Mənim klassik sevgilim... - Elçin HÜSEYNBƏYLİ

"Sevgi oyunları..." silsiləsindən hekayə...

 

Bilirəm, başlığı oxuyan kimi düşünəcəksiniz: "Sevgilinin klassiki, müasiri də olur?" Mənim cavabım sadədir: "Olur!"...

 

 

***

Bəli, mənim sevgilim klassikdir, hər bir mənada, özü də klassik narsisdir. Yalanları, gopları, geyimi-kecimi, yerişi-duruşu, hamısı klassikdir. Donjuanlığı da öz yerində... Amma sevgisiii! Ohooo! Sevgisinə söz ola bilməz! Bu məsələdə əsl klassikdir. Ona görə yox ki, klassiklərin sevgi barədə əsərlərini oxuyub, filmlərə baxıb. Yox, bu istedad onda anadangəlmədir. Allah anasına rəhmət eləsin!

Biz onunla can bir, qəlb birik. Bir bədəndə iki can məsələsi.

Saatlarla bir yerdə oluruq, deyib-gülürük, dalaşırıq, bağırırıq. Qulağınıza yavaşca deyim: hərdən öpüşürük də. Boynuma alım ki, davanı həmişə mən salıram. Sanki onun əsəblərini sınayıram. Mənə elə gəlir ki, şıltaqlığıma dözürsə, məni sevir, dözmürsə yox. Əsl sevgi əsəbdən keçir. Birdən elə bilərsiniz ki, bu, qadın şıltaqlığıdır, əsla! İş burasındadır ki, mən də onu sevirəm, sevdiyimə görə də naz edirəm. Əgər işdi-şayət, ondan küsməsəm, bilin ki, onu daha sevmirəm. Çünki mən yalnız sevdiyim adama naz edə, ondan küsə bilərəm...

Onun da sevgiyə öz baxışı var. Birdən oturduğumuz yerdə deyir:

- Həyatım, mən səni çox sevirəm.

- Yalançı, - dodağımı büzürəm, gözlərimi süzdürürəm, qəmzə atıram. Bilirəm ki, qəmzələrimdən xoşu gəlir. Hərdən necə coşursa ovurdlarımı dartır.

- Doğrudan sevirəm! - deyir. Hərdən qışqırır da: Sevirəmmm!!!

Nidalara bax e hələ!

- İnanmıram! - deyə nazlanıram.

- İnan! And içirəm!

- Nəyə?

- Göydə uçan quşlara, pıçıldaşan yarpaqlara, əsən küləyə, yağan yağışa, qarıldaşan qarğalara...

- Biri qaldı?

- Hansı?

- Dovşan!

- Dovşanın canına and olsun! Dovşanım mənim... Səhər yağış yağanda bilirsən, qulağıma nə pıçıldayırdı?

- Nə?

- "Mən səni sevirəm!"

Bilmirəm, zarafat edir, ya düzünü deyir?

- Yalançı! Bunu doxsan yaşlı nənəm də deyər. Sən buna sevgi deyirsən? Sevgini sübut eləmək lazımdır? "Sevirəm" deməklə sevmək olur?

- Düzdür, - razılaşır. - Sevgi formadır, onun mahiyyətini açmaq üçün gərək böyük bir traktat yazasan.

- Traktat-mraktat lazım deyil, - gözlərimi, qaşlarımı oynadıram.

- Çünki səndən ötrü daim darıxıram.

- Pah! Böyük iş olub! Mən də darıxıram.

- Deməli, sevirsən.

- Darıxırsansa, deməli, sevirsən hə? - Dirənib durmuşam e. - Onda sübut elə!

- Necə sübut edim? Darıxmağı pantomim hərəkətlə başa salmaq olmur axı.

- Bilmirəm.

- Yaxşı. Onda izah edim: Mən səninlə bir yerdə olanda da darıxıram.

- Nə demək istəyirsən? - yalandan cırnayıram, - demək istəyirsən ki, mən cansıxıcıyam?

- Yox, ona görə darıxıram ki, bir azdan sonra səndən ayrılacam.

- Ayrılacaqsan? Məndən? Bir daha görüşməyəcəyik? Tərk edəcəksən məni?! - Balaca uşaqlar kimi ayağımı yerə döyürəm.

- Həyatım, o mənada yox, yəni biz burdan durandan sonra səninlə ayrılacağıq, hərəmiz gedəcəyik öz evimizə və mən başlayacam darıxmağa.

- Bəs o nəydi elə? O günü deyirdin ki, sevgi diş ağrısı kimidir. Mən onu daim hiss edirəm. Az qalmışdım ayrılam e, o sözünə görə, xəbərin var?

- Lənət şeytana! - Bu dəfə əsəbiləşir. - Sənin o cinlərin var e, gərək tutub salam, türməyə! - Sonra izah edir: Mən anadan olandan dişlərim ağrıyır. Onlar daim mənimlədir. Doğmalaşıblar mənə, başa düşürsən? Ona görə də heç zaman onları çəkdirmirəm, çəkdirsəm də özümdə saxlayıram.

Bunun izahatlarına baxın, sən allah! Daha da cırnayıram e.

- Yox, başa düşmürəm! Diş ağrısının sevgiyə nə dəxli? - qışqırıram.

Sakitləşir:

- Səni sevirəm! - deyir.

- Bircə söz bilirsən: Səni sevirəm. Yox bir, hələ sevmə də! Bəs mən kimi sevirəm: 90 yaşlı nənəmi?

- Nənənə quzu kəsərəm sənin.

- Of, ətimi tökmə sən allah!

Boynuma alım ki, bu cür söhbətlər aramızda tez-tez olur. Boş-boş danışıb onu cırnadıram və bundan zövq alıram. Elə bilirsinz o az aşın duzudur?! Əsl Donjuandır e. Yaraşıqlıdır. Onu Hollivudun ən yaraşıqlı aktyorlarına bənzədirlər. Yaxşı geyinməyi sevir. Pulu çox olsaydı, şəhərdəki mağazalarda paltar qoymazdı. Bircə sözlə, bircə baxışla qadınları yoldan çıxarmağı bacarır. Qadınlar özləri onun toruna düşməyi sevir e. Mən də çox istəyirdim ki, onun toruna düşəm, amma o tor atmağa tələsmirdi. Nəhayət, bir gün bu, baş verdi. Necəsini deməyəcəm. Bütün eyiblərimi sizə açmalı deyiləm ki... Həm də məndən öyrənib onu yoldan çıxararsınız... Amma elə bilməyin ki, məni sevənlər azdır. Çoxdular e. Amma heç kim məni onun kimi sevə, nazımı çəkə, şıltaqlığıma dözə bilməz. Külbaşlar (məni sevənlər) elə bilirlər ki, məni sevmək asandır e!..

Bayaq dedim axı narsisdir. Narsis necə edirdi? Meşə nimfalarının gözlərindən yayınıb, gölün qırağına gedir, onun sularında öz əksinə baxıb sevinirdi. Özündən başqa heç kimi sevmirdi...

- Yaraşıqlıyam, hə? - deyir və cavabımı gözləmədən əlavə edir, - uşaqlıqdan beləyəm e!

Romantikdir. Üzümə baxıb:

- Ah, mənim Dulsineyam! - deyir.

- Niyə Dulsineya?

- Çünki Dulsineya dünyanın ən gözəl, ən sevilən qadınıdır. Don Kixot da ən cəsur sevgili.

- Cəsurluğu hardaydı? Yel dəyirmanı ilə vuruşmağında?

Ciddiləşir.

- Nakamlığında. Çünki Dulsineyanı heç zaman görə bilmədi. Səbəbini bilirsən?

- Yox, - başımı bulayıram.

- Çünki Dulsineya qəsrdə yaşamırdı, adi kənd qadınıydı. Don Kixotun da arzusu o idi ki, kəmənd atıb, öz sevgilisinə qovuşsun.

- Bədbəxtlər.

- Elə demə. Onlar dünyanın ən xoşbəxt sevgililəri idilər. Çünki romantik idilər.

- Sənin kimi?! - Əməlli-başlı məzələnirəm e yazıq sevgilimlə. Yazıqsa onu əfi ilan vursun!

- Mən romantik deyiləm, realistəm. Neyləyim ki, sən qəsrdə yaşamırsan.

- On ikinci mərtəbə o zamanın qəsridir də, - qızışıram.

- Mən ora dronla gələcəm, - deyir.

Klassikliyi? Klassikliyini deyim sizə. Deməli, bir gün o mənə deyir:

- Özümə şlyapa və əsa almaq istəyirəm.

- Niyə? - deyə təəccüblənirəm, - klassiklər kimi görünmək istəyirsən?

- Tapmadın, - gülümsünür. Ölürəm də onun gülümsəməyindən... - Bilirsən, qocalanda hamı əsa götürür. Mənsə indidən əsa götürmək istəyirəm ki, qocalığımı nə sən hiss edəsən, nə də özüm.

- Bəs şlyapa nəyə lazımdır?

- Şlyapa ona görə lazımdır ki, qadınların mənə necə baxdığını görməyim.

- Pah! Qadınların işi-gücü qurtarmışdı elə!.. Hamının başı qarışıqdır e, səndən başqa. Sən "sərbəst məslək ərbabısan", - deyirəm.

- Mənim işim səni sevməkdir! - deyir və gülür.

Səhərisi baxıram ki, əsl klassiklər kimi geyinib: "troyka kostyum", cib saatı, əlində oyma əsa, başında da boz şlyapa... Geyiminə söz ola bilməz.

- Necədir? - qarşımda durub fırlanır, reverans edir.

Gülməkdən ölürəm:

- Bircə klounumuz çatmırdı, - deyirəm.

- Eh, olsun da. Mən də olaram sənin üçün kloun.

- Mənə kloun yox, ciddi sevgili lazımdır!

- Bilirsən, qadınlar onları əyləndirməyi bacaran kişiləri sevirlər.

- Nə demək istəyirsən? Yəni sən başqa qadınlar üçün klounluq edəcəksən?

- Yalnız sənin üçün, - deyir və yenidən fırlanır. Ayağı nəyəsə ilişir və yıxılmamaq üçün məni qucaqlayır.

Ürəyim yumşalır və deyirəm:

- Yaxşıdır e, amma səni başa düşməyəcəklər.

Gülür.

- Elə mən də onu istəyirəm də. Adamlar səni başa düşməsələr yaxşıdır, onda sirli olursan...

Dəhşət gopçudur. Bir də görürsən ki, mənə zəng edib gülə-gülə deyir:

- Həyatım, bilirsən, hardayam?!

- Harda?

- Malyorkada.

- Malyorka haradır?

- Aralıq dənizi sahilində adadır. İspaniya! Hola (ola) senyorita!

- Orda nə işin var?

- Dincəlirəm.

- Bəs mən?

- Səni də gətirəcəkdim, ancaq təyyarədə yer olmadı.

Olmaz da bunun zarafatlarından.

Küsürəm, telefonu qapadıram.

Üstündən bir neçə gün keçəndən sonra yenidən telefonu açıram. İlahi, nə qədər mesaj gəlib ondan. "Sevirəm" sözünün biri bir qəpik.

Yaxud bir gün zəng edib şən-əhval ruhiyyə ilə deyir:

- Həyatım, Alp dağlarından sənə salam var.

- Orda nə edirsən? - deyə təəccübümü gizlətmirəm.

- Xizək sürürəm...

- Bəs mən? - ayaqlarımı yerə döyərək qışqırıram.

- Qorxdum ki, xizəkdən yıxılıb əzilərsən, mən də üzülərəm. Ha...ha...ha...

Bir gün mənə nə desə yaxşıdır:

- Gəlsənə Malyorkya gedək?!

- Nə zaman?

- İndi.

- Bəs bilet?

- Nə bilet, canım, budu-buradır. Sən demə, Novxanının zibilli çimərliyini nəzərdə tuturmuş. "Alp dağları" deyəndə isə Qusarın Şahdağını.

Deyirəm axı, dəhşət gopçudur. Əsgərlikdən danışanda ağzına çullu dovşan sığmaz.

- Mən, - deyir, - əsgərlikdə olanda xüsusi təyinatlılarda xidmət edirdim. Günlərlə ac-susuz qalırdıq: bataqlıqdan soxulcan, qurbağa tutub yeyirdik.

Mənim ödüm ağzıma gəlir. Amma o gülür. Gülür də yox e, qəşş edir.

Adamların arasında özünü Leytenant Şmidtin nəvəsisayaq aparır. Deyir-gülür, danışır, şənlənir. Elə davranır ki, sanki doğrudan da milyonlar sahibidir. Halbuki, bilirəm, cibində metro kartından başqa heç nəyi yoxdur. Var-dövlətdən söz düşəndə söhbəti özünə sərf edən tərəfə fırladır.

- Görürsünüz qulağımın dibindəki şırımı? - deyir.

- Hə, nə olub ki? - bir ağızdan soruşurlar.

- Bir dəfə məlumat verildi ki, meşədəki daxmada quldurlar toplaşıb, çox təhlükəlidirlər. Oranı mühasirəyə aldıq. Mən də bölmə komandiri kimi göstərişlərimi verdim, içəri daxil olanda qumbara atdılar, yaralandım, amma hamısını təkbaşına tərksilah edə bildim.

Adamlar da onun bu gopuna inanır, qadınlar hayıl-mayıl olur. Ordan çıxandan sonra qolundan dartıb deyirəm:

- Niyə yalan danışırsan adamlara? O günü demirdin ki, əsgərlikdə olmamısan? Qulağının dibindəki şırım da uşaqlığın yadigarıdır?

- Düzdür, olmamışam, amma olsaydım, məhz bu cür edərdim. Həm də, həyatım, qulağına sırğa elə, adamları əyləndirmək günümüzün reallığıdır.

Bir gün isə, doğrudan da az qaldım ondan ayrılam. Bir məclisdəydik, gördüm dostları ilə mərcə girib. Onları inandırmağa çalışır ki, qulaqlarını tərpədə bilir. Tərpətdi də. Yüz manatını alıb qoydu cibinə.

- Niyə belə edirsən? - deyə əsəblə soruşuram. - Pula görə? Sən eşşək-zadsan ki, qulağını tərpədirsən?

Nə cavab versə yaxşıdır?!

- Eşşək olanda nə olar ki, evdə lampanı dəyişəndə belimə minərsən?

Offf! Söz altında qalmır e!

- Həyatım, gedək restorana?

- Gedək, - deyirəm, əlacım nədir?! Düzünü deyim, mən ona "yox" deyə bilmirəm, sanki məni ovsunlayıb.

Gopçudur e, gopçu olmağına, amma ürəyi yumşaqdır. Qabağına çıxan dilənçilərə, ofisiantlara pul verir. Düzdür, çox vaxt mənim hesabıma edir bunları və nəzakətlə deyir: "Canım, xırdam yoxdur e, bəlkə sən verəsən!"

Onun evlənməkdən xoşu gəlmir. Söz düşəndə deyir:

- İnan mənə. Mən öz təcrübəmdən deyirəm (iki dəfə evlənib axı), evlilik sevgini adiləşdirir, məhv edir. Çünki məişət məsələləri ön plana keçir. Amma evlənməyəndə hər dəfə sevgilini bir qiyafədə görürsən. Qadın adiləşəndə sevgi də itir. Qadın sirli olmalıdır. Maraqlı kitabın oxunmamış səhifələri kimi.

O dəlidir, çılğındır, mənə pis baxan adamı öldürməyə hazırdır. Nəyə desəniz and içə bilərəm. Lap elə onun öz canına. Bir dəfə mənim üstümdə yazıq bir kişini öldürmək istədi. Hələ bir xoruzlandı da.

- Öldürmə onu yazıqdır, qoy yaşasın! - dedim, qoluna girib ona sığındım.

- Yaxşı, sənin xətrinə öldürmürəm, - dedi və üzümdən öpdü.

Amma onu sevirəm də. Bircə gün ayrı qalanda az qalıram ki, həmin gün elədiklərimin hamısını ona danışım: kimlə dalaşdım, kimlə barışdım, ümumən, ayaq yoluna qədər.

Mən onu sevirəmmi? Əlbəttə.! Amma hərdən sevgimdə tərəddüd edirəm. Düşünürəm ki, bəlkə o məni sevdiyinə görə mən də onu sevirəm.

Siz necə? Belə adamı sevərdiniz?.. Mərc gələrəm ki, hə!..

 

Avqust-sentyabr, 2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!