Üç hekayə - Sevil GÜLTƏN

 

Qərib anam

 

Bəzən deyirlər ki, qızlar ana olmağı anasından öyrənir. Yalan sözdür, çünki anam ana üzü görməyib. O doğulandan üç gün sonra anası dünyasını dəyişib. Kiçik dayım həyətdə ocaq qalayıb balıq bişirirmiş, evləri də alovlanıb. Üçgünlük anam da evin içindəyimiş. Üzünü görmədiyim, həmin vaxtlar uzağı, 20 yaşı olan nənəm evə girib anamı çıxardıb. Deyilənə görə, çox qorxub, bir-iki həftə sonra dünyasını dəyişib. Babam söz verib ki, heç vaxt evlənməyəcək, üç uşağı ögey ana əlinə verməyəcək. Deyirmiş ki, qızım çörək bişirsə, ölsəm də dərdim olmaz. Altı yaşı olanda anam çörək bişirib, yer təndirində (Anam Beyləqanın Şahsevən kəndindəndir. Orda təndirlər elə olurdu). Axşam atası evə gəlib, anamın bişirdiyi çörəyi yeyib, "Şükür Allaha, ta dərdim yoxdur", - deyib. Yatıb, səhər oyanmayıb. Anam atadan da yetim qalıb. Qohum-qonşular anamı danlayıb, "nə tələsirdin çörək bişirməyə?" deyiblər. Özündən böyük iki qardaşının yeməyini bişirib, paltarlarını yuyub - altı yaşında. Doğum tarixini anasının başağacındakı (başdaşı yox, başağacı, çünki taxtadan olub) ölüm tarixinə görə yazıblar: 1938-ci il. Məsələ bundadır ki, anamdan böyük qardaşının başdaşında da 1938-ci il yazılıb. Ona görə də anam nəinki doğum gününü, hətta doğum ilini də dəqiq bilmədi. Atam Şamaxıda texnikumda oxuyurmuş, onların kəndinə pambıq yığmağa gediblər. Anamı görüb, qaçırıb. 16 yaşı varmış anamın.

Qoşulub qaçdığına görə böyük dayım 25 il bizə gəlmədi. Biz onlara gedirdik, yük maşını vardı. Qayıdanda bizi öz maşınında gətirirdi Zərdaba, amma kəndə, evimizə getmirdi. Deyəsən, 1980-ci il idi. Böyük bacım dayıma məktub yazdı ki, anamız - bacın ölüb. Yalandan... O da bir qoyun götürüb gəlmişdi, anamın sağ olduğunu görüb bacımı danlamışdı. Ondan sonra gəlib-getməyə başladı.

Elə bilirəm, yer üzünün ən zəhmətkeş qadını, ən qayğıkeş anası olub Anam...

Hamı deyir, hər mənada anama oxşamışam...

Anamın adı Gülasta idi. Bu vaxta qədər hələ heç bir kitabda belə ada rast gəlməmişəm; nə həyatda, nə də bədii kitablarda. Güldəstə, Gülgəz, Gülbəs kimi adlar var. Amma "Gülasta"ya rast gəlməmişəm. Gülasta - asta gül, ucadan gülmə mənasındadır.

Nə qədər düşünsəm də, anamın güldüyünü təsəvvür edə bilmirəm. Anam gülümsəyirdi, gülmürdü. Bu, utancaqlıq idi, nəydi, bilmirəm.

On yeddi yaşıma qədər, yəni instituta daxil olana qədər bütün ailə üzvlərimiz eyni otaqda yatırdıq. Hər səhər mitili sandıq üstə yığar, gecələr isə sırayla döşəməyə sərərdik. On yeddi yaşıma qədər anamın nə vaxt yatdığını, nə vaxt yuxudan durduğunu heç vaxt görmədim. Biz yuxudan duranda görərdük ki, anamın yorğan-döşəyi sandığın üstündədir. Səhər saat 7 olanda "durun, durun, gün günortadır", deyirdi...

Anam qəmlənəndə, kimsə xətrinə dəyəndə deyirdi ki, mən bu kənddə qəribəm, kimim var ki, bu uşaqlardan savayı... Mən hərdən qəzetdə Şahsevənlə bağlı yazı oxuyanda o kənd sakinlərinin adına rast gəlirdim, tez anamdan soruşurdum ki, filankəsi tanıyırsanmı? Deyirdi, ay bala, gör neçə ildir o kənddən çıxmışam, ömrümü Zərdabda keçirmişəm, Şahsevəndə kimi tanıyıram ki?! Anam qərib idi bu dünyada...

Analı günlərim yaddaşımın bir küncündədir... Hər gün o küncə baş çəkirəm, hərdən bir dəqiqəlik, hərdən isə daha çox - bugünkü kimi...

 

 

Doğmalıq

 

Maşından düşüb çöl qapıya yaxınlaşan kimi dəyişikliyi hiss etdim... Keçən ay kənddə olanda həyətin otunu biçdirmişdim. Otbiçən oğlan işini bitirib gedəndə birdən ayaq saxladı, çöl qapının böyründəki boşluğu göstərib dedi:

- Müəllimə, buranı bərkitmək lazımdır.

Çəpərim dəmir şiferdəndir, altına beton tökülüb, ortadan da dəmir profillə bərkidilib. Otbiçənin göstərdiyi yerdə profil aralanmışdı.

- Qoy bir şey tapıb gətirim, onu bağla. Növbəti dəfə kəndə gələndə düzəltdirərəm, - dedim və evdən möhkəm ip gətirib ona verdim, o da iplə profili bağlayıb bərkitdi.

İndi həmin ip yox idi, profil məftillə bərkidilmişdi.

Qapını açanda öz-özümə dedim: "Görəsən kim edib bunu? Otbiçən oğlan?"

Yox, inanmıram. Bəs kim?

Qapını açıb həyətə girdim, zənbillərimi həyətdəki köhnə stolun üstünə qoyub evin qapısını açdım, sonra zənbilləri evə daşıyıb çölə çıxdım ki, suyu açım. Hər dəfə Bakıya qayıdanda sayğacın yanındakı bütün krantları bağlayırdım. Sayğaca yaxınlaşanda başqa dəyişiklik diqqətimi cəlb etdi. Heyva ağacının altındakı köhnə, narıncı rəngli əl arabası ağzıaşağı çevrilmişdi. O arabanı da çox vaxt ağzıaşağı çevirirdim. Amma keçən dəfə unutmuşdum. Arabanı ağzıaşağı çevirməyəndə yağış yağanda içinə dolur, paslanırdı. Görəsən arabanı kim çevirib? Bəlkə özüm çevirmişəm, yadımdan çıxıb... Yox, dəqiq yadımdadır, arabanı çevirməmişdim. Həyətə boylandım, yenə də təəccübləndim. Hər dəfə otu biçdirəndə ya otbiçən, ya da başqa fəhlə otu bir yerə toplayırdı. Keçən dəfə otbiçən oğlan başqa yerə tələsirdi deyə biçilmiş ot elə yerdə qalmışdı. Çox deyildi, qonşu kişi biçilən otun bir hissəsini daşıyıb aparmışdı, amma çox hissəsi qalmışdı. Fikrimdə tutmuşdum ki, bir də kəndə gələndə otu bir yerə toplayım.

Görəsən otu kim toplayıb bir yerə? Ağlıma heç kim gəlmədi.

Və birdən anam yadıma düşdü... Qonşu kənddə işləyirdim. Bəzən, xüsusən də soyuq, yağışlı günlərdə işdən evə qayıdanda, hələ evə çatmamış evin tüstü bacasından tüstü çıxdığını görərdim. Dərhal bilərdim ki, anam bizdədir. Köhnə meşoka odun yığıb gətirər, uşaqlar məktəbdən gəlməzdən əvvəl peçi qalayar, hazır yemək olmayanda yemək bişirər, çay qaynadardı. Yaz aylarında isə gəlib görərdim ki, həyətdəki əkinlikdədir, əkdiyim tərəvəzləri sulayır, onların dibini boşaldır, alağını təmizləyir. Qamış çəpərimin küləkdən əyilmiş yerlərini dikəldər, yoğun ağacdan çəpərə dayaq verərdi...

Bəzən işdən gəlib görərdim ki, bişirdiyi yeməkdən kiçik qazana töküb bizə gətirib. Nə qədər təkid etsəm də özü yeməzdi, "evdə yeyib gəlmişəm", - deyərdi.

Bir gün sonra anamgilə yolum düşəndə bilərdim ki, heç evdə də yeməyib, demək olar, öz payını bizə verib. Hər dəfə təndirdə çörək bişirəndə bizə də iki-üç çörək gətirirdi.

- Kolxozdan mənə verilən buğdanın unundan bişirmişəm. Dəyirmanın pulunu da özüm vermişəm...

Neçə il soyuducumuz olmayıb. Daha doğrusu, soyuducumuz var idi, amma xarab idi, düzəltdirmək baha başa gəlirdi. Yay aylarında bir də görərdim anam bir neçə butulka soyuq suyu zənbilə yığıb gətirib. Butulkaların içində də buz parçaları.

Evlərə su çəkilməmişdi o vaxtlar. Anam iri çaydanda daş suyu da gətirərdi. Qış günlərində bir də görərdim özünün yun adyalını şala büküb gətirib...

- Ev soyuqdur, uşaqların yorğanının üstündən sərərsən, yerləri isti olar.

...Analı xatirələrimdən ayıldım, yenə də həyətə boylandım. Bir yerə toplanmış ota, ağzıaşağı çevrilmiş əl arabasına baxdım, çöl qapıya yaxınlaşıb məftillə bərkidilmiş yeri gözdən keçirdim. Birdən yadıma düşdü ki, keçən dəfə gecə yumurtaları qutuya yığanda bir neçəsi əlimdən yerə düşdü, balaca, yüngül palaza dağıldı ("palaz" deyəndə ki, uzağı metr yarım olar), palazı yudum, amma yuyulmuş halda evdə qalsaydı nəmişlik iyi gələrdi evdən. Səhər o balaca palazı həyətdəki köhnə dəmir çarpayının üstünə qoydum. Bakıya çatan kimi kənddə yaşayan qardaşımın gəlininə zəng etdim ki, gəlib onu aparsınlar (onlarda açar var), təmiz yuyub özləri istifadə etsinlər. Qardaşımın gəlini söz verdi ki, özü gələ bilməsə də uşaqları yollayar, gətirərlər. Yox, inanmıram ki, uşaqların ağlına gələr arabanı çevirmək, yaxud otu toplamaq. Qardaşımın sağlamlığında problem var, əvvəlki kimi çölə-bayıra çıxmır. Amma ürəyimə damdı ki, palazı aparmağa özü gəlib. Qardaşımın gəlininə zəng etdim.

- Yadındadırmı, demişdim ki, o balaca palazı çölə qoymuşam. Kim gəlib apardı onu? Murad gəlmişdi, yoxsa Mədinə?

- Heç biri... Dayı (qaynatasına - qardaşıma dayı deyir) dedi özüm velosipedlə gedib gətirərəm. Nə olub ki? Niyə soruşursan?

Kövrəldim. Ona heç nə demədim.

Öz-özümə bircə söz pıçıldadım: Doğmalıq...

 

 

Anamın yuxu gördüyü ev

 

Anam ömrünün az qala 60 ilini bu evdə keçirib. Anamın ömrünün şahididir bu ev. Atamla özü tikib bu evi - kərpicini kəsib, suvağını vurub, şirələyib. Bu evin hər kərpici anamı yaxşı tanıyır. Bu ev anamın yuvasıdır. Yeddi uşaq bu evdə "ana", "ata" deyib, bu evdə iməkləyib, yeriməyi öyrənib. Bu evin gözü qarşısında böyüyüb anamın uşaqları - anamın necə əziyyət çəkdiyini görüb. Atam işdə olanda, soyuq qış günlərində bu evi isitmək üçün özü odun doğrayıb, başına qar tökə-tökə evin içinə daşıyıb odunları. Bu evi anam isidib.

Hər səhər tələsə-tələsə bu evi yığışdırıb, sonra isə pambıq tarlasına gedib - yayda alaq etməyə, payızda pambıq yığmağa. Yorğun halda qayıdanda kətmənini bu evin çöl divarına söykəyib, özü isə pilləkəndə oturub bir günlük yorğunluğunu unutmağa çalışıb.

Bu ev anamın kədərli-sevincli günlərini onunla birgə yaşayıb. Övladları ali məktəbə girəndə bu ev anamın sevincinə şahidlik edib. Bu evdə anam zənbil hazırlayıb, Bakıya, tələbə qızlarına göndərib. Bu ev anamın yaddaşıdır sanki. Bu ev anamın xatirə dəftəridir - hər vərəqində ömrünün bir günü yazılıb.

...İndi yeddi uşağın hərəsi bir yerdə özünə yuva qurub. Böyük qardaşım da bu evdən bir neçə metr aralı müasir üslubda ev tikib. Amma anam o təzə evə uyğunlaşa bilmir. Səhərdən-axşamacan bu evdə qalır, bir də axşam tək qalmaqdan qorxduğu üçünmü, ya başqa səbəbdən qardaşımgilin evində yatır. Anamın iki çarpayısı var. Biri aşağı evdə, biri isə qardaşımın evində.

Biz kəndə gedəndə ikiqat sevinir anam - çünki gecəni öz evində keçirəcək.

Anam deyir ki, təzə evdə rahat yatsa da, nədənsə yuxu görə bilmir.

P.S. İndi nə anam var, nə də o ev...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!