CƏRƏYAN (Hekayə) - ÜMBÜLBANU

 

Yayın orta ayı idi. Gecədən xeyli keçsə də, hələ indi dönürdü evinə. Evə çatınca əlini qapının dəstəyinə atdı. Dəstəyin soyuqluğu barmaqlarının ucundan ürəyinə qədər yeridi.

Qapı bağlı idi. Cibindən açarı çıxarıb qapını açdı. Nə otaqların, nə də mətbəxin işığı yanırdı. Əslində, hal-hazırda, ona bax elə beləcə, qaranlıq xeyir eləyirdi. Günahkar görkəmini, günahkar baxışlarını gizlətmək üçün qaranlıqdan əlverişli heç nə ola bilməzdi.

Pəncələrinin üstündə otaqlara boylandı. Evdə səs-səmir yox idi. Yataq otağına keçdi. Orada da nə uşaqlarını, nə də arvadını gördü.

Qeyri-ixtiyari, tələsik otaqların, mətbəxin, vanna otağının işığını yandırdı. Evdə heç kim yox idi.

Duruxdu. Təəccübləndi. Görəsən, belə xəbərsiz hara getmişdilər?

Başı ağrıyırdı. Əli ilə alnını ovuşdura-ovuşdura otaqda var-gəl eləməyə başladı. Birdən gözü masanın üzərindəki məktəbli dəftərinə sataşdı. Dəftəri vərəqlədi. Dəftərdəki yazını onun qadını yazmışdı. Maraqla, həyəcanla oxumağa başladı:

 

- "Arzularımın, ümidlərimin can verdiyi vaxtda çıxdın qarşıma. Gəncliyimin məni oğrun-oğrun tərk elədiyi zamanda yolum üstə göründün.

Limanda ömürlük həbsə məhkum edilmiş və heç bir işə yaramayan, elə durduğu yerdəcə lövbər salıb dayanan gəmiyə bənzədirdim özümü. Neyləyə bilərdim ki?!

Nə qədər çalışsam da, yaşadığım həyatımın yeknəsəkliyini zərrə qədər də azalda bilmirdim. Hər yerdə, həmişə özümü tək-tənha, qərib hiss edirdim.

O dəhşətli hissin - tənhalığın günahı nə alın yazımda, nə də taleyimdə idi. Yeganə günahkar mən idim, mənim duyğularım, istəklərim idi.

O günlərim yadıma düşdükcə, həyatın gerçəklikləri ilə üzləşdikcə, dünyadakı bütün sevilib unudulanlar kimi, mən də öz düşüncəsiz, kor sentimentallığıma, xəyalımda yaratdığım romantık dünyama necə də acıyıram, yazığım gəlir.

Bəzən də düşünürəm ki, kaş mən də çoxları kimi hissiz-duyğusuz doğulaydım. Adilərdən və adiliklərdən zövq ala biləydim. Qarşımdakı xəyanətkarın - sənin mənə nümayiş etdirmək istədiyin məhəbbət səhnələrindəki xüsusi rolu saxtakarcasına, o xain ürəyinin məndən, mənim adımdan kənarda bəsləyib gizlətdiyini düşünəndə, öz ağılsızlığıma, sonra da dünyadakı bütün qadınların sadəlövhlüyünə gülə-gülə sənin məharətlə oynadığın rolu alqışlaya biləydim.

Sənin hisslərinin məcrasını tez-tez öz istədiyi səmtə yönəldən, qondarma sevgi-məhəbbət yalanları ilə səni də, özünü də aldadan ürəyinin döyüntülərinə kaş inana biləydim. Və beləliklə də riyakar ürəyinin, ötəri hisslərinin ötəri vurğununa çevriləydim. Hər səhər səni "məhəbbətlə" yola salaydım, hər axşam "həsrətlə" yolunu gözləyib qarşılayaydım.

Sənə ancaq sənin kimi yanaşmalıydım. Səni, ancaq sənin kimi - sənin məni "sevdiyin" kimi sevməliydim. Yəqin ki, ancaq o zaman, ancaq onda bizim münasibətlərimizdə heç bir anlaşılmazlıq, narahatlıq, soyuqluq yaranmazdı.

Mən səni sənin mənə vurduğun zərbəylə, xəyanətlə vurmalıydım, zəhərləməliydim. Bir şərtlə ki, mən-mən olmayaydım. Bəlkə, onda sən də, həyatın acı həqiqətləri də, şirin yalanların kimi xoş gələrdi mənə.

Niyə, görəsən nədən kainatın yazılmamış qanunları heç vaxt bizim istəklərimizlə hesablaşmır?

Demək istəyirdim ki, günah mənim özümdə idi. Ömrümün-günümün yeknəsəkliyə bələndiyini, tənhalığın ağrı-acısını çox gec anladım. Bir də gördüm ki, yollarım-izlərim daralıb, heç yerdə özümə yer tapa bilmirəm, özüm-özümdən qaçıram. Anlaya bilmirdim ki, niyə ürəyimin hər döyüntüsü məni çarmıxa çəkməyə çalışır, niyə məni ittiham edir, dil açıb danışırdı: - "Niyə səni sevən yoxdur? Niyə sən sevə bilmirsən? Haçansa, biz də kiminçünsə yaşayacağıqmı? Nə vaxt? Nə zaman? Necə?"

Rahatlığımı işğal edib əlimdən alan ürəyimin döyüntüləri getdikcə şiddətlənir, yaxınlarımın, əzizlərimin qüssəli baxışları ilə əl-ələ verib dövrəmdə fırlanır, məni didib-tökürdülər. Sanki əbədiyyətə qədər uzanan tənhalığımı hər an gözlərimin önünə qədər qaldıraraq aləmə səs salırdılar. Ürəyimin çırpıntıları üstümə yağan suallarla həmahəng elə hey soruşurdular:

- "Nə vaxt? Nə zaman? Necə?.."

Duymaq arzusunda olmadığım, heç vaxt özümü ixtiyarına vermədiyim qəribə hisslər məngənəsinə düşmüşdüm. Tərəddüdlər dənizində boğula-boğula düşünürdüm ki, görəsən mən də kimisə sevə bilərəmmi? Sevmək, bütün varlığınla kiməsə bağlanmaq necə olur axı? Görəsən, mənə də o əlçatmaz dünyanın sakini olmaq nəsib olacaqmı? Olacaqsa, onda bəs nə vaxt? Nə zaman? Necə?

Axır ki, xəyallarımda yaratdığım idealım çıxdı qarşıma. Sən demə, bu böyük, nəhəng dünyaya "məhəbbət" adlı bir dünya da sığışarmış. Sən demə, bütün kainat, bütün dünya "sevgi" adlı bir ananın bətnindən doğulubmuş.

Heyrətdən çaşmışdım. Varlığımı bürüyən qeyri-adi, əsrarəngiz hisslər bütün dünyanı qarış-qarış gəzib yoruldular, baxışlarımızı özlərinə dayanacaq seçdilər. Artıq əlçatmaz, nağılabənzər arzularımın qəhrəmanı ilə üz-üzə, göz-gözə dayanmışdım.

Baxışlarımız toqquşdu, bizdən əvvəl gözlərimiz danışdı. Həmin anda, baxışlarımızın toqquşduğu anda, elə bil yer üzündə qasırğalar oynadı, tufanlar qopdu. Başımızın üstündə ildırımlar, şimşəklər çaxnaşmaya düşdülər.

Bu ani, sürətli, güclü toqquşma iki güclü cərəyanla yüklənmiş qoşa məftillər kimi toqquşdu. Qəfil toqquşmadan məftillərin ikisi də alovlandı, əridi. Məftillər gözəgörünməz qaynaqla bir-birinə yapışdılar. Qəfil yanğın sönsə də, məftillər bir-birindən ayrılmadılar. Yanıb qaynaqlanmış məftilləri bir-birindən ayırmaq istəyənlər nə qədər əlləşib-vuruşsalar da, xeyri olmadı.

Qəfil partlayışdan diksinsəm də, qorxmadım, əksinə, məmnunluqla alovun gözqamaşdırıcı, sehrli şölələrini seyr edirdim.

Mənə nə olmuşdu, bilmirdim. Dayandığım yerdən tərpənmək istəmirdim. Bu partlayışa elə heyran olmuşdum, elə sevinirdim ki, sanki əsrlər boyu gözlədiyim, arzusunda olduğum bir möcüzə ilə rastlaşmışdım. Elə bil mən bu ana, bu partlayışa bənd imişəm. Qeyri-ixtiyari, naməlum heyranlıqla sənə baxırdım.

Sən demə, elə bil mən illər boyu bu partlayışı, bu cərəyanı gözləyirmişəm. Mən - özümü dəmir iradəli, daş dözümlü sanan mən, indi bu cərəyan qarşısında, çox aciz, çarəsiz, gücsüz qalmışdım.

Niyə? Nə üçün? Nədən?

O qəfil toqquşmadan yaranan cərəyan iliyimə, qanıma yeridi, ağlımı, düşüncəmi də özüylə bərabər yandırdı. Artıq mən, əjdaha kimi ağzını açıb məni udmağa hazırlaşan təhlükəli qasırğanın yanında dayanmışdım.

Məhəbbət adlanan bu güclü, təhlükəli qasırğa qarşısında mən də baş əydim.

Güclü bir məhəbbətlə sevməyi bacaran ürəyin nifrəti də ölçüsüz olur. Qəribədir, bir zamanlar sənə olan sevgimin, məhəbbətimin, indi isə nifrətimin yanından heç kim yel olub ötə bilməz.

...Cərəyandan danışmaq istəyirdim axı. Sənin baxışlarından axan cərəyan çox yüksək gərginliklə yüklənərək məni vurdu. Elə həmin andan duyğularıma, hisslərimə hakim kəsildin.

Nişanlandıq. Cərəyanımızın, bizi bir-birimizə doğmalaşdıran hisslərimizin gücü daha da artmışdı. Nədənsə mənə elə gəlirdi ki, bu müəmmalı, xoş təhlükəli cərəyan bizi heç vaxt tərk edə bilməz.

Evləndik. Sevib-seçdiyim, istəklim olan adamın qayğısına qalmaqdan, qulluğunda dayanmaqdan zövq alırdım.

Həvəslə yuyub-ütülədiyim paltarları sənin əynində seyr eləyə-eləyə, bişirdiyim xörəklərin xoşuna gəlib-gəlmədiyini nigarançılıqla gözləyə-gözləyə, aramızdakı cərəyan gərginliyinin tədricən azaldığının fərqində deyildim.

İlk övladım dünyaya gəldi. Yuxusuz gecələr, məişət qayğıları ilə yüklənmişdim. Hərdən, məndə müqəddəs, əsrarəngiz hisslər yaradan cərəyan yadıma düşsə də, onu axtarmağa macal tapmırdım.

Ana olmuşdum. Sevincim dünyayla bir idi. Ev işlərim, qayğılarım başımdan aşırdı. Evimizin məişət qayğılarını təkbaşına daşımalı olmuşdum. Çünki sən, özün demiş, ailəmizi dolandırmaqdan ötrü çalışırdm.

Səni incitməmək, səni göynətməmək üçün bütün istəklərimi boğurdum. Özüm hər cürə qayğıdan məhrum olsam da, sənin qulluğunda durmağa çalışırdım. Səni yaşayıb-yaratmağa, həyatın ağır sınaqlarından üzüağ çıxmağa ruhlandırırdım.

Elə həmin ağır günlərimizdə deyirdin ki, ömrümün yeganə sevincisən, duyğularımın, hisslərimin anasısan, könül müəllimimsən!

Ara-sıra bu sözləri mənə deyəndə, əllərimdən tuturdun. Amma mənə nə qədər yaxın olsan da, keçmişdəki müqəddəs hisslərini görə bilmirdim. Sənin yadına salmağa çalışırdım - alovlu, atəşlə çırpınan duyğularını, şirin, sehrli pıçıltılarını, həsrətlə mənim gəldiyim yollara boylandığını. Heç nə alınmırdı, səndə damla boyda da olsa közərti yaranmırdı. Kədərlə düşünürdüm ki, Səndəki məni Sənə bağlayan gözəgörünməz, əlçatmaz duyğular getdikcə məhv olur...

Xeyli vaxt keçdi. Həyat sınaqlarındanmı deyim, məhəbbət sınağındanmı deyim, bilmirəm. Hər nə cür adlandırmaq mümkündürsə, bax, o sınaqdan, o imtahandan kəsilmədim, bölünmədim.

Məni heç nə dəyişdirə bilmədi. Özümü ağır, böyük qaya parçasına bənzədirəm indi. Bütün olub-keçənlər, çətin günlər məndən zərrə qədər də olsa bir şey qopara bilmədi. Necə bütöv idimsə, eləcə də qaldım. Bütün qasırğa-qovğalara baxmayaraq, daima səndən arzuladığım doğma, ikimizi bir-birimizə bağlayan qeyri-adi məhəbbətimizin - cərəyanımızın yolunu həsrətlə gözlədim.

Cərəyanlı sevgimiz damla-damla, gilə-gilə əriyərək yoxa çıxmışdı. Nə qədər səsləyib-haraylasam da, səsimə səs vermirdi, özünü mənə göstərmirdi.

Laqeydliyin, hər şeyə biganəliyin, heykələ dönmüş, buz kimi soyuq hisslərin ömrümə-günümə qənim kəsilmişdi. Özümü qanadları qırılmış quşa bənzədirdim.

Sən bir addımlığımda olsan da, əslində məndən milyon kilometrlərlə uzaqda idin. Sənin belə uzaqlığına dözə bilmirdim. Bu mənimçün əsil fəlakət idi.

Sənsə dözürdün, susurdun. Səndən ötrü hər şey adi, normal görünürdü.

Mənim düşmənim olan adiliklə dostlaşmışdın. Getdikcə sən onun siluetinə çevrilirdin. Sənin mənə olan bütün münasibətlərin ancaq və ancaq adiliyin qulluğundaydı.

Mənimçünsə, adilikdə dünya donurdu, hərəkətsiz qalırdı. Hamı, hər şey mənasızlıqda, boşluqda üzürdü.

Gecə də, gündüz də dəhşətli boşluğun əhatəsində idim. Bu boşluq içində fırlana-fırlana düşünürdüm ki, sənli, yaxud sənsiz həyatımın fərqi nədən ibarət imiş?! Axı niyə mən səni hələ də 15 il əvvəlki kimi füsunkar, qeyri-adi görmək istəyirəm? Və həm də mən niyə titrəyişli cərəyansız - əvvəlki məhəbbətimiz olmadan yaşaya bilmirəm? Niyə sənin - mənim əzizimin əvvəllər yükləndiyi məhəbbət dolu baxışları bu qədər zəiflədi, tükəndi? Həm də niyə içimdəki boşluğun, məni gündə yüz dəfə öldürüb-dirildən boşluğun, ancaq məhv olmuş hisslərimizdən olduğuna bu qədər əminəm ki? Bilmirəm.

Çox zaman səbəbsiz göz yaşlarıma, yol çəkən baxışlarıma baxıb təəccüblənirdin. Elə də olurdu ki, məni də özünə qoşub adiliyin ayaqlarına sürükləyirdin. Özümü zorlasam da, boğsam da sənin istədiyin kimi ola bilmirdim. Çünki bu mənlik deyildi.

İçimdəki mən, sevdiyi qədər sevilmək tələb edirdi məndən. Günah məndə deyildi. İçimdəki mən, əvvəlki, keçmişdəki - on beş il əvvəlki səni istəyirdi məndən.

İçimdəki Mənə, keçmişdəki Sənin bir də qayıtmayacağını necə başa salım, necə anladım?

Bəlkə, günlərin bir günü sən özün anladasan onu, bəlkə sən deyəsən nələr baş verdiyini?!

Anladacaqsanmı? Dinəcəksənmi nəhayət? Nə vaxt?! Nə zaman?! Necə?!

Məni sənə bağlayan, yalnız səninlə mənə məxsus olan cərəyana bənzər məhəbbət sənli həyatımın nəfəsi imiş, canı imiş.

Çox çalışdım ki, sıradan çıxmış, gərginliyini itirmiş paralelimi bərpa edim. Bacarmadım.

İstəyirdim ki, bir anlıq da olsa paralelimdə - səndə, zəif voltlu cərəyan, müqəddəs sevgi işığı yaransın. Paralelimdə azca, lap az, şam işığı boyda közərti olsun. Mən də bu közərtiyə sığınım, nəfəs alım, yaşayım.

Yox, axı deyəsən mənim paralelim, yeganə naqilim mənim onsuz közərə bilməyəcəyimi, öləcəyimi bilə-bilə tamamilə yox olmuşdu, məhv olmuşdu?!

Mənim paralelimin başqa bir qadına, başqa bir naqilə vurulduğuna heç şübhəm qalmamışdı.

Odur ki, ürəyimin, hisslərimin tərəddüdlü, çaxnaşmalı, tufanlı günlərinin birində paralelimi izləməli oldum. Bu mənimçün nə qədər çətin, ürəkağrıdıcı olsa da, səni izləmək məcburiyyətində qalmışdım.

Parkda bir qadınla oturmuşdun. Səninlə üzbəüz skamyaların birində oturmuşdum, ağacların dalında gizlənib sənə baxırdım.

Bu anlarda deyəsən, o qadınla baxışlarınız toqquşdu. Sonra sənin titrək barmaqların onun əlinə toxundu. Və çox güman ki, mənim paralelim başqa birinin paraleli - tək naqillə toqquşdu.

İztirabla yalnız sənə baxırdım. Çünki sənin qarşındakı, yanındakı qadın məni əsla maraqlandırmırdı.

Hər an sinəmi yırtıb özünü sənin yanına atmaq, səni yad, özgə naqildən qopartmaq istəyən ürəyimi güclə boğub saxlamışdım.

Gözlərimin selini dayandıra bilmirdim. Az qalmışdı, lap az qalmışdı ki, dünya göz yaşlarımda boğulsun.

Ani olaraq düşündüm ki, sənin yanına gəlim. Nə qədər gec deyil, səni o qadından ayırım.

Gözlərimin yaşını qurulayıb sənə tərəf bir addım atdım. Elə o dəqiqə də ayaqlarım yerə yapışdı.

Gecikdim. Mən də, mənim parça-parça olmuş ürəyim də sənə çata bilmədik, yarı yolda qaldıq. Çünki mənim vəfasız, dönük paralelim ildırım sürətilə alovlanıb yad naqillə birləşmiş, qaynaqlanmışdı.

Sənin yaxınlığında dayansam da, məni görmürdün. Sən, o qadınla öpüşürdün.

Yeni, daha maraqlı, daha güclü cərəyan səni damla-damla əridirdi, ayaqlarını yerdən üzürdü. Və mənim illərdən bəri səndə bərpa edə bilmədiyim məhəbbətli, alovlu baxışlarını deyəsən, o qadın bir neçə an içərisində səndə yarada bilmişdi.

Yox, indi dəqiq bilirəm ki, özüm-özümü aldatmışam, özüm-özümü zorla inandırmışam. İnandırmışam ki, guya mənim illər uzunu gözlədiyim paralelim sən imişsən.

Özümü niyə aldatdım ki? Nə zaman, necə baş verdi bütün bunlar?

Axı, aramızda kəpənək yolu, arı nəğməsi vardı bir zaman. Hərdən düşünürəm ki, birlikdə səfərə çıxaydıq, gedib düz on beş il əvvəli ziyarət edəydik. Görəsən, heç olmasa orada tapa bilərikmi sonsuz, saysız-hesabsız suallarımızın cavabını?!

Səninlə əhd-peyman bağlamışdıq bir zaman. Sonra bağladığımız əhdi bir dibçəyə əkdik. Düz on beş il o dibçəyin başına fırlandım, nazını çəkdim, suvardım. İndi, elə bu gün gördüm ki, əkdiyimiz gül-çiçək deyilmiş, qalın, çoxşaxəli qara tikan imiş.

Gör nə zamandır ki, fikir get-gəlində yoruluram, azıram. Amma mənə, mənim dərdimə heç nə kömək edə bilmir. Çünki mənim paralelim, mənim sevgili naqilim buz kimi donub. Nə məni birdəfəlik tərk edib getmir, nə də getdiyi yerdə qalmır. 

"İkimiz bir səsdən yoğrulmuşuq, bizim eşqimiz ehramlar kimidir. Eşqimiz hər addımda, hər ağacın dibində bir şam yandıracaq. Bu şamın işığına, nuruna mələklər baxıb gələcək" - deyirdin bir zaman.

Bu illər ərzində çox gözlədim mələklərin yolunu. Gəlmədilər.

Mən hələ indi, bu dəqiqələrdə anlayıram ki, səndəki cərəyan, yalnız ikimizə aid olan müqəddəs sevgimiz - cərəyanımız öləziyib sönən andan "ehram eşqimiz" çat verirmiş, çatlarından elə hey xəyanət sızırmış.

On beş il əvvəldən - yuxulu gəldiyim yoldan bu gün ayıldım. Baxıb gördüm ki, çoxdan sən məndən, mən də səndən sovrulmuşuq. Sevgimin, yazıq ürəyimin yarımçıq nəğməsi yarıyolda qalıb.

Nə vaxtdan bir-birimizə yad olduq, ögeyləşdik? Baxışların niyə yolunu azdı? İkimizə bir dünya bəs deyildimi?!

Arzularım bir qanaddan düşən qoşa lələk kimiydi; hələ qonmağa yer tapa bilməmişdi.

Sənli həyatımı, sənli ümidimi daşlara, qayalara çırpdın, çilik-çilik elədin.

Məni yalanlarınla aldatmağa, ovutmağa çalışma. Faydasızdır.

Mənə "həyatımın işığı, yeganə qadınısan" - deməyi də unut.

- "Sən gördüyün qadın kimi min qadını sənin saçının bir telinə də dəyişmərəm", "Uşaqlarımızı atasız böyütməyə haqqın yoxdur" və s. kimi şablon danışıqların da əhəmiyyət daşımayacaq. Belə sözlərin məndə ancaq ikrah hissini artırır.

Əlvidamız üçün də yer saxlamadın. Əllərimi iztirab, dərd boğçası olan ürəyimə yığıb gedirəm.

Evindən də gedirəm, həyatından da. Bundan sonra səndən mənə tərəf can atan ən güclü məhəbbətlə - cərəyanla alovlanıb yansan da, məni inandırmaq üçün yanıb kül olsan da, sənə dönməyəcəyəm.

İmza: "Cərəyan" qurbanı...

 

Sonuncu cümlədən həyəcanlandı. Cibindən alışqan çıxarıb siqaretini yandırdı. Siqaretdən bir qullab alıb köksünü ötürdü.

Baxışları uzaqlarda idi. Xəyalı onu on beş il əvvələ aparmışdı. On beş il əvvəlki xatirələrini elə hey varaqlayır, varaqlayırdı. Düz on beş il əvvəldən ona əl eləyib baxan utancaq qızın sirli-sehrli pıçıltısı gəlirdi qulağına.

...Titrək, od tutub yanan barmaqları toxundu qızın barmaqlarına. Qız elə bil qorxub diksindi. O isə titrək, qayğıkeş, boğuq səslə qızdan soruşdu:

- Nə oldu? Niyə qorxdun?

Qız əvvəlcə çiyinlərini çəkdi. Sonra da qarşısındakı oğlanın od-alov püskürən baxışları altında dilləndi:

- Əlin əlimə dəyəndə ... elə bil məni cərəyan vurdu - dedi.

...Siqaretin tüstüsü qəfil gələn duman kimi otağa dolmuşdu. Qatı dumandan o yana heç nə görə bilmirdi. Əlini yelləyib gözlərini tutan dumanı qovmağa çalışdı.

Çoxdandır ki, tamamilə unutduğu, yadırğadığı hisslər burulğanına düşmüşdü. Varlığına sarılan xəcalət, bağrını didib-parçalayan peşmanlığını heç cür azalda bilmirdi.

Çaşmışdı. Beynində, ürəyində iri bir boşluq açılmışdı. Daha xəyallarından yox, ürəyindən boylanırdı on beş il əvvəlki qız.

Qız indi ana olmuşdu, qadın olmuşdu. O, dəfələrlə bu qadının səsizcə ağladığını görmüşdü. Hər dəfə də eyni epizod təkrar olurdu. Laqeydliklə, soyuqca soruşmuşdu ondan:

- Nə olub, niyə ağlayırsan?

Hər dəfə bu sualdan sonra qadın sualedici, iztirab dolu baxışlarını ona dikərdi. Sanki bununla da "cavabı səndədir, günahı səndədir, çarəsi səndədir" - demək istəyirdi. Ancaq qarşısındakının laqeyd, soyuq baxışlarıyla rastlaşıb dinməzdi, köksünü ötürərək;

- Heç... elə-belə... - deyərdi.

"Necə olub ki, mən bu cavabı sadəcə, elə olduğu kimi qəbul eləmişəm?" - öz-özünə sual verdi.

Pəncərəni taybatay açdı. Otağa dolan tüstü havada burula-burula çölə çıxdı. Kresloda oturub gözlərini yumdu. İndi bir neçə il əvvəldən ona sarı gəlirdi qadını.

...Yanaşı oturmuşdular. Arvadının saçlarını sığallayır, oxşayır, ona xoş sözlər deyirdi. Qadın birdən ona tərəf çevrildi, acı təbəssümlə onun əllərindən tutub:

- Mənim cərəyanımın - əzizimin, keçmişdəki məhəbbət dolu baxışları, mənim həsrətimlə çırpınan ürəyinin döyüntüləri daha heç yadına düşmür? Niyə, axı niyə sənin mənə olan hisslərin belə tez tükəndi? Nədir bunların səbəbi? Görəsən, mənim paralelimə nə olub, neyləyim, ona necə kömək edim? - söylədi. İztirablı baxışlarını onun gözlərinə dikdi:

- Bu dözülməzdir. Nə qədər paralelimə yaxın olsam da, mənli duyğularını xatırlatmağa çalışsam da, bacarmıram. Mənim məhəbbətimdə, əzizimdə - paralelimdə nöqtə boyda olsa belə qığılcım yaranmır - dedi.

Sonra da başını onun sinəsinə qoyub için-için, göynəyə-göynəyə ağladı. İstəyirdi desin ki, məni təkcə qadının kimi, uşaqlarının anası kimi istəmə, sevmə, hörmət eləmə. Məni on beş il əvvəlki sevgin, sevgilin kimi sev. Mən sənin o zamankı həsrətimi çəkdiyin anları, sevgi dolu baxışlarını, adımı çəkəndə titrəyən səsini istəyirəm. Deyə bilmədi. Dəfələrlə olduğu kimi, indi də ərki çatmadı ərinə. Boğazına qədər gələn sözləri bu dəfə də uddu, ürəyində saxladı. Yarası sızlayan adam kimi inildədi:

- Görürsən, heç nə alınmır, nə qığılcım var, nə də közərti... - dedi.

Qadının səsi elə bil dərin bir quyunun dibindən gəlirdi. Bu dəfə gözlərindən od ələyə-ələyə, hıçqırıqla fəryad elədi:

- Hər şey məhv oldu, hər şey dayandı. Aramızdakı cərəyandan əsər-əlamət qalmayıb. Mənim paralelim, sənin naqilin tamam sıradan çıxıb, xarab olub. Axı, sənin dərdin nədir? Niyə sən sevgimizin bərpası üçün səy göstərmirsən, çalışmırsan? Yoxsa özün istəmirsən? Hər şeyin mənasız, üzücü olduğunu görmürsənmi? Bütün bunlar nə vaxtadək davam edəcək?

...Alnını ovuşdurdu. Otağın tüstü-dumanı yox olmuşdu. Otağa büllur kimi saf, təmiz hava axırdı bir ucdan.

Təmiz, saf havanı ciyərlərinə çəkdikcə, elə bil çoxdandır ki, yadlaşan, ögeyləşən, kənardan ona tamaşa edən hissləri də hava ilə birlikdə nəfəsinə, qanına yeriyirdi.

Bir də gördü ki, yolu əlinə alıb yeyin-yeyin gedir. Səhərin açılacağına lap az qalırdı. Başını qaldırıb yolunu nurlandıran işığa baxdı.

Ayın işığı göyün üzü ilə bir olmuşdu. Ay ulduzlara vida nəğməsi oxuyurdu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!