Amerikaya üz tutanda təbiətin də, həyatımın da bahar fəsli idi. Güllük-gülüstanlıq çağı idi. Dönüşüm yenə də bahar fəslinə təsadüf edir. Ancaq bilmirəm, ömrümün payızının sonumu idi, qışımı?! Bağ-bağçamın meyvələri dərilmiş, yarpaqları saralıb-solub xəzana dönmüşdü. İçimdə soyuq küləklər əsirdi.
Yaşımın neçə olduğunu bilmirdim. Özümü bildim-biləli kəndin quzularını otarırdım. Kənddə mənə "balaca çoban" deyərdilər. Quzu sahibləri ayda iki dəfə qoyunlarının südünü sağıb çoban haqqı verərdilər. O süddən anam yağ, pendir, şor, çəçil, qurut düzəldib, qış ehtiyatı görərdi. Anamın düzəltdiyi ağartılara baxıb qürurlanırdım. Onlar mənim qazancım idi.
Ailəmiz elə də böyük deyildi: atam, anam, kiçik bacım və mən. Atam ağır xəstə olduğu üçün iş görə bilmirdi. Ailəmizin bütün işlərini anam görərdi. Üstəlik, həm də təsərrüfatda çalışardı. Anamın nə vaxt yatıb-durduğunu görməzdim. Bütün vaxtı ayaq üstə olardı. Ona kömək etmək istəsəm də, edə bilmirdim. Əksinə, mən dərsə gedəndə quzuları anam otarardı. Dərslərimi çiçəkli dağın sinəsinə uzanaraq oxuyardım. Yan-yörəmdə quzuların çiçək qarışıq yamyaşıl otları qopartdıqca xırıp-xırıp səsləri mənim diqqətimi kitabdan ayırardı. O səsi dinlədikcə sanki ruhumu oxşayan bir musiqi sədası varlığıma yayılırdı. Meh əsdikcə kəklikotunun, bənövşənin, qaymaqçiçəyinin bir-birinə qarışan ətri ciyərlərimə dolaraq varlığımda bir aclıq yaradırdı. Oxuduqlarımı beynim maqnit kimi bir-bir özünə çəkirdi. İndi dərk edirəm, mənim uğurlarımın bünövrəsini çiçəkli dağımın sirli-sehrli havası qoyubmuş. Bütün dərslərimdən "əla" qiymət alırdım. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirdim. Həmin il universitetin aspiranturasına qəbul olundum. Elmi rəhbərim gələcəyimə böyük ümid bəsləyirdi. Mənə xüsusi diqqət ayırırdı. Mənim beynimdə isə Amerika sevdası dolaşırdı. Dostumun Amerikaya gedişi bu sevdanı daha da alovlandırdı. O səbirsizliklə yolumu gözləyəcəyini, iş barədə narahat olmamağımı bildirdi. Əlim işdən-gücdən tamamilə soyumuşdu. Hazır olan elmi işimi yekunlaşdırıb elmi şuraya təqdim edə bilmirdim. Özüm burada olsam da, fikrim, xəyalım Amerikada dolaşırdı. İki arada, bir dərədə qalmışdım. Fikrimi nə ailəmə, nə elmi rəhbərimə bildirə bilmirdim. Vaxt keçir, ancaq bu istəyimin də qarşısını ala bilmirdim. Nəhayət, çətinliklə də olsa, fikrimi elmi rəhbərimə bildirdim. Qulaqlarına inanmırmış kimi:
- Necə? Nə dedin? Nə Amerika? Sən ciddisənmi? - deyib diqqətlə üzümə baxdı:
- Axı elmi işini bitirmisən, bu gün-sabah müdafiə edəcəksən. Bu nə Amerika sevdasıdır, başa düşə bilmirəm. Sən...Oğul mən sənin savadına, biliyinə, istedadına inanıram. Bilirəm ki, sənin kimi istedadlı gənclər vətənin gələcəyi, inkişafı üçün çox şeylər edər. Çox şeyləri etmək üçün birlik olub güclənməliyik. Ördək, balıq, xərçəng kimi hərəniz bir diyara üz tutsanız, necə güclənərik, necə inkişaf edərik? Qloballaşan dünya ilə necə ayaqlaşarıq? Yaddan çıxarmayın, bu vətən bizə göydən düşən üç almadan biri deyil. Ulularımız, dədələrimiz bizə döyüşə-döyüşə, vuruşa-vuruşa canları, qanları bahasına hər millətə nəsib olmayan, qürurumuz, iftixarımız olan vətən adlı əmanət verib. Biz də bu əmanəti daha da gücləndirib, inkişaf etdirib gələcək nəsillərə verməliyik. Bunu vətəndən axın etməklə yox, başqalarına yamaq olmaqla yox, birləşib, güclənib özümüzə dayaq olaraq edə bilərik. Bu gün vətənin daha çox qılınc-qalxana, top-tüfəngə yox, güclü beyinlərə ehtiyacı var. O beyinlər vətəninə, xalqına lazım olan hər şeyi yaradıb, quracaq. Hər bir istedadlı, savadlı gəncin xaricə axını ürəyimə zərbə üstə zərbə vurur. Bu zərbə mənə dəysə də, ağrısını, acısını vətən çəkəcək. Olan vətənə olacaq. Kimliyindən asılı olmayaraq, vətəni küsdürməyə, incitməyə heç kəsin haqqı yoxdur. İtən vətəni əsrlərlə axtarsan da, tapmaq çox çətindir. Ona görə də, Vətənin qədrini bilək, ondan nə üz döndərək, nə itirək, nə də axtarıb-tapaq. Yaxşı-yaxşı fikirləş, sonra qərar ver, - Akif müəllim sözünü bitirib diqqətlə üzümə baxdı. Məndən cavab gözləyirdi. Mən başımı aşağı salıb dinmirdim. Nəsə demək istədi, ancaq dinmədi. Başını bulayıb üzünü pəncərəyə çevirdi. Nəzərləri lap uzaqlara dikildi. Mənim üçün çətin də olsa, sağollaşıb çıxmaq istərkən kəskin hərəkəti ilə geri döndü. İncik:
- Çox təəssüf ki, mənim sözlərimi eşitmədin. Rəhmətlik Əli bəy Hüseynzadənin dəyərli fikrini unutma. O demişdi ki, Avropaya gedib, onların beynini mənimsəyib gətirin, onların mədəsində həzm olmayın.
Sözünü bitirib yenidən üzünü pəncərəyə çevirdi. Hiss etdim ki, Akif müəllimə növbəti zərbəni mən endirdim. Elmi rəhbərimin dedikləri ilə razı olsam da, istəyimin qarşısını ala bilmirdim. Valideynlərimin də razı olmayacağını bilirdim. Fikrimi onlara bildirəndə hər ikisi qəti etirazını bildirdi. Anam elə təlaşlanmışdı ki, sanki mənim Amerikaya gedişim bizim həmişəlik ayrılığımız olacaqdı. Əvvəlcə məni hirsli, hikkəli tənbeh etməyə başladı. Sonra yalvarırmış kimi:
- Ay bala, bizim bu yaşlı vaxtımızda, bu ölümlü-itimli dünyada sənin dünyanın o başında nə işin var? Nə dolanmamış başın var? Sabah başımıza bir iş gəlsə, özünü necə çatdıracaqsan? Yadların çiynindəmi gedək? Geridən baxan nə deyər? Oxudun, qurtardın, çox şükür. İşin-gücün var, işləyirsən. Sənə deməzlərmi, işini yarımçıq qoyub hara gedirsən? Üşələnib, cəlayi-vətən olub nə axtarırsınız yad ellərdə? Axtardığınızı öz vətənimizdə axtarın, tapdığınız da özümüzün olsun.
Anam dediklərini deyib tərs-tərs üzümə baxdı. Nəsə hiss edib:
- Yox, bala, bilirəm, səni beyninə qoyduğundan döndərmək çox çətindir. Allah xatirinə, gedirsən, heç olmasa, yaxınlara get. Harayımızı eşidib hay ver, hoyumuza yet.
Nə atamın, nə anamın harayına yetişmədim. Dünyadan köçəndə dəfnlərində iştirak edə bilmədim. Vaxtilə anamın əhəmiyyət vermədiyim sözləri indi xəncər kimi ürəyimi deşirdi. Nə ailəmin, nə elmi rəhbərimin etirazına baxmayaraq, Amerika sevdası başımdan çıxmırdı. Özümdə cəsarət tapıb qərarımı Çəmənə bildirə bilmirdim. Bilirdim ki, mənim aldığım qərar onun bütün arzularını, xəyallarını tar-mar edəcək. Ondan qaçırdım. Görünür, Amerika sevdası mənim sevgimdən daha güclü oldu. Nəhayət, xəyalı ilə yatıb-durduğum Amerikaya qovuşdum. Xəyalımdakı Amerikanın əvəzinə tamamilə başqa bir Amerika ilə qarşılaşdım. Dostumun mənə vəd etdiyi iş alınmadı. Günlər keçdikcə maddi vəziyyətim çətinləşirdi. İş axtarsam da, tapa bilmirdim. O günlərdə atamın ölüm xəbərini aldım. Ancaq getməyə nə maddi imkanım, nə üzüm vardı. O gündən vətənin qapılarını öz əlimlə həmişəlik üzümə bağladım. İçimdə bir hırs yaranmışdı. Geri dönməmək üçün nə iş olur-olsun, işləmək istəyirdim. Ancaq iş tapa bilmirdim. Nəhayət, türklərin kafesində işə başladım. Təmizlik işindən tutmuş, hər işə əl atırdım. Qalmağa yerim olmadığı üçün kafedə gecələyirdim. Sonralar öyrəndim ki, onların işçiyə ehtiyacı olmadığı halda mənim çətin vəziyyətdə olduğumu görüb işə götürmüşdülər. Bütün çətinliyə dözürdüm. İşləyə-işləyə ingilis dilini mükəmməl öyrəndim. Qarşıma qoyduğum məqsədə çatmaq üçün əsas maneəni aradan qaldırdım. Kurslara getdim. Məndə elmə qarşı bir aclıq yaranmışdı, gecə-gündüz çalışır, oxuyurdum. Nəhayət, ixtisasım üzrə işə düzəldim. Bu iş mənim üçün tramplin oldu. Pillə-pillə yüksəlirdim. Şöhrət qanadlarına alıb məni yüksəkliklərə qaldırırdı. Tədqiqatlarımın nəticələri, ixtiralarım ölkəyə xeyli gəlir gətirirdi. İçimdə bir qısqanclıq yaranırdı. Bu gəlirin vətənimə deyil, yad ölkəyə qismət olduğu üçün. Şan-şöhrət, dəbdəbəli həyat qısqanclığı tez içimdən silib atdı. Havalarda uçurdum. Heç nəyin dərinliyinə varmırdım. Konfransda tanış olduğum qadınla evləndim. Ancaq hiss edirdim, evləndiyimiz gündən aramızda soyuq küləklər əsir. Bu küləklər ilbəil daha da şiddətlənirdi. İş həyatımda əldə etdiyim uğurları ailə həyatımda qazana bilmədim. Ailə fərdləri olsa da, bu fərdləri bir-birinə bağlayan nə sevgi, nə də doğmalıq vardı. Qopuq ailə idik. Hər kəs müstəqil, öz həyatını yaşayırdı. Düzəltmək istəsəm də, bacarmırdım. Bu, sanki axına qarşı üzmək idi.
Təyyarə bələdçisinin xəbərdarlığı məni düşüncələrimdən ayırdı, - Qoruyucu kəmərlərinizi bağlayın. Təyyarəmiz Heydər Əliyev Hava limanına yaxınlaşır.
Bələdçinin söylədiyi bu kəlmələr üst-üstə varlığıma sevinc çiləyirdi. Həyatımda bu qədər sevindiyim yadıma düşmürdü. Həkimlərin dönə-dönə xəbərdarlığına baxmayarq, sağ-salamat vətənə qovuşurdum. Nəhayət, qəzasız-bəlasız təyyarəmiz yerə endi. İnsan axınına qarışdım. Ancaq bu axın bir istiqamətə deyil, müxtəlif istiqamətə axırdı. Kimi gəlir, kimi gedirdi. Doğma səsləri, doğma sözləri eşitdikcə səs gələn tərəfə boylanıb gülümsəyir, az qalırdım, onları bir-bir qucaqlayıb bağrıma basım. Tanımasam da, bu an onların hamısı mənim üçün doğma idi. Birdən necə oldusa, beynimdə bu kəlmələr təkrar-təkrar səslənməyə başladı: "Avropanın beynini mənimsəyib gətirin". Donub yerimdə qaldım. İçimdə bir səs təkrar-təkrar soruşurdu: "Sən vətənə nə gətirirsən?!" Susub xəcalətimdən cavabını verə bilmirdim. Axının ortasında qalmışdım. İnsanların hərəkətinə mane olurdum. Nə irəli gedə bilirdim, nə geri. Artıq kimsənin üzünə nə baxır, nə gülümsəyirdim. Güclə taksi dayanacağına gəldim.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
