dərəcəsinə bax!"- özü-özünə pıçıldamışdı. Sərtləşmişdi. Abırsız oğlana yerini bildirməyi düşünsə də, qırmaq istəməmiş, onun ismarışlarını cavabsız qoymaqla kifayətlənmişdi.

Menecer ara-ara fərqli yollarla niyyətini ortaya qoysa da, o baş qoşmaq istəmirdi. Birdən-birə fikrini dəyişdi. Onun yazdıqlarına qeyri-ciddi cavablar yazmağa başladı. Oğlan bundan yetəri qədər həvəsləndi. O, tez-tez öz-özünə - "Bu uşağın fikri nədir?.." - sual verir, bəzən ucadan gülüb əylənirdi. İlk vaxtlar çox əyləncəliydi. Zaman keçdikcə onun ismarışlarına alışdı. Hər sözünə atmacalarla cavab verməkdən zövq alır, onu incitməyin həzzini yaşayırdı. Menecer oğlanın isə bir adi cavabdan həvəslənib şeir misraları kimi cümlələri ard-arda düzməsi ona əyləncəli görünürdü. Əylənir, ismarışlara bəzən qəşş edib, gözlərindən yaş axanadək gülür, hətta "ayy uşaq, niyə gedib şirinçayını içib, yatmırsan?.." - deyə pıçıldasa da onun cavabları oğlanın daha da irəli getməsinə şərait yaradırdı. Əmin idi ki, istədiyi vaxt qıra biləcək.

Amma... söhbət uzanır, hər günün sonundakı xudahafizləşmə sabahkı ünsiyyətə hamilə qalırdı. Cavab yazanda, bəlkə də min dəfə özü-özünə - "bu sonuncudur!" - deyirdi. Amma bir neçə saatlıq aradan sonra yeni gələn ismarışa zarafatyana cavab yazmaqdan özünü tuta bilmirdi. O, ciddiyə almadıqca oğlan irəliyə doğru bir addım atırdı. Özü də hiss etmədən ona hər gün bir az yön verirdi. Sanki uzaq yoldan gələn oğlan yorulmadan yürüyür, ona çatmağa çalışırdı. O isə yerindəydi. Evində... Amma köksündəki təlatümlər menecer oğlanın gəlməsinə mane ola bilmirdi. İndi pəncərənin önündə toplayıb, ənsəsinə əmanət etdiyi saçlarını açıb çiyinlərinə dağıdanda qəlbindəki bütün sualların cavabı ağladı. Bu "uşağ"ın onun həndəvərinə yaxın düşməsini ağlına sığdıra bilmirdi. Amma, indi lap yaxındaydı. Son ismarışında bildirmişdi: "Binanın qarşısındayam..." Evə dəvəti gözləyirdi.

O, pəncərəni açıb, küləkdən qaçıb boyun-boğazına pənah gətirən havanı ciyərlərinə çəkdi. Çox soyuq idi. Havada seyrək buz dənələri uçuşduqca canının istisi çoxalır, titrəməsi artırdı. Binanın önündən keçən yolda heç kim yoxdu. Çıraqlar küçəni tala-tala işıqlandırırdı. Tozlu burulğan cənginə keçən nə varsa ən yaxındakı küçə çırağının başına döndərəndə pəncərəni bağladı. Şüşəyə düşmüş əksini yenidən görəndə "yazıq soyuqdan öldü" pıçıldadı. Hiss etdi ki, qəlbində mərhəmət artdı. Bu mərhəmət hissi onu qapıya yönəltdi.

Qapını açanda ismarış gəldi. İngiltərədə oxuyan oğluydu. Açıb oxumağa gücü çatmadı. Telefon əlindən düşdü. Soyumuş otaq isindi. Külək qonşu qızın çaldığı skripka kimi ritmik bir əsər ifa edirdi. Onun ahəngində otaqdakı yataq dəsti divar çırağının şahidliyi ilə rəqs edirdi. Bu qovğada gecə başını götürüb qaçırdı. O, hər şeyi unutmuşdu, hər şeyi... Bu dəbdəbəli evdə dörd ay öncə aldığı yataq mebelindən başqa heç nə yoxdu. Məmnuniyyət... yox-yox, o da yoxdu. Hisslər düşmən səngərində başını qaldırıb qayıdıb gizlənən görüntü kimi gedib-gəlirdi. Divar çırağı sərxoşlar kimi yuxulayır, pəncərəni yalayan küləyə gözünü süzdürürdü.

Oğlan gecənin qoşununun son alayının ayaq səsini duyan kimi qalxıb, əşyalarını yığışdırıb onun ardınca qaçdı.

O, kürəyini qapıya söykəyib gözlərini yumdu. Qəlbində qəribə bir təzəlik hiss etsə də həzz ala bilmədi. Halı qarışmışdı. Bu natarazlığa ad da verməyə çalışdı, olmadı... Gah ölmək istədi, gah xəstələnmək... yaşamağın ağır iş olduğuna inandıqca peşmanlığı rəngbərəng qumaşlara bürünüb köksündən asıldı. Amma bütün rənglər tünddü. Lap damarlarında sürünən qanı kimi...

Axşama doğru əri ezamiyyətdən qayıtdı. Həmişəki kimi qapını açar-açmaz qucaqladı onu, öpdü. O, həmişəki kimi gülümsəyə bilmədi.

Tez-tez külək əsdi. O, gülümsəməyə yadırğadı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!