Kölgələr qovuşmur - Sonuncu qapı (Hekayə) - Xanım AYDIN

 

Nəfəsimi dərib qapını döydüm...

Qapı ağ rəngdə idi. Köhnə, pası yer-yer üzə çıxmış dəmir qapı. Sanki illərdir günəş görməyən bir üz kimi solğun və yorğun görünürdü. Qapının arxasında həyat yox, zamanın özünü udmuş böyük bir yoxluq, dibsiz bir boşluq varmış kimi hiss edirdim. Elə bil döydüyüm qapı dəmir deyil, keçmişin daşlaşmış, hissizləşmiş sinəsi idi. Səs eşitmək üçün bir neçə saniyə gözlədim.

Heç nə. Nə bir addım səsi gəldi, nə qıfıl cingiltisi, nə də bir nəfəsin varlığı hiss olundu. Sükut özü bir səsə çevrilmişdi burada.

Sağ tərəfdəki divarda zəngi gördüm. Plastiki saralmış, küncləri ovulmuş zəng... Əlimi ona tərəf uzatdım. Barmaqlarım düyməyə çatmağa az qalmış pilləkənlərdən tanımadığım bir adam düşüb yanımdan keçdi. Adamın addımları beton pillələrdə küt səslər çıxarırdı. Keçərkən mənə tərəf döndü. O baxışlarda təəccüb, acıma və azca da qorxu qarışıq bir ifadə vardı; sanki varlığı ilə yoxluğu arasında gəzən, diri ilə ölü sərhədində büdrəyən bir divanə ilə rastlaşmışdı. Adam ötüb keçdi, addım səsləri aşağıda əriyib yox oldu. Həmin an ürəyimdən qaranlıq bir fikir keçdi:

Bəlkə bu qapını özümdən başqa heç kim döyməmişdi?

Bəlkə bu qapı sadəcə mənim vicdanımın maddiləşmiş forması idi?

Bəlkə illərdir, onillərdir bura yalnız mənim öz kabuslarım gəlib-gedirdi?

Ürəyim qəfəsə salınmış quş kimi çırpınmağa başladı. Sinəm daraldı, hava ciyərlərimə daxil olmaqdan imtina etdi. Bir addım geri çəkildim. Bəlkə də bura heç gəlməməli idim. Çünki yaddaşın qapıları açıq qalmalıdır, gerçəkliyin qapıları yox. Gerçəklik xatirələrin müqəddəsliyini murdarlayır. "Bəlkə"lər lazım olduğundan dəfələrlə çox idi və onlar başımda ağır bir başgicəllənmə yaradırdı. İnsan bəzən xatirələrdə yaşayan adamları gerçək həyatda görməməlidir. Çünki zaman toxunduğu hər şeyi deformasiyaya uğradır. Onları olduğu kimi - zamanın zərbələrindən uzaq, şüurun və ruhun ən toxunulmaz hücrəsində bir ikona kimi saxlamalıdır. Gülərkən, sevinərkən, ayrılarkən və elə ağlayarkən... Çünki insanı yaşadan həqiqətin özü deyil, onun haqqındakı illüziyadır.

Amma artıq çox gec idi. İllərlə içimdə daşıdığım, qabırğalarımı qıran o vicdan yükü məni bura qədər sürümüşdü. Yenidən qapının önünə qayıtdım. İndi zəngin düyməsini sıxmaq istəmədim. Çünki zəng səsi iti bir bıçaq kimi qəfil kəsir zamanı. Qorxdum. Kiminsə dərin bir unutqanlıq yuxusundan qorxu içində ayılmasından, keçmişin qarabasması kimi qapıya tərəf qaçmasından qorxdum. Zəngdən süni heç nə yoxdur; döymək isə toxunmaqdır, varlığını təqdim etməkdir. O üzdəki adam istər qəbul edər, istəməz, etməz. Bu, artıq məsələnin başqa tərəfidir.

Bu dəfə qapını daha bərk döydüm. Səs dəmirin içində itib getdi. Elə bil boş, dibsiz bir quyunun ağzına daş atmışdım. Səs düşdü, düşdü, düşdü... amma dibinə çatıb bir əks-səda vermədi. Boşluqda qeyb oldu, heç-puç oldu. Yenə qapını heç kim açmadı.

Əlimi dəstəyə uzatdım. Duruxdum. Mən həmişə etik qaydalara, insanların sərhədlərinə hörmət etməyimlə seçilirdim. Həyatım boyunca başqalarının məkanına, ruhuna icazəsiz müdaxilə etməmişdim. Əgər döydüyüm qapını açan olmurdusa, ikinci dəfə döyməzdim. Amma bu gün özümü tanımırdım. Bu gün mənim içimdə illərlə susmuş, əxlaqın və qaydaların altında əzilərək boğulmuş başqa bir adam ucalmışdı.

Əlimi sıxıb dəstəyi aşağı çəkdim. Qapı müqavimətsiz, sanki çoxdan bu müdaxiləni gözləyirmiş kimi yavaşca aralandı. Açıq idi. Boğazımda acı bir düyün peyda oldu. Qapını aralayıb içəri boylandım.

Qaranlıq...

Soyuq...

Nəm...

Sanki bir ev deyil, zamanın unudulmuş bir zirzəmisi, həyatın deyil, çürümənin hökm sürdüyü bir məbəd idi. Cibimdən alışqanı çıxardım. Bir anlıq onu yandırmaq istədim. Sonra qorxdum. Çünki bəzən kiçik bir işıq belə böyük bir illüziyanı məhv edə bilər. Qorxdum ki, bu qaranlıqda yanan kiçik bir alov bütün keçmişi, illərlə qoruduğum o müqəddəs yalanı yandırıb külə döndərər.

Divarı əlimlə yoxlayaraq kor-koranə, necə deyərlər, əl havasına irəlilədim. İçəridə hava buz kimi idi, lakin bədənimi isti, yapışqan bir tər basmışdı. Alnımdan axan tər damcıları gözlərimə dolur, baxışlarımı bulanıqlaşdırırdı. Mən isə bunun tər olmadığını, gözlərimdən axanın keçmişin ərimiş damlaları, yaddaşın süzüntüsü olduğunu düşünürdüm.

Ayağımın altında xırçıldayan bir səs eşitdim - şüşə qırıqları. Bəlkə də bir güzgü... Kim bilir?! Bəlkə bu evdə illər əvvəl bir güzgü sınmışdı və onunla birlikdə zamanın əksolunma imkanı da parçalanmışdı. Bəlkələr... Bu gün bu zəhərli "bəlkə"lər məni lap boğaza yığmışdı.

Yerdəki qırıntılar atacağım hər səhv addımdan xəbərdar edirmiş kimi xışıldayırdı. Arxada açıq qalan qapıdan süzülən zəif işıq zülməti ahəstə-ahəstə müşahidə edirdi. Həmin işıqda irəlidə başqa bir qapının silueti göründü. Ürəyimin döyüntüsü qulaqlarımda çəkic kimi vurmağa başladı.

Yaxınlaşdım. Əlim dəstəyi tapdı. Bir anlıq gözlərimi yumdum və anladım: "Bura giriş var, amma dönüş yoxdur". Qapını açdım.

Otaqdan yayılan gur, kəskin işıq gözlərimi qamaşdırdı. Bu işıq təmizliyin deyil, amansız həqiqətin işığı idi. Bəzən insan unutmaq istədiyi xatirələrin üstünə sanki özünə qəsd etmək üçün yeriyir. O xatirələr ki, insanı yaşamağa da qoymur, ölməyə də. Nə rahatlıq verir, nə azad buraxır. Boyunduruq kimi sallanır boğazından. Açıb ata da bilmirsən, unutmağın dənizinə quylaya da bilmirsən. O xatirələr ki, şəhərin naməlum bir küçəsində, islanmış asfaltın qoxusunda, yad bir insanın baxışında qəfil qarşına çıxıb səni içindən vurur.

Otağın küncündə, köhnə çarpayının üstündə oturan qadını görəndə o boyunduruq daha da ağırlaşdı. Zəncirlər boğazımı dartıb yerə yapışdırdı.

Həmin o qız... İllər əvvəl qoyub getdiyim qız. İllərdir hər gecə xatırladığım, xəyalımda cavan qalan o qız. İndi qarşımda zamanın amansızca əzdiyi, dağıtdığı qoca bir qadın kimi oturmuşdu.

Gözlərinin rəngi dəyişməmişdi. O gözlər yenə də dərin, yenə də sonsuz idi. Amma o dərinlikdə artıq gözlənti yox idi; orada yalnız böyük bir heçlik, donmuş bir kədər vardı. Sanki hər şeyi görmüşdü, hamıdan yaxşı anlayırdı, bağışlayırdı, amma artıq anlamağın da bir mənası qalmamışdı. Zaman onların ətrafında öz sərt, rəhmsiz imzasını atmışdı.

Qırışlar... Hər bir qırış ötən günlərin, çəkilən əzabların xəritəsi idi.

Solğunluq... Həyatın bu bədəndən yavaş-yavaş geri çəkilməsinin sübutu.

Ağ saçlar... Unudulmuş arzuların kəfəni.

İncəlib titrəyən dodaqlar... Bir əlini o biri əlinin üstünə qoymuşdu. Əllərindəki damarlar torpağın üstünə çıxmış quru, cansız ağac köklərini xatırladırdı.

Mən isə xatırlayırdım... O əlləri xatırlayırdım.

Yumşaq.

İsti.

Gənc...

Bir vaxtlar əlini tutanda dünyanın bütün fırtınalarına, müharibələrinə qarşı dura biləcəyimi hiss etdiyim o əllər... Zaman hər şeyi yağmalamışdı. Gözəlliyini, gəncliyini, sağlamlığını... Lakin o gözlərdəki son qığılcımı, sevginin o qədim işığını tam söndürə bilməmişdi.

Ürəyim ağrıdı. Elə bir ağrı ki, bu, fiziki bədənin deyil, ruhun parçalanması idi. Sanki sinəmin içində illərdir pas tutmuş bıçaq yenidən fırlanmağa başladı. Kəsmirdi, kütlüyündən əti parçalayır, didir, əzab çəkdirirdi. Nə yaşamağa imkan verir, nə də ölməyə qoyurdu...

"Kaş..." - deyə pıçıldadım... Amma səsim dodağımdan o yana çıxmadı.

Kaş müharibə olmayaydı. Kaş yollar bağlanmayaydı. Kaş insanlar sevdiklərinə qovuşmaq üçün xəritələrə, sərhədlərə, silahlara məğlub olmayaydılar. Kaş mən getməyə məcbur olmayaydım. Kaş bu "Qırxıncı otaq" bu qədər kədər qoxumayaydı. Kaş bu qadın belə çiçək kimi solmayaydı.

Gözlərimi ondan çəkə bilmirdim. İllərlə qovuşmaq xəyalı ilə yaşadığım insan qarşımda idi. Amma kainatın ən dəhşətli həqiqəti də elə burada gizlənirdi. Qadın başını qaldırdı. Mənə baxdı.

Diqqətlə.

Sakitcə.

Yad bir adama, heç bir mənası olmayan bir əşyaya baxan kimi...

Tanımırdı.

Gözlərində nə nifrət vardı, nə bağışlama, nə də tanışlıq. O gözlərdə yalnız bir naməlumluq vardı. Və mən həmin an anladım. Təkcə o məni unutmamışdı. Mən də qarşımdakı bu qadını tanımırdım. Bizim illərdir qoruyub saxladığımız şey bir-birimiz deyil, sadəcə öz zehnimizdə yaratdığımız xəyali obrazlar idi. Bir-birinə tamamilə yadlaşmış iki kölgə idik. Biz iki yad insan idik. O qədər yad ki, indiyə kimi artıq çoxdan unudulmalı idik. Çoxdan torpağa tapşırılmalı idik. Çünki biz ikimiz də illər əvvəl ölüb getmişdik. Bu otaqda bir-birinin gözünə baxanlar isə sadəcə bizim qocalmış, heç kimə lazım olmayan kölgələrimiz idi.

İki kölgə... Və artıq heç bir günəş o kölgələri bir-birinə qovuşduracaq qədər yüksələ bilməzdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!