İllər öncə, onda ki, siqaret çəkməyə təzə-təzə başlamışdı, onda ki, forsundan, lovğalığından yerə-göyə sığmırdı, ipə-sapa yatmırdı, məktəbə də az gedirdi, gedəndə də ya müəllimlərin gününü qara eləyirdi, ya da üzüsulu dərsdən qaçırdı Qədirgilin yanına. Atıb-vurmağa, qaşınmayan yerdən qan çıxarmağa, dava-dalaşa bəhanə, məqam gəzirdi, bax onda, Qədirə qoşulub, Qədirin yedəkli motosiklının arxasında əyləşib getmişdi adını eşidib üzünü görmədiyi Alikin yanına. Qədirin dediyinə görə, Alikgilin kəndində bircə adam qalmışdı, o da Alikin özü idi. Kürün, dənizin suyu qalxıb kəndi əhatəyə almışdı. Düzdü, hələ dayaz idi kəndə gedən yolu basan su, hələ ki, ikitəkərli, üçtəkərli ilə birtəhər gedib-gəlmək olurdu. Kənddəkilər də əlacsız qalıb yavaş-yavaş, çar-naçar seçimlərini eləmişdilər, iki-üç yerə köçmüşdülər; rayon mərkəzinə, qonşu kəndlərə və o biri dünyaya... Deyilənə görə, bircə ata-anası molokan olan, dilimizi rayon əhlindən pis bilməyən, lakin şirin danışan, bəzən buralarda heç kəsin ağlından keçirmədiyi kəlmələri, kitab cümlələrini dilinə gətirən Alik heç yerə tərpənməmişdi. Elə tək-tənha kənddə qalıb birtəhər başını girləyirdi. Qədir yenə onu dilə tutmağa gedirdi ki, daşı ətəyindən töksün, gəlib kənddə, rayonda, harda kefidi bir yer tapıb yaşasın, həmişə xeyir-şəri bir yerdə olmuş el-camaat bir adama balaca bir daxma tapa bilməyəcəksə, bir ac qarını doyuzdurmayacaqsa, iki qəpiyə dəyməz. Qədirin Alikin dalınca getdiyi birinci kərə deyildi, ancaq o zalım da iki ayağını dirəmişdi bir başmağa ki, öldü var, gəldi yoxdu, burdan heç yana tərpənən deyiləm, ata-anam, bacı-qardaşım burda ölüb, burda dəfn olunub, mən də bu kənddə canımı tapşıracam, onların yanında basdırılacam, onsuz da heç kəsim, qalmayıb, day bu yaşımda özgənin qoltuğunda nə azarım var?.. Mənə bura xoşdu, yeri səfalı, əsas da ki, adamların hay-küyündən uzaq... Yer üzündə sakitlikdən gözəl şey yoxdu, nə baş-beynimi xarab eləyən var, nə də sözümün üstünə söz deyən. Əkirəm, biçirəm, qoyun-quzu, toyuq-cücə saxlayıram, balıq tuturam. Ac qulağım, dinc qulağım, necə kefimdi yaşayıram özümçün... Siz məndən ötrü narahat-nigaran olmayın, mən burdan ayrılsam ölərəm. Get-gedə qoyun-quzu saxlamaqdan əl çəkdi, satdığını satdı, payladığını payladı, dəyişdiyini una-çörəyə, qəndə-çaya, arağa, siqaretə, bir sözlə, ərzağa dəyişdi. Toyuq-cücənin də axırına çıxdı ki, elə balıqçılıqla baş girləməyim bəsdi, nəyimə gərəkdi, tək adamam... Beləcə, evdə, həyət-bacada, əlində-ovcunda nə qalmışdısa xırıd eləyib qurtardı.
Qədir üçtəkərlinin yedəyini pay-püşlə doldurmuşdiu. Qayıdanda apardıqlarının əvəzinə balıq gətirəcəkdi.
Suyun dayaz yerindən güc-bəla ilə keçib kəndə girəndə Qədir deyindi ki, su bir az da qalxsa heç motosikllə də bura gəlmək mümkün olmayacaq, ümid avarlı qayığa, katerə qalacaq, bu tərs oğlu tərsin də evi belə yıxılacaq... Əslində heç vədə evlənməyən Alikin evi çoxdan yıxılmışdı, amma o, bunun fərqinə varmırdı, çoxdan sönmüş ocağın külü ilə oynamaqdan əl çəkmirdi.
Alik evdə yox idi. Həyət-baca elə sakitlikdi ki, "qu", desəydin qulaq tutulardı. Dəniz də "mürgülədiyindən" günün günorta çağı adamı vahimə basırdı.
Qədirin ürəyinə nəsə damdı, üzünü Natiqə tutdu:
- Ala, dırmaş evin üstünə, bax yan-yörəyə, gör bu avara hardadı... Yiyəsiz adamdı, ölüb-eləyər, inad oğlu inad... Nəsə, ürəyim çox narahatdı... Yazığım gəlir ona, məktəbli vaxtlarımda günüm bu evdə keçib. Dərsdən qaçıb min bir zulumla gələrdim bura... Alikin bacısından xoşum gəlirdi, o qarabaxtı da ilan vurdu... Elə bu kənddə basdırdılar. Çox gözəl, göygöz qız idi rəhmətlik... Gözlərini bərəldib mat-mat üzümə baxma, dırmaş yuxarı...
Natiq göz qırpımında taxta artırmalı evin üstünə dırmaşdı. Əlini "günlük" eləyib alnına qoydu.
Qədir aşağıdan səsinin yoğun yerinə saldı:
- Hə, nə görürsən?..
- Qapı-pəncərəsiz uçuq, yiyəsiz evlərdi... Həyət-bacalarında it-pişik də gözə dəymir...
- İt-pişik bizim nəyimizə gərəkdi? O heç... Sonra?..
- Gözüm seçmir nə sürüsüdü, qabandı, donuzdu, nədi... Həm də çoxdular e, lap çox... Qarışqadılar elə bil...
- Qocalmısan da, dedim axı, sənə, az oxu, kitab-dəftərdən uzaq dur.
- Ala, nə oxumaqbazlıqdı, bəlkə məni qara basır, hə?..
- Nə qara?!. Günün günorta vaxtı adamı qara basar?.. Onlar burda qalıb artan, vəhşiləşən, heç kəsi yaxına buraxmayan atlardı... - Qədir səbrlə izah elədi. - Biz oralara hərlənməsək yaxşıdı, cumarlar üstümüzə, ayaqlarının altında qalıb əncirə dönərik. Sən heyvanlara-zada marıttama, yaxşı-yaxşı bax, gör ayrı nə var?.. Adamdan, kölgədən-zaddan...
Natiq:
- Ayrı heç nə, - deyib kor-peşman, əli ətəyindən uzun aşağı təzəcə düşmüşdü ki, Alik taxta, rəngi qopmuş, çürük qapını azca qaldırıb açaraq (başqa çür açmaq mümkün deyildi, həyət qapısı çökmüşdü, aşağısı torpağa pərçimlənmişdi) həyətə girdi, çiynində də yekə lapatka. Yulğundan, taxtadan olan hasarı uçulub-dağılmış həyətə qapını açmadan da asanlıqla girmək olardı, görünür, belə həyətdə qapı simvolik sayılırdı, ev sahibi də yalnız adət elədiyi o simvolik qapıdan girməyi özünə borc bilirdi.
Qədir onu görcək birinin üstünə beşini qoydu:
- Hardasan, ala, iki saatdı səni gözləyirik... Dedim, yəqin, ilan-zad vurub səni, xosunvay olmusan... - evin kölgəsindəki kətildən qalxıb irəli yeridi.
Alik lapatkanı evin divarına söykəyib Qədirlə görüşdü, Natiqə yaxın getmədiyindən, ora-bura baxa-baxa şəstlə siqaret çəkən pərt olub irəli yeriyərək ev sahibinə uzatmaq istədiyi əlini yanına saldı:
- Məzarlıqda idim... - sakitcə dedi Alik.
- Xeyir ola?..
- Nə xeyir?.. Qəbir qazırdım...
- Ala, sənin ağlın çaşıb nədi, burda kim qalıb ki, rəhmətə getsin?.. - Qədir təəccübləndi.
- Özümə qəbir qazırdım, anamla bacımın arasında...
Qədir gülümsünüb şəhadət barmağını gicgahına apardı:
- Doğrudan gicləmisən... Təklik sənin başını xarab eləyib...
- Nöş gicliyirəm, düz deyirsən, tək adamam, ölsəm mənə kim qəbir qazacaq?.. Ona görə heç kəsə əziyyət verməməkdən ötrü qəbrimi də özüm qazıram.
Bu dəfə Qədir qəhqəhə çəkdi:
- Ala, ay başdanxarab, tutaq ki, sən öldün, gedib o qəbrə necə girəcəksən?..
- Sən mənim yaşıma gələndə ağsaqqalıq eləyib məsləhət verərsən... - desə də Aliki gülmək tutdu, əlacsız-əlacsız əllərini qaldırdı. - Düzü, heç burası ağlıma gəlməyib...
- Olmayan şeyə nəsə gələ bilər? - Qədir məzələnib diqqətlə Aliki süzdü. - Saç-saqqalun da çoxalıb, lap qulyabanıya oxşayırsan... - elə dedi ki, guya, neçə kərə qulyabanı görmüşdü. - Yaxşı ki, ülgüc gətirmişəm, otur, sənin saç-saqqalını özüm təraş eləyəcəm. Ancaq saqqalun çox uzundu e... Saçun da ondan betərdi. Yox, tək ülgüclə iş aşmayacaq, qayçun var, ala, evdə? - xəbər alıb əlavə elədi. - O dünyaya da adam cildində getmək lazımdı... Yoxsa, orda da sənin üzünə baxan olmayacaq...
Alik ah çəkdi:
- Saç-saqqal boş şeydi e, ay Qədir, sən mənim əlimi buraxma...
- Əlüvü hara buraxıram, ay yazıq, yığış, səni götürüb aparacam...
- Yox... - Alik başını yırğaladı. - Bilirsən ki, mən burdakıları qoyub heç yerə gedən deyiləm...
- Vallah, qorxub eləmə, day burdakılar heç yerə qaçan deyil, sən də bizim hamımızdan çox yaşayacaqsan, hamımızı yola salacaqsan, sənin ölməyinə çox qalıb e, hələ... Bu ölsün... - Qədir sanki həmsöhbətini tamam-kamal inandırmaqdan ötrü vəcdə gəlib öz sağ yanağına yüngülcə sillə vurdu. - Bir-iki ilə yoldakı su da qalxıb çıxacaq boğaza, day Əzrayıl başıdaşlı bura nə təhər gəlib çıxacaq, ala?.. - zarafata saldı. - Karoçe, sən qurdnan qiyamətə qalacaqsan...
- Ölü, ya diri, bu dünya, ya o dünya, nə fərqi var?! Hər şey sonsuzdu, heç nə bitib-tükənmir... - Alik uzun, çal saqqalını tumarladı. - Amma sən mənim əlimi heç vaxt buraxma... - təkrarladı. - Mənim güvəniləsi heç kəsim qalmayıb...
Ümumiyyətlə, nədənsə, o gün Qədir onun saç-saqqalını qırxanda da, balıq yeyib araq içəndə də, dəniz kənarında, sahildə gəzişəndə də Alik bu kəlmələri tez-tez təkrarladı: "Mənim əlimi buraxma, ay Qədir, eşidirsən, qiyamətəcən buraxma". Əgər içəndən sonra belə desəydi, adama elə gələrdi ki, kefləndiyindən ağzının danışığını bilmir...
Axırda, deyəsən, Qədir bezara gəldi, üzünü Alikə tutub yarızarafat:
- Mən ölüm, belə danışma, zəmanə korlanıb, gəlib-gedənlər eşidib-eləyər, elə bilərlər qaluboy-zadıq... - dedi. - Elə yaxşı ki, buralara yolu düşən azdı. Yoxsa, çoxdan biabır eləmişdün adımızı...
Alik qəhqəhə çəkdi:
- O cür fikirləşən də elə sənin tayındı, əclaf, eşitməmisən, dədələr deyib ki, niyyətin hara, mənzilin ora?!.
- Adama oxşamısan e, bu ölsün... - yenə öz yanağını sillələdi, - təraş olunannan... Get bir güzgüdə özünə yaxşı-yaxşı bax, ay yetim... Keçəlün də işım-işım işıldayır, par-par parıldayır... Saç-saqqal səni lap aranqutana döndərmişdi... - Qədir soyunub pal-paltarını qumun üstünə atdı. - Nə ev, nə mənzilbazlıqdı, hamımızın əsl mənzili qəbiristanlıqdı, qəbirdi... - deyib dənizə girdi, başa düşmək olmadı ki, mənzil söhbətinin təraş olunmağa nə dəxli var. - Getdüy e... İrəli!.. - çığırdı.
Alik fikrə gedib Qədirin arxasınca:
- Onu düppədüz dedin... - mızıldansa da, kef havasına dəli nərə çəkib dənizin "yuxusunu qaçıran" onu eşitmədi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
