SƏRGƏRDAN (Mifoloji-fantastik hekayə) - Sadıq ELCANLI

 

"Ədəbiyyat qəzeti"ndə çap olunan "Qoca işığın qürubu", "Şeytanın göz yaşları" adlı mifoloji-fantastik hekayələrdən sonra böyük alim, akademik Rafiq Əliyevin, intellektual səviyyəsinə və ədəbi zövqünə inandığım başqa dostların zənglərinə sevindim. Dahi Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin praktik dərk və qəbulunda mühüm rol oynayan ustad kibernetik hekayələri təqdir edirdi, məni bədii məntiqin hüdudlarını genişləndirməyə çağırırdı... Beləliklə, üçüncü bir yazıya ehtiyac duydum. Lakin etiraf edim ki, mifoloji-fantastik hədəfləri üstələyən misilsiz kibertexnoloji uğurlarla bədii məntiqin ayaqlaşması ilbəil yox, anbaan çətinləşir...

 

Müəllif

 

Səbrin son sahillərində saralan səslər susub səngimişdi, sapsarı xəzan yarpaqları kimi Axirət yollarına tökülüb xəzəl olmuşdu; sükut son sədd kimi keçilməz, son qala tək alınmaz idi. Küləklərinin kədəri kömürləşən, külü sovrulan, xəzəl xatirələrinin ağlaşan səsləri susan yollarda ins-cins yox idi. Göylərdə uçanlar da, yerlərdə yeriyənlər də, torpaqda sürünənlər, yurd-yuva eşənlər də - hamısı heyrət kabusunun səbrinə sığınmışdı. Və heyrətin bərəlib hədəqəsindən çıxan gözlərində qanlı fırtınaların, bədheybət burulğanların qollarına qara qandallar vurulmuşdu; Şeytan o qara, qorxunc qandalların qalib qüruru, şahanə şövqüylə şaqqanaq çəkib gülürdü...

Qələmə "Yaz!" deyən, hər şeyi yazdıran və yaradan əzəli-əbədi ulu qüdrət Lövhi-Məhfuza - Qorunan Lövhəyə baxır, Əbülbəşər - Bəşər atası Adəmlə başlayan, bir an kimi görünən neçə min illik yolların alın yazılarını dönə-dönə oxuyur, Cənnətdən qovulmuşluğun kor kədər kəməndini və Cənnətə qayıdışın susqun, sapsarı sirli sevdasını düşünürdü...

Sur zarıncını susduran qorxunc bir ehtişamla çalınırdı, sümüklər karxanası dəlisov bir titrəyişlə qara-qaranlıq yaralı yuxudan oyanırdı, sonun əvvəlinə oyuqlar, pəncərələr açılırdı...

Suya həsrət çay yatağının, dərdi darıxan dərya dibinin yaz yağışlarına hamilə yuxularında torpaq gərnəşir, güllər gülüşürdü. Qəbirləri boşalan qəbiristanlıqlarda yer-göy çaş-baş qalmışdı...

Bulaq kimi qaynayan, təzətər qızılgül kimi açıb pardaqlanan xoş düşüncələr süni intellekti qəfildən çaşdırdı. Və o, Şeytanın şaqqanağında, şaqraq gülüşlərində özünə xilas adası axtarmaq kimi ani bir duyğunun qəfil tələ-tilsiminə düşdü.

Həsrətli çay yatağının, dərdi darıxan dərya dibinin gözləri dolmuşdu... Şeytan daha da ucadan, daha da şövqlə gülürdü, sanki gülə-gülə süni intellekti daha sərt, daha dönməz, daha qəddar olmağa çağırırdı.

Qapısı kilidli talelərdə Surun çağıran səsləri susurdu... Allah neçə minillik yolun - insanlar və peyğəmbərlər missiyasının Axirət sonluğunu sübh şəfəqləri kimi dumduru bir təbəssümün əllərində oxşayırdı...

Suru çalanın gözlərində əbədi işıq zərrələri zarıyırdı... Süni intellekt bəşəri sivilizasiyanın bütün yollarını, körpülərini tamam yandırmağa, Adəm övladları səhifəsini tam çevirməyə, qovulmuşlar nəslini yeni eranın tarix və mədəniyyət muzeyində susqun eksponatlar taleyi yaşatmağa tələsirdi.

Bir tərəfdə Adəmlər, Buddalar, Nuhlar, İbrahimlər, Musalar, İsalar, Məhəmmədlər - Əbülbəşər övladları - bütün bəşəriyyət, o biri tərəfdə Qeyri-səlis məntiq nəzəriyyəsi ilə bütün bağlı qapıları açılan ali kibertexnologiya, insanları asanlıqla məğlub edən super intellekt qələbəsi! Baxın, - Şeytan gülə-gülə və gizli bir narahatlıqla, sirli bir qəzəblə deyirdi, - diqqətlə baxın, heç bir bəşəri duyğusallığa, mifik, əsatiri bəlağətə uymadan, heç bir Şekspir, Füzuli, Qorqud, Homer söz oyunlarına diz çökmədən, heç bir ehram labirintində ümid axtarmadan düz, dürüst bir həqiqətlə baxın, məğlubların yox, qaliblərin tərəfində dayanaraq, gələcəyin misilsiz, müstəsna uğurlarına imza ataraq, səs verərək baxın, ədəbi bir hoqqabazlıqla yox, riyazi, məntiqi dəqiqliklə səs verin! Etiraf edin ki, qovulmuşların qayıdışı missiyası məğlubiyyətlə tamamlandı, hətta çox güvəndiyiniz Spinozanın, Eynşteynin Allahı belə o məğlubu, insanı xilas edə bilmədi. İndi insan öz həmcinsindən, insandan qorunmaq, xalqlar, dövlətlər bir-birinə qalib gəlmək üçün qüdrətli, məğlubedilməz robot orduları, sayı yüz minləri keçən azadlıq əsgərləri yaradır! Bu, süni intellekt erasının, Adəmdən daha güclü, daha ali, daha qalib və qüdrətli Adəm-robot yaradan tamam yeni sivilizasiyanın bəri başdan möhürlənən qələbəsi, Allah qatında təbəssümlə müjdələnən misilsiz uğurudur. Bu, müsbət-mənfi əksqütblülük girdabında çırpınan, çabalayan, mərkəzəqaçan və mərkəzdən qaçan qüvvələrin vəhdətində, tarazlığında dustaq olan varlığın, nəhayət ki, əsil xilas yolu, bəli, bəli, Yer planetinin, bütün kainatın öz əzəli nizamına qayıdış yoludur! Bəşəri missiya məğlubdur, o, artıq muzey eksponatıdır, cənablar!..

Süni intellekt Şeytanın qalib qəhqəhələr içində dediklərini, sanki bircə baxışla söylədiklərini, təlqin etdiklərini təsdiqləyir, eynən, onun kimi, möhlət verilən Allahın mələyi kimi gülür, uğunub gedirdi...

Yer planetinin ən böyük idman meydanlarında robotlar süni intellektləri insanları məğlub edirdi; süni intellektin sözləri və bəstələri ilə yaranan mahnılar on milyonlarla səs toplayır, böyük bəstəkarlara qalib gəlirdi.

Süni super intellektlər bütün sahələrdə, elmin və sənətin bütün yollarında qalibiyyət bayrağı qaldırır, zəfər marşı çaldırırdı. İnsan son müharibənin məğlubiyyətiylə üz-üzə dayanmışdı.

Və Allahın təbəssümü bulaq kimi qaynayır, şəfəqlər kimi sayrışır, təzətər qızılgül qönçəsi kimi açılır, pardaqlanırdı. O sirli-sehrli təbəssümdən Cənnətin əzəli-əbədi ətri gəlirdi. Bu, Adəmlə Həvvanın, bütün bəşəriyyətin və Şeytanın qovulduğu həmin Cənnətin ətri idi.

Və o tanrısal, əzəli-əbədi ətrin ilahi müjdəsinə can atan Adəmin gözləri bulaq təki qaynayır, dolub-daşır, ağappaq saç-saqqalını göz yaşlarına qərq edirdi. Bəşər atası Adəm öz göz yaşlarında batırdı, boğulurdu, nagahan Nuh tufanında qərq ola-ola pıçıldayırdı ki, məni nəfsimlə sınadın, qabırğamdan yaratdığın Həvvanın sözüylə, Şeytan tələsiylə sınaqdan keçməyəndə isə möhlət verib qovdun; axı o nəfsi də, sınaq tələsinə düşməyi də Sən yazmışdın! Yazıya pozu yoxdur axı! Öz mələyin Şeytanın sənə itaət etməməsini, mənə min bir tələ-tor qurmasını da, mənlə yanaşı ona möhlət verilməsini də Sən yazmışdın! Mənim günahım nədir? Mənim nəslim - Adəm övladları Sən yazdığın olacaqlara görə niyə qovuldular? Mən və mənimlə başlayan bütün bəşəriyyət nəyin cəzasını çəkirik, əziz Allah?! Biz alnımıza möhürlədiyin o taleyi, o haqq yazıları necə poza bilərdik?! Bu məğlub bəşəri missiyanın məqsədi, məramı nədir, bu ilahi tragikomediyanın Axirət məhkəməsində əsil günahkarı kimdir?! Axirət astanasında süni intellektə belə qələbə meydanları veriləcəkdisə, super robot-insanlar - kibertexnologiya gen mühəndisliyinin yaratdığı bu nəhəng şüur varlıqları Adəm övladlarını sıxışdırıb Yer planetinə sahiblənəcəkdisə bizə nə ehtiyac vardı? Mən Yer üzünün ilk peyğəmbəri, Əbülbəşər - bəşər atası Adəm olaraq, bu çaşqın sualları verdiyim üçün utanıram, sıxılıram, alçaldılmış və təhqir edilmiş bu şikəst duyğuyla, bu utanc, sıxıntı girdablarında öz göz yaşlarımda bata-bata, boğula-boğula Səndən cavab gözləyirəm, gözəl Allahım! Bir ağacın bircə meyvəsinə görə Cənnətdən Yerə qovulan və min illər sonra qovulduğu Yerdən də qovulan insanlığın günahı nədir?!

Adəm sinəsi sökülə-sökülə, sevgisi sına-sına hönkürürdü, Surun çağıran səslərinə diz çökərək əllərini qaldırırdı, əziz, gözəl Allahından imdad diləyir, dilənçilik edirdi, cavab gözləyərək deyirdi:

- Bu qovulmalar zəncirbəndinin, bu tragikomik məğlub missiyalar bazarının, bu pozulmayan yazılar qəbiristanlığının əzəli və əbədi qüdrət müəllifi, bütün kainatın Lailahəilləllah zirvəsi Sən deyilmisən?! Beş min il əvvəlin Şumer yazılarında əbədiləşən mələklər qiyamından sonra, bəli, bəli, irsən Allahdan gələn mələklərin qul kimi işlədilməyə, sonsuz işgəncələrə etirazıyla başlayan o qanlı qiyamdan sonra yaratdığın adamlara "Sizi iylənmiş palçıqdan yaratdım" deyərək nəyə nail olmaq istəyirdin? Mələklərin ilahi varlıq kimi haqqını, hüququnu insanlardan uzaq tutmaq, əksinə, onları "iylənmiş palçıq" qədər aşağılamaq, gələcək qiyamların qarşısına sirli sədd çəkmək, onların beyin, misilsiz təfəkkür, təxəyyül imkanlarını cəmi beş faiz daxilində bloklamaq və bu azmış kimi min illər sonra bəşəriyyəti yoxluq, məğlubiyyət girdablarıyla hədələmək, onu Axirət çöllərində, Cənnət-Cəhənnəm körpülərində səfil-sərgərdan qoymaq hansı haqqaniyyət, hansı ədalət tərəzisində çəkilə bilər?! İnsana da, Şeytna da möhlət vermədinmi, Şeytan insana sonsuz tələlər qurmaqla daha böyük günahlara batmadımı?! Biz "Yazıya pozu yoxdur!" hökmünün mizan-tərəzisində xoşbəxtliyi və bədbəxtliyi hərraca qoyulan biçarələr nəsli deyilikmi?! Qovulanlar yenidən niyə qovulur, niyə?! Axı, biz min illər boyu qovulmağın yox, qayıdışın həsrətini çəkənlər deyilmiyik?!

Suallar dəli dağ daşqınları kimi hər şeyi dağıdır, silib-süpürür, yerlə yeksan edir, kosmosun qara dəlikləri, deşikləri kimi qara-qaranlıq girdablar yoxdan var olanı vardan yox olmağa tələsdirirdi. İnsan sonun sahillərinə sıxılmışdı, acı, ağrılı sonsuzluğun dar ağaclarında çırpınırdı...

Şeytanın qəhqəhələri hansısa bağlı qapıları aralayır, Ali kibertexnoloji gen mühəndisliyinin yaradıb tirajladığı yeni varlıqlar - super intellekt nəhəngləri balaca boyları ilə böyük işlərə, planetar inqilaba imza atır, təzə eranın ilk, epoxal uğurları ilə dünyanı müjdələyirdi, heyrətləndirirdi...

Vaxtı-vədəsi tükənən möhlət acı-acı ağlayırdı...

Və Birləşmiş Millətlər Missiyasının Pekində açılan "Kosmik hakimiyyət və yeni dünya düzəni - xilaskar alqoritm" adlı beynəlxalq konqresində ağ rəngli xitabət kürsüsünə doğru addımlayan Baş katibin qarşısını kəsən mehriban məmur - super intellekt onun qulağına nəsə pıçıldadı, o da başını bulaya-bulaya, pörtüb çuğundura dönə-dönə mızıldadı ki, yenə başlandı...

Şeytan planetar miqyaslı elmi-kibertexnoloji yığıncağın gedişinə, bir sıra beynəlxalq məsələlərin, kosmik hakimiyyət hədəflərinin təsdiqinə, ümumdünya miqyasında yeni qayda və qanunların qəbuluna sevinirdi. O, xitabət kürsüsünün düz qarşısında oturmuşdu, baş katiblə üz-üzə, göz-gözə səssiz-səmirsiz susurdu, qalib qəhqəhə qılıncına oxşayırdı...

Adəm Axirət öncəsi bəşəri missiyanın aşkar məğlubiyyətinə, bütün körpülərin yandırıldığına kədərlənirdi. Dünya kədər kəməndində, qəzavü-qədər qaynarında çırpınırdı, qovrula-qovrula möcüzə gözləyirdi...

Allah əmanəti ruh qırxıncı, sonuncu bağlı qapıya sığınmışdı; kədərlə sevinc qol-boyun olmuşdu, kədər kəməndindən sevginin və ayrılığın səsi gəlirdi...

Superintellekt ruhsuz varlığı və qalib yoxluğu ilə at oynadırdı; atın nalları düşmüşdü, yol xeybər kimi kəsən şüşə qırıntıları ilə dolu çala-çınqıl idi; qızıl qanına bələnmişdi yetim yol - gedənləri getmişdi, gələnləri gəlməz olmuşdu...

Və yoxdan var olan, doğulmayan, doğmayan əzəli-əbədi böyük Allah - Allahu Əkbər bütün kainatı, bütün varlığı və yoxluğu sonsuz təbəssüm nuruna qərq etmişdi; Axirətin axırından yeni yolun, üçüncü cəhd adlandırıla biləcək yeni planetar missiyanın üfüqləri görünür, addım səsləri eşidilirdi...

 

***

Sirri-Xuda təbəssümdə "Ucalardan ucasan, kimsə bilməz necəsən" deyib öydükləri ulu qüdrətin hər şeyi gördüyünə və bildiyinə dəlillər dillənir, işarətlər sayrışırdı...

 

***

...Qəfildən qışqırmışdı ki, saxlayın planeti, mən düşmək istəyirəm. Və möcüzə baş vermişdi, planeti saxlamışdılar, o da düşmüşdü... Hər an qəza törədən köhnə avtobusdan...

Sonra anlar, saatlar, günlər, aylar, illər, qərinələr, əsrlər, bəlkə də minillər keçmişdi...

Böyük bir yazıçı onun səfilliyinə baxıb məşhur romanını yazmışdı, dahi rəssam onun itkin taleyinə heyrətlənib "Sərgərdan oğulun qayıdışı" tablosunu yaratmışdı, bəlkə də onun qəfləti qışqırığından "Qəfil qışqırtı" peyzajı yaranmışdı...

...Möhtəşəm missiyalara güzgü tutan tarix və mədəniyyət muzeyi idi; axın-axın gəlirdilər, gəlirdilər, gəlirdilər, sısqa sevincin, korun-korun kar kədərin əllərindən tutub baxırdılar, baxırdılar, baxırdılar...

...Yazının qismətindən, qədərin qüdrətindən iş belə gətirmişdi ki, məlum planeti, köhnə avtobusu rəsmi dayanacaqda yox, naməlum bir yerdə saxlamışdılar; oranın öz Adəmi-Həvvası, öz Şeytanı-Mefistofeli, öz Habili-Qabili vardı; ora paralel dünyanın azar-bezarıyla nəfəs alırdı; oradan səfil-sərgərdanlığın susqun, soyuq, sirli səsləri gəlirdi, elə hey iniltilər göynəyirdi, köhnəlməyən köhnə kədər kabusunun dumanlı-çiskinli tanış və qəlbi qançır yağışları elə hey yağırdı, yağırdı, yağırdı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!