Qürubun son parıltısı asta-asta şəhərin, küçələrin, məhəllələrin üzərinə çökürdü. Uzaqlarda nəhəng top kimi yuvarlanan günəş üfüqləri parlaq narıncı rəngə boyamışdı.
Hündür binaların arası ilə əsən Bakı küləyi skamyada əyləşib söhbət edən cavan qadınların geyimlərini yellədir, saçlarını şıltaqcasına oxşayıb keçirdi. Binanın qarşısında uşaqlar qayğısız, şən səslə ora-bura qaçışır, topla oynayırdılar.
Həmişəki kimi üç rəfiqə baş-başa verib olanlardan, keçənlərdən danışırdılar. Qadınlığın ən cazibədar çağında - otuz-otuz beş yaşın verdiyi yetkin, güvənli ab-havada söhbət edən xanımlar bir-birləri ilə yaşadıqlarını bölüşür, arabir də ətraflarında qışqırışan uşaqlara təpinirdilər.
Əzizə qara gözlərini ətrafa zilləmişdi, əynindəki zümrüd-yaşılı donu hər hərəkətində yüngülcə tərpənirdi. Yanındakı Xuraman isə bir qədər dolğunlaşmış bədəni, üzündən əskik olmayan şıltaq təbəssümü ilə hər şeyi rahat qəbul edən qadın idi. Amma bu axşam aralarında oturan Nərgizin siması bir az qayğılı idi. Hərdənbir fikirli-fikirli əyninə kip oturmuş açıq mavi idman dəstinin yaxasını dartışdırır, gah da qadınların suallarına cavab verirdi.
Söhbət əvvəlcə həmişəki xırda-para şeylərdən gedirdi: məktəbdən, bazardakı bahalaşmadan, qonşu blokdakı təmir səs-küyündən. Amma Nərgizin elə əvvəldən sanki fikri başqa yerdə idi.
Elə bu vaxt Əzizə güldü, sonra səsini qısıb dedi:
- Ay qız, Nərgiz, nolub, bayaqdan qaşqabağın açılmır, niyə dilxorsan? Ərin də bildiyim qədər pis biri deyil, fağır adama oxşayır... Dünən də gördüm, bazarlıq edib gedirdi - əlində ət, xiyar-pomidor...
Xuraman da gülümsəyib Əzizəyə qoşuldu:
- Vallah, Əzizə düz deyir. Sakit, başıaşağı kişidi səninki. Mənimkinə söz demək olmur, bomba kimi partlayır adamın üzünə... Bütün gün də yorğun...
Nərgiz qeyri-ixtiyari ah çəkdi:
- Eh, ay qızlar, birini bilirsiz, birini yox... Qadam onun ürəyinə. Elə xiyar-pomidoru da başına dəysin... Lap yaramı tərpətdiniz...
Bu sözlər söhbətlərinin ovqatını bir anda dəyişdi. Əzizəylə Xuraman Nərgizə tərəf dönüb, gülə-gülə yer-yerdən dilləndilər:
- Nərgiz, ay qız, danış, görək nolub. Bildiyimizi bildik, bilmədiyimiz nədir, ürəyində nəsə var, bölüş görək... Aranızda nə olub? Yoxsa sənə xəyanət edir, ay qız?
Nərgiz idman gödəkçəsinin yaxasını düzəldib başını buladı:
- Yox, nə xəyanət? Halı var xəyanət eləyə bəyəm?! Neçə vaxtı işdən yorğun-arğın gəlib divanda sərilib qalır, başıbatmış. Aramız soyuyub, bəzi vaxt həftələrlə mənə yaxın gəlmir. Nə qədər bəzənirəm, ətir vururam, gözünün qabağında fırlanıram, sanki məni görmür. İşdən gəlir, yeməyini yeyib, televizorun pultu əlində, bir də baxıram ki, divanda xoruldayır. Elə bil işdə daş daşıtdırırlar, bədbəxt oğluna... Nəysə, mənim bu xalamqızı Ənbəri də tanıyırsız axı, itoynadanın biridir...
Əzizə yaxşı bir söhbətə özünü hazırlayıb həvəslə başını yellədi:
- Hə, tanıyıram, yaman şuxdur, adamın kefini açan sözləri olur...
Xuraman da razılıq mənasında başını bulayıb güldü:
- Ənbəri bizə tanıdacaqsan, bilirik də, o nə oyunlar çıxarır... Sən Allah, danış görək, yenə neyləyib canıyanmamış?
Nərgiz boğazını arıtlayıb sözə başladı:
- Bu Ənbərə evdəki hal-qəziyyəni danışanda dedi ki, ay başıbatmış, kişinin gözündə adiləşmisən, ona görə daha sənə nəzər yetirmir... O qədər soğança iyi verən xalatda, saçı-başı dağınıq halda gözünün qarşısında fırlanmısan ki, daha bəzənib ətirlənəndə də sənə baxmaq istəmir. Adiləşəndən sonra da evdə gündüz nə qədər bəzənirsən-bəzən, vecinə olmayacaq. Dedi ki, kişini gecə təəccübləndirmək lazımdı, gündüz yox... Mən də fağır kimi ağzımı ayırıb Ənbərə qulaq asıram. Dedi ki, şəhərdə Nərimanov tərəfdə yaxşı bir mağaza tanıyıram, qadınlar üçün bir müsibət alt paltarları satırlar ki... Get qırmızı rəngdə birini al, axşam ərinə geyin, sürpriz elə, görəcəksən, aranız düzələcək. Lap istəyirsən, gedəndə de, mən də səninlə gedim, birlikdə seçək.
Əzizəni gülmək tutmuşdu, özünü saxlaya bilmirdi:
- Bilirdim elə, Ənbərdən düz-əməlli məsləhət çıxmaz.
Nərgiz də gülüb sözünə davam elədi:
- Bax, Bakının bu tıxaclarında nə zülümlə Ənbərlə birlikdə axır ki, gedib çıxdıq o məşhur mağazaya... İçəri girəndə ağzım açıq qaldı. Pələng dərisi formasında, qara, qırmızı, ağ gecəliklər, alt paltarları... Hamısı da bir-birindən gözəl... Qiymətləri görəndə az qaldı qayıdam, amma Ənbər çıxmağa imkan vermədi. Başı batmamış, o qədər malın içindən qırmızı rəngdə küpür bir gecəlik aldı... Qabağı açıq tüldən, arxası da kəsik, kəsiyin də baş tərəfində yumruca, yumşaq dovşan quyruğu...
Əzizə də, Xuraman da uğunub getmişdilər; bir yandan Nərgizin məzəli danışıq tərzi, digər tərəfdən də danışdıqca mənzərəni gözləri qarşısına gətirib gülməkdən keçinirdilər. Nərgiz qadınların gülüşünə görə bir az ara verdi, rəfiqələri toxtayan kimi yenidən sözünə davam elədi:
- Əvvəlcə almaq istəmədim, Ənbər məni başdan çıxartdı ki, al, kişilərin belə fantaziyalı geyimlərdən ötrü ürəyi gedir. Nəysə, uydum bunun sözünə... Ənbər oradan çıxdı getdi öz evlərinə, mən də gəldim öz evimə. Uşaq dərsdə ikən, evə çatan kimi bu gecəlik dəstini geyindim əynimə... İnsafən, gözəl yaraşırdı. Tülün, küpürün altından bədənim, döşlərim, budlarım da çox gözəl görünürdü. Arxamda, yanbızımın üstündə də yumşaq tüklü dovşan quyruğu... Altından da kəsik yerdən hər şey görünür... Az qala, özüm-özümə aşiq oldum. Dedim, bunu görən kişinin ağlı başından çıxacaq.
Bu dəfə Xuraman uğunmuşdu:
- Sən də mənim kimi ətli-canlısan, təsəvvür edirəm o dovşan quyruğu sənin yançağında necə görünürmüş... Kişidən ötrü çıxdığımız oyuna bax da, sən canın... Qadının işi zülümdür də...
Əzizə ərklə Xuramanın dizinə vurdu, maraqla bir az da qabağa əyildi:
- Ay Xuraman, bir dayan görək, sonra noldu?..
- Sonra nolacaq? - Nərgiz əllərini iki yana açdı. - Uşaq məktəbdən gəldi, yeməyini yedi, dərslərini hazırladı axşama kimi... Saat 8 olan kimi uşağı zor-xoş, güclə yatdırdım ki, kişi işdən gələnə qədər gecəliyi geyinib məşq edim... Mənimki həmişə tıxaca görə ləngiyir, 9-da gəlib çıxır evə... Deməli, qızlar, bu başıbatmış işdən gələnə qədər mən yataq otağında həm öz-özümə rejissor oldum, həm də aktrisa... Güzgünün qabağında durub müxtəlif pozalar məşq edirəm. Gah sol ayağımı yuxarı qaldırıram, sonra gördüm sol dizimdən yuxarıda damarım çıxıb, - varikoz var axı məndə, - sonra keçdim sağ ayağıma. Yatağın üstündə gah qıçlarımı qaldırıram, gah yançağımın üstündəki dovşan quyruğunu yellədib güzgüdə özümə baxıram, gah sinəmi tül yaxalığın altında titrədirəm... Gah gecəliyin ətəyini çəkirəm yuxarı, saçlarımı çiyinlərimə dağıdıb güzgüdə özümə qıyqacı baxıram. Axır ki, bir saatdan da çox o gecəliklə yatağın üstündə, güzgünün qabağında çıxarmadığım oyun qalmadı... İnanırsız, tamam taqətdən düşdüm!
Əzizə Nərgizin sözünü kəsib gülə-gülə nəsə demək istədi, sonra fikrindən daşındı, - hə, Nərgiz, sonra nə oldu bəs, bizi intizarda saxlama görək... - dedi.
- Bu da həmişə uzağı saat 9-da evdə olur. Həmin gecə saat 10 oldu, 11 oldu, gəlib çıxmaq bilmədi. Sən demə, o gün işdə nəsə tapşırıq veriblər, onu bitirməmiş çıxa bilməyib. Qayıdanda da yenə tıxac... Əlqərəz, mən də yatağın üstündə yuvarlanıb pozalar verə-verə, ayağımı yuxarı qaldıra-qaldıra, yanımı silkələyə-silkələyə yorulub yuxuya getmişəm.
Əzizə gülməkdən gözündən axan göz yaşlarını sildi. Xuraman da qəhqəhə çəkib, əlini-əlinə vurdu. İkisi də söhbətin ardına diqqət kəsildilər. Nərgiz bir qədər də dilxor əhvalla söhbətinə davam etdi:
- Gecənin bir vədəsi, saat hardasa, gecə 2 olardı, birdən oyandım. Əlimi atdım sağıma ki, görüm yanımdadırmı, əlim boşa çıxdı. Hövlnak qalxıb salona keçdim, bir də görərəm ki, pencəyini kresloya atıb, heç yataq otağına keçməyib ki, məni oyatmasın, elə salondakı divanda örtüyü də üstünə çəkib yatıb!
Nərgizin məzəli səsinə qəzəbli ton qarışdı:
- Küncdəki lampanı yandırdım, çiynindən dürtmələdim ki, "dur, cəhənnəm ol, öz yerində yat!" Bu da yuxulu-yuxulu gözlərini ovuşdurub qalxdı. Yarıqaranlıqda mənim əynimdəki o qırmızı gecəliyi görəndə, bir andaca yuxusu qaçdı. Gözləri bərəldi. Məni bu cür görəndə sevinmək əvəzinə, şübhəli-şübhəli qalxıb divanda oturdu, qolumdan tutub məni fırlatdı, hər tərəfimə baxdı. Birdən üstümə bağırdı: "Bu nədir geyinmisən? Sən nə qələt qarışdırırsan mən evdə olmayanda? Bu paltarı kim alıb sənə? Bu nədir əynindəki?!" And ola Allaha, sözlərindən necə əsəbiləşdimsə, özümü saxlaya bilməyib başına ikiəlli qapaz saldım. Dedim: "Ala ey, kül təpənə! Kim alacaq, özüm almışam sənə görə! Sənə sürpriz edəcəkdim, geyinib məşq eləmişdim nə qədər! Sən də, maşallah, xarabana gəlmək bilmirsən! Kişi bu sözdən sonra gülümsədi, təzədən başını atdı ki, divanda yatsın, kürəyindən vurdum ki, cəhənnəm ol, yerində yat! Bir dəfə gecəlik geyindim ki, həvəsə gələsən, qadam ürəyinə, onda da divanda yatmağın tutdu sənin!
Əzizə ilə Xuraman hələ də gülürdülər, Nərgiz də sözünü bitirib onların qəhqəhəsinə qoşulmuşdu...
Elə bu vaxt binanın tinində taksi dayandı, Nərgizin əri əlində dolu zənbillə maşından düşüb evə tərəf addımladı. Nərgiz saçını düzəldib skamyadan qalxdı:
- Mən də day evə gedim, ay qızlar, bu gün nəsə tez gəldi mənimki... Gedim, görüm neynirəm...
Əzizə ilə Xuraman yenidən qəhqəhə çəkib güldülər, rəfiqələrinin ardınca səsləndilər:
- Get, ay qız, tez get... Dovşan quyruğunu da unutma, bəlkə bu dəfə alındı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
