Nifrətdən sevgiyə (Hekayə) - Təranə MƏMMƏD

Təranə Məmməd ixtisasca şərqşünasdır, 1978-ci ildə ADU-nu bitirib. Uzun illər AR NK nəzdində Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Komitəsində və MTN-də məsul vəzifələrdə çalışıb. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. Əlli illik əbəbi fəaliyyəti dövründə rus və ərəb-fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə sahəsində böyük etimad qazanıb. Şair, tərcüməçi, nasir, esseist və publisist kimi tanınır. Beş kitab müəllifidir, hekayələri kitab halında Misirdə işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Şeyla son illər dilimizdə və bir çox dillərdə tez-tez işlənən və mənası "işgüzar qadın" olan "businesswoman" ifadəsinə tam uyğun gəlirdi. Şəhərin mərkəzində yerləşən Biznes Mərkəzinin ofislərinin birinə başçılıq edən bu qadın sanki Avropa reklam jurnallarının hansınınsa səhifəsindən enib Bakıda peyda olmuşdu. Bəlkə də, Şeyla həmin jurnallardan nə zamansa iş təklifi almış, lakin həmin təklifi rədd etmişdi. Bəlkə də, reklamçılar bu gözəl qadından hələ xəbərsiz idilər.

40-45 yaşlı bu cazibədar qadın təhsilini əvvəl Bakıda, sonra ABŞ-də almışdı. Vətənə qayıtdıqdan dərhal sonra böyük bir şirkətə menecer, bir müddətdən sonra isə şirkətə başçı təyin edilmişdi. Xanımın əsl adı Şəlalə olsa da, ABŞ-dən qayıtdıqdan sonra özünü hamıya amerikasayağı Şeyla kimi təqdim edirdi. Səbəbini soruşanda deyirdi ki, bu ad düşərlidir.

Biznes mərkəzinin yeraltı qarajına balıq dəryaya baş vuran kimi astaca girən "Peugeot" markalı maşından düşüb liftə yaxınlaşan Şeyla həmişəki kimi çox cazibədar idi. Əynindəki dar qara donun arxasında boynundan ətəyinin sonuna qədər uzanan və hərdən ilan kimi parıldayan gümüşü zolaq qadının incə bədənini daha da cəlbedici göstərirdi. Gümüş rəngində hündürdaban ayaqqabı donun gözəlliyini tamamlayırdı. Pərakəndə şəkildə yığılmış ipək kimi palıdı saçlarının bir hissəsi sanki qəsdən saç sancağının arasından çıxarılıb üzünün bir tərəfinə tökülmüş və qadının bir qaşını və iri sürməli gözünü qismən bağlamışdı. Bu saç düzümü Şeylanın hələ uşaqlıqdan xarakterində olan şıltaqlığının nişanəsi idi sanki. Onu hamı ciddi, işgüzar, savadlı, bir qədər də sərt qadın kimi tanıyırdı. Şeyla çox danışmağı sevməyən, dərhal qərar verməyi bacaran və işində dəqiq bir insan idi.

Son dəblə təmir olunmuş və ultramüasir dizayn əsasında bəzədilmiş iş otağının qarşısındakı salonda əyləşən katibə müdirini səbirsizliklə gözləyirdi ki, ona şad xəbər versin. Dəhlizdən Şeylanın ayaq səslərini eşitdikdə qız əlləri ilə saçlarına sığal çəkdi, dar qısa ətəyini bacardıqca aşağı çəkib, farağat əmri almış əsgər kimi durub gözlədi. "Sabahın xeyir, Gülya!" - deyərək Şeyla qızın gərginliyini bir qədər azaltdı.

- Sabahınız xeyir, Şeyla xanım.

- Mənə xəbərin var?

- Bəli. Bayaqdan sizi bir adam gözləyir. İnsan Resurslarından xəbər verdilər ki, çoxdan axtardığımız Çin dili tərcüməçisini siz də bəyənsəniz, əmrini vermək olar.

- Nə yaxşı! Nəhayət, çinli partnyorlarımızla öz dillərində danışa bilərik. On dəqiqədən sonra çağır onu yanıma.

- Oldu, Şeyla xanım.

Düz on dəqiqədən sonra Şeylanın kabinetinin qapısı astaca döyüldü. "Gəlin!" - deyə Şeyla qapını döyəni içəri dəvət etdi.

Cəsarətli və sərbəst addımlarla içəri girən yeni işçi Şeylanın təsəvvür etdiyindən fərqli idi. Ucaboy, son dəblə geyinmiş bu adam təxminən, elə Şeyla yaşda olardı. "Mən tərcüməçiyəm", - deyə o, salam vermədən özünü təqdim etdi.

- Bilirəm. Sənədlərinizi hələ görməmişəm. Ona görə gəlin tanış olaq. Buyurun, əyləşin.

- Çox sağ olun. Bağışlayın, salam vermədim.

- Eybi yox. Önəmli deyil. Adınız nədir? Yəni sizə necə müraciət edə bilərəm?

- Adım Məciddir.

Şeyla bir qədər duruxdu və qarşısında oturan adama diqqətlə baxıb "Məcid. Demək, adınız Məciddir", - dedi. Hiss olundu ki, bu kəlmələri tələffüz etməklə Şeyla ya bu adamı haradan tanıdığını yada salır, ya da onun kim olduğunu dəqiq bildiyindən həyatın qəribə təsadüfünə təəccüblənirdi.

- Bəli. Müasir adlardan bir qədər fərqlidir adım.

- Özünüz müasir olun, yetər. Çin dilini sərbəst bilirsiniz? Şirkətimizin işi birbaşa Çin firmaları ilə bağlıdır. Əslində, bizə dili yaxşı bilməklə yanaşı, şirkətin işlərini də gələcəkdə bu sahədə apara biləcək bir işçi lazımdır.

- Universiteti bitirdikdən sonra bir neçə il Çində təcrübədə olmuşam. Güman edirəm ki, bacaracağam.

- Lap yaxşı. Əminəm ki, bütün bunları şirkətin eyçarı dəqiq yoxlayıb. Oldu. Gedə bilərsiniz. Qərarımız, çox güman ki, müsbət qərar olar, tezliklə sizə çatdırılacaq.

"Oldu. Təşəkkür edirəm", - deyib otaqdan çıxan Məcid ürəyində "Gözəl qadındır, amma özündən çox razıdır, deyəsən. Həm də... elə bil tanış gəldi mənə bu Şeyla xanım", - deyə düşündü, lakin indi onu işə qəbul edilməsi daha çox maraqlandırırdı deyə, bütün bunlara o qədər də əhəmiyyət verməyib getdi.

Şeyla otaqdan çıxan adamı baxışı ilə yola salıb ayağa qalxdı. Pəncərəyə yaxınlaşıb şəhərə göz gəzdirdi. Göydələnin pəncərəsindən şəhər həyatı xaotik hərəkət edən karuselə bənzəyirdi. Şeyla bu xaosda nəsə axtarırmış kimi diqqətlə baxır və çox güman ki, heç nə görmürdü, çünki xəyalən çox uzaqlarda idi...

O, masaya yaxınlaşıb selektorun düyməsini basdı və cavab gözləmədən "Mənə təzə gələn tərcüməçinin CV-sini gətirin", - dedi.

O günü Şeyla kabinetdə keçirdi. Məcidin CV-sinin hər cümləsini dəfələrlə oxudu. Bu adamın illər sonra onun ofisinə gəlib çıxması fantastik bir təsadüf idi...

 

***

Yeni işçi Çin dilindən başqa, daha iki Avropa dili bilirdi. Onun insanlarla ünsiyyəti, həmkarlarla münasibəti Şeylanı nəinki qane edirdi, hətta qadının ona həddən artıq diqqət yetirdiyi də gözdən yayınmırdı.

Artıq 3 ay idi ki, Məcid Şeylanın şirkətində çalışırdı. İlk baxışdan hər şey yaxşı görünsə də, Şeylanın ürəyində Məcidə qarşı intiqam hissi günü-gündən artır və qadın bu adama hələ lap uşaq ikən ona yaşatdığı acının eynisini yaşatmaq haqda düşünürdü. Şeyla Məcidin bir zaman onların qonşusu olduğunu artıq dəqiq bilirdi, lakin bu haqda ona heç nə demirdi.

Məcid isə Şeylanın uşaqlıqdan tanıdığı və özü də bilmədən bir zaman incitdiyi qız olduğunu heç ağlına da gətirmirdi.

O gün şirkətdə iş birliyi haqda ümumi nəticəyə gəlindikdən sonra iki nəfər çinli, tərcüməçi Məcid və Şeylanın iştirakı ilə Bakı restoranlarının birində şam yeməyi nəzərdə tutulmuşdu.

İş saatı bitsə də, Gülya hələ evə getməyə tələsmirdi, çünki qaydalara əsasən, o, evə Şeyla kabinetini tərk etdikdən sonra gedə bilərdi.

Şeylanın fantaziyası çox zəngin olduğundan heç vaxt geyim seçimində çətinlik çəkmirdi. Bu gün də qara qısa kokteyl donunun üstündən moruq rəngli pencək və ona uyğun ayaqqabı geyinib saçlarını daradı və bu cüzi dəyişiklik kifayət etdi ki, onun libası restoran atmosferinə tam uyğun olsun.

Məcid də geyimində xüsusi bir dəyişiklik etmədən qalstuk taxmaqla kifayətləndi. Çinli qonaqları restorana şirkətin sürücüsü gətirəcəkdi.

Şeyla hazırlaşarkən seyfdən çıxardığı min dolları kiçik əl çantasına qoyub gülümsündü və otaqdan çıxdı...

Məcidin hələ öz otağında olduğunu bilirdi. Liftlə qaraja endi. Maşınının qapısını açıb sükan arxasına oturdu və Gülyaya zəng edib "O qədər həyəcanlı və tələsik düşdüm ki, çantamı masanın üstündə unutdum", - dedi.

- İndi gətirərəm, Şeyla xanım.

- Yox, sən əziyyət çəkmə. Məcidə ver, gətirsin qaraja. Gözləyirəm.

- Oldu, Şeyla xanım, indi göndərirəm.

Bir neçə dəqiqədən sonra Məcid əlində çanta qaraja endi. Maşınına yaxınlaşıb, çantanı Şeylaya uzatdı.

- Buyurun, Şeyla xanım. Gülya dedi ki, çantanı unutmusunuz.

- Çox sağ olun. Bəzən unudursan.

- Yəqin, çinlilərlə görüş sizi həyəcanlandırıb. Şeyla "Ola bilər", - deyib Məcidə diqqətlə baxdı və sağollaşıb maşını işə saldı.

Şam yeməyi çox maraqlı oldu. Çin mətbəxi dünyada məşhur olsa da, qonaqlar Azərbaycan mətbəxini də çox bəyəndilər. Hətta Məcidin sayəsində xörəklərimizin adlarını da əzbərlədilər. Şeylanın bir qədər gərgin və qayğılı olduğu hiss edilirdi. Məcid qadına diqqətlə baxdıqda onun əllərinin əsdiyini görüb səkitcə pıçıldadı:

- Nədən narahatsınız?

- Heç.

- Görürəm axı. Bəlkə, nəsə köməyim dəyər sizə?

- Sizinlə təkbətək danışmalıyam.

- Mənimlə?

- Bəli. Sizinlə.

Qonaqları yola salıb qayıdan Məcid "Burada danışaq, yoxsa?" - deyə soruşdu.

- Əyləşin. Mən bu məsələni başqa yolla da həll edə bilərdim, amma əvvəl sizin özünüzlə danışmaq istədim.

- Nə məsələ?

- Çantanı otağımda unutmuşdum.

- Bəli, onu mən gətirdim.

- Mən işçilərimə özüm qədər inanıram. Sizdən başqa bu çantaya yalnız katibəm toxunub.

- Və?

- "Və"si odur ki, çantadakı min dollar yoxa çıxıb.

Məcidin rəngi dəyişdi. Onun sanki dili tutuldu. Sonra özündə güc tapıb sual verdi:

- Güman edirsiniz ki, onu mən götürmüşəm?

- Əminəm! - deyə Şeyla qətiyyətlə cavab verdi.

Məcid donub qalmışdı, nə deyəcəyini, nə edəcəyini bilmirdi. Heç bir günahı olmadığı halda, qadının qarşısında cinayət işləmiş müqəssir kimi oturmuşdu.

- Siz məni təhqir edirsiniz!

- Niyə?

- Çünki mən kiminsə pulunu götürə bilmərəm.

- Səbəb?

- Mən oğru deyiləm. Mən... Mən heç vaxt... Axı mən uşaq deyiləm!

- Bəs uşaq olsaydın, götürərdin?

Araya qəribə bir sükut çökdü. Məcid başını qaldırıb qarşısındakı qadına diqqətlə baxdı. Sonra əlləri ilə üzünün tərini sildi. Gözlərini bir anlıq bağlayıb təzədən açdı. Qəfil yerindən sıçrayıb harasa getmək istədi, lakin fikrini dəyişib yenidən əyləşdi və əlləri ilə başını tutdu: "Deyirəm axı! Mən bu qadını kiməsə oxşadıram! Şəlalə!"

Şeylanın gözləri dolmuşdu. O, uşaqlıq xatirələrinin heç birini unutmamışdı. Qayğısız, işıqlı, parlaq uşaqlığının içində qara ləkə kimi qalan bir xatirə də var idi ki, bu xatirə məhz Məcid və onun ailəsi ilə bağlı idi.

Məcidgilin mənzili iki mərtəbə yuxarıda yerləşirdi. Məcid heç vaxt uşaqlarla həyətdə oynamazdı. Bütün gün ya dərs oxuyar, ya da skripka çalardı. Onun atasının harada işlədiyini heç kim bilməsə də, ailənin maddi vəziyyətinin yaxşı olduğunu hamı bilirdi. Şəlalənin ailəsində də maddi çətinlik yox idi. Uşaqlar o vaxt 10 yaşında idilər.

Şəlalə qızlarla həyətdə oynayırdı. Məcidin atası da qarajının qarşısında maşınını təmizləyir, tozunu silirdi. Hava küləkli olsa da, isti idi. Məcidin atası pencəyini çıxarıb Şəlaləyə əl etdi. Qız qaça-qaça kişiyə yaxınlaşdı.

- Qızım, bizim evi tanıyırsan?

- Bəli. Siz Məcidin atasısınız.

- Ay bərəkallah. Apar, qızım, bu pencəyi ver bizim evə. Qapını kim açsa, ver. Apararsan?

- Apararam, əlbəttə.

Şəlalə pilləkənləri qalxıb qapının zəngini basdı. Məcid qapını açıb qızın qarşısında müqəvva kimi dayanmışdı.

"Atan verdi bu pencəyi. Götür", - deyə Şəlalə dilləndi.

Məcid pencəyi götürüb qapını qızın üzünə bağladı.

O gecə Məcidin atasının Şəlalənin atasına nə dediyini heç kim bilməsə də, onların söhbətindən sonra kişinin əhvalı dəyişdi. O, eyvana çıxıb siqaret çəkdi, sonra qızını yanına çağırdı və "Qızım, sənə bir sual verəcəyəm. Ancaq mənə düzünü de. Sənin bu cavabından çox şey asılıdır", - deyə qızının saçlarını sığalladı.

Gecənin bu vaxtı qonşunun onların qapısını döyməsi, atasının onunla söhbəti balaca Şəlaləni qorxutmuşdu.

- Qızım, sən bu gün qonşunun pencəyini aparmısan, düzdür?

- Bəli, ata. Özü verdi ki, aparım onlara.

- O pencəyin cibində nə olduğunu bilirdin?

- Yoox. Bilmirdim.

- Sən oradan pul götürməmisən ki?

- Nə? Pul? Sən nə danışırsan, ata?! Mən kiminsə cibindən pul götürərəm?!

- Yox, qızım, əlbəttə, götürməzsən. Mən bunu bilirəm, ancaq pencəyin cibindən pul yoxa çıxıb. Demək, onu qonşunun öz oğlu götürüb.

- Məcid? Niyə götürüb?

- Onu bilmirəm, qızım... Aydındır, özüm həll edərəm.

Pulu götürmədiyindən Şəlalə tam rahat idi, ancaq onu Məcidin götürüb, günahı qızın üstünə atması ona çox pis təsir etmişdi.

Şəlalənin anası Məcidin anası ilə danışmaq istədikdə atası razı olmamış, ertəsi gün işə gedəndə isə tapşırmışdı ki, evdəkilər bu söhbəti olmamış kimi həmişəlik unutsunlar.

Ailədə bu söhbətin üstünə heç kim gəlməsə də, Şəlalə bu əhvalatı unutmadı və qəlbində Məcidə qarşı nifrət və intiqam hissi yarandı.

O axşam Məcid də ürəyində Şəlaləyə nifrət edirdi. Çünki əmin idi ki, atasının cibindən pulu məhz Şəlalə götürüb. Atasının o gün Məcidə dediyi sözlər isə uşağın yadından çıxmadı:

- Oğlum, yadında saxla, bilsəm ki, sən kiminsə bir qəpiyini oğurlamısan, əllərini özüm kəsərəm.

Bir gün xəbər çıxdı ki, Məcidin atasını xaricdə işləməyə göndərirlər. Onlar Şəlaləgilin həyətindən köçüb getdilər...

 

***

Məcid yaxınlaşıb Şeylanı qucaqladı. Şeyla da sanki illərdir bunu gözləyirmiş kimi başını Məcidin çiyninə qoyub hönkürdü.

- Şəlalə, mən də o gün çox pis olmuşdum. Amma bilməzdim ki, bu hadisə səni bu qədər incidib. İnan, bilsəydim, mütləq sənə yazardım, zəng edib deyərdim. Bizim ailədə bu problem o qədər tez həll edildi ki... Həm də sənin atan atama bircə dəfə dedi ki, mənim qızım götürməyib o pulu. Biz də bildik ki, sən götürməmisən. Sən axı niyə buna bu qədər əhəmiyyət verib, illərdir unutmamısan?!

- Səndən qisas almaq istəyirdim, ona görə. Səni dərhal tanıdım. Bu fürsəti əldən verməməyi qərara aldım.

- Sən dəlisən?! Dayan görüm, niyə bu qədər gözəlləşmisən? - Məcid Şəlaləyə diqqətlə baxdı.

"Elə sən də pis deyilsən", - Şeyla gülümsədi.

- Yaxşı bəs niyə soruşmursan, o pulun axırı necə oldu?

- Doğrudan, bəs pulu kim götürmüşdü?

- Desəm, inanarsan?

- Bəlkə də...

- Atam maşını qarajdan çıxardanda salıbmış o pulu cibindən. İki gün sonra özü tapdı, atandan da üzr istədi. Bəs o demədi bunu sizə?

- Yox, atam bu söhbətə heç vaxt qayıtmadı. Son günə qədər.

- Bağışla. Allah rəhmət eləsin.

- Sağ ol. Anamla yaşayıram. Yaşlaşıb o da yaman. Atamdan sonra heç özünə gəlmədi. Siz elə birdəfəlik getdiniz qonşuluqdan. Sizinkilər necədirlər?

- Mən tək yaşayıram. Valideynlərimi çox tez itirdim. Əvvəl anam xəstələndi. Həkimlər heç nə edə bilmədilər. Atam da qəfil ürək çatışmazlığından getdi. Heç oğul toyu da görmədilər. Nəvə, nəticə də. Sən niyə ailə qurmamısan?

- Nə bilim. Əvvəl naz etdim. Hərədə bir nöqsan tapıb qəbul etmədim. İndi də daha heç kim istəmir məni.

- Səni? Heç kim istəmir? Heç inanmaram.

- Sənə həqiqəti dedim. Təkliflər çoxdur, amma ailə qurmaq istəyən yoxdur.

- İndi, ümumiyyətlə, ailə qurmaq istəyən çox azdır. Elə biri mən. Həmişə düşünmüşəm ki, həyat yoldaşımı xoşbəxt edə bilməyəcəyəmsə, niyə ailə qurum? Bilirsən, bizim mental düşüncədən bir qədər kənardayam mən. "Kim nə deyər?" sualı mənə aid deyil. Bir də, yəqin ki, hələ ürəyimə yatan, məni tam anlayana rast gəlməmişəm. Ömər Xəyyam yadındadır?

"Hər əlinə keçəni yeməkdənsə ac qal,

Hər qarşına çıxanla yaşamaqdansa tək qal" - deyirdi o.

- Nə qədər doğru! Mən də hər kəslə ailə qura bilməzdim. Həm də indi robotlar əsridir axı. İnsana, onun hisslərinə ehtiyac olmayacaq bir azdan. Hisslər də ölüb gedəcək.

- Amma bütün bunlarla yanaşı, istərdim ki, ailəm olsun, uşaqlarım olsun.

- Elə bilirsən, mən istəməzdim? Hərdən elə darıxıram ki...

"Şəlalə... Şeyla, bu nə addır e, qoymusan özünə?" - deyə Məcid mövzunu dəyişməyə nail oldu.

- Mən qoymamışam. Amerikalılar qoyublar. Amma düşərli addır.

- Əşi... Nə vaxtdan belə şeylərə inanmağa başlamısan?

- Sən Şəlalə deyə bilərsən mənə. Uşaqlıq dostum kimi.

- Yaxşı. Dur. Gecdir. Dur aparım səni evinizə.

- Bəs mənim maşınım?

- Elə öz maşınınla.

- Bəs səninki?

- Narahat olma, sonra gəlib götürərəm. Dur. Götür bu çantanı da və xahiş edirəm, elə et ki, mən onu bir də görməyim.

 

***

Bir müddətdən sonra nə Şeyla, nə də Məcid aralarında qəfil yaranan sevgini gizlətmirdi. Onlar sözün əsl mənasında xoşbəxt idilər. Deyirlər, sevgi ilə nifrət arasında cəmi bircə addım var. Şeyla isə deyə bilərdi ki, nifrətdən sevgiyə sadəcə bir keçid var. Çünki bir zaman ürəyində nifrət bəslədiyi Məcidi indi çox sevirdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!