"Sübhanallah" silsiləsindən
İmran yenə arvadına təpindi: "Əsəblərimlə oynama, sənə deyirəm, bu adama salam ver". Arvadı üzünü turşutdu: "Vallah, bezdirirsən məni". - "Onda zəhmət çək, salamını al. Aleykum salam deməyə canın çıxırsa, heç olmasa, yalandan başını tərpət. Sən onun yanında məni pis vəziyyətdə qoyursan, başa düşürsən?"
Hər dəfə ər-arvad binalarına, həyətdəki maşınlara gözətçilik edən əlli beş yaşlı Aqilin yanından keçəndə, əri onunla salamlaşırdı, arvadı Vəfa isə ya başını aşağı salırdı, ya da üzünü yana çevirirdi. Onda tək gözətçi yox, İmran da pərt olurdu və onlar bir-birlərinin pərt olduğunu eyni anda hiss edirdilər.
Bir dəfə İmranla söhbət əsnasında gözətçiyə məlum oldu ki, Vəfa onun yerlisidir. "Nə yaxşı. Kimlərdəndi, İmran məllim?" - "Babası Əli məllim sizin rayonda uzun illər məktəb direktoru olub". - "Doğrudan? O kişi həm də bizə kimyadan dərs deyib. Rəhmətlik gözəl, ipək kimi insanıydı. Çox ziyalı adamıydı. Mən bilən, yoldaşınızın bir bacısı da olmalıdı". - "Hə, iki bacıdılar". İmrana elə gəldi ki, Aqil sağollaşana yaxın ürəyində ona "Amma heyif ki, arvadın qanacaxsızdı", dedi.
Evdə arvadına "Aqil sənin yerliniymiş. Üstəlik, Əli baban onun kimya müəllimi olub. Çox təriflədi babanı, dedi ürəyi ipək kimiydi. Ən azından buna görə Aqilə salam verməlisən" deyəndə, Vəfa qıcıqlandı: "Bəsdi görək! Belələrini yaxşı tanıyıram. Salam verən kimi babamdan söz salıb on dəfə "Allah rəhmət eləsin" deyəcək. Özündən uyduracaq ki, əslində, kimyadan iki almalıymış, babam buna dörd yazıbmış ki, attestat ala bilsin. Axırda da xahiş eliyəcək, sən bunun qohum-əqrəbasına şirkətində iş verəsən". - "Ay qız, boş-boş danışma. Elə olsa, özü mənə ağız açardı. Namaz qılırsan, oruc tutursan və bilə-bilə ki, təkəbbür, şər İslamda böyük günahlardandı, buna görə Qiyamət günü cavab verəcəksən, özündən söz çıxardırsan". - "Sən də yaxşı bilirsən ki, bu adam mənə naməhrəmdi, şəriətlə ona salam verməyim vacib deyil, amma yenə söz güləşdirirsən". - "Vəhabilər kimi danışma. O, sənə əl uzadır ki, naməhrəm kimi əlini tutmayasan? Yoxsa başını tərpədib dilucu salam verməyi də özünə ar bilirsən?" - "İmran, başa düş, mən ona salam vermiyəcəm. O biri dünyada da qarşıma çıxsa, üzümü yana çevirəcəm. Allah xatirinə, əl çək məndən".
Bir gün Vəfa sevincək ərinə dedi: "Aqilə görə məni cəhənnəmə göndərirdin. Bayaq aşağıda, marketin yanında öz qulaqlarımla eşitdim, komendanta Zəhranın qiybətini eliyirdi. Deməli, qonşu blokda liftin yanında zibil dolu kulyok qalıbmış. Zəhranın yadından çıxıbmış onu götürsün. Müdafiə elədiyin Aqil tezcə bunu komendanta çatdırdı. O qız arıq canıyla hər gün tezdən üç yüz manat maaşa on dörd mərtəbəni silib-süpürür. Evdə üç balaca uşaq, əri fəhlə. Aqilin də Zəhranın vəziyyətindən xəbəri var. İndi bildin niyə ona nifrət eliyirəm?" Əri dinmədi.
Komendantla söhbətlərin birində İmrana məlum oldu ki, Aqil o biri gözətçi Həsəni işdən çıxartdırıb öz əmisioğlunu onun yerinə gətirmək istəyir, məqsədinə çatmaqçün Həsəni səhər hava işıqlanana yaxın iş köşkündə yatarkən telefonuna cəkib komendantın vatsapına göndəribmiş.
İmranın anası oğluyla gəlininin Aqilin əməllərindən danışdıqlarını eşidəndə söhbətə qoşuldu: "Nəbadə hansısa qonşunu Aqilə pisliyəsiz ha. Elə həmin gün birinin üstünə beşini qoyub dediklərinizi qonşuya çatdırar. Uzaq olun ondan. Qorxulu adamdı".
Artıq İmran da onu görməzliyə vurur, üz-üzə gələndə quruca salamdan sonra "Necəsiz?" sualına cavab verməməkçün tez yanından keçirdi. Bir gün Aqil onu həyətdə saxlayıb həyəcanla dedi: "Məllim, son vaxtlar gözümə bikef dəyirsiz. Nəsə olmuyub?" İmran güclə özünü "Sənə hesabat verməliyəm, niyə bikefəm?" deməkdən saxladı, istehza qarışıq acı tonda cavab verdi: "Yox, kefim yerindədi. Nə olasıdı ki?!" Gözətçi "Hə, təki yaxşı olasız", deyib dilxor halda ondan aralandı.
Elə bil, kimsə İmranı dümsükləyib yuxudan oyatdı. Gördü, arvadı yanında deyil, dirsəklənib tumbanın üstündəki "Ayfon"un ekranını işıqlandırdı, 04:30 idi. "Bu niyə məni oyatmıyıb?" - fikirləşdi. Adətən, dəstəmaz alıb sübh namazını bir yerdə qılırdılar. Yerindən dik atıldı, cəld şalvarını geyinib hamama tərəf götürüldü. "Vəfa, dəstəmaz alırsan?" deyib qulağını qapıya yaxınlaşdırdı. Krandan gələn su şırıltısıyla bir yerdə inəyin başını kəsəndən sonra xırıltıya bənzəyən səs eşidəndə, ürəyi tez-tez döyünməyə başladı. Qapını açmaq istədi, bağlıydı, var-gücüylə özünə tərəf dartdı, açılmadı, bərk-bərk döyüb qışqırdı: "Vəfa!.. Vəfa! Eşidirsən məni?!"
Səsə oyanıb gələn anası oğlunun ağarmış sifətini görüb həyəcanla soruşdu: "Nə olub?" - "Qapı bağlıdı, Vəfa da içəridə", - İmranın səsi titrədi. "Özünü ələ al. Bəlkə eşitmir?" - "Eşitmir nədi? Görmürsən necə qışqırıram?" Anası da qapını döyərək "Vəfa, Vəfa" çağırdı.
Anasının ikinci dəfə "Özünü ələ al" deməsindən oğlu qıcıqlandı: "Necə özümü ələ alım?! Adam içəridə can verir, biz hələ qapını açammamışıq". - "Elə ona görə deyirəm özünü ələ al ki, qapını açasan. Get qonşunu çağır". Anasının bu sözləri kəkələyərək deməsindən, köməksiz heç nə edə bilməyəcəyindən daha da xoflanan İmran qaça-qaça dəhlizə çıxıb qonşunun zəngini dalbadal basdı. Qapını açan olmadı, qonşunu söyə-söyə evə qayıtdı. Ürəyi aramsız guppuldayır, nəfəsi daralır, əlləri soyuyurdu. "Alçaqlar açmadı qapını" deyib, hamamın qapısına yumruqla zərbələr vuraraq "Vəfa, Vəfa!" qışqırdı. (Sonralar qonşugilin o gün bağda olduğunu biləcəkdi.) "Allah, məni darda qoyma" pıçıldayıb, anasından baltanın yerini soruşdu. "Mətbəxdə".
Mətbəxə qaçan İmran dolabların gözlərini açdı, hər dolabın üstünə, altına baxıb anasına səsləndi: "Yoxdu axı burda?!" - "Balkona bax!" - "Yenə elə nəfəs alır?" - "Hə". "Ya Şafi, ya Kəfi" (1) duasını pıçıldaya-pıçıldaya İmran balkonu ələk-vələk etdi, baltanı tapa bilmədi. Qayıdanda, yuxudan təzəcə oyanmış, həyəcanla ona baxan on yaşlı oğlu Xalidə çəmkirdi: "Tez baltanı tap". - "Ata, anaya nə olub?" İmran əliylə hamamı göstərib doluxsundu, cavab verə bilmədi. Anasının başına faciə gəldiyini anlayan Xalid yatdığı otağa qaçdı, çarpayısının altına girdi, paltar dolabını açıb içinə baxdı. Stulu dolabın yanına gətirib üstünə çıxdı, ayaq barmaqlarının ucunda əlini gücü çatan qədər uzadıb dolabın üstünü yoxladı: balta yox idi. Yerə düşüb səcdəyə gedərək üç dəfə "Allah, anam ölməsin. Sabahdan namazların hamısını qılacam", dedi. "Fatihə", "İxlas", "Asr" surələrini əzbər bilən Xalid kefinə düşəndə namaz qılırdı.
Qəfil İmranın yadına gözətçi düşdü, zəng etdi ona: "Aqil, yoldaşım hamamda huşunu itirib. Qapını bağlıyıb deyə açammıram". Qısa fasilədən sonra Aqil dilləndi: "Qapının tez şəklini çəkin, vatsapla göndərin mənə". - "Oldu qadan alım, tez gəl". Qapının şəklini çəkib Aqilə göndərdi. Bir dəqiqə keçmişdi, əsəbi-əsəbi otaqda gəzişən, gözünü dəhlizə açılan qapıdan çəkməyən İmrana elə gəldi, Aqil gecikir, - üstəlik, yoldaşının xırıltısının azalmağı onu lap təşvişləndirmişdi, - yenə ona zəng etdi: "Hardasan?" - ağlamsındı. "Liftdəyəm, çatıram". Aqil həm də bina sakinlərinin santexnika, elektrik işlərini görməklə qazanırdı.
Aqil içəri girən kimi İmranın əl işarəsiylə hamama tərəf qaçdı, əlindəki alətlə çətinlik çəkmədən qapını açdı. Başı qapıya tərəf, arxasıüstə yıxılmış, hələ də xırıldayan Vəfanın gözləri yumulu, yanaqları göy rəngə çalırdı. İmran arvadının dişlərini bir-birinə bərk-bərk sıxmağından bildi ki, onda qıcolmadır. Təcili tibbi yardıma zəng edib xəstənin əlamətlərini, ev ünvanını dedi, sonra oturub Vəfanın başını dizlərinin üstünə qoyaraq barmaqlarıyla alt və üst dişlərini bir-birindən aralamağa cəhd etdi. Aqil "Qonşu blokda bir həkim var" deyib həkimin nömrəsini yığdı. "De, naşatır spirti də gətirsin", - İmran barmaqları arvadının dişləri arasında dilləndi. Zəng cavabsız qaldı, Aqil əsəbi-əsəbi başını bulayıb nırçıldadı, bir neçə dəfə krandan axan sudan ovcuna alıb Vəfanın üzünə çilədi, reaksiya vermədi. Aşağı əyilib üzünə yavaşca sillə vuranda, İmran qışqırdı: "Neyniyirsən? Görmürsən sudurqadı?!" Üzü azca qızaran Aqil günah işlədibmiş kimi tez əlini geri çəkdi, "Ayıltmaq istədim", ardınca "suç"unu unutdurmaqçün "Allah, balasına görə dəymə" pıçıldadı.
Gəlininin əlini əlinə alan ana sevincək "Əli istidi" dedi. İmran bu sözlərdən ümidlənsə də, Vəfanı qıcolmadan çıxarda bilməməsi qorxusunu artırırdı. Sağ əlinin şəhadət barmağı qanamış, çeçələ, dördüncü barmağının ucları əzilmişdi. Dəhlizdən dəhşətli, çarəsiz baxışlarla öz anasına baxan oğluna səsləndi: "Qaşıq gətir". Oğlu mətbəxə doğru qaçıb qəfil dayandı: "Yekə, balaca?" - "Yekə".
İmran xörək qaşığıyla da heç nə edə bilmədi. Yenə barmaqlarını arvadının dişləri arasına salıb ağrıya dözərək onları aralamağa cəhd etdi. Vəfa qəfil öyüməyə başladı, əri tez onu sağ böyrü üstə çevirdi. Vəfa azca köpük qusanda, İmranın anası sevincək "İndi özünə gələcək" dedi. Qıcolmadan qurtulan xəstə gözlərini açdı, İmran soruşdu: "Necəsən, Vəfa? Haran ağrıyır?" Vəfa dodaqlarını büzdü, soyuq, yad baxışlarla üç-dörd saniyə ərinə baxıb gözlərini yumdu. Az sonra qapının zəngi çalındı.
Hamama girən Təcili yardımın həkimi xəstənin nəbzini yoxladı, göz qapaqlarını açıb bəbəklərinə baxdı. Köməkli Vəfanı mələfədə böyük otağa aparıb divanın üstünə uzandırdılar. Həkim təzyiqini, saturasiyasını ölçdü. "Yüz əllinin altmışadı təzyiqi. İnsulta oxşayır, - deyib üzünü tibb bacısına tutdu: - Papaverinlə dibazolu vur". İynə vurulanda, Vəfa gözlərini açıb yenə ətrafdakılara yad nəzərlərlə baxdı, həkimin "Özünüzü necə hiss edirsiz?", ərinin "Vəfa, bizi eşidirsən?" sualına cavab vermədən gözlərini yumdu. Təkərli xərək liftə yerləşmədiyindən İmranla Aqil, Vəfanı mələfədə təcili yardım maşınına aparıb yerləşdirdilər. İmran da maşına mindi, yolboyu ağzına oksigen maskası taxılmış arvadına baxa-baxa sağ qalmasıyçün dualar etdi. Özünə söz verdi ki, bundan sonra sübh namazlarını vaxtında qılacaq, bütün namazlardan sonra zikrlərini edəcək.
Xəstəxanada Vəfanın başını kompüter-tomoqrafiya analizi etdilər: beyninə qan sızmışdı.
İmran günorta pul götürməkçün evə dəydi. Hamamda əlüzyuyanın qarşısında rezin ayaqaltını görəndə anasına səsləndi: "Hamamdakını kim alıb?" - "Aqil. Deyir, yəqin bacı sürüşüb yıxılanda, başı kafelə dəyib". - "Pulunu verdin?" - "Nə qədər qiymətini soruşdum, demədi. Dedi, ayıbdı, o nə sözdü".
Həyətdə İmranın gözətçinin cibinə əlli manat basmaq cəhdi alınmadı. "Ayıbdı, məllim. Elə şeyə görə mən heç sizdən pul götürərəm?" Vəfanın hal-əhvalını soruşub xahiş etdi, palataya köçürüləndə ona da mütləq xəbər etsin. İmran qərara gəldi, yaxın vaxtlarda Aqilin cibinə zorla da olsa, yüz manat bassın, o biri gözətçinin yerinə gətirmək istədiyi əmisioğluyçün iş tapsın.
Tez-tez yuxuda gəzən Xalid gecənin ortası yerindən durub indi atasının tək yatdığı otağa gəldi. Ayaq tappıltılarına oyanan İmran sakitcə: "Xalid, get yat", dedi. Oğlu çarpayının boş qalmış yerinə baxaraq yanğıyla "Kaş anam burda olaydı", deyib köks ötürdü. "Anan gələcək. Get yat" deyən atasının gözləri doldu. Oğlu öz otağına qayıtdı. İmran bilmədi, bu, oğlunun yuxuda gəzməyilə bağlıydı, yoxsa Xalid oyanıb həmin otağa gələrək öz arzusunu dilə gətirmişdi.
"...Dəstəmazda üzümü, qollarımı yumağım yadımdadı. Yıxılmağım yəqin bir anda olub. Bəs necə bildin huşumu itirmişəm?" - reanimasiyada sistem altında olan Vəfa zəif səslə, sözlər arasında fasilə verə-verə ərinə dedi. "Çox güman, Allahın göndərdiyi mələk məni yuxudan oyatdı". - "Ay daa. Bu halıma görə ürəyimdə Allaha qəzəblənmişdim... Ölə də bilərdim, - tavana baxıb pıçıldayan Vəfanın gözləri doldu. - Bəs hamamın qapısını necə açdın?" - "Onu sonra danışaram".
Bir həftə sonra nevroloq "Sizə yaxşı xəbərim var. Yoldaşınız kritik vəziyyətdən çıxdı, sabah palataya köçürürük" xəbərini verəndə, İmran "Nə gözəl. Sevindirdiz məni" deyib cibindən çıxartdığı yüz manatı yüngülvarı "etiraz edən" həkimin xalatının cibinə saldı.
Xəstəxanadan çıxanda anasına, qayınanasına, baldızına zəng edib müjdələdi onları. Anasına dedi, xəbəri Xalidə də çatdırsın. Kimisi sevincindən qışqırdı, kimisi hıçqırdı, kimisi də hönkürdü. İmran hər dəfə özünü birtəhər ələ alıb sakit tonda "Şükür bu günə" dedi. Aqil yadına düşəndə, ona zəng edə bilmədi, için-için ağladı.
________________________________
1 - Ey şəfa verən, ey hər şeyə yetən
3 may 2025 - 7 avqust 2026, Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
