Kəndə getmək üçün sürücünü çətinliklə razı salıb taksiyə mindim. Yolboyu gördüklərim məni heyrətə gətirirdi. Yolların genişliyi, rahatlığı, möhtəşəm binalar, şəhərin içərisinə doğru irəlilədikcə Bakının möhtəşəm görüntüsü kitab kimi vərəq-vərəq vərəqlənir, məni heyran edirdi. Taksi tıxacda dayandıqca, hiss edirdim, sürücü əsəbiləşir, mən isə sevinirdim, Bakının gözəlliyinə doyunca baxmaq üçün. Nəhayət, xeyli vaxt itirdikdən sonra şəhərdən çıxdıq. Sürücü maşının sürətini artırdı. Sanki tıxacda itirdiyi vaxtın əvəzini çıxırdı. Beş saatlıq yolu dörd saata qət edib kəndə çatdıq. Kənd də tamam dəyişmişdi. Böyüyüb boya-başa çatdığım kənddən əsər-əlamət qalmamışdı. Ayıbalasından (saman qarışıq sarı torpaqdan hazırlanmış kərpic) tikilən evlərin yerində daşdan hörülmüş ikimərtəbəli, üçmərtəbəli evlər ucaldılmışdı. Yollara asfalt döşənmiş, möhtəşəm mədəniyyət, məktəb binaları tikilmişdi. Nə qədər yeniliklər vardı. Kənddə dəyişməyən təkcə bizim yer üzü, ikiotaqlı evimiz idi. Kənardan baxanda kəndin evlərindən kasıb, köhnə görkəmi ilə seçilirdi. Dəyişən - həyətimizin taxta qapısının dəmir qapı ilə əvəz olunması idi. Taksini dəmir qapının qarşısında saxlatdım. Maşından düşüb dərindən nəfəs aldım. Gözü dolusu ətrafa boylandım. Sonra nəzərlərim təkrar evimizə yönəldi. Elə yazıq görkəmi vardı. Qəhər məni boğdu. Özümü toparlayıb dəmir qapını yavaşca itələdim. Yerimdə donub qaldım. Anam evimizin daş pilləkənində oturub ağı deyirmiş kimi nəsə zümzümə edə-edə tikiş tikirdi. Qapının səsinə başını qaldırıb məni gördü. Təəccüblə, diqqətlə mənə baxdı. Hiss etdim ki, məni tanımadı. Necə tanıya bilərdi ki? Uzun əllərdir, məni görmürdü. Tamam dəyişmişəm, yaşlanmışam, üstəlik xəstəlik məni tamamilə tanınmaz hala salıb. Bir dəri, bir sümük idim. Birdən varlığımı titrədən bir haray qopdu:
- Qardaş!
Bacım imiş. Bacım əlindəki tikişi kənara atıb mənə sarı yüyürdü. Mən yerimdə donub qalmışdım. Gördüklərimdən elə təsirlənmişdim. Nə addım ata, nə söz deyə bilirdim. Bacım bərk-bərk boynuma sarılıb:
- Bu sənsənmi, qardaş? Bu sənsənmi? Nə yaxşı gəldin. Elə darıxırdım, səni elə görmək istəyirdim. Neçə gün idi ki, gözlərim yol çəkirdi. Demə, sən gəlirmişsən. Şükür qovuşdurana!
Bacım qollarını boynumdan açıb, bir az kənara çəkilərək diqqətlə üzümə baxdı:
- Necə dəyişmisən, qardaş. Yaxşı ki, anam səni bu halda görmədi. Görsə idi, o anda ölərdi. Bacım yenidən boynuma sarıldı. Elə bildim, sarılan anamdır. Bacım yaşlanıb anama necə də bənzəyirdi. Ona baxdıqca ana yarısı xala deyil, bacı olduğunu düşünürdüm.
Bacım ailə qurmamışdı. Hərdən telefonla danışanda "Niyə ailə qurmursan?" soruşanda "Qardaş, mən atamın ocağını söndürüb başqasının ocağını yandıra bilmərəm" - deyə cavab verərdi. Bacımın ailəsi yox idi, mənimkinin də adı vardı, özü yox idi. Bacım qolumdan tutub yanında - daş pilləkənin üstündə oturtdu. Hər ikimiz susmuşduq, ancaq onun yanaqlarından səssizcə göz yaşı süzülürdü. Mən başımı aşağı salıb nə üzünə baxa bilirdim, nə təskinlik verirdim. Nəhayət, özümü toplayıb:
- Bacı, məni bağışla. Bilirəm, nə qədər səhvlərim, günahlarım var. Məndən inciməyə də, küsməyə də haqqın var.
Sözümün arxasını deməyə imkan vermədi. Tez göz yaşlarını silib təlaşla:
- Sən nə danışırsan, qardaş? Bu sözü nə sən demisən, nə mən eşitmişəm. Bacı qardaşdan incisə də, heç vaxt küsməz. Sən atamın, anamın mənə yeganə əmanətisən. Şükür qovuşdurana. Səni mənə qovuşdurdu. Elə bil, dünyaları mənə verdi.
Bacımın bu sözləri üzərimdəki yükü, az da olsa, yüngülləşdirdi. İllərdir, bacımla hər telefon danışığımızda cəsarət edib soruşa bilmədiyim sualı çəkinə-çəkinə:
- Çəmən necədir, bacı?
Sualım bacımın əhvalını tamamilə dəyişdi. Tutuldu. Cavab vermədi. Gözüm üzündə qalmışdı. O isə mənə inad susurdu. Birdən:
- Gedəndə onunla görüşmədən, ona bir söz demədən, sağollaşmadan çıxıb getmisən. İndi onun necəliyini neynirsən, qardaş? Çəmənin ələyi ələyib, xəlbiri göydə taxıl sovurur.
- Bacı, başa düşmədim, nə ələk, nə xəlbir?
- Ələk, xəlbir odur ki, Çəmənə olan oldu. Onun taleyinə yazılan yazı nə gözəlliyinə, nə ağlına, nə tərbiyəsinə yaraşan yazı olmadı. Səndən sonra necə oğlanlar istədi. Heç birinə könül vermədi. Sənin yolunu gözlədi, düz 20 il! Axırda ailəsi güclə dörd yetimi olan yaşlı bir kişiyə ərə verdi. Özünün övladı olmadı. Dörd yetimə baxır. Ərə gedənə kimi onu rəfiqəm kimi yox, gəlinimiz kimi görürdüm. Onun taleyi bu günə kimi məni odsuz-ocaqsız yandırıb-yaxır.
İçimə xoş bir duyğu yayılmışdı. Bacımın Çəmən haqqında söylədikləri bu duyğunu tamamilə tar-mar etdi. Düşünürdüm, insan doğmalarına, sevdiklərinə, yaxınlarına bu qədər zərbə vurub, bu qədər günah işlədə, bu qədər qırıcı ola bilərmi? Cavab verə bilmirdim. Ancaq onu bilirdim ki, mən nə qədər mənəvi cinayət törətmişəm.
Çəmənin taleyi günah-şələmin üstünə əlavə bir yük yüklədi. Sarsılmışdım. Bacım mənim sarsıldığımı görüb dediklərindən peşman olmuşdu. Aramızdakı gərginliyi yumşaltmağa çalışırdı. Birdən nəsə xatırlayıb:
- Bacın ölsün, ac olacaqsan. Ürəyimə dammış kimi səhər tezdən durub qurut əzmişəm. Dağ qurutudur. Sən xəngəli çox sevirsən. Dincəl, beş-on dəqiqəyə xəngəl hazır olacaq.
Başqa vaxt olsa idi, səbirsizliklə xəngəlin bişməsini gözləyərdim. Əhvalım elə qarışmışdı ki, evdə dayana bilmirdim. Bacıma "gəlirəm" deyib evdən çıxdım. Birbaş qəbiristanlığa üz tutdum.
Qəbiristanlığa gedən yol Çəməngilin evlərinin yanından keçirdi. Evlərinin bərabərində dayandım. Nəzərlərim qeyri-ixtiyari eyvanlarına yönəldi. Getmək istəsəm də, gedə bilmirdim. Bu an hər şeyi unutmuşdum: altmış beş yaşı da. Bu an gənc oğlanın sevdiyi qızı görmək üçün keçirdiyi hissləri, həyəcanı yaşayırdım. Gözlərimi eyvandan ayıra bilmirdim. O isə görünmürdü. İçimdə ona qarşı bir inciklik, bir küskünlük yarandı. Həmişə günün müəyyən saatlarında bir bəhanə ilə evlərinin yanından keçəndə vaxtı bildirməsəm də, o hiss edərdi, eyvana çıxardı. Uzaqdan da olsa, bir-birimizə baxar, gülümsəyərdik. Bu çox çəkməzdi, mən yoluma davam edər, o, eyvandan tez enərdi. Nəzərlərim eyvana dikilib qalmışdı, o isə görünmürdü. Birdən sanki yuxuda idim, ayıldım. Axı bura Çəmənin ata evi idi. Bacımın söylədiyinə görə Çəmənin artıq öz ailəsi vardı. Bunu qəbul etmək istəmirdim. Getmək istəsəm də, gedə bilmirdim, onu görmək istəyirdim. Niyə? Bu "niyə"nin cavabını verə bilmirdim. Təkcə onu bilirdim ki, qırx ildə əkdiyimi bir gündə biçirdim. Mənim üçün çox ağır idi, bu ağırlığı qaldıra bilmirdim.
Qəbiristanlıq kəndə bitişik idi. Sanki qəbiristanlıq deyil, kəndin bir məhəlləsi idi, buradakılar da ölü deyil, canlı insanlar idi. Məzarların arası ilə irəlilədikcə sanki başdaşının üzərindəki şəkillər bir-bir canlanır, çoxusunu tanımasam da, kimisi mənə gülümsəyib "xoş gəldin" deyir, kimisi də küskün-küskün birbaş getdiyim üçün məni məzəmmət edirdi. Əyilib qəbirlərin arasından bir ovuc torpaq götürdüm. Torpağın hərarəti bütün vücuduma yayıldı. Tez burnuma yaxınlaşdırdım. Elə doğma qoxusu vardı ki... Ovcumu bərk-bərk sıxıb tez-tez qoxulayırdım. Ölümdən dəhşətli dərəcədə qorxan mən indi öz-özümə ölüm arzulayırdım, vətənimin qoynunda uyumaq üçün.
Bizim sülalənin məzarları qəbiristanlığın yuxarı başında idi. Bir neçə addım atıb dayandım. Ayaqlarım yerimirdi. Günahlarım, qəbahətim o qədər ağır idi ki, bu ağırlığın altında əzilir, ayaqlarım büdrəyirdi. Mənimlə ata-anamın məzarları arasında xeyli məsafə olsa da, mən anamın nəzərlərini üzərimdə hiss edirdim. O baxışlar məni əzib məhv edirdi. Çətinliklə yeriyib məzarlarının qarşısında yerə çökdüm. Başımı qaldırıb nə üzlərinə baxacaq üzüm, nə deyəcək sözüm vardı. Ancaq bilirdim ki, onların mənə deyəcəkləri nə qədər sözü, verəcəkləri nə qədər sualları vardı. Bu suallar səssiz idi, amma mən eşidirdim. Verəcək cavabım yox idi. Tutulmuşdum. Ömrümdə birinci dəfə idi ki, mənə verilən suallara cavab verə bilmirdim. İçimdə bir təlatüm var idi, ürəyim coşmuşdu. Ağlamaq istəyirdim, ancaq ağlaya bilmirdim. Birdən içimdən varlığımı titrədən bir hönkürtü qopdu. Bu hönkürtü vaxtilə dünyadan köçən ata-anamın əbədi ayrılığına axıda bilmədiyim, içimdə yığılıb qalan göz yaşlarımın vulkanı idi. Bu hönkürtü cavabını verə bilmədiyim sualların cavabı, günahlarımın etirafı idi. Yerimdən tərpənə bilmirdim. Çökmüş vəziyyətdə nəzərim məzarlara dikilib qalmışdı. Sanki onlardan məni bağışlayıb-bağışlamadıqlarını bilmək üçün bir işarə gözləyirdim. Ancaq onlar nə dinir, nə danışır, nə bir işarə verirdi. Mənə elə gəldi, atamı-anamı bu gün itirdim, bu gün torpağa tapşırdım. Özümü toplayıb güclə ayağa durdum.
Qəbiristanlıqdan çıxdım. Bacım məni gözləsə də, evə dönmədim. Ürəyim məni Çiçəkli dağına dartırdı. Ancaq ayaqlarım yerimirdi. Güclə, çətinliklə yeriyərək Çiçəkli dağının ətəyinə çatdım. Çiçəkli dağının sinəsinə rəngbərəng güllərdən sanki əlvan xalı sərilmişdi. Meh əsdikcə boxçagülünün, bənövşənin, nərgizin bir-birinə qovuşan ətri ciyərlərimə dolurdu. Ot otlayan quzuların xırıp-xırıp səsi ruhuma bir rahatlıq verirdi. Hər gün yavaş-yavaş Çiçəkli dağının zirvəsinə doğru qalxırdım. Hədəfim Çiçəklinin zirvəsinə - Dikdaşa çatmaq idi. Günbəgün səhhətim yaxşılaşır, rəngim, ruhum özünə gəlirdi. Ağrılarım tamamilə yox olmuşdu. Xəstəliyimin ayaq səsləri artıq eşidilmirdi. Heyrətə gəlmişdim. İnsan biliyinin, savadının gücü çatıb sağalda bilmədiyi xəstəliyimi vətənimin sehrli, sirli təbiətinin möcüzəsi sağaltmışdı. Nəhayət, bu gün Çiçəkli dağının zirvəsi Dikdaşın üzərinə qalxmışam. Sevinirdim, ancaq tam sevinə bilmirəm. Zirvədən keçmişə boylanıram. Nələri itirmişəm, nələri qazanmışam. Qazandıqlarım yad eldə qaldı. Günahlarımı, xətalarımı özümlə vətənə gətirmişəm. Kövrəlmişdim. Mən vətəndən üz döndərdim, vətən mənə qucaq açdı. İndi dərk edirdim, bu qucağın istisini, hənirtisini dünyanı qarış-qarış gəzsən də, heç yerdə tapa bilməzsən. Ürəyimdə gerçəkləşməsi mümkün olmayan, hey içimdə qorlanan bir istəyim vardı. Kaş zamanı geri döndərə bilsəydim. Bir türk alimi demişdi: "İnsanın keçmiş səhvləri ən iyi öyrətməndir!" Dəyərli fikirdir. Çox təəssüf ki, bəzi insanlar keçmiş səhvlərini ömrünün sonuna kimi ya heç görmür, ya da düzəlməsi mümkün olmayan zamanda görür!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
