Bakının səs-küylü küçələrini geridə qoyub, sübhün ilk işıqlarında ailəmlə birgə Qarabağa doğru irəlilədiyimiz o yollar mənim üçün sadəcə coğrafi məsafənin qət olunması deyildi, illərlə içimizdə bəslədiyimiz ağır bir nisgilin, qaysaq bağlamış yaraların sağalması və dözülməz həsrətin başa çatması idi.
Otuz illik ağır intizardan sonra suveren Vətənimin ən gözəl guşələrindən birinə doğru istiqamətlənmək ruhumda diləgəlməz, mistik və təlatümlü bir fırtına qopardırdı. Sanki ötən əsrin o qaranlıq kədərindən, yaddaşımızı göynədən acizlik və xəcalət duyğusundan birdəfəlik sıyrılır, bütöv bir xalqın qürurla oyanan əbədi dirçəliş səhərinə gözlərimizi yenidən açırdıq.
Bu müqəddəs səfər qələm adamı, bir ata, bir baba kimi mənim üçün sadəcə sıradan bir ziyarət deyil, itirilmiş ləyaqətin, illərlə didərgin düşmüş sarsıntılı ruhun öz əzəli ünvanına, ulu ocağına qovuşmasının məhəbbət dolu ilahi təntənəsi idi.
Avtomobilin pəncərəsindən doğma dağlara baxdıqca hər addımda keçmişin o ağrılı kölgələri ilə bu günün mütləq zəfəri çarpışır, içimdə illərlə yığılıb qalmış o təbəddülatlı kədər məni kövrəldirdi. İndi bu göz yaşları sevincdən axırdı...
Yolboyu Qarabağımız işğalda ikən yazdığım əsərlərimi yenidən yadıma saldım: "Yanan qar", "Vicdanın hökmü", "Güllələnmiş heykəllərin fəryadı", "Xəcalət", "Lələtəpə səltənəti"... Siyahını uzatmaq olar...
Bu əsərlərdən "Xəcalət" artıq uzun illərdir öz müstəqil kitab və səhnə ömrünü yaşayaraq, Qarabağımız düşmən tapdağında olanda xalqımıza milli ruh və cəsarət vermək missiyasını həyata keçirib. Xocalı faciəsinin acılarına və Qarabağ müharibəsinin ağır nəticələrinə həsr olunan bu əsərim 2002-ci ildə işıq üzü görüb. Əsərdə müharibənin gətirdiyi faciələri, Vətən həsrətini, torpaq itkisini və çətin sınaqlarda belə mənəvi ləyaqətin qorunub saxlanılmasını yazmışam.
Mən "Xəcalət"i qələmə almazdan əvvəl Dövlət Yanacaq Komitəsində sədrin birinci müavini vəzifəsində işləyirdim. Təsəvvür edin, yanacaq dolu maşının kabinəsinə oturub həmin kəndlərə dizel, benzin daşıyırdım. Səhiyyə nazirinin müavini Rahim Hüseynov və Rabitə nazirinin müavini Nadir Əhmədovla birgə işğal təhlükəsində olan kəndləri qarış-qarış gəzirdik, insanlarla bir-bir söhbət edirdik. "Vətən üçün döyüşüb, vuruşmaq lazımdır" - deyirdik.
Hər dəfə Qarabağa yola düşəndə evdəkilərlə vidalaşırdım. "Xəcalət" povesti bu təəssüratlardan yaranmışdı. Səmimiyyətlə deyirəm: Qarabağın ağrılarını yaşayan, həmin acıları iliyinə qədər hiss edən insanlardan biriyəm.
Yeri gəlmişkən, "Xəcalət" əsərim haqqında unudulmaz bir xatirə yaddaşımın ən dərin yerində bu gün də öz canlılığını qoruyur. Həmin kitabım yeni nəşr olunanda bir dəfə Ulu Öndər Heydər Əliyevin köməkçisi mənə zəng vurub dedi: "Bu günlərdə Prezident Aparatına gələndə mənimlə görüşərsən". Razılaşdıq. Onunla görüşdüm, dedi ki, o gün cənab Prezident məni otağına çağırdı. Adətən, onun masasının üzəri tərtəmiz olur. Nəzər-diqqətimi qarşısındakı bir kitab çəkdi. Mən otağa daxil olduqdan sonra kitabı mənə göstərib soruşdu: "Bu kitabı oxumusan?" Mənsə cavabında: "Kitab məndə olsa da, onu hələ oxumamışam", - dedim. O, mənə irad tutdu ki, bu kitabı oxumaq lazımdır, çox gözəl əsərdir. Söz verdim ki, tezliklə həmin kitabı oxuyacağam. Söhbət mənim yazdığım "Xəcalət" povestindən gedirdi. Bu mənim həyatımın ən xoşbəxt, ən gözəl anlarından biri kimi hafizəmə yazıldı. Düşünürəm və bununla təsəlli tapıram ki, indi xəcalətimizin necə ümummilli fəxarətə çevrilməsi ulu öndərin uca ruhuna əyandır...
.jpeg)
"Xəcalət" tamaşası 2006-cı ildə böyük rejissor Bəhram Osmanovun quruluşunda cəmi altı nəfərlik ifaçı heyətlə səhnə ömrünə başlayıb. Elə həmin ildən Akademik Milli Dram Teatrının repertuarına daxil olub və 13 il fasiləsiz olaraq teatrın repertuarında öz yerini qoruyaraq dünyanı gəzib, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. O tamaşada Akademik Milli Dram Teatrının ən öndə gedən aktyorları rol almışdı. Dünya ədəbiyyatı tarixində öz imzası, mövqeyi, ədəbi möhürü olan, türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Azərbaycana gələndə "Xəcalət"ə baxmışdı. Tamaşadan sonra səhnəyə çıxan yazıçının aktyorlarımızı təbrik edərkən dediyi sözlər indiyə kimi yadımdadır: "Mən dünyanın bir çox ölkələrini gəzmişəm, bir çox böyük teatrlarda tamaşalara baxmışam, amma mən heç vaxt bu şəkildə təsirlənməmişdim. Altı nəfər aktyor bir millətin faciəsini elə yaşadı ki, mən elə bildim o hadisələr, Qarabağ faciəsi bu dəqiqə mənim gözümün qarşısında baş verir... Hüseynbala Mirələmovu ruhən özümə yaxın hiss edirəm..."
Bu, dünyada tanınan görkəmli ədəbiyyat xadiminin Azərbaycan ədəbiyyatı və teatrı haqqında fikirləri idi. Səmimi dostluq telləri ilə bağlandığımız Çingiz Aytmatovun yaradıcılığım haqqında söylədiyi fikirlər həmişə stimul qaynağım olub.
"Xəcalət" haqqında xalq şairi Bəxtiyar Vahabzadə də mətbuatda açıq məktubla çıxış etmişdi. Həmin məktubda görkəmli şairimizin mənə ünvanladığı sözlər, əslində, bir millətin özünə etdiyi ağrılı etirafı idi:
"Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə, o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq. Əsərinizlə məni bir daha utandırdığınıza görə, Sizə təşəkkürlərimi bildirir, axıra qədər oxuya bilmədiyimə görə sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəlbi və vicdanı olan hər kəs üçün çox ağırdır..."
Yolboyu "Xəcalət"i xatırlamağım və bütün bunları yada salmağım təsadüfi deyildi. İllər uzunu milli vicdanımızı göynədən o ağır xəcalət yükü artıq tarixin yaddaşına gömülüb, onun yerini tamamilə başqa bir duyğu - uca milli qürur, mənəvi bütövlük və tarixi ədalətin bərqərar olmasından doğan sonsuz fəxarət hissi alıb. Biz çiyinlərimizi əzən o məşum məğlubiyyət yükündən əbədi olaraq azad olmuşuq. Müzəffər sərkərdəmiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımız iradənin, inamın və haqqın gücünü dünyaya sübut edərək öz əzəli ləyaqətini geri qaytardı. Biz acizlik sindromunu arxada qoyub, qələbənin əbədi zirvəsinə ucalmışıq. Və mən bu gün sanki yenidən möcüzə yaşayırdım - vaxtilə qəlbimizdə kədər, ağrı hissi ilə yanacaq daşıdığımız Qarabağımıza indi həyəcanla, sevgi ilə sanki qanad açıb uçurdum...
***
Xankəndi şəhərinə çatanda müasir standartlara tam cavab verən, beşmərtəbəli və geniş rahatlığa malik "Bulud" hotelində yerləşdik. Səhər tezdən başlayan yolçuluğumuz ötən illərin o ağır və dumanlı yuxusunu bir anda dağıdan işıqlı, gerçək bir zəfər səhərinə açılmışdı. Xankəndinin hər qarışında indi sürətli quruculuq, misilsiz abadlıq və dirçəliş işləri gedir. Şəhərin təmizlənmiş, səliqəyə salınmış küçələri ilə addımlayarkən, Zəfər parkında dincələrkən, Zəfər tağının əzəməti qarşısında fəxrlə dayanıb şəkil çəkdirərkən adamın qəlbindən qürur və minnətdarlıq dolu bu sözlər keçir: Bu torpaqlar öz əsl sahiblərinə qayıdıb!
Tarixi etnoqrafik köklərə nəzər salsaq, Xankəndinin Azərbaycanın qədim mədəni və inzibati mərkəzlərindən biri olduğunu aydın görürük. XIX əsrin əvvəllərində Qarabağ xanlarının ailəsinin, yaxınlarının məskunlaşdığı və zamanında "Xanın kəndi" kimi tanınan bu qədim diyar sonralar çar Rusiyasının, XX əsrdə isə erməni separatçılarının çirkin siyasətinin hədəfində olub. SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi inzibati status alsa da, bu torpağın hər daşında, hər qarışında Azərbaycanın əzəli tarixi irsi, xalqımızın ruhu hər zaman yaşayıb və bu gün o, öz sahibinin əlində yenidən çiçəklənir.
Xankəndidə o vaxtlar Volskinin oturduğu binanın qarşısına gəlib şəkil çəkdirdim. Bu binanın qarşısında dayandığım an içimdə qəribə bir titrəyiş oldu. Çünki bu bina ilə bağlı mənim çox ağrılı, unudulmaz xatirələrim var.
Tarixə nəzər salaq: 1990-cı illərin əvvəlləri... Həmin illərdə, dediyim kimi, mən Azərbaycan Dövlət Yanacaq Komitəsində sədrin birinci müavini işləyirdim. O gərgin, qanlı-qadalı günlərdə bu binaya hər ay iclasa gəlirdik. Moskvadan Azərbaycan-erməni münasibətlərini tənzimləmək üçün göndərilən Arkadi Volski məhz burada iclaslar keçirirdi. Yadımdadır, Ağdamdan iki avtomatlı rus əsgərinin müşayiəti ilə bu binaya gəlmişdim. İclasda iştirak etmiş, sonra yenidən həmin qayda ilə Ağdama qayıtmışdım. Həmin binanın qarşısında, demək olar ki, hər gün ermənilər tərəfindən mitinqlər təşkil olunardı. Onlar bizə vəhşi kimi baxırdılar, gözlərindəki nifrət açıq-aydın hiss olunurdu.
Amma indi həmin binanın qarşısında dayanıb sanki keçmişdən bu günə baxıram. O vaxt erməni separatçılarının yuva saldığı, bizə yuxarıdən aşağı baxdıqları o yerlərdə indi Azərbaycan dövlətinin əbədi suverenliyi bərqərar olub, burada ədalət və quruculuq hökm sürür.
Xankəndinin hər qarışında indi ulu dağların nəfəsinə uyğun, əzəmətli bir intibah - misilsiz quruculuq və bərpa epopeyası yaşanır; viran qoyulmuş ocaqların yerində ucalan müasir məskənlər, işıqlı prospektlər, abad parklar və zəfər ruhunu əks etdirən gözəl memarlıq nümunələri bu qədim Azərbaycan torpağına əbədi bahar təravəti və müasir dünyanın ən ali standartlarına uyğun rahatlıq bəxş edir...
.jpeg)
***
Səfərimizin ertəsi günü Şuşaya yola düşdük. Şuşa Azərbaycanın ruhu, mədəniyyət paytaxtı, ulularımızın qayım-qədim ocağıdır. Şəhərə daxil olarkən ilk dayanacağımız Şuşa Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstləri oldu. Həmin o büstlər ki, bir zamanlar erməni faşistləri tərəfindən güllələnmiş, lakin ümummilli lider Heydər Əliyevin səyi ilə Vətənə gətirilərək Bakıda saxlanılmışdı. Böyük Zəfərimizdən sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə yenidən öz doğma yerlərinə - Şuşaya qaytarıldı.
O heykəlləri seyr edərkən yenidən "Güllələnmiş heykəllərin fəryadı" pyesimi xatırladım... Bu pyes də "Xəcalət" kimi uzun illər müxtəlif dövlət teatrlarının repertuarında yer almışdı. 2004-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrında Nazir Rüstəmovun quruluşunda səhnəyə gələn "Güllələnmiş heykəllərin fəryadı" pyesində dahi şəxsiyyətlərin ruhları oyanıb təlaş içində Vətən üçün fəryad edirdilər. Şükufə Musayeva (Natəvan), Məmməd Məmmədov (Pənahəli xan), Zahid Mehdiyev (İbrahimxəlil xan), Nazir Rüstəmov (Üzeyir bəy), Yadigar Muradov (Bülbül) və başqalarının yaratdıqları o möhtəşəm obrazlar bu gün artıq gerçəkliyin özüdür. O zaman səhnədən səslənən "Şuşam, ay Şuşam", "Qarabağ şikəstəsi" indi bu dağlarda əsl zəfər himni kimi səslənir...
Heykəllərin qarşısında könlümdən bunlar keçdi: "Üzeyir bəy, Xan qızı Natəvan, Bülbül, gözünüz aydın olsun! Şuşamız azaddır, Şuşa bizimdir!"
Şuşada Mehmandarovların ev muzeyini ziyarət etdikdən sonra Gövhər Ağa Məscidinə baş çəkdik. XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın sifarişi ilə inşa edilən bu möhtəşəm memarlıq abidəsi İslam mədəniyyətinin incisidir. İki minarəli bu uca abidə erməni işğalı illərində gələn qonaqlara daha çox "fars məscidi" kimi təqdim edilsə də, Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq əsl memarlıq görkəminə qaytarılıb.
Məsciddə ailə üzvlərimlə birgə namaz qıldıq, bu gözəl günlər üçün Allaha dualar etdik. Bu məscid hər bir daşı ilə tarixi yaddaşımızın, islam və türk mədəniyyətinin Şuşadakı əbədi yadigarıdır.
Daha sonra isə adı dillər əzbəri olan Cıdır düzünə getdik. Mən hesab edirəm ki, Cıdır düzü Azərbaycanın həm də ruh mərkəzidir. Qədim zamanlardan bəri burada el şənliklərində, Novruz bayramlarında Qarabağ atlarının yarışı keçirilər, şəhər əhli, qonaqlar tamaşaya yiğışardılar. Cıdır düzünün söykəndiyi sərt qayalar igid cəngavərləri xatırladır. Rəşadətli əsgərlərimizin 2020-ci ilin noyabrında heç bir ağır silah işlətmədən o sıldırım qayalara dırmanıb Şuşanı azad etdikləri o qəhrəmanlıq səhnəsini gözlərim önünə gətirib həyəcan keçirirdim.
Cıdır düzündən səslənən musiqi sədaları qayalara toxunub hər yanda əks-səda verirdi. Mən bir aşığa yaxınlaşıb dedim: "Çal, aşıq, çal, ruhumuzu ancaq bu havalar ovuda bilər!"
Və elə bu musiqi sədaları ilə həyat yoldaşım və nəvələrimlə rəqs etməyə başladım. Bu torpaqlar bizimdir! Burada yalnız biz rəqs edə bilərik! Bir vaxtlar burda rəqs edən erməni quldurların o murdar ayaq izləri artıq igid əsgərlərimizin qanı ilə yuyulub təmizlənib. Mən bu dağlara, qayalara baxdıqca o müqəddəs ruhları görürdüm - yenilməz Azərbaycan əsgərlərinin ruhlarını. O ruhlara ürəyimdə deyiləcək bir sözüm vardı: bizə bəxş etdiyiniz Şuşamızı, Qarabağımızı əbədi qoruyacağıq!
Cıdır düzündə yenidən görkəmli şairimiz Bəxtiyar Vahabzadəni xatırladım. Bir neçə il əvvəl Qarabağ torpaqları düşmən tapdağından azad olunub xalqımız misilsiz bir fərəh içində qələbə sevincindən göz yaşlarına qərq olanda, qəlbimi dərindən sarsıdan tək bir arzu baş qaldırmışdı: Kaş bu müjdəni birbaşa Bəxtiyar Vahabzadəyə çatdıra biləydim... Həmin o unudulmaz gün ilk zəngim məhz ona olmalı idi... İndi Cıdır düzündə gəzəndə də içimdəki o həsrət dolu səs yenidən Bəxtiyar müəllimin uca ruhuna səsləndi: "Bəxtiyar müəllim, biz Qarabağı işğaldan azad etdik! İndi torpaqlarımız azaddır! Xəcalətdən əyilən başımızı Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində indi fəxarətlə dik tutub gəzə bilirik. Azərbaycan Prezidenti son 200 ildə ölkəmizin tarixində misli-bərabəri olmayan qələbələrə və nailiyyətlərə imza atdı, indi soydaşlarımız doğma yurd-yuvalarına geri qayıdırlar, yenidən Qarabağ çiçəklənir... Sizin illər öncə ifadə etdiyiniz o acı fəryad indi sevincə dönüb: "Vətən getdi, vətəndaşlıq zirvəsinə yüksəlmədik, utanıram..." Amma bu gün, ustad, sizə uca səslə bəyan etmək istəyirəm: Artıq utanmaq deyil, fəxr etmək vaxtıdır!
Biz Şuşadayıq, Cıdır düzündəyik! Əminəm ki, əziz ustad, ruhunuz bu qələbə səsini dərindən duymuşdur. İnanıram ki, varlığınız Şuşanın səhər mehində, Cıdır düzündə əbədi dalğalanan üçrəngli bayrağında, azad Vətənin təmiz havasında və İsa bulağının büllur suyunda yaşamaqdadır!"
Bu möhtəşəm Zəfərin təntənəsi ilə biz təkcə coğrafi sərhədlərimizi deyil, mənəvi bütövlüyümüzü, itirilmiş vicdanımızı və əbədi azadlığımızı yenidən qaytara bildik. Qaysaq bağlamış xəcalət yükündən, uzun illər ruhumuzu sıxan acizlikdən birdəfəlik qurtulduq...
Zamanında mənə ünvanladığınız o müqəddəs dilək artıq reallığın özüdür: "Allah o günü bizə göstərsin ki, mən kitabınızı keçmiş bir tarix kimi axıra qədər oxuyam, oxuduqca da ürəyimdə Allaha şükür edəm ki, artıq Qarabağ geri alınıb, qaçqınlarımız öz yurd-yuvasına qayıdıb, bu müqəddəs ocaq erməninin nəinki ayağından, havasından belə təmizlənib..."
O zaman bu sevinci dilə gətirmək nəsib olmasa da, bu gün sonsuz qürurla və rahat vicdanla elan edirəm: "Bəli, Ustad! Qarabağımız azaddır, namusumuz təmizlənib!"
***
Sonra yolumuzu "Vətən bağı"na saldıq. Bura Şuşanın ən görkəmli, füsunkar yerlərindən biridir. "Vətən bağı"nda yaşı əsrlərdən çox olan qocaman ağacların kölgəsində rahat nəfəs alan insanları gördüm. Bir anlıq xəyalım yüz illər o yana - bu yanıqlı bayatının müəllifi Ağabəyim ağanın yanına uçdu.
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Şairə Ağabəyim ağa İbrahimxəlil xanın qızı idi. Fətəli şah Qacar İran taxt-tacına sahib çıxanda Qarabağ xanlığı ilə ittifaq qurmaq üçün Ağabəyim ağa ilə evlənmişdi. Ağabəyim ağa İrana gedəndə orada çox darıxırdı. Sözün həqiqi mənasında o, Şuşadan, Vətən bağından ötrü yanıb-qovrulurdu. Fətəli şah bunu hiss edərək Tehranda Şuşadakı Vətən bağının eynisini saldırdı. Bağın torpağını da, ağaclarını da Şuşadan gətirtdi. Lakin təəssüf ki, həmin bağda Şuşanın o unudulmaz gülü - xarıbülbül yetişmirdi. Ağabəyim ağanın yazdığı misralar yadıma düşür:
Vətən bağı al-əlvandır,
Yox üstündə xarı bülbül!
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Bu nisgil indi Şuşanın özündə, Vətən bağında əbədi olaraq tarixə qarışıb... İndi xarıbülbül öz doğma torpağında, Şuşamızda azad şəkildə bitir, çiçək açır, dünyaya öz gözəlliyini bəxş edir...
.jpeg)
***
Şuşanın coğrafi və mənəvi ucalığından ayrılıb Laçına üz tutduq - igidliyin və əbədi azadlığın simvolu olan Laçına. Səfərimiz "Laçın şəhər günü"nə təsadüf etmişdi. Bu müqəddəs torpaqda Azərbaycanın tanınmış incəsənət xadimləri, söz və sənət adamları ilə göz yaşları içində görüşüb öpüşmək həm də ruhi bir qovuşmanın təntənəsi idi.
Qarabağda, xüsusilə də Laçında həyata keçirilən misilsiz bərpa və quruculuq işlərinə heyrətimi gizlədə bilmirdim. Sıldırım qayaları, keçilməz dağ sinələrini yarıb açılan o nəhəng tunellər, mürəkkəb relyefləri fəth edən modern magistrallar sadəcə mühəndislik deyil, əsl qəhrəmanlıq dastanı idi. Məncə, hər bir azərbaycanlı mütləq bu torpaqlara səyahət etməli, bu böyük dirçəlişin nəfəsini yaxından duymalıdır.
Həkəri çayının sahilində yaradılmış füsunkar istirahət guşələri, çayın o iti, coşqun səsi insana ayrı bir ruh verir, ömürə ömür qatır. Qarabağın hər qarışında gerçəkləşən bu əzəmətli quruculuq epopeyası müasir Azərbaycan dövlətinin iqtisadi qüdrətini, dəmir iradəsini və sarsılmaz gücünü bütün dünyaya nümayiş etdirən möhtəşəm bir abidədir.
***
Səfər boyu yolum mənim üçün başqa bir müqəddəs ziyarətgaha - illər öncə qələmə aldığım "Lələtəpə səltənəti" əsərimə ilham verən o əfsanəvi ucalığa, zəfərimizin başlanğıc nöqtəsi olan Lələtəpəyə də düşdü. Bu torpağa ayaq basanda içimdə qaynayan fərəh və sərhədsiz qürur hissini sözlə ifadə etmək mümkün deyil. İllər əvvəl uzaqdan həsrətlə baxdığım və qələmə aldığım o strateji yüksəklik indi Müzəffər Ordumuzun polad iradəsi ilə əbədi azadlığına qovuşmuşdu. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgərinin yazdığı o dastan sadəcə hərbi qələbə deyil, otuz illik məğlubiyyət sindromunu darmadağın edən, böyük zəfərə aparan yolda atılan ilk addım idi. O uca zirvədən ətrafdakı səssiz və əzəmətli düzənliklərə baxarkən düşünürdüm ki, bu torpağın hər qarışı şəhidlərimizin qanı ilə suvarılmış müqəddəs bir səltənətdir. Qələm adamı olaraq bu azad torpaqlarda durub uşaq kimi kövrəlmək, yazdıqlarımın gerçəyə döndüyünü öz gözlərimlə görmək mənim yaradıcılıq ömrümün ən böyük mükafatlarından biridir...
***
İndiyə qədər qələmə aldığım, səfər boyu qəlbimdən süzülüb gələn bütün bu duyğuların, yaşantıların və tarixi həqiqətlərin müəllifinin məhz bu xalqın xilaskarına borclu olduğunu dilə gətirməyi sona saxlamağım əsla təsadüfi deyil. Çünki otuz il boyunca xəcalətdən əyilən başımızı ucaldan, ruhumuzu işığa çıxaran o qüdrətli gerçəkliyin arxasında tək bir qətiyyətli iradə, bənzərsiz bir Lider dayanır.
Tarix elə qüdrətli şəxsiyyətlər yetişdirir ki, onların həyatı, siyasi iradəsi və strateji uzaqgörənliyi bütöv bir xalqın taleyini, coğrafi sərhədlərini və əsrlik məğlubiyyət sindromunu kökündən dəyişməyə qadir olur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfər və bu zəfərin ardınca Qarabağ torpaqlarında gerçəkləşən misli görünməmiş bərpa-quruculuq epopeyası məhz belə unikal tarixi missiyanın təntənəsidir. Burada hər hansı tərifə və ya süni ifadələrə ehtiyac yoxdur; çünki ortada qaysaq bağlamış yaraları sağaldan, otuz illik işğal kabusunu əbədi olaraq tarixin qaranlıq arxivinə gömən təkzibedilməz reallıq və nəhəng əməli fəaliyyət durur.
Dövlət başçısının yürütdüyü siyasət siyasi praqmatizmlə milli qürurun, müasir hərbi taktika ilə dərin strateji uzaqgörənliyin vəhdətindən yoğrulub.
2020-ci ilin payızında cəmi 44 gün ərzində yazılan o şanlı tarix sübut etdi ki, güclü dövlətin təməlində məhz polad iradəli, qətiyyətli Lider dayanır. Ali Baş Komandanın "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" nidası sadəcə siyasi bəyanat deyil, min illik yaddaşımızın, haqqın və ədalətin təntənəli şəkildə bərpası idi. O, müzəffər ordumuza həm mənəvi güc verdi, həm də diplomatik müstəvidə bütün təzyiqlərə, ikili standartlara sinə gərərək Azərbaycanın haqq səsini bütün dünyaya qəbul etdirdi. Bu məqamda xalqımızın Allaha şükranlığı və Ali Baş Komandana olan minnətdarlığı hər bir azərbaycanlının qəlbindən süzülüb gələn səmimi, təmənnasız bir ehtiramdır.
Zəfərdən dərhal sonra başlanan quruculuq mərhələsi isə İlham Əliyevin dövlətçilik təfəkkürünün başqa bir möhtəşəm zirvəsini nümayiş etdirir. Dağıdılmış, yerlə-yeksan edilmiş şəhərlərimizdə, Xankəndinin əsrarəngiz qoynunda, azad Şuşada, vüqarlı Laçında qısa müddət ərzində reallaşan nəhəng layihələr, yollar, beynəlxalq hava limanları və müasir yaşayış kompleksləri, sözün əsl mənasında, Azərbaycanın müasir intibah dövrünün başlanğıcıdır. Bu gün Həkəri çayının sahilində ucalan yeni binalar, bərpa olunan məscidlər, tarixi abidələr və elmi-mədəni mərkəzlər həm də dağıdılmış ruhun, bərpa edilmiş ədalətin və əbədi suverenliyin daşlaşan abidəsidir.
Bu torpaqların ağrısını həm yaradıcılığında, həm də həyatında yaşamış bir ziyalı, bir qələm adamı olaraq görülən bu nəhəng işlərə baxdıqca Prezidentimizin qarşısında dərin fəxarət və sonsuz minnətdarlıq hissləri duyuram. İlham Əliyev təkcə torpaqları azad edən sərkərdə deyil, həm də bu torpaqlara əbədi həyat, nəfəs və işıq gətirən Böyük Memardır. Bu gün azad Qarabağın hər qarışında dalğalanan üçrəngli bayraq o uzaqgörən liderliyin, polad iradənin və xalqa olan sonsuz sevginin əbədi imzasıdır. Biz çiyinlərimizi əzən o məşum məğlubiyyət kölgəsindən əbədi olaraq xilas olmuşuq. Bu gün azad Qarabağ hər birimizin qəlbində dirçəlişin, yenidən doğuluşun tərənnümüdür...
Müzəffər sərkərdəmiz İlham Əliyevin misilsiz əzəməti, dəmir iradəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımız əsrlərin sınağından alnıaçıq çıxaraq haqqın, ədalətin və zəfərin əbədi zirvəsində qərar tutmuşdur. Əminik ki, müqəddəs üçrəngli bayrağımız bundan sonra sonsuzluğa qədər - doğma Qarabağımızın əbədi səmasında, hər bir azərbaycanlının minnətdarlıqla döyünən ürəyində dalğalanacaqdır!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
