Tanınmış yazıçı Novruz Nəcəfoğlunun yeni kitabı işıq üzü görüb. "Ay tutulan gecənin səhəri" adlanan kitab "Qanun" Nəşriyyatında çap olunub. Kitaba yazıçının eyniadlı povesti daxil edilib. Povestdə artıq ədəbi cərəyanımızda özünəməxsus "fikir axını" kimi qəbul edilən süjet xəttindəki əhvalatlar, hadisələr "bir qədim şəhərdə" başlasa da, sonralar məkanın coğrafi hadisəsi genişlənir. Əsərdə fərdi, tipik xarakterlərin təsvirindən tutmuş, çeşidli insan hekayələrinin nəqlinə qədər həssas yanaşma hakimdir. Bəhs edilən hər bir məqam duyumlu qələmlə bədii təcəssüm predmetinə çevrilir. İnanırıq ki, Novruz Nəcəfoğlunun bu yeni kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq, ədəbi prosesdə öz layiqli yerini tapacaqdır. "Ay tutulan gecənin səhəri" kitabından bir hissəni oxuculara təqdim edirik.
Qala və o qalaya yürüşlərlə bağlı Bəhruza və bu gün onunla birlikdə futbol oynayan məhəllə uşaqlarına bildiklərimi danışmağa əlimə yaxşı fürsət düşmüşdü. Bu gün heç Mövlud da yolda-izdə gözə dəymirdi. Bir neçə il bundan qabaq dostum Aydın Tağıyevin yazdığı hekayələrdən biri "Günəş erkən batan gün" bir oxucu kimi məni təsirləndirmişdi.
Hekayədə gündəlik ruzisini qazanmaq üçün qonum-qonşusunun qapı-bacalarında yır-yığış edib çörək pulu qazanan, əqli cəhətdən mayıf, balaca bir adamdan söz açılırdı.
...Taleyin üzünə gülmədiyi o balaca adam yığışdırdığı zir-zibili çaya boşaldar və gözü çayın o tayındakı hündür təpədəki qəbiristanlıqda qalardı. Qəbiristanlıqda izdiham görsəydi, başa düşərdi ki, yaşadığı balaca əyalət şəhərində hüzr yeri var. Və qarnını doydurmaq üçün ünvanı axtarıb tapıb, özünü o hüzr yerlərinə çatdırardı. Nəhayət, bir gün o balaca adamın ağlına haradansa gəlir ki, bəlkə də, tez-tez qəbiristanlığa baxdığındandır ki, adamlar ölür. Ac qalmaq qorxusunu başından çıxarıb bir daha qəbiristanlıq tərəfə baxmır. Günlərin bir günü günəş qüruba erkən batan gün onun da həyat çırağı sönür.
Hekayənin məzmununu beləcə müfəssəl nəql etməkdə məqsədim var. Aydın dostum bir gün mənə hekayəsinin prototipini nişan verdi. Demə, o mənim yaşadığım küçənin tinindəki dədə-baba köhnə uçuq-sökük evdə tək-tənha qalan, elə mənim də üzdən tanıdığım, yaşı 60-ı ötsə də, uşaq ağıllı Mövlud imiş... O Mövlud ki, gün boyu şəhərin bu başından vurub, o başından çıxar, tanıdığı-tanımadığı "imkanlı" bildiyi adamlara ərklə "Pul ver, pul ver!" deyə üz tutardı. Mövludu tanımayanlar onun başqa dünyanın adamı olduğundan agah deyildilər. Tanıyanlar üçün isə bu elə də maraqlı deyildi. Hamı öz işində-gücündə, alış-verişindəydi. Mövlud bu dünyanın ən bəxtəvər və ən bədbəxt adamıydı, bəlkə də. Xoşbəxtliklə bədbəxtliyin arasında bir addım var, deyirlər haa, bax o bircə addımlıq ömür yolunda Mövlud ev, ailə-uşaq sahibi ola bilmişdi. Mövludu bizdən, özgələrindən fərqləndirən nə vardısa, onu xoşbəxt edən tərəfiydi. Bizi Mövluddan üstün qılan heç nə yoxdu, əslində. Bəlkə Mövlud da bunu hiss edir, daha cəsur və ötkəm olurdu. Onun hamıya xoş gələn tərəfi, bəlkə hələ də yaşından geri qalan ağılca böyüməməsi idi. Bəlkə də Mövlud uşaqlığında qoyub gəldiyi yelləncəkdə yellənirdi hələ. Kim bilirdi ki, bu adam xoşbəxtliklə bədbəxtlik arasındakı böyük uçurumdan da cəsarətlə keçəcək, quş kimi can verəcəkdi. Ev əhliyalı gözünü açar-açmaz Mövludu öz dünyasında - göyün yeddinci qatında tapacaqdılar. Uşaqlar məsum olur. Mövlud da yaşının bu çağında uşaq kimi qala bilmişdisə, bu ona Tanrının lütfü, mərhəməti idi.
Bizdən beş ev aralı sağda - şimal tərəfdə binə bağlayan Mövlud kişinin "meydanı" daha genişdir. Bu kiçik şəhərin harasından desən, boy verir, gedib-gəlməyə, gəzib dolaşmağa ərki çatır. Səngəri isə digər qonşumuz, qəzet paylayan Mətləbin qədimdən-qədim taxta evinin, taxtapuş balkonunun altıdır. Məhəlləmizə gələn bütün yollar Mətləbin balkonunun altında kəsişir, bircə qərb tərəfdən başqa. Çünki evin arxası qərbi kəsir, qarşısı isə şərqə açılır (Daha şərqlə nə işimiz, indi hamının üzü qərbədir. O, bir zamanlar idi, ötdü, keçdi, getdi)...
Mövlud hara getsə də, gəlib öz həyətində yox, dönüb Mətləbin taxtapuş balkonunun altında çömbələn oturur. Qonaq etsələr, arada ayaq üstə yonma-taraş stəkanda çay içən halları da olur.
Bir dəfə elə o yol ayrıcından yürüyəndə Mətləbə söhbət arası:
- Ay Mətləb, bəlkə bu balkonu bir balaca "restavrasiya" edəsən, əl gəzdirib yeniləşdirəsən ("sök" deməyə dilim gəlmədi), lap biz də "yır-yığışına" əlimizdən gələni edərik, - dedim. Onu da əlavə etdim ki, a kişi, bəs Mövlud da gecə-gündüz o balkonun altındadır, uçub eləyər, kişiyə bir xətər-sədəmə toxunsa, araya ədavət düşər, vallah!
Mətləb israr etdiyimi görüb:
- Yaxşı, mən indi bu taxtapuşu söküb qoydum qırağa, bəs Mövlud harada oturar?..
- Mövlud üçün oturmağa yerə nə gəlib. Əl tutarıq, elə sən özün onunçun bir söhbətgah tikərsən, - deyib zarafata saldım.
Mətləb başını yırğaladı. - Xeyirxahlığınıza görə sağ olun, - dedi, ardınca da. - Yox ee, müəllim, bu taxta ev atamdan da üzü o yana, baba yadigarıdır. Uçmaq təhlükəsi də yoxdur. Axıb tökülsə, Mövludun kəlləsinə nə gəlib, söykənib saxlayacaq, - deyib ürəkdən güldü. Sonra da üzünü yana çevirib qətiyyətlə: - Yox, ay müəllim, yox, əl vurub toxuna bilmərəm, - deyib söhbəti birdəfəlik bağladı.
- Hə, belə-belə işlər, ay Mətləb! Allah köməyin olsun, a kişi, sən bu sınıq-salxaq taxtapuş balkonu ata mülkü bilib əzizləyib qorumaqnan valideynlərinin min əziyyətlə qazandıqlarını havaya sovuran harın, naxələf övladları yaman utandırırsan, vallah, - daha nə deyəydim...
Burasını da deyim ki, bizim bu Mövludun bir şakəri də ərki çatan, "xətir-hörmət" etdiyi adamlardan ərklə "fidyə" istəməyidir. "Fidyəni" nə üçün, nəyin qarşılığında tələb etməsini isə bu kişinin özciyəzinə heç bir dəxli-filanı yoxdur. İşdən evə dönəcəyim vaxtı əvvəlcədən bilən Mövlud hələ maşının qapısını açıb yerə düşməmiş məni görən kimi (ən çox da uşaqların, nəvələrimin əhatəsində olanda) elə uzaqdan qaça-qaça yetişib: "Müəllim, pul ver, pul!" deyə haray salır. Hələ bir məbləğini də deyir: "On manat, on manat!" Gəlib mənə yetişənəcən tələb etdiyi on manatı çıxarıb əlimdə hazır tuturam, uzadıram Mövluda. O da alıb baxır: "Yox, on manat, on manat verməlisən" deyir. Bir manatlıq tapıb uzadıram məhəlləmizin bu "bərkgedən" ər kişisinə. Alır. "Həə, verdi, on manat verdi" deyə-deyə həmin bir manatlığı əlində yellədə-yellədə uzaqlaşıb ya evinə gedir, ya da Mətləbin taxtapuş balkonunun altına tərəf.
Ancaq burası da var idi ki, gözü tox Mövlud heç kimdən bir manatdan artıq pul götürməz, uzadılan böyük məbləği qətiyyətlə geri qaytarardı.
...Bir gün nəsə işdən evə qanıqara qayıdırdım. Mövludun həmişəki kimi uzaqdan yenə gülə-gülə üstümə gəldiyini görüb bu dəfə özümü saxlaya bilməyib əsəbiləşdim. Mövlud mənə yaxınlaşmamış üstünə çımxırdım. Ovqatımın təlx olduğunu görən Mövlud duruxdu. Xeyli aralanandan sonra mənə sarı baxa-baxa üstümə məndən də bərk çımxırdı:
- Bura bax, bura bax, nə qışqırırsan, səndən qorxan yoxdur...
Məni gülmək tutdu, qanıqaraçılığım, hirsim əlbəəl çəkilib getdi. Həlim səslə Mövludu yanıma çağırıb "gündəlik haqqını" verdim.
...Bir dəfə bizim bir-birimizlə, yəni mənim Mövludla bu həsbi-halıma şahid olan Bəhruz:
- Baba, bu kişi səndən niyə pul istəyir.
Sonra da ardınca:
- Məyər ona pul borclusan? - deyə soruşdu.
Düzü, əvvəl nə cavab verəcəyimi bilmədim.
- Oğlum, Mövludu bu ağlı-qiyafəsi ilə yaradan kişinin özü elə doğuluşundan bu günəcən hər birimizi ona borclu edib, - demək istəsəm də, susub durdum. Sonra da az qala hıqqana-hıqqana: - Dostumuzdu da, məhəlləmizin "tacsız kralıdı" bu kişi. Pula-paraya da bir ehtiyacı yoxdur. Sadəcə əliaçıqlığımı sınayıb bilmək istəyir ki, görək qonşuluğu bacarırammı. Görmürsən, on manatı qaytarır, bir manata qane olur, - deyə bu çoxbilmiş oğlana əməlli-başlı izahat verməli oldum. Bəhruza onu da dedim ki, bu Mövludun iki oğlundan dörd nəvəsi var, nəvələri ilə bu Mövlud elə möhkəm dostdurlar ki, ən azı səninlə mənim kimi. Üzünə baxdım, oğlanın rəngi durulmuş, həmişəki halına qayıtmışdı, gözləri işıqla dolu idi, təbəssümlə mənə baxırdı.
***
Bizim bu qədim şəhərdə, demək olar ki, hamının yaxşı tanıdığı uşaq ağıllı o balaca adam sonralar mənim də yazılarımın bir qəhrəmanına çevrildi. Mən gecikdim, yoxsa zaman qabağa düşdü. Bu qədim şəhər haqqında demək istədiklərimi yazıya köçürməyi tamamlamamış Mövludun ölüm xəbərini eşitdim. Mövlud xəstələnib yatağa düşmədi. Yataq xəstəsi olsaydı, heç şübhəsiz hər gün şəhərin, demək olar ki, hər yerində görünən, olduğu yerdə də təbəssümlə qarşılanan Mövluda baş çəkənlər çox olacaqdı. Mövlud heç kimi əziyyətə salmadı. Yatdığı bir gecə yuxusu əbədi oldu, bir daha ayılmadı. Gələcək əsərlərin bir obrazı da, beləcə, dünyadan getdi. Mövludla vida mərasimində bütün tanıyanları ilə birlikdə mən və dostlarım da öz vəfa borcumuzu yerinə yetirib iştirak etdik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
