Asena, Hacı baba və cin
Hacı Hacoğlan baba Xəlsə kəndinin mollasıdır. Məsciddə günorta namazını qılıb, asta addımlarla evə qayıdırdı. Həyətə girib, ikinci mərtəbəyə qalxanda qulağına pişik miyoltusu dəydi: "Miyo... miyo... fısss... fısss..."
Baba ayaq saxlayıb, diqqətlə sağına-soluna baxdı. Sonra da öz-özüylə danışmağa başladı:
- Qəribədi, bu nə səsdi gəlir qulaqlarıma?! Ağlım çaşmayıb ki, iraq olsun! - "Bismillah" deyib, salavat çevirdi. Sonra da, - ay Hacı, ay bala, - nəvəsini çağırdı.
Hacı babasının səsini eşidən kimi mətbəxdən qaçıb gəlib durdu kişinin çənəsi altında.
- Həəə... baba, nə deyirsən?
- Pişik almısınız, bala?!
Hacı iki dəfə əlini əlinə vurub, bir ağız da güləndən sonra üzünü qonaq otağına tutub, başıyla işarə elədi:
- İkiayaqlı pişiyimiz qonaq gəlib bizə.
- Salam, böyük babam! - Hacı babanın nəticəsi Asena yan otaqdan çıxıb, özünü atdı onun qucağına.
- Xoş gəlmisən, ay mənim ceyran balam! - Baba dodağının ucuyla, lap dən dənləyən göyərçin kimi Asenanın hər yanağından balaca bir öpüş götürdü.
- Böyük babam, sənin öpüşündən xoşum gəlir, sən məni yaxşı öpürsən!
- Yaxşı öpmək nədir, ay bala?
- Yaxşı da... bilmirsən?! Dodaqlarının ucuyla öpürsən məni, quru öpürsən! Amma böyük nənəm çatan kimi boynumu qucaqlayıb, hər yanağıma yekə bir kömbə qoyur.
Baba gülüb, Asenanın başını sığalladı:
- Ay ceyran bala, qabaq canavar olardın, indi, deyəsən, pişik olmusan?!
- Xeyr-xeyr, böyük babam, nə onda canavar idim, nə də indi pişik olmuşam!
- Deməli, qulaqlarım məni aldadıb?! Hacı, get, mətbəxdən iti bıçağı gətir bura!
- Oy... bıçağı neyləyirsən, böyük babam?!
- Kəsəcəm qulaqlarımı!
- Xeyr-xeyr, qulaqların səni aldatmayıb, böyük babam! Yazıqdı onlar, acığın gəlməsin onlardan! Bilmirsənsə bil, bilirsənsə bir də bil, mən Cinəm! Cin də hər şəklə düşə bilir axı!
- Bismillah! Uşaq qulağı kar olsun, nə danışırsan, ay bala, qulağını bəri tut! - Baba at muşqururmuş kimi əvvəlcə öz qulağını, sonra da Asenanın qulağını çəkdi.
- Qulağımın nə taxsırı var?!
- Asena, bala, Cinin adını çəkmək, onu çağırmaq deməkdi. Belə elədim ki, gəlib bizə ziyanlıq yetirməsin!
- Ay böyük babam!
- Can?
- Axı sənin də Cinin var.
Babanın gözləri bərələ qaldı:
- Məə-niii-mm?!
- Bəli, ...sənin!
Babanın dili söz tutmadı.
- Cin atını deyirəm da!
- Nəəə?! - Baba hələ də özünə gələ bilməmişdi.
- Nədi?! Yoxdu?! O günü böyük nənəmə demirdin ki: "Ay qız, məni Cin atına mindirmə?!"
Baba dərindən nəfəs alıb, əlini gözlərinin üstünə qoydu. Bir xeyli çiyinləri atıla-atıla güldü:
- Ay səni, Asena, ay səni... Yamanca qorxuzdun məni, yamanca! Ceyran balam, "məni Cin atına mindirmə" demək, "məni hirsləndirmə" deməkdi!
- Amma mənim Cinim var... - Asena əlini salıb, köynəyinin altından Qəşəm İsabəylinin "Cin" kitabını çıxartdı, - budur, eyy... bax, gör nə gözəldi! Gecə alıram qucağıma, səhərə qədər bir yerdə yatırıq. Heç nə də eləmir mənə, böyük babam! Cindən niyə qorxursan?! Qorxma!
16.07-18.10.2026
Armud ağacı
1
Kəndimizin dörd bir yanından görünən bir Armud ağacımız var. Kölgəsində bir maşın adam yatıb dincələ bilər.
Deyirsiniz, niyə böyük hərflə yazıram "Armud" sözünü? Axı Azərbaycan türkcəsində ümumi isimlər kiçik hərflə yazılır.
Yox, elə deyil, əziz dost, bu ağac bizim ev adamlarından biridir, desəm, inan. Axı bunun nəyi varsa hamısını dədə malı kimi bizə paylayır. Babam deyir, Armud ağacımız elə bizim kimi gözütoxdu, səxavətlidi, mehribandı.
Biz uşaqlar Armuda ağac kimi baxdığımızdan yanından sakitcə keçib gedirik. Gəl ki, babam... inanıram ki, onun dilini bilir. Odur ki, hər səhər "Sabahın xeyir, - deyir, - ay gözəl Armud!", hər axşam da "Yuxun şirin olsun, ay gözəl Armud!"
Bir dəfə dözmədim:
- Ay baba, "gözəl" deməsən, inciyər səndən Armud ağacı?
- Bala, "gözəl" sözü hər bir dildə başa düşüləndi! Özü də bal kimi sözdü. Eşidən-bilən onun yaxşı mənada deyildiyini elə deyilişindən hiss eləyir və sevinir də. Niyə də Armud ağacımız sevinməsin?!
Onu da deyim ki, Babam Armud ağacının ürəyindən keçənləri də başa düşür. Bir də görürəm, kişi ağacın alt budağını tutub, yarpaqlarını o üz-bu üzünə çevirib diqqətlə baxır. Sonra da əl atır yuxarı budaqlara.
- Oğul bala, get, beli gətir, Armudumuz deyir, acından ölürəm. Payızda yemini bol eləyək ki, yazda gül-çiçəklə çıxsın qabağımıza.
Kişi ağacın gövdəsinin ətrafında iri bir dairə çəkir, üstündə xırda quyular qazır, hər quyunun da içinə bir vedrə kül, peyin, yanıb-çürümüş kol-kos töküb, üstünü torpaqlayır.
- Ay baba, - deyirəm, - Armud ağacımızın əli çatmayacaq bu yemlərə?
- Bala, ağacın əlləri onun kökləridi. Kök də gövdədən çox-çox uzaqlara gedir. Torpağın altı bitkilərin bitib-tükənməyən bazarıdı, nə ürəyi istəsə, yığıb gətirir ağaca. Gərək biz də o bazarı boş qoymayaq.
2
Elə ki, qızmar yay fəsli payızın sərininə dönürdü, Armudun başında o qədər meyvə olurdu, gendən baxan elə bilirdi sapsarı lüminiset lampalarıyla bəzəmisən ağacı. Bir azdan yazığın qol-budağı ağırlıqdan əyilib torpağa dirənərdi az qala.
Gecələr hərdən şaqqıltı səsinə yuxudan kal oyanardım:
- Ba-baaa...
- Yat, bala, vallah, elə bildim sağ qolum qırılıb yanıma düşdü! Armudun gətirdiklərinin hamısı bizim olsaydı, nə vardı ki?! İndi ziyan çəksək də, heç olmasa sabah Maralı sevindirəcəyik! Yazığın, tövlədə quru ot, çöldə göy ot yeməkdən dişləri qamaşır bəlkə də. Qoy ala-kal armudları yesin, ağzı dada gəlsin.
3
Payızın ortaları Armud ağacının bar-bəhərini yığmaqla qurtara bilməzdik. Özümüz yeyirdik, qonum-qonşu aparırdı, bir vedrə də hər gün Marala verirdik. Maral da borclu qalmırdı bizə - hər səhər bir sərnic armud ətirli, üstü köpüklü, sarıkök rəngli süd verirdi.
Bir gün də... nənəm demişkən, elə bil göz dəydi Armuda. Yaz gəldi, özünə gəlmədi ağac. Üç həftədən sonra əl-ətəyində adda-budda yarpaqlar göyərməyə başladı. Gəl ki, yaz da əridi getdi, amma Armudun gül açmağa gücü çatmadı.
- Ay baba, - dedim, - sənin kimi qocalıb ey, Armudumuz!
- Nə yaşı var ki, ay bala?!
- Demirdin, göz açıb, onu həyətimizdə görmüsən?!
- Olsa-olsa məndən 5 yaş böyük olar.
- Sənin neçə yaşın var, ay baba?
- Mənim yaşım? Bu il... 47 olacaq!
- 47?
- Nəyi pisdir ki?!
- 4 yaşında evlənmisən, 5 yaşında da oğlun olub, hə?!
- Bala, heç kimə demə, yaşıma göz dəyər, rəqəmlərin yerini dəyiş!
- Həəə... deməli, sənin 74, Armudun da 79 yaşı var! Çox deyil ki?!
- Bunun atası 150 il yaşayıb.
- Buna nə oldu bəs?!
- Sənin kimi tənbəllik eləyir, ay Şəmşəm! Ağlı başına gəlməsə, cəza verəcəm ona.
- Armuddu ey, bu, Şəmşəm deyil, ay baba!
- Bala, unutma ki, Yaradan bizə can verdiyi kimi Armud ağacını da unutmayıb. O da duyur, hiss eləyir, hətta qorxunun nə olduğunu da bilir.
4
Üzümüzə gələn ildə də Armudumuz gül açmadı. Babam hər yanından keçəndə ağaca deyinirdi.
- Ay ata, atana nə olub, görəsən?
- Şəmşəm, avropalılardan fərqli olaraq deyinmək şərqli kişilərin xasiyyətidir. Görürsən, həyat yoldaşından küsür, uşaqdan inciyir, söz demir onlara, başlayır öz-özünə deyinməyə. Bununla da ürəyini boşaldır, hirsini soyudur. Bununla da infarktdan, insultdan qaça bilir. Baban deyinməsin, neyləsin, Armudu bu il də gül açmadı.
- Baba, niyə deyinirsən?
- Danlayıram Armudu!
- Bıy... uşaqdı bu?
- Özünə demişəm, əgər gələn ili də, görsəm bar vermək fikri yoxdu, dibindən kəsəcəm onu!
- Baba, yazıqdı! - bu da Zeynəb idi. Ağacları yaman çox istəyir. Birinin yarpağı qopub yerə düşsə, qaçıb evdən yapışqan gətirib, yarpağı ağacın budağına yapışdırır. - Kitabdan oxumuşam, - deyir, - ağaclar yarpaqlarıyla nəfəs alır. Nə qədər çox yarpağı olsa, o qədər çox nəfəs alar. Meyvəsi də dadlı olar!
- Zeynəb, Armud ağacına söz vermişəm, bar verməsə, kəsəcəm onu!
- Eləmə, baba!
- Yooxx... sözümün yalan olduğunu görsə, day məndən qorxmaz.
- Sən onu kəssən, öləcək axı, baba. Ondan sonra nəyi qorxacaq səndən?!
- Yaman dedin, ha, Zeynəb! Ürəyini buz kimi saxla, kəsməcəm...
- Baba, "kəsməcəm" yox, "kəsməyəcəm".
- Ay maşallah sənə! Niyə bəs Şəmşəm deyir, Zeynəb yaxşı oxumur?!
- Desin də, baba, Şəmşəmə görə oxumuram ki! O günü "əla" almışam türkcəmizdən.
- Əhsən!
- Söz verirsən kəsməyəcəksən Armud ağacını?
- Bəli.
- Bax, Armudu kəsmək istəsən, gedib duracağam onun dibində.
- Niyə dibində?
- Qoy o yıxılanda üstümə düşsün!
5
Yaz gələn kimi badam ağacları çiçəklədi. O yandan da alçalar gül açdı. Arılar həyəti başına götürdü. Bir səhər də elə ki, Zeynəb məktəbə getdi, babam məni çağırdı:
- Şəmşəm, damdan baltanı gətir.
- Neyləmək fikrindəsən, baba?
- Armud ağacının dərsini verəcəm!
- Zeynəb ağlayacaq axı!
- Ağlamaz. - Gedib baltanı gətirdim. - Bala, aralıda dayan.
Babam baltanı başının üstünə qaldırıb, cumdu Armuda. İki-üç dəfə ətrafına fırlanıb, sol əliylə yapışdı gövdəsindən:
- İndi səni dibindən kəsəcəyəm, ay ağac! - Baltanı qaldırıb, cəld endirdi. Baltanın ağzı ağaca toxunar-toxunmaz əlini saxladı:
- Ay Armud, çiçək aç, bar ver!
Babam dərindən nəfəs aldı. Yenidən baltanı qaldırıb ağacın üstünə yeridi. Baltanın ağzı gövdəyə toxunar-toxunmaz yenidən əlini geri çəkib, hirslə dedi:
- Armud, çiçək aç, bar ver!
Kişi baltanı bir qırağa tullayıb, çömbəlib oturdu. Yaylığını çıxardıb, boyun-boğazını sildi:
- Yaman yoruldum, Şəmşəm!
- Nə iş gördün ki, baba?!
- Bu həyəcana hər ürək dözməz, bala! Elə bilirsən təkcə Armud ağacıydı qorxan?! Mən özüm ondan da bərk qorxurdum!
- Ağac da qorxar, ay baba?
- Nəfəs alırsa, gül açırsa, bar verirsə, niyə də qorxmasın?! Mən bu hərəkəti babamdan öyrənmişəm. O da bar gətirməyən ağacı qorxudardı. Amma deyim ki, elə bil hamısı da qorxmurdu. Quruyanı da olurdu.
6
Yaz girəndən 20 gün sonra bir səhər gördük Armud ağacı yarpaqlayıb. Bir gün də babam Zeynəblə məni çağırdı:
- Nə yatmısınız, Armud ağacı sizi görmək istəyir!
Oyunumuzu yarımçıq qoyub, bağırışıb qaçdıq babamın yanına:
- Çiçəəək?!
Kişi yaş içində oynayan gülər gözləriylə gah bizə baxırdı, gah da ağaca. Armudumuz gül içində üzürdü.
Zeynəb qollarını geniş açıb, ağacı qucaqladı - üzünü söykədi gövdəsinə:
- Yaxşı ki, babam səni kəsmədi, ay Armud!
7
Üç ildən sonra Armud bar verdi.
Onun bizə bəxş elədiyi sevinci Maralla bölüşməyə başladıq. O da əvəzsiz qalmırdı - hər səhər armud ətirli, üstü köpüklü, sarıkök rəngli süd verirdi bizə.
Həmin ili Maralın gombul bir buzovu dünyaya gəldi. O da yeriməyə başlayandan sonra armud ətirli süddən içən kimi şıllaq atıb, quyruğunu qoyurdu belinə - gah oynaqlayır, gah da atılıb-düşüb, tez-tez mələyirdi...
22.05.2025 - 08.06.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
