Müasir yapon nəsrinin yaradıcısı Natsume Soseki (əsl adı Natsume Kinnoske) 1867-ci ildə o vaxtlar Edo adlanan Tokioda doğulub. Uşaq qədim yapon təqviminə görə "Meymun günü"ndə doğulduğundan, inanca görə, böyüyəndə oğru olacaqdı. Bunun qarşısını almaq üçün uşağa içində "Kin" (pul) heroqlifi olan ad veriblər. Ailənin altıncı uşağı olduğu üçün valideynləri onun dünyaya gəlməyinə çox da sevinməyiblər və onu övladlığa veriblər. Natsume Tokio Universitetində oxuyub, ingilis dilini öyrənib. 1900-cü ildən 1903-cü ilə qədər İngiltərədə yaşayıb, qayıdandan sonra ingilis dili və ədəbiyyatından dərs deyib. Birinci romanı - "Mən pişiyəm"i 38 yaşında yazıb. Uzun illər mədə xorasından əziyyət çəkən yazıçı 1916-cı ildə, 49 yaşında vəfat edib. Akutaqava Rünoske və Masao Kume kimi yazıçılar onu özlərinə müəllim hesab ediblər. "On yuxu" hekayə silsiləsi 1908-ci ilin iyul-avqust aylarında "Asahi" qəzetində çap edilib. Silsilənin ilk hekayəsini təqdim edirik.
Yuxu gördüm.
Əllərimi çarpazlayıb çarpayının baş tərəfində oturmuşdum, kürəyi üstə uzanan qadın yavaşdan dedi ki, bu yaxınlarda öləcək. Bəyaz üzü balışa dağılmış uzun saçlarının içində ağarırdı. Al yanaqlarından istilik yayılırdı, dodaqları qızarmışdı. Ona baxanda tezliklə öləcəyi heç cür ağlıma gəlməzdi.
Amma qadın yavaşdan və aydın dedi ki, bu yaxınlarda öləcək. Və mən fikirləşdim: "Yəqin, o doğrudan da öləcək!"
- Doğrudan? Sən tezliklə öləcəksən? - onun üzünə baxıb soruşdum.
- Öləcəyəm! - Gözlərini geniş açıb dedi.
Ətrafı uzun kirpiklərlə əhatəli, iri bəbəkli, geniş açılmış nəm gözlər. Və bəbəklərində əks edən surətim.
Bu dərin, az qala, dibsiz gözlərə baxıb fikirləşdim ki, necə ola bilər bu qadın ölsün? Ağzımı balışa dirəyib yenə soruşdum:
- Sən axı ölməyəcəksən, elə deyil? Hər şey yaxşıdır, hə?
Qadın yorğun qəhvəyi gözlərini geniş açıb dedi:
- Yox, öləcəyəm, əlimizdən heç nə gəlməz.
Ürəyim sıxıla-sıxıla soruşdum ki, mənim üzümü görür? O, gülümsədi, gözlərimə baxıb soruşdu:
- Bəyəm gözlərimdə öz əksini görmürsən?
Susub ona dikildim, əllərimi çarpazlayıb fikirləşdim ki, o mütləq öləcək.
Bir az keçəndən sonra o yenə dilləndi.
- Xahiş edirəm, mən öləndə məni basdır. İri balıqqulağıları olur ha, içində mirvari olan, qəbrimi onunla qaz. Qəbrimin üstünə göydən düşən ulduzlardan qoy. Və xahiş edirəm, məni gözlə, çünki mən yenə sənin yanına gələcəyəm.
- Sən haçan gələcəksən? - soruşdum.
- Günəş çıxacaq, sonra batacaq. Və yenə çıxacaq, yenə batacaq. Şölələnən günəş şərqdən qərbə getdikcə, qərbdən şərqə qürub etdikcə məni gözləyəcəksən?
Sakitcə başımı tərpətdim. Yavaş çıxsa da, əminliklə çıxan səsi ilə dedi:
- Xahiş edirəm, məni yüz il gözlə. Qəbrimin yanında oturub yüz il gözlə. Mütləq sənin yanına gələcəyəm!
Dedim ki, gözləyəcəyəm. Və onun göz bəbəklərinin dərinliyində aydın əks edən fiqurum öləziyib söndü. Elə bil suyun hamar səthi tərpəndi və onun əks etdirdiyi görüntü dalğa-dalğa üzüb getdi. Qadının gözləri yumuldu. Uzun kirpiklərindən bir damcı yaş yanağına düşdü. Qadın öldü!
Bağa düşdüm və balıqqulağı ilə torpağı qazmağa başladım. Balıqqulağı böyük idi - üstü hamar, qıraqları kəskin. Hər dəfə onu torpağa sancanda gözqamaşdırıcı ay işığı səthinə düşüb parıldayırdı. Nəm torpaq iyi gəlirdi. Bir müddət sonra çuxuru qazıb qurtardım. Qadını çuxura qoyub üstünü torpaqladım.
Sonra gedib göydən düşən ulduzu gətirdim və ehtiyatla qəbrin üstünə qoydum. Ulduz yumru idi - yəqin, göydən düşməyi çox çəkmişdi və düşdükcə kənarlarındakı çıxıntılar yeyilmişdi. Ulduzu götürüb qəbrin üstünə qoyanda sinəm və əllərim bir az isindi.
Otun üstündə oturdum. Əllərimi çarpazladım, yüz il necə gözləyəcəyimi fikirləşə-fikirləşə yumru başdaşına baxmağa başladım. Şərqdə günəş çıxdı, eynilə onun dediyi kimi - nəhəng, şölələnən günəş. Tezliklə günəş qərbdə batdı, eynilə onun dediyi kimi. Günəş qəfil batdı, batanda hələ də şölələnirdi. "Bir!" - ürəyimdə saydım.
Bir az keçəndən sonra qızıl günəş yenə yavaş-yavaş çıxdı. Sonra dibsiz səssizliyə yuvarlandı. "İki!" - saydım.
Beləcə, saya-saya bir də gördüm sayı itirmişəm və günəşi neçə dəfə gördüyümü bilmədim. Mən sayırdım, sayırdım, qızıl günəş isə dəfələrlə başımın üstündən keçirdi. Amma yüz il tamam olmurdu. Nəhayət, üstünü ot basmış qabarıq qəbrə baxa-baxa fikirləşdim ki, görəsən, o məni aldatmayıb ki?
Birdən qəbrin üstündə bir fidan boy atdı. Anbaan, çox sürətlə böyüyüb üstümə gəldi və sinəmə çatanda dayandı. Uzun gövdənin ucundakı tumurcuq sinəmə - ürəyimin üstünə əyildi və açıldı. Ağ zanbağın ətri məni bihuş etdi! Birdən hardansa bir damcı şeh zanbağın üstünə düşdü və gül öz ağırlığı altında titrədi. Başımı əyib üstünə sərin şeh damcısı axan ağ ləçəkləri öpdüm. Başımı güldən çəkəndə gözlərim qeyri-ixtiyari göy üzünə sataşdı və tənha dan ulduzunu gördüm.
Və onda başa düşdüm: "Yüz il keçib!"
Tərcümə etdi: Həmid Piriyev
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
