Kəsmə, külək... (Hekayə) - Bahar BƏRDƏLİ

 

Dövlət orqanlarını təmsil edən, iqtidaryönümlü bütün qəzetləri mizin üstünə yığmışdı. Son üç gündə bu qəzetlərə bəlkə min dəfə baxmışdı. Birinci səhifədə dərc olunmuş Sərəncamı da azından min dəfə oxumuşdu.

Dövlət başçısının imzaladığı sərəncama görə dövlətin maliyyələşdirdiyi bütün xəstəxanalar, poliklinikalar, tibb mərkəzləri, doğum evləri və s. bundan sonra əhali üçün pulsuz fəaliyyət göstərəcəkdi. Deməli, əhalinin müalicəsində pullu xidmət qanunla qadağan olunurdu! Necə yəni? Pul onlar üçün qadağandır?! Bilirsiz, bu nə deməkdir?

Baş həkim kabinetində var-gəl etməyə başladı. İyirmi ildir o, bu məşhur xəstəxanada məşhur baş həkimdir. Onun evinə pulsuz getdiyi gün olmayıb. Bircə gün burdan ona yetərincə pul verilməsə gecəni yatmaz, səhəri də açılmazdı!

Dəstəyi götürdü. Kimə zəng eləyib bu "ağır xəbəri" bölüşsün? Xəstəxanalara? Poliklinikalara? Yox, yəqin ki, onlar da əzbərlədikləri bu sərəncamın indi də enini-boyunu ölçməklə məşğuldurlar. Yaxşısı budur, nazirliyə - məsul şəxslərdən birinə - köhnə dostuna zəng eləsin. Nömrəni yığıb elə birbaşa mətləbə keçdi:

- Oxumusan də... Sərəncamı?

- Əlbəttə...

- Aydındır... hər şey?

- Əlbəttə... - məsul şəxs baş həkimin nə düşündüyünü, daha doğrusu, nə çəkdiyini, nə demək istədiyini çox gözəl anlayırdı. Odur ki, qeyri-ixtiyarı dilləndi: - əlimizdən nə gəlir ki?!.

- Amma... nəsə eləmək gərəkdi... Pulsuz camaat axışacaq xəstəxanalara...

- Neyləyə bilərik?

- Fikirləşməliyik! - Dəstəyi yerinə qoydu. Qəzetləri bir də gözdən keçirtdi... Elə bil sərəncamın yox olacağını görəcəkdi. Yox, bu belə davam edə bilməz! - öz-özünə əmr edirdi.

Kabineti dörd dolanıb pəncərəyə yaxınlaşdı. Yayın qızmar günləri idi... Otaqda kondisioner işləsə də, baş həkimin havası çatmırdı. Pəncərənin bir tayını açdı. Dərindən nəfəs aldı. Sonra ətrafa baxdı. Burdan xəstəxananın həyəti, giriş qapısı, qarşı tərəfdən uzanıb gedən prospekt aydın görünürdü. Daş hasar boyunca əkilmiş çinar, qovaq, küknar ağacları xəfif mehdən sığallanırdılar. Ağacların dibinə saralmış yarpaqlar səpələnmişdi. Yəqin susuzluqdandı... Yox... nə vaxtsa, hardasa oxuduğu bir misra düşdü yadına: "Bəzən baharda da yarpaq saralır"... Duyğulansa da, dərhal özünü ələ alıb sərtləşdi. Onun belə bir vaxtda şair olmaq fikri yox idi. Pul olan yerdə, siyasət meydanında duyğular yox, ağıl, sərtlik, ötkəmlik... məntiq işləyirdi. Hər halda, iyirmi illik Baş həkimlik təcrübəsindən bilirdi bunları...

Mühafizəçi həyətdə olan maşınları yan tərəflərə yığdırırdı.

- "Aha, birini tapdım!" - Baş həkim pəncərəni örtüb yerinə qayıtdı. Kresloya yayxanıb planlaşdırdı: "Mühafizəçilərin sayını artırmaq!.. Xəstəxanaya gələn xəstə axınının qarşısını yalnız onlarla almaq olar".

Dəhlizdə səs-küy başlamışdı, xəstələrin səsi idi, getdikcə güclənirdi. Deyəsən növbə davası idi. Katibəni çağırdı: - Bu nə səsdi belə? - soruşdu.

- Mahir həkimin qəbuluna gələnlərdir. UZİ-dən keçmək istəyirlər, əlli nəfərdilər!..

- Necə? Pulsuz?

- Əlbəttə!

Baş həkim fısıldayıb ayağa qalxdı, elə bil dədəsinin evini ondan xəbərsiz zəbt eləmişdilər. - Get mühafizəyə tapşır ki, giriş qapısını bağlasın. Bizim rayona aid olmayan adamları xəstəxanaya buraxmasm.

- Baş üstə.

Sonra da əlüstü xəstələrin verməli olduğu, amma verməyəcəkləri pulu da hesabladı. Əlli nəfər, iyirmi manatdan... Min manat... İlahi, min manat!.. Oturduqları yerdə gör nə qədər xərcə-borca düşdülər. Otaqda dövrə vurmağa başladı. Alnına döyəcləyə-döyəcləyə dəli-dəli, öz-özünə danışırdı. "- İndi bunun qarşısını almaq üçün nəsə edə bilməyəcəklər?! Fikirləş, fıkirləş!.. İyirmi ilin Baş həkimi! Fikirləş!.." Düşünməkdən, kabineti ölçməkdən yorulmuşdu, ağlına bir şey gəlmirdi ki, gəlmirdi...

Televizorun qarşısında dayandı, əl atıb düyməsini burdu. Xanəndə xanım sualı-suala calamışdı:

Külək, niyə belə əsirsən, külək,

Sən niyə sözümü kəsirsən, külək?..

Kresloda oturub ayaqlarını qarşısındakı böyük stolun üstündə üst-üstə aşırdı. "Başına qan yaxşı işləmirdi deyəsən... Bir az da belə fikirləşsin, görək, nə çıxır bu başın içindən?"

- Evrika! - Kişi ayaqlarını stolun üstündə oynatmağa başladı, - tapdım! Tapdım! Sən dahisən! Sən, vallah, tapılmaz incisən! Yerin dərin qatlarında gizlədilmiş cəvahir dolu mücrüsən... Hə! Hə! - Baş həkim özü haqqında sanki sağlıq deyirdi. Yenə katibəni səslədi:

- Ceyran, çay! Yox, kofe! - telefonun dəstəyini götürüb Səhiyyə Nazirliyindəki dostunun nömrəsini təkrar yığdı:

Mənsiz sizin işiniz heç vaxt keçməyib, bundan sonra da keçməyəcək!

- Bir şey tapdın?

- Bəs necə?!

- De gəlsin!

- Biz niyə hər yoldan keçəni xəstəxanaya, poliklinikaya, nə bilim, doğum evlərinə... qəbul edirik?

- Ona görə ki, bura Azərbaycandır, onlarsa Azərbaycan vətəndaşları...

- Amma... Hər kəsin bir şəxsiyyət vəsiqəsi var. Hər vəsiqədə də onların yaşadığı rayon, kənd, nə bilim, qəsəbə... var?

- Əlbəttə, var... Nolsun?

- O olsun ki, bu xəstə adam, zəhmət çəksin, öz yaşadığı ərazinin poliklinikasına, xəstəxanasına müraciət etsin!

- Əgər o xəstəxanada bu xəstənin xəstəliyinin müalicəsi yoxdursa, çətindirsə, kadrlar - həkimlər istənilən səviyyədə deyillərsə və sizin xəstəxana da profılə uyğundursa, onda necə olsun?

- Bunun üçün xarici ölkələr var, - Almaniya, İran, Rusiya, Türkiyə... Burda bizə pul ödəyə bilməyənlər gedib görsünlər ki, nə qədər pulları çıxır... Bir sözlə, qısası, bu xəstəliyin müalicəsi bizdə yoxdur, vəssalam! - Dəstəyi yerinə qoyub, televiziyanın səsini qaldırdı. Xanəndə xanım hələ də yalvarırdı:

Külək niyə belə əsirsən, külək,

De, niyə sözümü kəsirsən, külək?

Həkim də xanıma qoşulub oxumağa başladı. Elə oxuya-oxuya da katibəni səslədi:

Ay nazlım,

Ay duzlum,

Ay sözlüm,

Ay üzlüm,

Gəl görüm,

Tez görüm!..

Qız nazlana-nazlana, sallana-tullana əlində bir fincan kofe kabinetə girdi. Həkimin qarşısında fırfiraya dönsə də, heyrətindən ağzı da açıq qalmışdı.

"Üç gündür doğan arvadlar kimi ağrı çəkən Baş həkim deyəsən bir yanı qızıl, bir yanı gümüş olan oğlan doğmuşdu... Kefi ala buluddaydı. Yox, qızıl yumurtlayan toyuğa da oxşayırdı, gör necə qaqqıldayırdı!"

- Yaz! - Həkim amiranə səslə dedi. - Bizim xəstəxanaya yalnız, istisna hal kimi, xüsusi göndərişli xəstələr qəbul olunur! Əks hal yoxdur! Bir də bizim öz rayonumuzun xəstələri. Xəstələrdən xahiş edirik özlərinin də, bizim də vaxtımızı almasınlar! Yalnız öz yaşadıqları rayonun xəstəxana və poliklinikalarına müraciət etsinlər! Yazdın?

- Bəli!

- Bundan bir neçə nüsxə hazırla, apar yapışdır xəstəxananın həyətinə, giriş qapısına, dəhlizlərinə, tualetlərə... Anladın?! Di cəld ol! Bir də qapıda dayanmış mühafizəyə çatdır ki, əvvəlki əmrimiz də yerindədir... Yəni ağır xəstələri xəstəxanaya qəbul etməsinlər. Ölsələr, xəstəxanamızın adı pis hallanar. İndiyə kimi, bu iyirmi ildə hələ bir xəstə də burda ölməyib. Çünki ağır xəstəliyə tutulmuşları biz xəstəxanaya götürməmişik. Bildin?

- Hə!

- Onda "uçdun!"

Bir azdan katibə başı alovlu otağa qayıtdı:

- Həkim, pəncərədən baxın! Bir "Jiquli" maşın xəstə, yaşlı qadını zorla həyətə salmaq istəyir!

Həkim sakitcə pəncərəyə yanaşdı. Pəncərələr kip bağlandığından səsi, danışığı, mühafizənin mübahisəsini eşitmirdi. Bir onu başa düşdü ki, küçədə yolu keçmək istəyən qadın qəflətən yıxılıb. Ya gün vurmadı, ya da infarkt... Yaxın xəstəxana bura olduğundan onu bir maşın götürüb tez bura çatdırıb.

Baş həkim çığırdı:

- Get mühafizəyə denən ki, xəstəni qəbul etməsinlər, küçəyə çıxartsınlar! Bircə həştat yaşlı qarımız çatmırdı. Getsin rahatca evində ölsün də. Gərək burda ölə?!

Katibə dərhal yox oldu. Hirsindən, hikkəsindən əsən Baş həkim artıq soyumuş kofeni birbaşa başına çəkdi. Üstündən limonlu soyuq çay da içdi. Arxa otağa keçib divana sərələndi.

- Oxay, nə sərindi! Bir az yatmaq pis olmazdı! - Elə bil ağır xəstəlikdən sonra özünə gəlmişdi, xeyli yüngülləşmişdi...

...Öz xorultusuna ayıldı. Başının üstündə dayanmış mühafizəçi və katibə təəccüblə, heyrətlə, qorxa-qorxa... nə bilim, nə cürsə ona baxırdılar. Həkimin oyandığını görüb xorla dilləndilər:

- "Jiquli" maşını xəstə qadını həyətə atıb getdi... Qadın öldü...

- Elə həyətdə?

- Bəli...

- O maşını tapın, onun sürücüsünü də bu arvadın yanında basdıracağam! - Görüm onu bura niyə gətirib axı?

Mühafizəçi günahkar adamlar kimi yavaşca dedi:

- Yaxşı olar ki, həkim, ölən qarıya siz də baxasınız...

- Nəyinə baxmalıyam?! - Baş həkim necə nərildədisə pəncərənin şüşələri də cingildədi. - Aparın atın morqa!..

Bu dəfə mühafizəçi çəkinə-səkinə pıçıldadı:

- Həkim, o qadın... öləndə dedi ki, Baş həkimə çatdırın, südüm ona haram olsun... Yanıma üzü qara... pis sifətdə gəlsin!

- Nəəə? - Anaaam?!..

 

***

...Baş həkimin böyümüş, qızarmış gözləri hədəqəsindən çıxmışdı... Beli sınmışdı... əyilə-əyilə yeriyirdi. Mühafizənin köməyilə aşağı mərtəbəyə güclə düşdü... Həyətə açılan qapı bağlıydı... Açar tapılmırdı... Yarımqaranlıq dəhlizdə Baş həkim başını divara çırpırdı...

Gözətçilərdən biri qapını çöldən bağlayıb həyətdə qalan ananın meyitini morqa aparmışdı.

...Qəflətən xəfif mehi dəli xəzri əvəz etmişdi... Xəstəxana toz burulğanın içində "çabalayırdı". Güclü külək onu gücü çatdığı, yetdiyi qədər süpürüb atmaq istəyirdi...

"Qisas qiyamətə qalmır", - deyirlər...

 

Avqust, 2014

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!