Qadın Qar adamı ilə üzləşmiş kimi xaç çevirib əli sinəsində geri çəkildi. Hərçənd o, çox yaraşıqlı idi, əyninə qutu kimi oturan əsgər mundiri tam-tamına boyuna biçilmişdi, başında da yanpörtü qoyduğu zoğalı beret.
- İşə düşmədik?! - deyə ev yiyəsinin atlaz şəfəqitək bərq vuran yanaqlarına göz qoya-qoya ilk dillənən də o oldu.
- Nə deyirsən?
- Deyirəm ki, salam.
Qadın yenə azərbaycanca, ləhcəsiz-filansız:
- Sən burda neynirsən? - soruşdu.
Gələn adamın kimliyi dilindən, döşündəki şevron (2) və qolundakı bayraq təsvirindən də əvvəl, sir-sifətindən bəlli idi. Onun sorğu-sualı qadını təpə-dırnaq süzməklə bitdi, axırda isə:
- Vəziyyət qəlizdi, - deyib gülümsədi.
- Səndən başqa şey soruşurlar, - qadın üzünü turşutdu, - nə qəliz-məliz salmısan?
Əsgər baxışlarını ondan ayırmadan lülə və nişangahının zağı getmiş avtomatı aşağı endirdi:
- Lənət olsun bu dünyanın qanunlarına!
- Olsun, olsun da, sözünün canı? Nə marıtlamısan, adam görməmisən?
- Adam görmüşəm, qadın yox, - bic-bic qımışan əsgərin cavabı yığcam oldu və necə ki qara xəbəri deyərlər, eynən o səslə, - sözümün canı odur ki, kənd geri alınıb, - dedi, - erməni gözəlisə burda fil qulağında yatıb.
- Nə geri alınıb? - əlini ağzına aparan qadının bənizi ağappaq oldu və o, cavab gözləmədən, başılovlu içəri qayıtdı. Qasid hah eləyib otağa girincə ev yiyəsi artıq pəncərənin qarşısında idi. Ev yalda olduğundan hərbçilərin müşayiəti ilə müxtəlif səmtlərdən köhnə xırmana cəm olanlar barmaqla da sananırdı: Muşeğ, Ninel, Babken, Liana, Ani, Sisak müəllim, ta kimlər?...
- Demişdilər axı, - birdən-birə elə bil gözləri qaranlıq gətirdi qadının. Bu nə idi görürdü o?
- Bəli, xəbər olunub. Yığ şələ-şüləni!
- Hara? - ev yiyəsi geri qanrılıb dəvətsiz qonağı qıyqacı nəzərlərlə gözdən keçirdi və onu dəyirmi stolun üstündəki iri büllur güldanda suya qoyulmuş peyğəmbər çiçəyini qoxulayan gördü.
- Onlar hara, sən də ora! - oğlan başı ilə işarə elədi və hardansa ağlına gəldi ki, ən laqeyd kişinin də ürəyindən belə şux, xırçın gözəlin xəyalı keçər. Görəsən, o hansı fərasətli oğuldur ki, belə cavanəzəni bu daldeylərdə gizlətməyi bacarıb?
Tədricən artan qarmaqarışıq səs-küy, zarıyan uşaqların miskin görkəmi və hərbçilərin ötkəm əmri özü ilə sanki hər şeyin sonunu gətirmişdi:
- Hara aparırlar onları, öldürməyə? - ağlamsınan qadının əygəmli uzun kirpiklərlə çevrələnmiş gözlərində yaş parladı, - neyləyəcəklər onları?
- Turşuya qoyacağıq, - əsgər gicitkən kimi daladı.
- Məni qoyub hara gedirsiniz, Ninel? - sözün şəstinə toxunduğunu hiss etdirməməyə can atan ev yiyəsinin qansız dodaqları yenidən səyridi, titrəyən barmaqlarını ağzına təpdi ki, qışqırıb aləmi bir-birinə qatmasın.
- Qaraçılıq eləmə, adam-zad öldürən yoxdur. Qarqar boyunca neçə kənd boşalıb, bir erməninin burnu da qanamayıb. Biri özün, toxunan var sənə? - dedi və hiss etdi ki, sözü bıçaq kimi dərinə işlədi: gərginlik səngiyən kimi oldu, qadın az-maz toxtayıb qınına yığıldı, başını yırğalayıb öz-özünə deyinəndə əvvəlki əhvalından əlamət belə qalmamışdı.
- Niyə? Axı niyə?.. Burnundan uzağı görməyən korlar!.. Bircə şey bacarırlar: "Artsax bizimdir!" "Artsax bizimdir!" Zəhrimar sizindir, çor sizindir! Onda gəlin yiyə durun, niyə hamıdan əvvəl qaçmısınız? Nə deyim sənə, Albert? Mənə lazım idi bu? Lazım idi? - gicgahlarına doğru dartılmış kimi görünən qaşlarının uzun kirpik və iri badamı gözlərinə xüsusi yaraşıq verdiyi ev yiyəsinin səsində adamı valeh edən bir lətafət olduğunu müsafir hələ artırmada, onu ilk gördüyündə duymuşdu.
- Kim var evdə? - soruşub yanını kətilə qoyanda isə divarlarına Gəncə xalısı vurulmuş, yasəmən ətri qoxuyan işıqlı otağın səliqə-sahmanındakı cazibə ilə bərabər, təkliyin gətirdiyi nəşənin də bütün vücuduna yayıldığını hiss elədi.
- Baqramla mən, - qadın başı ilə beşikdəki körpəni göstərdi, - başını götürən qaçıb.
- Sən niyə qaçmamısan? - gözünü meydandan ayıra bilməyən ev yiyəsini bunca qəşəng göstərən sirrin qısaətək don olduğunu əsgər yalnız indi, onun ortası üzükdən keçən belini, dolu əndamını, dümdüz baldırlarını arxadan tamahkar nəzərlərlə gözdən keçirəndə anladı və ona elə gəldi, müharibə havası nə bu yerlərə, nə də yerişindən otaq silkələnən bu çəm-xəmli gözələ dəyib-toxunub, əksinə, deyərdin bəs ən şınqırovlu, çiçəyi burnunda vaxtlarıdır onun.
- Biz Kirobaddan gəlmişik.
Kirobad! Beləcə də dedi.
- Həəə? Gəncəlisəən? Belə dee!... - Əsgər başını yırğaladı, - Kirobad nədir, oranın öz adı var, - o, əlindəki avtomatı necə ki, oyuncağı bir tərəfə atarlar, təxminən o etina ilə divara dayayıb, - mən də deyirəm, qanı nə yaman şirindir bu qanadsız mələyin?! Yerliyik ki!
Eşitdiklərinə üzdə məhəl qoymayan qadın:
- Üç ilə yaxındır, - dedi, - bizi arxayın eləmişdilər ki, Artsaxa hücum olmayacaq...
- Artsax yox, Qarabağ, - əsgər ona göz açdırmadı.
- Olsun Qarabağ! - qadın vıdır-vıdır ötməyə başladı, - Demişdilər, bura hücum olmayacaq, bizi ruslar qoruyur, arxayın olaq, tezliklə geri qayıdacağıq, amma qaytarmadılar.
- Adını demədin.
- Laura, - deyib daha qadın da tərəddüd eləmədi və ağ mərmər təkin parlayan həmailli sinəsini, döşlərinin arasını titrək barmaqları ilə gizlətməyə calışdı.
Gələn adam beretini masanın küncünə qoyub qıçlarını üst-üstə aşırdı:
- Yəqin, "10-u" (3) bitirmisən?
- Yox, "13"-ü (4) - bayaqdan özünə yer tapa bilməyən Lauranın çöhrəsində Ay doğdu sanki.
- Elə yeri qoyub gələndə bilmirdin axırı belə olacaq? - tənbehi də bir anlığa ona bal təki şirin gəldi, - Cənnətməkan, dağ havası, ipək kimi insanlar...
- Səhvsiz Tanrılar olur! - deyib Laura hiss etdirə-etdirə qonağı bu dəfə xoş nəzərlərlə süzdü, ancaq onu gözündə dəyişənin nə olduğunu bir müddət anlaya bilmədi: unutmadığı dil, isti münasibət, ona bəslənən hüsn-rəğbətin gətirdiyi məmnuniyyət? Ya heç biri? Oğlana şıq görkəm verən azca yana daranmış parlaq şabalıdı saçları, qonur gözləri, mehriban siması?
- "13"-dən yox idi. Parkın yanı, sakitlik, quşların avazı... Bilmirəm, bağlanıb, ya yox? - təbəssümü sifətinə yayılmamış, dodağındaca qeyb olan Lauranın məxmər səsi eşidildi. Candan sızıltı kimi keçən bu təəssüfdə indi nələr yox idi: heyrət, təəccüb, təəssüf, xiffət, ümid... həm də anlaşılmaz bir doğmalıq...
- Musiqi məktəbini də orda bitirmisən? - sualı isə bütün anlaşılmazlıqların qırılma nöqtəsi oldu və Lauraya elə gəldi ki, ömründə ilk dəfə dünyanın ən gözəl gülən adamını canlı-canlı görür...
- Mən deməzdim, hərədə bir cürdür. Lətafət bütün qadınlarda var. - Onun nəyə işarə vurduğunu təxminlə fəhm edən Lauranın əhvalı bir anda dəyişdi: özünü nə qədər oda-közə vursa da, bu təsadüfi sərgüzəştin nə ilə bitəcəyi ona indi-indi aydın olmaqda idi. Hər şeyin anidən dəyişəcəyini xəyal belə etməzdi. Az qaldı dərdini də açıb ona danışsın. Desin ki, ərinin yolunu gözləyir, harda olsa, indilərdə gəlib çıxar. Ölüm-itim dünyasıdır, Allah xatirinə, öz köməyini onlardan əsirgəməsin, hamı bir millət kimi onları yıxılanın əlindən tutan kimi tanıyır, necə xeyirxah və qonaqpərvər olduqlarını bilir... Bu yaxşılığı ömür boyu unutmazlar. Kimlərinsə bir-birini qırmağının onlara nə dəxli? Onun arzuladığı sakit bir küncdür ki, öz Baqramını rahat böyüdə bilsin...
İşlər bu minvalla getsəydi, deyərdi də. Amma gözlərini ona zilləyib, illah da dolğun dodaqlarını həris baxışlarla süzməkdən doymayan şorgözə bu dəmdə dərd anlatmaq? O özü demişkən, qəliz məsələ idi...
- Maşallah, məndən yaxşı bilirsən dilimizi, - Qəşəng də adın var, Laura... Nədənsə gözəl qızların gözəl də adı olur. Çox sınamışam.
Üzünə təbəssüm çilənən Lauranın qat-qırışığı açıldı, zənəxdanı göründü, işvəkar qadın ədası ilə dodağını qəşəng sıralanmış dişlərinin arasına aldı:
- Addır qoyublar, neyləmək olar?!
Amma dilcavabı eşitdirməyi də unutmadı ki, Bakıda olsaydı, hökmən dəyişərdi onu. Dedi, başını yana əyərək gülümsündü, o dəqiqə də hərəkətindən peşman oldu. Hardansa ağlına gəldi ki, o bircə anın nəşəli təbəssümü çılğın adamı dəliyə döndərə bilər.
- Dedim, birdən Haykanuş-zad olarsan, - hərbçi özünü gülməkdən saxlaya bilmədi və öz aləmində, bununla ona valeh olduğunun səbəbini də söyləmiş oldu, fikrini isə divardakı xalının tən ortasına bərkidilmiş zər çərçivəli şəkildən boylanan çatmaqaşa baxa-baxa:
- Bir səs mənə deyir, Baqramın atasıdır bu! - şəklində bitirdi, di gəl maraqlanmadı, görə Bakıda olub-olmamağın ad dəyişməyə nə isti-soyuğu?
- Həə də, Albertdir, - Laura göydəndüşmə fürsətə uşaq kimi sevindi, - Harda olsa indilərdə gəlib çıxar. Srağagündən xəbər göndərib.
- Olmaya o da gəncəlidir?
- Ordan olmamış hardan olacaq?! Arvad haralı, kişi də oralı! - Lauranın gözlərində qığılcım parladı, əsgərin:
- Gəncə filialı açmısınız ki burda, - zarafatına:
- Çestno qovorya (5), ordan sonra hər şeyi itirmiş kimiyəm, - deyə təzəcə cavab vermişdi ki, meydan səmtdən atəş səsi, ardınca isə çığır-bağır eşidildi. Qadın yenidən hövlnak pəncərə qarşısında peyda olanda onun havaya təkrar açılan xəbərdarlıq atəşi olduğunu bilib, gözlərini yumub-açmaqla xaç çevirdi.
- Ağzında deyirsən müharibə. Bilmirsən, bir saniyədən sonra nə olacaq, - Əsgər dedi və onun yaşını soruşmaqla söhbəti öz məcrasına qaytarmağa çalışdı.
- Nə mənası? Orda adamlar ölür.
- Elə qəşəng sifətin, belə acı dilin ola? - Əsgərin budəfəki qınağı başqa şey oldu, qadının cavab vermədiyini gördükdə isə doğma adam ərki ilə, - Gərək, rastıma indi çıxaydın? - soruşdu, amma başını bulaya-bulaya onun şux qamətini baxışları ilə eninə-geninə oxşamağından da qalmadı. Laura yenə əlini sinəsinə atmışdı ki, həyətdən kiminsə:
- Lau! Lau!.. Vorteğes mnatsel, axçi? (6) - deyən təlaş dolu səsini eşidib:
- Kimdir o? - deyə xəbər aldı.
- Qonşumdur, Marquş. Deyir, bizi aparırlar, harda itib-batmısan?
Əsgər barmağını dikinə dodaqlarının üstünə qoyub işarə elədi ki, səs salmasın. Laura onun sözünə əməl etsə də, dirçələn kimi oldu, sanki imdadına çatan vardı. Əlinə keçənləri tələsik ortaya töküb ərkyana tərzdə:
- Getsən, rahat hazırlaşaram, - dedi, - onacan Baqram da oyanar.
- Burda əmri mən verirəm, - əsgər ona göz verib işıq vermədi, - Marquş yox.
- Dedim, mənə görə vaxt itirməyəsən. Bir-iki xırda-xuruş var, götürüb çıxıram, - Laura qaragözlük elədi, paltar dolabındakı balaca bükülünü çantasına qoyandan sonra növbə ilə palto-pencəyin də ciblərinə əl gəzdirdi. Geri qanrılanda isə:
- Sən kimi gözləyirsən? - soruşdu, - bizim söhbət bitib.
Sarışın saatına nəzər salıb ayağa qalxdı:
- Onda gəl yolu göstərim, sonra məni qınama.
- O yolları çoxdan bilirəm, - qadın qoymadı ki, söz qonağın ağzında ilinə. Onu götürüb, bunu qoyur, hərdənsə narazı-narazı dilini nırçıldadıb, guya, ona mətləb qandırırdı.
- Bu, o yollardan deyil! - əsgər daha gözləməyib harda ki Laura qərar tutmuşdu, düz oracan gəldi, qadını arxadan qucaqlayıb özünə tərəf çevirdi və onun huşaparan ətrini, aram nəfəsini də onda, saçından ayrılmış qıvrım cığasını barmağının ucuyla ehmalca gözünün üstündən yana edəndə duydu və baxışları toqquşan elə ilk andaca gördü ki, onun qara əqiq kimi necə parlaq gözləri var.
Onu köksünə sıxıb o səslə ki:
- Sən yanırsan! - deyə pıçıldadı, onunla yalnız sirr açardılar, - Erməni olasan, belə qəşəng olasan?
- Nə olub erməniyə? Dünya-aləm bizdən danışır, - Lauranın ayağı yer aldı, belinə sımsıx sarınmış qolları bir-birindən ayırmağa özündə əməllicə güc tapdı.
- Hər səfehə inanma, - səsi piləyə dönən oğlan onu yenidən qamarlayıb ağuşuna aldı.
- No, no, no! - sifəti odda qarsımış kimi görünən Laura barmağını oğlanın gözləri önündə saat kəfkiri kimi sağa-sola oynatdı, - elə şey olmayacaq, onu yaddan çıxart!
Oğlan onu təkrar süpürləyəndə isə:
- Dedim axı gözünü ondan çək. Sahibi var onun. Qonaqsan, özünü qonaq kimi apar, - dedi.
- Qonaaq, - əsgər onu eyzən öz səsi ilə yamsıladı.
- Belə yox, belə eləmə, qadın görməmisən? - Laura bu dəqiqələrdə əsgərin damarlarından çılğın kişi qanı axdığını yalnız hiss etmir, sanki gözlə də görürdü.
- Qadın görmüşəm, amma sənin kimisini yox, - oğlan uçuna-uçuna kəkələdi, - səndən yoxdur.
- Zanuda! (7) - onun əlindən çıxmağı bacarsa da, bu, Lauranın son acı kəlməsi oldu, oğlanın yenidən qollarını belinə doladığını gördükdə isə, - Burax, qapını bağlayım, - dedi, - görürəm, əl çəkən deyilsən... Tolko bıstro! (8)
Pəncərəyə yaxınlaşıb bic-bic yola baxdı, başını bulayaraq kandara yön alanda isə əsgərin onu tək nəzərləri ilə deyil, həm də arxadan yüngül addımlarla izləməyindən sezdi ki, əgər o, işrət dəmində də kələfin ucunu itirməyibsə, demək, hiyləsi baş tutan deyil: bayaqdan bir gözü divara söykəli silahda idi ki, görsün onu ələ keçirə bilərmi?
Qapını kilidləməkdən başqa çarəsi qalmayan qadın bircə kəlmə ilə:
- Xoramank! (9) - dedi və onun ağlında nə olduğunu əsgər həm də kin dolu səsindən hiss elədi.
- Ay şeytana papış tikən! Sonra da deyir, erməniyə nə olub? Sizin qanınız da halaldır, fitnəkar qadın! - deyə onu dalı-dalı taxta doğru itələdi, - bunun ayrıca qisası olacaq.
- Yavaş, dedim axı belə olmaz, - qadın özünü karlığa qoydu, - Nə yaman kobudsan?
- Vaxt yoxdur, - ona nəfəs aldırmayan əsgərin bayğın səsi gəldi, - Bunu soyun, bunu isə aç, - deyə mirvari boyunbağını göstərdi.
- Hamınız bir bezin qırağısınız, - müqavimətsiz qadının yeganə ümidi sanki qisasını sözlə almağa qalmışdı, - Yaxşı tanıyıram sizləri. Bir çılpaq bədənə vətən satansınız.
- Mən də deyirəm Kəpəzdə dilotu niyə yoxa çıxıb? Sən olan yerdə ot qalar? - oğlan danışa-danışa onu arxasıqatda yatağa yıxaraq sərməst halda daha nəsə pıçıldayıb əlini şalvarının dəmirbəndinə atdı...
Sonra elə bil səssiz filmin yavaşıdılmış kadrları bir-birini təqibə başladı: əvvəlcə ara-sıra hardansa gələn səslər kəsildi, hənirti-filan yox oldu, taxtın aram cırıltısı və ehtiraslı sayıqlamalar da qeybə çəkildi. Hər şey tam çəkisizliyə qərq olanda isə vaxt donub qaldı sanki, dünyanı səssiz rejimə qoydular...
Gec-tez bütün tamaşalar bitir...
O günorta seansının da bitən vaxtı gəlib çatdı. Səslər necə aram-aram qeyb olmuşdusa, o cür də yenidən peyda oldu, rənglər öz yerini təzədən aldı, dünya tanış ətrinə, otaq həminki işığına qayıtdı. İlk dili açılan da cilvəsi yataqda belə göz qamaşdıran Laura oldu:
- Nə qədər ki gələn yoxdur, çıx get! Gərək, hamı bilsin? - soruşdu, amma əsgərin üst-başını qaydaya sala-sala bivec halda verdiyi:
- Söhbət nədən gedir? - sualına cavabı da o qədər etinasız oldu, di gəl yarım dəqiqə sonra: - Səhv məndə oldu. Gərək, düzünü deyəydim sənə, - deyib səmimiyyətlə boynuna aldı, intəhası onun nə olduğundan da söz açmadı. Özünü lənətlədi ki, ürəyindəkiləri vaxtında deməyə cürət etsəydi, hər şey başqa cür ola bilərdi. Bəyəm ürəyi yox idi onun? Ya vardı, daşdan idi?.. Belə baxanda heç oxşamır da axı. Bəs onda niyə eləmədi? Əvəzində, görünür, eşitdiklərini özünə bəraət qazandırmaq cəhdi sandı deyə əsgər onu bu dəfə də qabaqladı:
- Burda nə desən olur, səhv nədi, ölüm-itim meydanıdır bura, - deməklə, ona haqq qazandırmış oldu. - Sən bir təndə iki cansan, məkrli erməni qızı ilə gözəl Laura, - duruxa-duruxa kimyəvi qələmlə möhür basılmış kimi görünən dodağından bixəbər qadına baxıb özünü gülməkdən zorla saxladı, - sən yataq üçün doğulmusan, xəbərin yoxdu! - dedi və kəmərini qurşayıb uniformasının gen, sallaq ətəyini sahmana salmaqla sanki farağat komandası almış oldu.
- Dedim axı get, yubanma! - gözlərinin xumarı hələ də çəkilməyən Laura ala-yarımçıq da olsa ürəyindəkini dilə gətirdi, - Allah eləməsin, Albert indilərdə qayıda.
- O qayıtmayacaq, arxayın ol! - əsgər silahı çiyninə aşırdı, - Yollar bağlıdır. Sən də vaxt itirmə. Get öz adamların olan yerə! Təcili get! Yubansan, öz bəxtindən küs, daha məndən kömək umma!
Sözü bitər-bitməz astanaya səmt yönəldi, amma güzgü qarşısına keçməklə:
- Neqodyay! (10) - deyib səsini başına atan qadının naləsini eşitcək yenidən geri qayıtmalı oldu, - Gör neyləmisən? - tel sancağını dişləri ilə tutub özünə çəki-düzən verən Laura göyərmiş dodağını sığalladı, - Svoloç! (11)
- O olanda bu da olur, - əsgər onu qibtə hissi ilə süzərək xoşqılıq səslə ürək-dirək verdi və qadının yanağına yapışıb ona sirli cazibə bəxş edən qıvrım cığasını sifətindən elədi, kobud barmaqlarını tərdən işıldayan isti, zərif üzündə gəzdirdi, pörtmüş, od kimi dodaqlarını təkrar-təkrar öpəndə isə dedi bəs damarlarına yeni qan vurdular. Beyni necə qızdısa:
- Axx, - deyə narazı-narazı başını buladı - nə deyim Sahibi-zamana?
- O kimdir elə?
- Səni erməni xəlq etmək onun ən böyük günahı olub. Yoxsa səni bu saat özümlə aparardım! İndi isə heç cür. Hara aparım, harda gizlədim? Hamı Albert ola bilməz ki! Ağlın əvvəllərə getməsin, belə şeylərə görə adamı qoz qabığına soxarlar. - Dedi, dönüb yola düzəlmək istəyirdi ki, gözü bayaq açıb stolun üstünə qoyduğu saatına sataşdı, götürüb qoluna keçirsə də, əl saxlayıb onu fikirli-fikirli Lauraya uzatdı:
- Məni bilmək olmaz, qoy qalsın... Kim ölə, kim qala, qismətdir burda.
Laura özünü elə apardı, guya, başı qarışdığından dinmir. Bir əlində saat, onu götürüb, bunu qoyur, kiminsə kölgəsini qılınclayır, söyüşündən də qalmırdı.
Əsgər bir də qapıdan çıxaçıxda geri qanrıldı:
- Sonra demə, gəncəli balası etibarsız imiş.
***
Keçməyəsən həyatın belə şeylərindən: kim inanardı, təqribən, iki-üç dəqiqə sonra səs eşidib özünü pəncərə qarşısına atan Laura gedən adamı Albertlə həyətin tən ortasında burun-buruna dayanmış görəcək?..
____________________________________
2 - Uniformada fərqlənmə nişanı
3 - Keçmiş Kirovabadda rusca-ermənicə məktəb
4 - Kirovabadda X.Abovyan adına erməni məktəbi
5 - Düzünü desəm
6 - Harda qalmısan, ay qız?
7 - Rusca zəvzək, zəhlətökən
8 - Rusca amma tez
9 - Ermənicə bic, hiyləgər, kələkbaz
10 - Rusca yaramaz
11 - Rusca əclaf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
