Bioloji törəmənin ruhi halı - Elxan YURDOĞLU

...Yaxud bir gün dönəcək mənə bir gün məndən gedənlər

…Hamını itirirəm bir-bir… Yox… Hamı məndən uzaqlaşır… Yox…

…Ətrafımdakı doğma insanlar mənim üçün özlərini yadlaşdırırlar, kodlaşdırırlar…

…Hə… Elədir, yadlaşdırırlar…kodlaşdırırlar…

…Mənim isə itirməkdən qorxduğum qədər heç nədən qorxmadığımı yaxşı bilə-bilə məndən uzaqlaşırlar. O da uzaqlaşır məndən, bu da uzaqlaşır. Onun da uzaqlaşmasını istəmirəm, bunun da. Ona olan sevgim də şahiddir, buna olan sevgim də şahiddir ki, mən nə ondan uzaqlaşmaq istəyirəm, nə bundan. Onların mənə olan sevgisi də şahiddir ki, heç onlar da məndən uzaqlaşmaq istəmirlər. Amma…

…Amma arada bunun dediyi kimi şeytana (Çox yazıq ki, biz adətən başqalarının etdiklərini yazıq şeytanın üstünə atırıq şər kimi) uymaq var. Mən heç birini itirmək istəmirəm, heç biri də məni. Mən də məndən uzaqlaşanların qabağına keçib, getməyin, deyə bilmirəm, onlar da. Məni demək istərkən bu halın boğazımda yaratdığı qəhərin üstünlüyü məğlub edir, onları cəsarətsizlik sindromu.

…Doğma insanları itirirəm bir-bir… artıq iki-iki… Onu və bunu… İkisini birdən… ikisini də eyni gündə… eyni saatda… eyni dəqiqədə… Aralarında an  fərqi var.

…Mən itirməkdən çox qorxuram. Amma məni itirmək istəmədən itirmək uçurumuna tərəf aparanlara da özümü ordan atmaq xöşbəxtliyini yaşatmaq istəyi var. Onsuz da ruhum diridi… ruhum dribaşdı… Onlar mənim vücudumu (vücudumun içindəki səsimi, şəklimi, hərəkətlərimi) itirmək uçurumuna aparırlar. Amma o vücudun içindəki ruh (S.V.). Onu ki, ordan aşağı itələmək mümkün deyil. Mənim ən çox sevdiyim psixofəlsəfi mahiyyət daşıyan məqamdı bu insanın vücudu ilə ruhunun təzadlılığı, qeyri-mütənasibliyi. Vücud aşağılara yuvarlanır, ruh isə əksinə, səmalara, ucalara, göylərə, aliliklərə yüksəlir. Məni itirmək istəyənləri mən elə bu cür qazanıram. Onların gözündən, qulağından qeybə çəkilib ruhlarına, könüllərinə hopuram. Onlar da mənim könlümdəki yerlərini yırğalanan Bakı marşrutlarının sakinləri kimi möhkəmlədirlər.

…O da, bu da, mən də eyni ruhdayıq, eyni haldayıq. Amma ona və buna təsir edən “şeytan” qüvvələri özlərindən uzaqlaşdırmaq üçün inamlarındakı cəsarəti kəsir onların qarşılarını, gözlərini tutur, səslərini batırır, hərəkətlərini süstləşdirir. Amma ruhları… Ruhlarına ki, hökm edə bilmir həmin o “şeytan”. Bəli, mən bilirəm, ruhlarına hökm edə bilmir. Ona görə də mən onların ruhunda həmişə diriyəm. Diriydim axı, diri də qalacağam.

…Heyif, mənim bioloji varlığımı itirməkdən qorxmayan, təəssüflənməyən kimsələrin  zəifliyinə hıçqırtılı acı gülüşlərlə baxmaqdan savayı çarəm qalmır. Dedim axı, mən onların məni itirmək istəyinə qarşı çıxmağa halım qalmır. Məni bioloji varlıq olaraq gözdən çıxaranlara mənim bioloji varlığım, görüntüm təsir etmir. Amma ruhum diridi… Diridi… Bu dirilik mənim onların könlündəki, ruhundakı yerimi möhkəmlədəndən sonra, onlar mənsizliyin bioloji varlığını hiss etdikdən sonra, ürəklərinin sözünü dinləyəcək, ruhlarının işığına doğru addımlayacaqlar. Bax, onda tapacaqlar məni. Bioloji yoxluğumun ruhi varlığına təslim olacaqlar. Ruhi varlığım onları mənim bioloji varlığıma tərəf gətirəcək. Mənim isə onların yolunu çoxdan gözlədiyimi onda anlayacaqlar, ruhumuzun qovuşuğundakı səssiz baxışların hayqırtıları onlara da anladacaq mənim onları itirmək niyyətimin, itirmək dözümlülüyümün olmadığını…

…Mən artıq indidən o döngədə oturub onu və bunu gözləməyə başlamışam…

Naxçıvan


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!