Həyatım sürət qatarına bənzəyirdi; dayanmadan, fasiləsiz hərəkət edən sürət qatarına. Qarşıma çıxanlara baxsam da, nə görür, nə dərk edirdim. Geri dönüb arxaya baxmağı qəti sevməzdim. Daim irəliyə, gələcəyə can atırdım. Gələcək mənim üçün çətinliklə də olsa, uğurlu bir yol açmışdı. Bu yolla irəlilədikcə istədiyim, can atdığım hər şeyi əldə edirdim. İş həyatımdakı uğurlarıma baxıb özümü dünyanın xoşbəxti hesab edirdim. Elə düşünürdüm, bu xoşbəxtlik sonsuza qədər davam edəcək. Dinamik yaşam tərzim vardı. Həyatım, əsasən, müxtəlif ölkələrdə, konfranslarda, simpoziumlarda, elmi məclislərdə keçirdi. Amerika kimi böyük, güclü dövlətin vətəndaşı olduğum üçün, mötəbər məclislərdə onu təmsil etdiyim üçün qürurlanırdım. Tədqiqatlarımın nəticələri, ixtiralarım mənə şan-şöhrət, ölkəyə xeyli gəlir gətirirdi. İllər keçir, zaman mənə çox şeyləri versə də, sən demə, verdiklərini təmənnasız vermirmiş. Məndən xəbərsiz, gizlicə ən dəyərli, ən qiymətli olanlarımı çalırmış. Uğurlu iş həyatım olsa da, təəssüf ki, bunu ailə həyatım üçün deyə bilmirəm.
Zaman keçir, yaşlanırdım, ancaq sağlam idim. Özümdə tükənməz enerji hiss edirdim. Gecə-gündüz yorulmadan çalışırdım. Heç zaman xəstəlik, ölüm haqqında düşünməzdim. Lakin son günlər səhhətimdə bir rahatsızlıq hiss edirdim, ancaq əhəmiyyət vermirdim. Keçib gedəcəyini düşünürdüm. Günlər keçir, bu rahatsızlıq keçib getmirdi. Bir gün konfransda çıxış edərkən birdən halım pisləşdi. Səhhətimdə ciddi problem olduğu üzə çıxdı. Müayinədən sonra həkimlər xəstəliyimin ciddi olduğunu bildirdilər. İnanmadım. Təkrar-təkrar müayinədən keçsəm də, nəticə dəyişmədi. Həkimlərin dediyinə görə, bu xəstəlik milyonda bir insanda olurmuş. Bu amansız xəstəlik milyonların içərisində arayıb-axtarıb məni tapmışdı. O gündən həyatımın sürət qatarı dayandı. Baxıb görə bilmədiklərimi görməyə, gördüklərimi dərk etməyə başladım. Həkimlərin "sayılı günlərin qalıb" deməsi dünyamı alt-üst etdi. Mənim üçün dəyərli olan hər şey dəyərini də, mənasını da itirdi. Varlığımı işıqlandıran işıq söndü. Dünyam qara rəngə boyandı. O qaranlıq dünyada təkbaşına qalmışdım. Özümü tamamilə kimsəsiz, yalnız hiss edirdim. Uşaq kimi olmuşdum. Kimsəyə sığınmaq istəyirdim. Kimə?! O "kimi" axtarırdım, tapa bilmirdim. Birdən necə oldu, bilmirəm, içimdən bir-birinin arxasınca bu sözlər süzüldü:
Nə olaydı, olaydı,
Anam burda olaydı.
Sinəsinə sıxaraq,
Mənə həyan olaydı.
Öz-özümə mat qalmışdım. Bir anda insanın həyatı, düşüncəsi, istəyi necə dəyişərmiş. Doğrudan da, hər anın bir hökmü varmış. Bu gün ana axtarıram, ona sığınmaq üçün. Vaxtilə bu dünyada arayıb-axtarmadığım anamı, dünyadan köçəndə gözləri yolda qalan anamı. Ağrılarım şiddətlənəndə anamı səsləyirəm, anamı çağırıram. Bəlkə də, məni bu bəladan qurtaracağına inandığım üçün anamı axtarırdım. Ən məşhur həkimlərin müalicəsi bir nəticə vermirdi. Həyat dolu bir insan olduğum üçün xəstəliyə təslim olmaq istəmirdim. Onunla vuruşur, çarpışır, əlindən qurtarmağa çalışırdım. Ancaq bacarmırdım, gücüm yetmirdi. Nə qədər yarımçıq, tamamlanmamış işlərim var idi. Varlığımı tamamilə mənə yad hisslər bürümüşdü. Yalan da olsa, kiminsə təsəllisinə, təskinliyinə ehtiyacım vardı. Kimin?! Atam-anam çoxdan dünyasını dəyişib. Bacım dünyanın o başında, mən bu başında. Ailəm olsa da, yox kimi idi. İki oğlum, Mikel və Mişel, hər ikisi Amerikanın müxtəlif şəhərlərində yaşayır. Gəlib-getmələri yox, hərdənbir telefonla danışırıq. Xəstəliyimdən belə xəbərləri yoxdur.
Yoldaşım xəstəliyimi biləndə təsirlənsə də, nə üzüldü, nə sarsıldı. Öz işində-gücündə idi. Səhər evdən çıxır, axşam dönürdü. İndi görür, dərk edirdim, Amerika verdiklərinin əvəzinə insanın qəlbindən zaman-zaman istiliyi, hərarəti alıb buz kimi soyuq bir varlığa çevirirmiş. Gözlərim qarşısında atamın ağır xəstə olduğunu biləndə anamın keçirdiyi sarsıntı canlandı. Anam hər vəchlə çalışırdı, bunu atama hiss etdirməsin. Atamın yanında heç nə olmamış kimi davranır, başına pərvanə kimi dolanaraq onun bütün istəklərini yorulmadan, nəvazişlə, qayğı ilə yerinə yetirirdi. Ancaq gizlində göz yaşı tökərək atama kömək üçün Allaha dua edib yalvarırdı. Bacımla mən atamın yanından ayrılmazdıq. Bacım yorulmadan atamın başına sığal çəkər, oxşayar, mən əllərini ovcuma alıb ovuşdurardım. Bu qayğı, bu nəvaziş atama xəstəliyini unutdurardı. Atam narahat olmağımıza qıymazdı. Bizə təskinlik verərək tez-tez deyərdi: "Siz həkimlərin dediyi sözlərə inanmayın. Mən sapasağlamam. Bir-iki günə ayağa duracağam". Bu xatırlatma mənə çox şeyləri deyir, çox şeyləri söyləyirdi. Həkimlərin təkidinə baxmayaraq, xəstəxanada yatmaq istəmirdim. Evdə qulluqçu qadından başqa kimsə olmasa da, xəstəxanaya getmək istəmirdim. İstəmirdim, ömrümün son günlərini xəstəxanada keçirim. Həkimin nəzarəti altında evdə müalicə alırdım. Ancaq xəstəliyim get-gedə irəliləyir, ağrılarım daha da şiddətlənirdi. Hiss edirdim, yavaş-yavaş həyatla vidalaşıram. Bunu qəbul edə bilmirdim. Bu gün ağrılarım daha da şiddətlənmişdi. Həkimdən xəbərsiz ən güclü ağrıkəsici qəbul etdim. Dərman tez təsirini göstərdi. Ağrılarım azalsa da, evdə qərar tuta bilmirdim. Qəfəsə salınmış quş kimi vurnuxurdum, axtarırdım. Sanki nəyisə itirmişəm, ancaq tapa bilmirdim. Nəyi itirmişəm, onu da bilmirdim. Axırda yoruldum, sıxıldım. Sanki havam çatmırdı. Evdən çıxdım. Hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Şəhərin küçələrini sərsəm-sərsəm dolaşmağa başladım.
Məni caynağına alan amansız xəstəlikdən, varlığımı saran neqativ enerjidən qurtulmağa çalışırdım. Ancaq qurtula bilmirdim. Nə qədər dolaşmışdım, bilmirəm. Başımı qaldırıb özümü qəbiristanlığın qarşısında gördüm. Təəccüb qalmışdım. Bura niyə gəlmişdim? Necə gəlmişdim? Özümün özümdən belə xəbərim yox idi. Çaşqın-çaşqın, diqqətlə məzarları nəzərdən keçirdim. Xeyli dayandıqdan sonra qəbiristanlığın içərisinə doğru irəlilədim. Diqqətlə bir-bir məzarlara baxırdım. Kənardan baxan olsaydı, kiminsə məzarını axtardığımı zənn edərdi. Kimin?! Birdən bütün vücudum üşüyürmüş kimi titrəməyə başladı. Bu titrəyişin arxasınca varlığımı mənə yad bir hiss bürüdü. Bu hiss adını qoya bilmədiyim bir hiss idi.
Birdən mənə elə gəldi ki, buradakı bütün məzarlar buzdan yonulub düzəlib. O buzlardan parça-parça qopub içimə dolurdu. Hiss edirdim, mən də yavaş-yavaş donub buza dönürəm. Bir anlıq özümü onların arasında hiss etdim. Dəhşətə gəldim. Bura tamamilə mənə yad bir dünya idi. Bədənim ürpəşdi. Geri çəkilib "əsla, əsla!" içimdən bir haray qopdu. Qorxurdum. Mənə elə gəlirdi ki, bu an qəbirdəkilər qəbirdən qalxıb, məni tutub güclə burada saxlayacaqlar. Tez məzarların arasından çıxdım.
Qəbiristanlığın çıxışında küncdən bir ovuc torpaq götürdüm. Niyə, bilmirəm. Torpaq da buz kimi idi. Bu soyuqluq bütün vücuduma yayıldı. Torpağı burnuma yaxınlaşdırdım. Qəribə bir qoxusu vardı. Mənə yad bir qoxu idi. Ovcumdan torpağı tez yerə atdım. Uzun illər bu ölkədə yaşasam da, onun torpağı ilə yaxından təmasda olmamışdım. Öz-özümü başa düşə bilmirdim. Sanki kimsə kənardan məni idarə edirdi. Çaşbaş qalmışdım. Hava mülayim olsa da, titrəyirdim. Bütün bədənim buza dönmüşdü. İsinmək üçün isti bir ocağa, sığınmaq üçün isti bir qucağa ehtiyacım var idi. Yeriməyə taqətim yox idi. Qəbiristanlığın qarşısındakı oturacaqda oturdum. Ürəyim birdən-birə şiddətlə döyünməyə başladı. Elə şiddətlə döyünürdü ki, səsini açıq-aydın eşidirdim. Mənə elə gəlirdi ki, ürəyim sinəmdən çıxıb getmək istəyir. Hara?! Əlimi üzərinə qoyub oxşamağa başladım. Ancaq bu nəvazişim ona təsir etmirdi. Daha da şiddətlə çırpınırdı. Birdən içimdə sanki fırtına qopdu. Bu fırtına məni qayalara çırpıb ikiyə böldü. Nəyim vardı, şan-şöhrət, pul-para, hər şeyimi dəryaya qərq etdi. Məni isə, sahilə - qayaların üstünə atdı. Deməli, ürəyimin hay-həşir salması olacaqlardan xəbər verirmiş. Qarşıma baxıram. Qaranlıq bir boşluq var. Birdən bu boşluğun içərisindən gözəgörünməz bir əl məni qaranlığın içərisinə doğru dartmağa başladı. Əlindən qurtarmağa çalışırdım. Çarpışırdım, çabalayırdım, ancaq get-gedə gücdən düşür, qurtula bilmirdim. Hər şeyin bitdiyini hiss edirdim. Deməli, gələcəyə gedən yolum bura qədər imiş. O zülmətin içərisində qalmaq istəmirdim. Çətinliklə arxaya döndüm. Lap uzaqlarda işıq görünürdü. Özümdə qeyri-adi bir güc hiss etdim. O güc məni qaranlığın içərisindən dartıb o işığa aparırdı. İçimdə nələrinsə canlandığını hiss edirdim. Gözlərim qarşısında bu an dünyada mənim üçün əvəzi olmayan məkanı, bu məkanın ən gözəl mənzərəsini canlandırdı. Bu mənzərəni illər keçsə də, elə aydın görürdüm ki, xəyal olduğuna belə inana bilmirdim. Xəstəliyimi unutmuşdum. O dəhşətli ağrıları hiss etmirdim. Varlığıma xoş bir hiss yayılırdı. Bu nə sirr idi, təəccüb qalmışdım. İçimdəki bədbinliyi, ümidsizliyi tamamilə yox etmişdi. Yavaş-yavaş özümə gəlirdim, ancaq yerimdən tərpənmək istəmirdim. Qorxurdum ki, tərpənsəm, uzun illər görmədiyim, indi xəyalına qovuşduğum o dünyamdan qoparam. Bu xəyal içimdə güclü bir istək yaratmışdı. Heç bir gücün qarşısına ala bilməyəcəyi bir istək. Bu istək məni qanadlandırıb lap uzaqlara aparırdı.
Yeganə bir arzum vardı: tezliklə xəyalımdakı dünyama qovuşmaq. "Təyyarəyə minmək, səfərə çıxmaq qəti olmaz. Hər an həyatın üçün arzuolunmaz hadisə baş verə bilər." Həkimlərin dönə-dönə etdiyi bu xəbərdarlığın indi mənim üçün heç bir əhəmiyyəti yox idi. Çox zaman ürəyimin istəyinə müxalif olan ağlım bu dəfə ona kömək edirdi. İstəyimi beynimdə tez-tez təkrarlayaraq daha da gücləndirirdi. Nə gedəcəyimi, nə gələcəyimi kimsəyə bildirmədən, sabaha bilet sifariş verib daxilən rahatlandım. Güclə ayağa durub çətinliklə yeriyərək evə döndüm. Ağrılarım şiddətlənmişdi, ancaq əhəmiyyət vermirdim. Gecəyarı idi. Yatağa uzandım, yata bilmədim. Tez-tez gah pəncərəyə, gah da saata baxırdım. Səbirsizliklə səhərin açılmasını gözləyirdim. Səhər açılmaq bilmirdi. Öz-özümə təəccüb qalmışdım. Birdən-birə məndə Amerikaya qarşı bu dönüklüyün səbəbi nə idi? Heç kəsin sözünü dinləmədən, məsləhətini eşitmədən bu ölkəyə sevdalanıb gəlmədimmi? On il çətinliyim olsa da, otuz il firavan həyat yaşamadımmı? Mənə arzuladığım, istədiyim hər şeyi vermədimi? İndi istədiyim, axtardığım nədir, bilmirdim. O bilmədiyimi hər yerdə, hey axtarırdım, gəzirdim, ancaq tapa bilmirdim.
Yavaş-yavaş dərk edirdim, Amerika mənə çox şeyləri versə də, mənim axtardığımı verməyib. İçimdə bir qorxu, bir təlaş vardı. Axtardığımı tapmamış ölmək istəmirdim. Tələsirdim. Tezliklə buradan uzaqlaşmaq istəyirdim. İçimdə bir ümid şölələnirdi. O ümid işığına can atırdım. Vaxta xeyli qalsa da, artıq dayana bilmirdim. Evdən çıxdım. Təyyarə limanının gözləmə zalı insanlarla dolu idi. Bir yerdə qərar tuta bilmirdim. Var-gəl edir, təyyarəyə nə vaxt minik başlanacağını səbirsizliklə gözləyirdim. Nəhayət, təyyarəyə minik başlandı. Sevinirdim, ancaq içimdə bir təlaş var idi. Yerimdə rahat otura bilmirdim. Qalxırdım, otururdum, sağa-sola boylanırdım. Boş yer yox idi. Bütün yerlər dolmuşdu, mənə isə elə gəlirdi ki, təyyarədə məndən başqa kimsə yoxdur. Bir mən idim, bir də uzaq keçmişimin xatirələri. Onlar küskün-küskün, mən xəcalətli-xəcalətli bir-birimizə boylanırdıq. Kövrəldim.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
