Kukla - Orxan İSMAYILOV

 

Səkkiz-doqquz yaşlı bir uşaq zəifcə yanan qaz sobasının qarşısında, alçaq bir kətildə oturmuşdu.  Tamamilə hərəkətsiz idi: kiçik, ağbəniz sifətini ovucları arasında möhkəm sıxmışdı. Büzüşüb yığılmış cüssəsi o qədər xırda görünürdü ki, ona uzağı, beş yaş verərdin.

Amma bu uşağın çöhrəsi sanki bir qadın siması idi. Baxışları da qadın baxışlarıydı: iri, tünd, üzərinə ağır bir yuxu çökmüş kimi dərin... Dodaqları da qadın dodağıydı: sıxılmış, nazik və solğun. Çökük yanaqlarına qəribə kölgələr düşmüşdü. Bu, ömrü boyu əzab-əziyyət çəkmiş, dərdi canına hopmuş bir qadının üzüydü.

Əynində ucuz, pambıqdan çəhrayı bir don, ayağında isə qalın yun corablar vardı. Corabların hər iki dizi yırtıq idi; dizindən bir qarış yuxarıda çirkli, ağ lent parçaları ilə bağlanmışdı.

Otaqda uşaqdan savayı kimsə yox idi. Tavandan asılmış elektrik lampası ətrafa solğun, sarımtıl bir nur saçırdı. Pəncərədən yamaqlı, sarı bir pərdə əyri-üyrü asılmışdı. Arabir pərdə içəriyə doğru şişir, xışıltı ilə tərpənirdi; çünki bir vaxtlar pəncərənin şüşələrindən biri sındırılmış, bir daha yerinə qoyulmamışdı. Bir-iki stuldan və oturacağından bir yayı çıxmış köhnə divandan başqa otaqda əşya gözə dəymirdi. Divar kağızları saralıb çirklənmişdi; bəzi yerlərdə kitab vərəqi kimi bükülərək divardan qopmuş, altındakı boz suvağı üzə çıxarmışdı.

Bir qədər sonra uşaq tərpəndi. Başını qaldırıb kamin rəfinin bir küncündə qoyulmuş zəngli saata baxdı. Ona bir neçə dəqiqə qalırdı. Dərindən ah çəkdi, yerindən qalxıb mətbəxə keçdi. Yarım çörək və çatlamış qabda bir az yağla geri döndü. Çörəkdən bir parça qoparıb arasını yağladı, sonra yenidən kətilinə sığınıb yavaş-yavaş yeməyə başladı.

Yeməyini bitirdikdən sonra barmaqlarını bir neçə dəfə corablarına sürtüb təmizlədi və yenidən əvvəlki vəziyyətinə qayıtdı. Arabir gözaltı saata baxırdı.

Birdən-birə əllərini dizlərinə dayayıb qəddini dikəltdi. Başını yana əyib bütün varlığı ilə qapıya qulaq kəsildi. Həyətdən ayaq səsləri gəlirdi; ardınca bir qadın səsi, bir də kişinin xırıltılı gülüşü eşidildi. Gülən atası idi, amma qadının səsini ilk dəfəydi eşidirdi. Kətildən qalxmadı; yerindən tərpənmədən, donuq baxışlarla qapıya dikildi. Üzündə nə bir sevinc, nə də maraq əlaməti vardı. Baxışlarındakı o ağır yorğunluq olduğu kimi qalmışdı.

Bir neçə saniyə sonra qapı açıldı, atası içəri girdi. Əhvalı saz idi. Parlaq keçəl başındakı papaq hər an düşəcəkmiş kimi əyilmişdi. Gövdəsini bir az arxaya verib, çənəsini sinəsinə sıxmışdı; elə bil döşünü qabağa verib lovğalanan xoruz idi. Solğun, balaca gözləri şən-şən parıldayır, qıpqırmızı sifətini axmaq bir təbəssüm qırış-qırış edirdi. Burnunun vaxtilə sınmış sümüyü gülünc şəkildə yana əyilmişdi; burnunun altından isə tütün rənginə boyanmış qara bığları yelpik kimi hər tərəfə dağılırdı. Öz-özünə mızıldanıb gülə-gülə, yırğalana-yırğalana otağın ortasına gəldi. Bir qoltuğuna pivə şüşəsi vurmuşdu, pencəyinin cibləri də dolu idi - digər şüşələrin boğazı bayıra çıxırdı.

- Gəl içəri! - deyə arxasınca gələn qadına xoş əhvalla səsləndi.

Kişi əlindəki şüşələri masanın üstünə düzdü, dərindən bir ah çəkib ağır bədənini stula atdı.

Qadın uşağa ötəri bir nəzər salıb qapını örtdü. Papağı ilə paltosunu çıxarıb o biri stulun üstünə tulladı. Atasına məhəl qoymayan uşaq isə gözlərini bu yad qadından ayırmırdı. Qadın otuz beş-qırx yaşlarında olardı; hündürboy və həddən artıq arıq idi. Sarı saçlarını gənclik şövqü ilə süni şəkildə burdurmuşdu. Üzünə o qədər pudra vurmuşdu ki, dərisi sümüyünün üstündə gərilmişdi; yalnız gözlərinin altındakı torbalar sallanırdı. Qələm çəkilmiş qaşları elə nazik idi ki, uzaqdan sadə bir xəttə bənzəyirdi. Göz qapaqları göy rəngə boyanmış, nazik dodaqlarına al-qırmızı pomada çəkilmişdi. Əynində gen, şabalıdı ipək kofta, dizlərinə güclə çatan qısa, qara ətək vardı.

- Bu uşaqdır? - deyə qadın başı ilə uşağı işarə edib kişiyə baxdı.

Kişinin simasına geniş bir təbəssüm yayıldı. Qolunu stulun arxasına aşırıb, başını geri atdı və yarıyumulu gözlərinin altından qadını süzməyə başladı. Sonra təsdiq edirmiş kimi üç-dörd dəfə ard-arda başını yellədi.

Qadın stullardan birini çəkib kətilin yanına qoydu, üzü uşağa tərəf yanpörtü oturdu. Bir neçə saniyə hər ikisi donub qalmışdı, dinməz-söyləməz bir-birinə baxırdılar.

- Yaxşı, - nəhayət, qadın sükutu pozdu, - bəs salam verməyəcəksən?

Uşaqdan səs çıxmadı. Baxışlarını qadının gözlərindən çəkmirdi. Sonra bu soyuq baxışlar yavaş-yavaş aşağı sürüşdü, qadının bənövşəyi-qırmızıya boyanmış dodaqlarında bir anlıq tərəddüdlə dayandı. Qadın narahat olub yerində qurcalandı, çiyinlərini çəkdi, əli ilə saçlarını arxaya sığalladı. Boğazdan yuxarı süni bir qəhqəhə çəkdi.

- Sakit uşaqdır, hə? - deyə yenə kişiyə tərəf döndü.

Bu vaxt kişi artıq şkafdan iki stəkan çıxarmışdı. Biri pivə ilə dolu halda masanın üstündəydi, o birini isə hələ doldururdu. Qadının sualına cavab vermədi, dolub daşan stəkanı masanın üstü ilə ona tərəf itələdi:

- Al, iç, - dedi.

Qadın stəkanı götürüb dodaqlarına yaxınlaşdırdı. Əvvəlcə quş kimi, hər qurtumdan sonra başını qaldıra-qaldıra xırda-xırda içməyə başladı. Sonra daha iri bir qurtum alıb stəkanı masaya qoydu. Kişi isə öz stəkanını birnəfəsə boşaldıb, dərhal yenidən doldurdu.

Qadın yenidən uşağa tərəf əyildi. Sanki mehribanlıq göstərməyə tələsirmiş kimi dərindən nəfəs alıb danışmaq istədi. Amma uşağın baxışları onu yenə susdurdu. O gözlərdə hər şeyi çılpaqlığı ilə görən, qeyri-adi bir açıqlıq vardı. Elə bil uşaq qarşısındakı qadının kim olduğunu, nə işlə məşğul olduğunu birdəfəlik kəsdirmişdi və bu növ adamlara qarşı daxilində dərin bir nifrət oyanmışdı. Qadın yavaşca dikəldi, əllərini dizinin üstündə çarpazladı. Gülümsəməyə çalışsa da, dodaqlarını aralaya bilmədi. Narahatlıqdan ayağını yelləyir, barmaqları ilə oynayırdı. Axırda dözməyib baxışlarını uşaqdan qaçırdı.

Stuluna söykənib ağzıaçıq qalan, bir əli ilə masanın üstündəki boş şüşəni tutan kişi onun bu halını görcək göz vurdu. Şüşəni buraxıb barmağı ilə özünə tərəf gəlməsini işarə etdi, o biri əli ilə dizini sığalladı:

- Bura gəl, - deyə pıçıldadı.

Qadın üz-gözünü turşutdu, çiyinlərini çəkib yenə başı ilə uşağı göstərdi. Kişi dodaqlarını büzüb çoxbilmiş bir əda ilə başını tərpətdi:

- Yaxşısı budur, sən yatağına get, Türkan, - dedi.

Sonra qadına baxıb yenə göz vurdu.

Uşaq dərhal ayağa qalxdı, kətilini masanın altına itələyib səssizcə pilləkənlərə tərəf yollandı. Birdən qadının ağlına nəsə gəldi, cəld yerindən sıçrayıb səsləndi:

- Bir dəqiqə gözlə, Türkan!

Qadın uşağın yanından ötüb keçdi, stulun üstündən paltosunu götürdü və çöldən cib-cib yoxlamağa başladı. Kağız xışıltısı eşidildi.

- Sənin üçün bir şey gətirmişəm, - qadın pıçıldadı.

Cibindən sarı kağıza bükülmüş kiçik bir bağlama çıxardı. Üzündəki o süni təbəssümlə başını yelləyə-yelləyə, əlini uşağa tərəf uzatdı:

- Al, sənindir. Sənə gətirmişəm.

Uşaq bir anlıq atası tərəfə boylandı; kişi artıq mürgüləyirdi. Sonra baxışlarını yenidən qadına dikdi. Gözlərində hələ də zəif bir inamsızlıq, hələ də bir qorxu vardı.

- Götür də, - qadın bağlamanı uşağın ovuclarına sıxaraq təkid etdi. - Götür, çəkinmə. Sənin üçün almışam.

Uşaq bağlamanı masanın özünə yaxın küncünə qoyub, böyük bir səbirsizliklə ipini dartmağa başladı. Kağızın içindəkini görəndə heyrətdən gözləri bərəldi, dodaqları aralandı, amma səsini çıxarmadı. Əllərini köksündə qovuşdurub, həmin şeyə baxıb qaldı. Elə bil qarşısında toxunulması qadağan olan, çox qiymətli və kövrək bir xəzinə vardı.

- Bax, - qadın təkrar etdi, - sənə almışam.

Uşaq kağızın arasından kiçik bir plastik kukla çıxardı. Bazarlarda su qiymətinə satılan, ucuz oyuncaqlardan idi. Başı yumruydu, qulaqları isə yox idi. Saç yerinə təpəsi qara boya ilə rənglənmişdi; gözləri iki göy nöqtə, ağzı isə sadəcə qırmızı bir ləkə idi. Əyri-üyrü əl-ayağı tərpədildikcə oynaqlarından cırıltı qopurdu. Kukla tamamilə çılpaq idi; nə əyni-başı vardı, nə də o eybəcər gövdəsini, şikəst qollarını gizlədəcək bir parça...

- Xoşuna gəldi? - deyə qadın uşağın qarşısında diz çökərək soruşdu.

Uşaq kuklanın o qəribə sifətinə diqqətlə baxdı. Sonra onu bağrına basıb gözlərini yumdu, bədənini yüngülcə sağa-sola yellətməyə başladı.

- Xoşuna gəldimi? - qadın bir də soruşdu.

Uşaq gözlərini açıb yavaşca başını tərpətdi.

- Lap yaxşı, - qadın ayağa qalxdı. - Sevindim ki, bəyəndin. İndi isə get yat.

Uşaq yenidən dönüb pilləkənlərə tərəf yollandı. Tam qalxacaqdı ki, ayaq saxlayıb qadına baxdı. Qadın da hələ ondan gözünü çəkməmişdi. Birdən uşaq özü qadına tərəf addımladı. Qarşısında dayanıb üzünü yuxarı qaldırdı, dodaqlarını büzdü. Qadın qəribə, kədərli bir gülüşlə əyilib onu öpdü. Uşaq geri çəkilmədi. Bir anlığa hər ikisi sükut içində baxışdılar. Qəfil qadın uşağı bərk-bərk sinəsinə sıxıb, yanaqlarından ard-arda öpməyə başladı. Elə həmin andaca onu sərbəst buraxdı.

Yuxarıdakı yataq otağında uşaq kuklanı yastığının üstünə qoyub, özü də onun yanında uzanmışdı. Uzun müddət pıçıltı ilə onunla danışdı, barmaqlarının ucu ilə oyuncağı sığalladı.

Aşağıdan qadının cingiltili səsi, atasının o xırıltılı gülüşü gəlirdi.

Amma uşaq artıq heç nəyi eşitmirdi. O, böyük səadət içində yuxuya getmişdi.

 

Dekabr, 2025-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!